Ermənistan samiti regionda bölücü xətlər çəkmək cəhdi təsiri bağışlayır- ÖZƏL
11:11 Siyasət"Azərbaycanla Ermənistan arasındakı sülh, artıq keçmişdə qalan savaşdan fərqli olaraq konkret tarixlə məhdudlaşmayan bir prosesdir. Və burada da döyüşlər gedir. Çox vaxt isə bu döyüşlər heç də qarşındakı ilə yox, qarşındakının arxasında duranlar, yaxud da özlərini arxasında dururmuş kimi göstərənlərlə aparılır. Onların bir qismi gələn həftə Avropa İttifaqına üzv dövlətlər olaraq Ermənistana təşrif gətirməlidirlər. Avropa İttifaqının mayın 5-də Ermənistanla sammiti 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli üçtərəfli görüşündə nəzərdə tutulduğu qədər qabarıq görünməsə də, hər halda bizim regionda bölücü xətlər çəkmək cəhdi təsiri də bağışlayır. Yəni fikrimcə, bu sammitin keçirilməsində və Ermənistana yeni mülki missiyanın göndərilməsində məqsəd təkcə göstərilməyə çalışıldığı kimi Paşinyanın 7 iyunda keçiriləcək seçkidə qələbəsinə dəstək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq üçün deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Burada da detallara varmayacam, amma məncə, Avropada bizə dost və strateji tərəfdaş olan bəzi dövlətlərin rəhbərlərinin məhz həmin sammit ərəfəsində Azərbaycana səfərə gəlmələri bizim regionda bölücü xətlər çəkməyin elə də asan olmayacağını göstərir. Çexiyanın yeni baş nazirinin Avropa İttifaqından kənara ilk səfərlərindən birini məhz Azərbaycana etməsi həm də bu baxımdan önəmlidir. Bu səfər göstərdi ki, Avropa İttifaqı üzvləri arasında bizimlə ticarət dövriyyəsinin həcminə görə 4-cü pillədə duran Çexiyanın yaxın perspektivdə dahada öndə yer almaq şansı var. İlk növbədə ona görə ki, bu dost ölkə Azərbaycanın Avropa İttifaqı qarşısında qaldırdığı bir sıra məsələləri tam dəstəkləyir və onların arasında uzunmüddətli qaz anlaşması da var.
Ümumiyyətlə, cənab Babişin səfərində regionda sülhə önəmli töhfə sayılacaq bir anlaşma da oldu ki, o da birgə müdafiə məhsullarının istehsalı ilə bağlıdır. Maraqlıdır ki, son bir həftədə Azərbaycan 3 dövlətlə hərbi təyinatlı məhsulların birgə istehsalına başlamaqla bağlı danışıqlar aparıb ki, onlardan ikisi Avropa İttifaqının üzvləri Çexiya və Latviyadır. Üçüncüsü isə artıq bilindiyi kimi dost Ukraynadır.
Sözügedən dövlətlərin hər üçü "Ağıllı Müdafiə" üçün gərəkən yüksək keyfiyyətli bir sıra məhsullar buraxırlar ki, yəqin onlardan bəzilərinin Azərbaycanda birgə istehsalına da başlanacaq.
Bu isə bir tərəfdən ölkəmizin ixrac potensialının artmasını şərtləndirir, digər tərəfdən də regiondakı sülhə və ümumiyyətlə Cənubi Qafqazın geosiyasi subyektliyinin təmininə doğru atılan növbəti addımlardan biridir.
Mən əminəm ki, Ermənistanda da getdikcə daha çox dərk edəcəklər ki, parlamentlərinin sədrinin dediyi kimi onların təhlükəsizliklərinin təminatçısı Azərbaycandır, 1878-ci ildə San-Stefanoda və Berlində "hay məsələsini" ortaya atanlar deyillər".