Sülh gündəliyində yeni dinamika: İqtisadi əməkdaşlıq və delimitasiya paralelliyi- ÖZƏL
15:44 Siyasət"29 aprel tarixində Ağverəndə keçirilən 13-cü iclasın nəticələri göstərir ki, delimitasiya prosesi artıq klassik siyasi bəyanatlar mərhələsindən çıxaraq daha konkret, texniki müstəviyə yaxınlaşır. Xüsusilə üç təlimat layihəsinin razılaşdırılması - ekspert qruplarının iş mexanizmi, xəritələrin hazırlanması və sənədləşmə prosedurları prosesin institusional çərçivəsinin formalaşdığını göstərir. Bu, prinsipial müzakirələrin böyük ölçüdə arxa plana keçdiyini deməyə əsas versə də, hələ tam texniki icra mərhələsinə keçid üçün bütün siyasi risklərin aradan qalxdığını iddia etmək tezdir. Çünki delimitasiya yalnız texniki yox, eyni zamanda yüksək həssas siyasi məsələdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib:
" İqtisadi əməkdaşlıq məsələsinə gəldikdə isə, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi və tranzit daşımaların davam etməsi diqqətçəkici siqnaldır. Bu, tərəflər arasında qarşılıqlı asılılıq elementlərinin formalaşdığını göstərir. Tarixi təcrübə sübut edir ki, iqtisadi inteqrasiya müəyyən hallarda siyasi prosesləri sürətləndirə bilər. Lakin Cənubi Qafqaz reallığında bu amil hələlik əsas hərəkətverici qüvvə yox, daha çox etimad quruculuğu aləti kimi çıxış edir.
Reallıq ondan ibarətdir ki, siyasi iradə olmadan iqtisadi yaxınlaşma davamlı nəticə vermir. Hazırkı mərhələdə iqtisadi addımlar daha çox tərəflər arasında riskləri azaltmağa, kommunikasiya kanallarını açıq saxlamağa xidmət edir. Əgər bu paralel proseslər sinxron şəkildə davam etsə, o zaman iqtisadi əməkdaşlıq gələcəkdə delimitasiya və ümumilikdə sülh gündəliyinin sürətlənməsinə real təsir göstərə bilər".
Zeynəb Mustafazadə