Əkbər Qoşalı: “Dövlət əmək bazarında balans yaradan əsas aktor kimi çıxış edir” – ÖZƏL
16:34 SiyasətAzərbaycanda əmək bazarında mühüm yeniliklər gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin açıqlamasına əsasən, hazırda iqtisadiyyatda saatlıq əməkhaqqı modelinin tətbiqi, bərabər əməkhaqqı prinsipi və uşaq hüquqlarının qorunması ilə bağlı yeni islahatlar hazırlanır. Bu dəyişikliklər əmək qanunvericiliyinin müasirləşdirilməsi məqsədini daşıyır.
"Bəlli olduğu kimi, əmək bazarı - məşğulluq dinamikasının əsas tendensiyalarını özündə toplayır. O, həm iqtisadi mexanizm, həm də sosial ədalətin, insan ləyaqətinin və gələcəyə strateji baxışın güzgüsüdür. Bəli, tələb və təklifin qarşılaşdığı yer olan əmək bazarında, iş qüvvəsinin dəyəri qiymətləndirilir, əmək ortamı, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluq təminatı və s. müəyyənləşdirilir. Bu baxımdan, saatlıq əməkhaqqı modelinə keçid, bərabər əməkhaqqı prinsipi və uşaq hüquqlarının gücləndirilməsi yönündə nəzərdə tutulan islahatlar Azərbaycan əmək sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Araşdırmaçı-yazar bildirib ki, saatlıq əməkhaqqı modeli ilk növbədə əmək münasibətlərinə elastiklik gətirir. Yəni, daha çevik imkanlar formalaşdırır, maneəsiz hərəkət imkanı yaradır, başqa sözlə, əmək münasibətlərini sərtləşmiş çərçivədən çıxarır. Bu, özəlliklə xidmət sektorunda, yarımştat məşğulluqda, mövsüm işlərində və gənclərin əmək bazarına girməsində daha çevik imkanlar yaradır. İşçi artıq iş vaxtı ilə yanaşı, gerçək sərf etdiyi əməyə görə qiymətləndirilir. Bu isə həm əmək məhsuldarlığını artırır, həm də qeyri-formal məşğulluğun azalmasına xidmət edir. Bəli, bərabər əməkhaqqı prinsipi sosial ədalətin institusional təminatıdır. Eyni əməyə fərqli ödəniş praktikasının aradan qaldırılması cəmiyyətdə güvən hissini gücləndirir, gender və digər ayrı-seçkilik risklərini minimuma endirir. Bu, həm də mənəvi bir islahatdır.
Ə. Qoşalı qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə bağlı mexanizmlərin sərtləşdirilməsi isə əmək bazarını daha məsuliyyətli edir. Bu addım gələcək nəsillərin sağlam inkişafını təmin etməklə yanaşı, əmək münasibətlərində humanist çərçivəni möhkəmləndirir. Ümumilikdə, bu yeniliklər əmək bazarını daha şəffaf, çevik və ədalətli sistemə doğru yönəldir. Dövlət burada həm də balans yaradan aktor kimi çıxış edir. Əmək bazarı isə qazanc məkanı olmaqla birgə, sosial harmoniya və inkişaf platformuna çevrilir.
Səidə Ramazanova