“Ermənistan əhalisinin sayı durmadan azalır” - MÜSAHİBƏ

Hər il Ermənistan əhalisinin 40%-i xarici ölkələrə mühacirət edir

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri, siyasi elmlər doktoru Elçin Əhmədov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəflərin mövqeyini qiymətləndirib.

-Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistanın mövqeyini necə dəyərləndirirsiniz?

-Azərbaycan xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib. Münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq er­mə­­ni­lər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək, özlərinin müs­tə­qil dövlətini - Ermənistan Respublikasını yaradıb­lar. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında da dəfələrlə bəyan edib ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılıb.

-Ermənistan tərəfi öz müqəddəratını təyinetmə prinsipini bəhanə edərək Dağlıq Qarabağın müstəqil olması iddiasını irəli sürürlər. Bunu necə əsaslandırırsınız?

-Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan  milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq nor­ma­la­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Eyni zamanda xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz mü­qəddəratını tə­yinetmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozul­ma­sı deməkdir. Bundan əlavə, Ermənistan münaqişənin nizama salınması üçün  aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq   hüquq prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

-Elçin müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan dövləti hansı mövqeni nümayiş etdirir?

-Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd edib ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev bəyan edib ki, yalnız Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı və  gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan  prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir. Buna görə də, Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb. (BMT Nizamnaməsinin 51-ci maddəsi). Azərbaycan Prezidenti münaqişənin siyasi və hüquqi tərəflərindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın xeyrinə olduğunu və bu gün Ermənistanı Azərbaycanla müqayisə etməyin mümkün olmadığını bəyan edib. Dövlət başçısı İlham Əliyev Ermənistanın kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə yaşayan bir dövlət olduğunu bildirməklə yanaşı, Azərbaycanın dinamik inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq Ermənistanda əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü və demoqrafiya məsələsini də unutmamağı xatırladıb. Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilib. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf  Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin  80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5  milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

-Danışıqlar prosesinin nəticələrini necə qiymətləndirirsiniz?

- Artıq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirib: "Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaq. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək". Ona görə də  müxtəlif vaxtlarda Azərbaycanı danışıqlar prosesini pozan və güzəştə getməyən tərəf kimi göstərməyə cəhd edən Ermənistanla bu günə qədər danışıqlar aparılmasının özü təcavüzkar  dövlət üçün Azərbaycan tərəfindən edilən bir güzəştdir. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələlərinin mövcudluğunu bildirib. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulayıb. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.

                                                                                                                      Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31