Sosioloq xəbərdarlıq edir: “Risk qrupuna daxil olan gənclərin sayı artır”
17:29 SosialNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə Respublika Narkoloji Mərkəzində 287 nəfər müalicə alır.
Araşdırmaçı, sosioloq Məhbubə Mehdiyeva Musavat.com-a açıqlamasında bildirib ki, son illərdə dünyada narkotik vasitə istifadəçilərinin yaş strukturu getdikcə dəyişir:
"Bir çox beynəlxalq araşdırmalar göstərir ki, əvvəllər narkotiklərdən daha çox 25-40 yaş arası şəxslər istifadə edirdisə, indi bu meyl 15-24 yaş aralığına doğru sürətlə enib. Yeniyetmələr və gənclər arasında narkotik istifadəsinin artması sosial və psixoloji problemlərin çoxalmasına səbəb olur. Bəzi ölkələrdə aparılan tədqiqatlar göstərir ki, gənclərin narkotikə yönəlməsinin əsas səbəbləri boş vaxtın düzgün dəyərləndirilməməsi, ailədaxili münasibətlərin gərginliyi və sosial təzyiqlərdir. Məktəb və universitet mühitində, həmçinin sosial şəbəkələrdə narkotiklərə çıxış imkanının asanlaşması risk qrupuna daxil olan gənclərin sayını artırır. Avropa Narkotik və Narkomaniya Müşahidə Mərkəzinin məlumatına görə, narkotik istifadəçilərinin təxminən 60 faizi 30 yaşdan aşağı şəxslərdir. Bu rəqəm göstərir ki, erkən yaşda narkotiklə tanış olan gənclərin asılılıq riski daha yüksək olur və onların bərpası daha uzunmüddətli reabilitasiya tələb edir. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə dövlət və qeyri-hökumət təşkilatları gənclər arasında maarifləndirmə tədbirlərini gücləndirir. Məqsəd yalnız gəncləri narkotikdən uzaq saxlamaq deyil, eyni zamanda onların sosial aktivliyini artırmaq və psixoloji dayanıqlığını gücləndirməkdir".
M.Mehdiyeva həmçinin, qeyd edib ki, bu istiqamətdə həyata keçirilən proqramlar, gənclərin sağlam həyat tərzinə yönəldilməsində mühüm rol oynayır.