Bakı və İrəvan arasında texniki mərhələ: Sərhəd sənədlərinin tərtibatı necə aparılacaq? – ÖZƏL

"Bu yeni üç təlimat layihəsinin razılaşdırılması mühüm məsələdir. Burada ekspert qruplarının necə işləyəcəyi, xəritələrin necə hazırlanacağı və sənədlərin tərtibatı ilə bağlı məsələlər əslində delimitasiya komissiyasının fəaliyyətini daha da konkretləşdirir. Bu da müəyyən proseslərin daha sürətli getməsinə şərait yarada bilər. Amma bu hələ o demək deyil ki, proses tam başa çatıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa   Ermənistanın Ağverən qəsəbəsində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin (Şahin Mustafayev və Mher Qriqoryan) rəhbərliyi ilə delimitasiya komissiyalarının 13-cü iclasının  keçirilməsinə  münasibər  bildirərkən deyib. Siyasi şərhçi bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi, eyni zamanda əlaqələrin yaxınlaşması, ticari münasibətlərin inkişafı kimi məsələlər hələ davam edən proseslərdir. Burada əsas yük təbii ki, komissiyanın fəaliyyəti və ekspert qruplarının üzərinə düşür. Əsas məsələ isə xəritələrin hazırlanmasıdır: sərhəd necə olacaq, haradan keçəcək və nəhayət, bütün bu sənədlər necə tərtib olunacaq? Bunlar mahiyyət etibarilə işçi sənədlərdir. Bu addımlar birgə komissiyanın fəaliyyətinin daha stabil olmasını, bir növ institutlaşmasını təmin edir və onun daha sürətli, daha keyfiyyətli işləməsinə imkan yaradır. Amma təbii ki, bütün bu proseslər siyasi iradə ilə müşayiət olunmalıdır.

Ekspertin fikrincə, delimitasiya prosesi davam etdikcə, mərhələli şəkildə irəliləyişlər əldə olunacaq. O ki qaldı iqtisadi əlaqələrin yaxınlaşmasına, bu, əlbəttə ki, çox vacib məsələdir. Bu, iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə, eyni zamanda etimad mühitinin formalaşmasına xidmət edir. Əslində bu proses sülh sazişinə aparan yolu da bir növ "təmizləyir". Eyni zamanda həm dövlətlər, həm də cəmiyyətlər arasında qarşılıqlı inam və etimadın yaranmasına töhfə verir. Birgə yaşayışın və qonşuluq münasibətlərinin əhəmiyyətini ön plana çıxarır. Bu baxımdan bu görüşün baş tutması, qəbul edilən sənədlər, eləcə də ticari əlaqələrin inkişafı, digər sahələrdə əməkdaşlıq və mal-xidmət dövriyyəsi ilə bağlı məsələlərin müzakirəsi bütövlükdə Cənubi Qafqazda sülh mühitinin arxitekturasını formalaşdıran əsas amillərdən biridir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31