Azərbaycan tarixinin, mədəniyyətinin tanıdılmasına imkan yaranacaq

Hatəm Cabbarlı: “BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi Azərbaycanın region ölkələri və digər dövlətlərlə mədəni, tarixi sahələrdə beynəlxalq əməkdaşlığının inkişafına böyük töhfə verəcək”

Azərbaycan bu günlərdə yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Belə ki, aprelin 25-dən Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna start verilib. İki gün davam edəcək forumda qlobal aspektdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, vacib qərarlar qəbul ediləcək. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi bütün parametrləri üzrə ölkəımizə müsbət nəticələr vəd edir. Xüsusilə, hazırkı həssas məqamda Azərbaycanın belə bir mötəbər tədbirə evsahibliyi etməsi ölkəmizin təbliğatı, erməni təxribat maşınına qarşı mübarizə baxımından olduqca önəmlidir. Elə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı da bu qənaətdədir. Mərkəz rəhbəri "OLAYLAR"-a verdiyi müsahibədə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti, onun ölkəmizə gətirəcəyi dividentlər barədə danışıb.

-Hatəm bəy, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün hansı əhəmiyyəti kəsb edir?

-BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi Azərbaycanın region ölkələri və digər dövlətlərlə mədəni, tarixi sahələrdə beynəlxalq əməkdaşlığının inkişafına böyük töhfə verəcək. Bu Forumun keçiriləcəyi ərəfədə Azərbaycan tarixinin, mədəniyyətinin tanıdılmasına imkan yaranacaq. Gələn qonaqların ölkəmizdə yaşayan digər xalqların maddi, mənəvi zənginliyinin dövlət tərəfindən qorunması, inkişaf etdirilməsi, bunun üçün Azərbaycan dövləti tərəfindən yaradılan şəraitlə yaxından tanış ola biləcəklər.

-Azərbaycanda belə tədbirlərin keçirilməsi ölkəmizin dünya siyasətində yeri və rolunu nə dərəcədə artırır?

-Belə mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi hər şeydən əvvəl Azərbaycanda siyasi və təhlükəsizlik mühitinin qorunduğunu, ölkəmizin regionun qabaqcıl dövlətlərindən olduğunu təsdiq edir. Eyni zamanda bu, Azərbaycanın milli maddi və mənəvi dəyərlərə verdiyi əhəmiyyətin bir göstəricisi kimi qəbul edilə bilər.

-BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın bir tolerant, multikultural dəyərlərə malik ölkə kimi daha yaxından tanınmasına nə dərəcədə vasitə olacaq?

-Azərbaycan hər zaman tolerant olmuş və multikultural dəyərlərə əhəmiyyət vermişdir. Son illərə qədər bu sahə region və beynəlxalq aləmlə münasibətlərdə kölgədə qalsa da, lakin son bir neçə ildə xarici və mədəni siyasətimizdə əhəmiyyətli yerə sahibdir. Bu kimi milli və bəşəri dəyərlərin beynəlxalq səviyyəyə çıxardılması, tanıdılması olduqca ciddi məsələdir. Heç şübhəsiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edənlər əyanı şəkildə bunu müşahidə edəcəklər.

-Belə tədbirlər regiondakı vəziyyət, münaqişələr, Qarabağ problemi və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırlmasında hansı müsbət məqamları ilə yadda qala bilər?

-Hər şeydən əvvəl BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda digər xalqların da Azərbaycan torpaqlarında rahat və bərabərhüquqlu vətəndaş olaraq yaşadığını açıq şəkildə iştirakçılarının diqqətinə çatdırmış olarıq. Eyni zamanda son 25 ildir Azərbaycanın qarşılaşdığı erməni separatizminin nəticələri barədə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, təxminən bir milyon insanın tarixi torpaqlarından didərgin düşdükləri haqqında dolğun məlumatlar vermək vacibdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31