Siyasət və iqtisadiyyatın "qızıl balansı": Bakının Avropa diplomatiyası – ÖZƏL
15:43 Siyasət"İqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır və bu iki sahə qarşılıqlı şəkildə bir-birini tamamlayaraq balanslaşdırmalıdır. Azərbaycan da öz xarici siyasətində məhz bu balanslaşdırıcı yanaşmanı tətbiq edir və çalışır ki, beynəlxalq arenada dostlarının sayı daha da artsın. Xüsusilə Avropa İttifaqı daxilində Azərbaycanın dostlarının çox olması ölkəmiz üçün mühüm siyasi dəstək deməkdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Avropa İttifaqının bəzi qurum və institutları zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Belə bir şəraitdə Avropada dost ölkələrin sayının artması Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir. Bu baxımdan Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahələrdə inkişaf edən əlaqələr sırasındadır. Ümumilikdə, Azərbaycan bu gün Avropa İttifaqına üzv olan 10-dan artıq ölkəni enerji ilə təmin edir və bu istiqamətdə bağlanmış müqavilələri uğurla icra edir. Prezident tərəfindən həyata keçirilən xarici siyasət kursu göstərir ki, Azərbaycan beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməkdə davam edir. Həm iqtisadi, həm də siyasi sahədə bu siyasət öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, Avropa İttifaqına daxil olan ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana müntəzəm səfərləri bir daha təsdiq edir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və müəyyən mənada ona ehtiyac duyurlar. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi məzmun daşıyır.
Ekspert əlavə edib ki, Azərbaycan bu gün regionda aparıcı dövlətlərdən biridir. Cənubi Qafqazda həyata keçirilən iri regional və qlobal layihələrin reallaşdırılması üçün Azərbaycanın mövqeyi həlledici əhəmiyyət daşıyır. Demək olar ki, Azərbaycanın razılığı və iştirakı olmadan bu layihələrin uğurla icrası mümkün deyil. Bu isə ölkəmizin həm regional, həm də geosiyasi müstəvidə mühüm təsir gücünə malik olduğunu göstərir. Məlum olduğu kimi, Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu strateji bir məkandır. Coğrafi baxımdan Şərqlə Qərbi birləşdirən bu region nəqliyyat dəhlizləri və enerji layihələri baxımından xüsusi əhəmiyyət daşıyır. Avropaya uzanan enerji və logistika xətlərinin mühüm hissəsi məhz bu bölgədən keçir və Azərbaycan bu layihələrin həyata keçirilməsində fəal və uğurlu iştirak edir. Bu səbəbdən də Avropanın bir çox ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Həmin ölkələrdən biri də Çexiyadır. Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Çexiya rəhbərliyinin, o cümlədən baş nazirin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə keçirilən görüşlər və aparılan səmimi dialoq bir daha sübut edir ki, Avropa ölkələri Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir və bu əməkdaşlıq perspektivləri getdikcə genişlənir", - deyə A. Məsiyev vurğulayıb.
Səidə Ramazanova