Moskvada azərbaycanlı şagirdlərə sərt cəza: Kreml daxilindəki qüvvələr Bakı-Moskva münasibətlərini niyə pozur? – ÖZƏL
16:41 SiyasətMoskvadakı 2120 nömrəli məktəbin azərbaycanlı şagirdləri Canpolat Quliyev və Elnar Nuriyev məktəbdəki mübahisəyə görə "xuliqanlıq" maddəsi ilə iki il şərti azadlıqdan məhrumetmə və 10 min rubl cərimə cəzası alıblar.
Qeyd edək ki, Rusiyada azərbaycanlı və Orta Asiyalı gənclərlə bağlı oxşar hadisələr "ictimai təhlükə" kimi təqdim edildiyi halda, rus şagirdlərinin eyni hərəkətləri "emosional davranış" adlandırılır.
Bəs Bakı-Moskva münasibətlərinin normallaşmasına baxmayaraq Rusiya mövqeyini niyə hələ də dəyişmir?
"Rusiya dövləti Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müvafiq addımlar atır. Ancaq Rusiyada müəyyən fərqli qüvvələr bu münasibətlərin normallaşmasında problem yaratmağa səy göstərirlər".
Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən siyasi şərhçi Zeynal Əmrəliyev deyib: "Yəni, buradakı əsas məsələ məhz budur. Rusiyada Azərbaycanla münasibətlərin, ümumilikdə keçmiş postsovet məkanı ilə Rusiyanın münasibətlərinin gərgin olmasını istəyən qüvvələr var. Bunlar imperialist dairələrdəki müxtəlif qruplardır. Bunlar həm ordu daxilində, həm kəşfiyyatda var. Kreml elitasının öz daxilində də bu şəxslər təmsil olunurlar və görünür ki, Azərbaycanla Rusiyanın münasibətlərinin normallaşması həmin qüvvələrin işinə sərf etmir".
Siyasi şərhçinin sözlərinə görə, onlar əllərinə gələn bütün mümkün variantlardan istifadə edərək ikitərəfli münasibətlərin qaydasından çıxmasına səy göstərirlər. Yəni bu, bir daha həmin məsələlərin, yəni Azərbaycan-Rusiya münasibətlərinin pozulmasının haradan qaynaqlandığının əyani sübutudur.
"Azərbaycanda məktəbdə şagirdə qarşı bu sərt siyasətin aparılması şübhəsiz ki, birinci növbədə insan hüquqlarının pozulmasıdır ki, bu da Rusiyanın ümumilikdə nüfuzuna zərbə vuracaq bir məsələdir. Yəni bu fakt onu göstərir ki, insan hüquqları Rusiyada pozulur. Eyni zamanda nəzərə alaq ki, Rusiya uşaq ombudsmanının olduğu nadir ölkələrdən biridir. Yəni, uşaq hüquqlarının qorunması istiqamətində Rusiyada qanunvericilik bazası var. Bu (hərəkət) eyni zamanda həmin qanunvericilik bazasının pozulması anlamına gələcək bir məsələdir", - deyə ekspert əlavə edib.
Z. Əmrəliyev vurğulayıb ki, bu, kifayət qədər gərgin və Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına səy göstərəcək, eyni zamanda Rusiyanın özünün beynəlxalq imicinə zərbə vuracaq mühüm əhəmiyyətli bir məsələdir ki, Rusiya rəhbərliyi, güman edirəm ki, bu məsələyə müdaxilə edərək, məsələnin daha da genişlənməsinə imkan verməyəcək.
Sevda Dəniz