Zeynal Əmrəliyev: “Rəsmi Moskva regiondakı yeni reallıqları qəbul etmək istəmir” – ÖZƏL

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin qondarma "erməni soyqırımı"nın 111-ci ildönümü ilə bağlı müraciətinə kəskin reaksiya verib. Rəsmi Ankara 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin qəbulolunmaz olduğunu bildirərək, üçüncü ölkələri bu mövzudan dar siyasi məqsədlər üçün istifadə etməməyə və konstruktiv dialoqa dəstək verməyə çağırıb. Açıqlamada Türkiyənin arxivlərini açdığı və Birgə Tarix Komissiyasının yaradılması təklifinin hələ də qüvvədə olduğu xatırladılıb. Vurğulanıb ki, Cənubi Qafqazda yaranan yeni sülh və əməkdaşlıq mühiti tarixi məsələlər üzərindən düşmənçilik yaratmaq cəhdlərinə qarşı ən tutarlı cavabdır. 

"Rusiya dövləti bu mövqeni demək olar ki, hər il təkrarlayır və analoji müraciətlərlə çıxış edir. Eyni zamanda, Rusiyada bu mövzunun təbliğatını aparan müəyyən qüvvələr də mövcuddur. Yəni faktiki olaraq, Rusiya daxilində qondarma "soyqırımı" iddialarını dəstəkləyən və gündəmdə saxlayan dairələr fəaliyyət göstərir. Məlumdur ki, dünyada ən böyük erməni diasporlarından biri məhz Rusiya ərazisində yerləşir və bu diasporun Rusiya dövləti ilə kifayət qədər yaxın münasibətləri var. Bu amil də öz növbəsində belə arzuolunmaz nəticələrin ortaya çıxmasına təsir göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda əsas müzakirə mövzularından biri də Rusiya rəhbərliyinin niyə məhz bu cür addım atmasıdır. Görünən odur ki, rəsmi Moskva regionda formalaşan yeni reallıqları qəbul etmək istəmir. Maraqlı məqam ondan ibarətdir ki, artıq Ermənistanın özündə belə bu məsələyə əvvəlki qədər sərt yanaşma müşahidə olunmur. Müharibədən sonrakı dövrdə Paşinyan hökuməti də yaranmış yeni vəziyyəti müəyyən mənada nəzərə alır və Azərbaycan tərəfindən formalaşdırılmış reallıqla hesablaşmağa çalışır. Lakin təəssüf ki, dünya üzrə, o cümlədən Rusiyada, bəzi siyasi dairələr bu reallıqları qəbul etmək istəmir. Bu baxımdan Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı tam yerindədir. Türkiyə uzun illər əvvəl ortaq tarixi komissiyanın yaradılmasını təklif edib. Bu təşəbbüsə əsasən, həm Türkiyə, həm də Ermənistan tarixçilərindən ibarət müstəqil bir komissiya yaradılmalı və həmin dövrdə baş verən hadisələr məhz elmi əsaslarla araşdırılmalıdır. Yəni məqsəd odur ki, faktlar üzə çıxarılsın və hadisələrə obyektiv qiymət verilsin. Ancaq Ermənistan rəhbərliyi bu təklifi qəbul etmir. Bu isə müəyyən suallar doğurur və iddiaların obyektivliyi ilə bağlı şübhələri artırır. Çünki əgər məsələ doğrudan da tarixi həqiqətlərin üzə çıxarılmasıdırsa, belə bir komissiyanın yaradılması məntiqli addım olardı.

"Həmin dövrə nəzər saldıqda aydın olur ki, Osmanlı İmperiyasında ümumi qarışıqlıq hökm sürürdü və müxtəlif xalqlar bu proseslərdən zərər çəkmişdi. Yəni hadisələr yalnız bir millətə qarşı yönəlmiş sistemli soyqırımı kimi deyil, daha geniş miqyaslı faciəvi tarixi proseslər kontekstində qiymətləndirilməlidir. O dövrdə türklər, kürdlər, ermənilər, eləcə də digər xalqlar müxtəlif çətinliklərlə üzləşmişdilər. Bu səbəbdən, bu məsələyə qiyməti məhz tarixçilər verməlidir. Təəssüf ki, bəzi hallarda siyasətçilər bu mövzudan öz məqsədləri üçün istifadə edir və tarixi hadisələrə siyasi prizma ilə yanaşırlar", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31