İrəvanda siyasi həssas dönəm: Moskva ilə məsafə, Qərblə yaxınlaşma- ÖZƏL
15:17 SiyasətErmənistanda Rusiya ilə Avropa İttifaqı arasında rəqabət daha açıq mərhələyə keçir. Rusiyalı politoloq Aleksandr Krılov bildirir ki, Qərbin təsiri artdıqca İrəvana siyasi təzyiqlər də güclənəcək. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətdə qalarsa, ölkənin Aİ-yə inteqrasiyası sürətlənə bilər və bu, Rusiya ilə münasibətlərin daha da zəifləməsinə gətirib çıxarar. Ekspert Ermənistanın Moskva ilə birbaşa qarşıdurmaya getməyəcəyini, lakin hərbi və iqtisadi sahədə məsafə saxlaya biləcəyini qeyd edir.
Regionda paralel olaraq ABŞ-İran gərginliyi və Türkiyənin rolu fonunda Azərbaycanın mövqeyinin daha da gücləndiyi vurğulanır.
Ermənistanda Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi nə ilə nəticələnə bilər? İrəvanın Rusiya ilə məsafə saxlaması hansı risklər yaradır? Paşinyanın mümkün qələbəsi ölkənin geosiyasi kursunu necə dəyişəcək?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanda Rusiya - Qərb qarşıdurması əsasən siyasi yöndə davam edəcək. Ermənistan məlumdur ki, əsasən Qərb istiqamətində irəliləyir. Rusiyaya qarşı məsafəli davranmaqla əlaqələri biryolluq da qırmaq istəmir. Paşinyanın qələbəsi fonunda bu ziddiyyət müəyyən qədər də inkişaf edə bilər. Ona görə necə deyərlər, baş nazir yerini bərkitməmiş, seçki qabağı Rusiya öz təsir rıçaqlarını qoruyub saxlamaq uğrunda səfərbər olub. Siyasi liderlər tapıb meydana çıxarmaq, müxalifətə dəstək, digər təxribatlar vasitəsi ilə öz təsirini qoruyub saxlamaq istəyir. İrəvanın Rusiya ilə məsafə saxlaması müəyyən risklər yaratsa da ciddi münaqişə səviyyəsinə çatacağına ehtimallar minumumdur. Həm Qərbin Ermənistanı himayəsi və Rusiya ilə də münasibətləri tam kəsmə niyyətində olmaması ehtimal olunan gərginliyin ciddi münaqişəyə gətirib çıxara biləcəyi ehtimalını zəiflədir. Paşinyanın qələbəsindən sonra da ölkənin geosiyasi və geostrateji kursunun tam dəyişəcəyi ehtimalı zəifdir. Doğrudur, Rusiya ilə müəyyən məsafə saxlanılsa da tam uzaqlaşma bir çox səbəblərə görə baş verməyəcək. Bu, iqtisadi, hərbi münasibətlər daxilində Ermənistan üçün sərfəli deyil, eyni zamanda Qərbdən tam asılılığı azaltmaq üçün müəyyən güzəştlər ola bilər. Balansı qorumaq Ermənistanın iqdisadi əlaqələri üçün zəruridir".
Zeynəb Mustafazadə