“İdmanda qazandığımız uğurların əsas səbəbi....”

Tahir Mirkişili: “İdmana və idmançılara ölkə Prezidenti tərəfindən şəxsən göstərilən böyük diqqət və qayğıdır”

Tahir Mirkişili: "İdmana və idmançılara ölkə Prezidenti tərəfindən şəxsən göstərilən böyük diqqət və qayğıdır"

"Gələcəkdə Azərbaycan idmançıları daha çox uğurlar əldə edəcəklər"

Bu günlərdə Azərbaycan özünün idman tarixinə daha bir uğuru yazdı. Rio de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız əzmlə mübarizə apararaq Azərbaycanın aktivinə onlarla medal yazdılar. Beləliklə, Azərbaycan 4 il əvvəl London Yay Olimpiya Oyunlarında əldə etdiyi nailiyyəti də qabaqladı və qazanılan medal sayını artırdı. Bir qayda olaraq Azərbaycanın istənilən sahə üzrə əldə etdiyi nailiyyəti həzm edə bilməyən, onu aşağılamağa çalışan bəzi qüvvələr Rio Olimpiyadasından sonra da eyni taktikaya əl ataraq idmançılarımız barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Ancaq ortada olan nəticə həmin qüvvələrin iddialarını təkzib edir. Elə Milli Məclisin deputatı Tahir Mirkişili də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili idmançılarımızın əldə etdiyi uğurların başlıca səbəbi, ona təsir edən amillər barədə də danışıb.

-Tahir müəllim, artıq Yay Olimpiya Oyunları başa çatdı. Oyunlarının nəticələrini və idmançılarımızın çıxışlarını necə dəyərləndirərdiniz?

-Yay Olimpiya Oyunları hər zaman dünyanın ən maraqlı idman yarışlarından sayılır. Bu əslində ən güclülərin yarışıdır. Olimpiya oyunlarında iştirak etmək belə böyük uğur sayılır. Bu baxımdan Rio-da keçirilən Yay Olimpya oyunları da öz rəngarəngliyi, idmançıların yeni rekordları və həm də qalmaqalları ilə yadda qaldı. Azərbaycan əvvəlki London Yay Olimpiya oyunlarından fəqrli olaraq bu dəfəki yarışlara daha çox idmançı ilə qatılmışdı. Ölkəmizi 14 idman növü üzrə 56 idmançı təmsil edirdi. Əldə olunan medalların idmançıların sayına nisbətinə görə Azərbaycan dünyada 1-ci yerə çıxdı. Ümumi medal sayına görə dünyada 15-ci, Avropada 7-ci, müsəlman dünyasında 1-ci, MDB ölkələri arasında 2-ci yerə çixdı. Bunlar çox böyük uğurlardır. Olimpiya idman növlərinin ölkəmizdə daha da yayılması, idmançıların hər zaman müxtəlif olimpiya növlərində çıxış etməsi Azərbaycanda idmanın daha da yayılmasını göstərir.

-London Olimpiya Oyunlarından fərqli olaraq Rio-de Janeyroda idmançılarımız daha çox medal qazansa da, bəziləri bunu növbəti uğursuzluq kimi qələmə verməyə çalışır. Həmin dairələrə Sizin cavabınız nə olardı?

-London Olimpiya oyunlarında ölkəmizi 53, Rio Olimpiya oyunlarında isə 56 idmançı təmsil edirdi. Əgər London Olimpiya oyunlarında idmançılarımız 10 medal qazanmışdırlarsa, Rio Olimpiya oyunlarında qazanılan medalların sayı 18 oldu. Bu bizim idmançıların çox böyük uğurunun və əzmkarlığının nəticəsi idi. Medal sayının çox olması və daha çox idman növlərini əhatə etməsi idmanın ölkəmizdə effektiv və inklusiz inkişafının nəticəsidir və bu böyük uğurdur.

-Hər ötən Olimpiya Oyunlarına nisbətən daha çox medal qazanılması Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsi sayıla bilərmi?

-Birmənalı olaraq. Yarışlarda Azərbaycandan ərazicə və əhalinin sayına görə dəfələlə böyük olan ölkələrin idmançıları daha az medal əldə edə biliblər. Bu o deməkdir ki, idmanda qazandığımız uğurların əsas səbəbi idmana və idmançılara ölkə Prezidenti tərəfindən şəxsən göstərilən böyük diqqət və qayğıdır. Ölkə Prezidentinin qələbə qazanan idmançıları şəxsən təbrik etməsi onlar üçün böyük dəstək və qayğıdır. Son illər ardıcıl olaraq Azərbaycanda həyata keçirilən beynəlxalq idman yarışları, idmançılarımızın beynəlxalq yarışlarda daim qələbələr əldə etməsi və ölkədə həyata keçirilən uğurlu idman siyasəti bəhrəsini verməkdədir. Və hesab edirəm ki, hələ gələcəkdə Azərbaycan idmançıları daha çox uğurlar əldə edəcəklər.

-Ümumiyyətlə, bu uğurların, idman sahəsində əldə edilən nailiyyətlərin arxasında Sizcə nə dayanır?

Bilirsiniz, idman sahəsində nailiyyət əldə etmək çox çətindir. Bunun üçün illər uzunu əzmkarlıqla məşq etmək, əzab-əziyyətlərə qatlaşmaq və qələbə ruhuna sahib olmaq lazım. Ölkəmizdə ilk öncə idmançıların yetişməsi üçün bütün şərait yaradıldı. Olimpiya kompleksləri, müxtəlif idman qurğularının tikilməsi idmanın inkişafı üçün bazanı formalaşdırdı. Daha sonra idmançılara xüsusi qayğı və diqqətin göstərilməsi, onlara maddi və mənəvi dəstəyin verilməsi idmançıları daim qələbələrə ruhlandırdı. Azərbaycan Prezidentinin hər zaman idmançıların yanında olması, əksər hallarda onun idman yarışlarını şəxsən izləməsi, qalibləri şəxsən təbrik etməsi idmançılara qələbə ruhunu aşıladı. Hesab edirəm ki, Azərbaycan idmançılarının qalibiiyyətlərinin sirri məhz bu amillərlə bağlıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31