Ölkəmizə verilən beynəlxalq dəyərin göstəricisi

Azər Badamov: “Azərbaycan dünya üçün mühüm məsələlərin müzakirə olunduğu siyasi və humanitar mərkəz kimi tanınır”

"Bütün bu xüsusiyyətlərini özündə cəmləşdirən, dünyanı bir araya gətirə biləcək və dünyanın etbar edə biləcəyi ölkələr yer üzündə çox azdır"

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Belə ki, aprelin 25-də Bakıda BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu öz işinə başlayıb. Aprelin 27-dək davam edən forum "İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilir. Məlumat üçün qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. 2015-ci ilin oktyabrın 24-də London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl Nasser ilə görüş keçirilib və görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş" imzalanıb. Sözügedən saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ilin iyulun 24-də Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Bütün bunları nəzərə alaraq birmənalı olaraq qeyd edə bilərik ki, belə bir forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Həmçinin forumun yekunu olaraq qəbul edilən qərarların da iştirakçı dövlətlər üçün xüsusi önəmi olacaq. Ümumilikdə, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi bütün parametrləri üzrə ölkəmizə yalnız müsbət dividentlər vəd edir. Elə, əksər siyasilər, millət vəkilləri, ekspertlər də bu qənaətdədir. Millət vəkili Azər Badamov da hesab edir ki, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi önəmli hadisədir. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun əhəmiyyəti, forumun Azərbaycanın daha yaxından tanıdılması baxımından rolu, eləcə də bununla beynəlxalq təşkilatlar və dünya dövlətlərinin Azərbaycana verdiyi önəmdən də danışıb.

-Azər müəllim, bu günlərdə Bakıda BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu keçirilir. Belə bir forumun Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarıətdir?

- BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmlənməsi, xalqlar və dövlətlər arasında dostluq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrıseçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Görürsünüz ki, bu BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu dünya üçün necə də böyük əhəmiyyətə malikdir. BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu dünyada barışa, sülhə, dözümlülüyə çagırış edən bir tədbirdir. Təbii ki, belə bir tədbirin məhz Azərbaycanda keçrilməsi ölkəmizə verilən beynəlxalq dəyərin göstəricisidir. Azərbaycan humanitar və mədəniyyətlərarası forumlar keçirməklə bütün dünyada bu missiyanı həyata keçirən nadir ölkələrdəndir. Bu onu göstərir ki, ölkə daxilində belə bir mühit yarada bilmişik və buna qarşı yönələn qüvvələrlə beynəlxalq mübarizə aparılmalıdır. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın monoetnik ölkəyə çevrilməsinə və Qarabağ torpaqlarımızda da belə bir monoetnik mühitin yaradılmasına qarşı belə forumlarla bəşəriyyətə çağrışlar etmək imkanı əldə etmiş oluruq. BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər daxil olmaqla 3000-dən çox adamın iştirakı nəzərdə tutulmuşdur. Dünyanın aparıcı şəxslərinin iştirak etdiyi bu tədbir Azərbaycana ölkəni tanıtmağa , ölkəmizin üzləşdiyi haqsızlıq və ədalətsizliklərini təqdim etməyə bir meydandır. Xüsusilə qeyd e4tmək istəyirəm ki, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 7-cisinin ölkəmizdə keçirilməsi çox böyük siyasi və tarixi əhəmiyyətə malikdir.

-Azərbaycanın belə tədbirlərin keçirilmə məkanına çevrilməsi ölkımizin dünya siyasətində yeri və rolunun göstəricisi sayıla bilərmi?

-Təbii ki, Azərbaycanın dünya siyasətində yeri və rolu çox yüksəkdir. Buna biz ölkə başçısının apardığı düzgün və gələcəyə hesablanmış beynəlxalq siyasətin sayəsində nail olmuşuq. Azərbaycan dünyada milli, dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə əvəzsiz töhfələr verən ölkədir. Bakıda I Avropa Oyunları, Formula-1 yarışları, şahmat üzrə dünya çempionatı, 4-cü İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər keçirilir. Bu onu göstərir ki, Azərbaycan dünya üçün mühüm məsələlərin müzakirə olunduğu siyasi və humanitar mərkəz kimi tanınır. Bütün bu xüsusiyyətlərini özündə cəmləşdirən, dünyanı bir araya gətirə biləcək və dünyanın etbar edə biləcəyi ölkələr yer üzündə çox azdır. Azərbaycan dünya siyasətində yeri və rolu olan məhz belə ölkələrdəndir. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.

-Bu Forum Azərbaycanın bir tolerant ölkə, multikulturalizm dəyərlərinə malik dövlət kimi daha yaxından tanınmasına imkan yaradacaqmı?

-Təbii ki, yuxarıda sadaladığım bütün tədbirlər və xüsusilə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu zamanı dünyanın diqqəti Azərbaycanda olacaqdır. Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi həyat tərzinə çevrilmişdir. Son bir neçə illərdir ki, ölkədə tolerantlıq və multikulturalizm ənənələri qorunub saxlanılır. Hətta 2016-cı ili cənab prezdent multikulturalizmə həsr etmişdir. Görürsünüz ki, Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinə yüksək dövlət diqqəti vardır. Bütün millət və dinlərin nümayəndələrinin adət-ənənələrinin, mədəniyyətlərinin, folklor nümunələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində Azərbaycan dövləti maraqlıdır. Amma, təəsüflər olsun ki, belə yanaşma bir çox ölkələrdə yoxdur və özlərinin şovinist-irqçi ideyalarını yaşadırlar. Belə ölkələrə də Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti bir nümunə olmalıdır və BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun dünyaya Azərbaycandakı bu saf mühiti tanıtmasında xüsusi rolu olacaqdır.

-Belə tədbirlər regiondakı vəziyyət, münaqişələr, Qarabağ problemi və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında hansı müsbət məqamları ilə yadda qala bilər?

-Azərbaycanın apardığı beynəlxalq siyasətin təməlində haqq-ədalətə hörmətlə yanaşma, barış və sülhün təbliği durur. Belə yüksək səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi də bu məqsədə xidmət edir. Xüsusilə Azərbaycanın yerləşdiyi regionda ölkəmizin beynəlxalq siyasətinin istiqaməti dünya ölkələri üçün də maraqlıdır. Baxmayaraq ki, Azərbaycan haqq ədalətin tərəfdarıdır, amma regionda ən böyük ədalətsizliklə də məhz Azərbaycan üzləşmişdir. Hər bir siyasətçi vəziyyətlə yaxından tanış olduqda, əyani şəkildə gördükdə daha düzgün qərarlar qəbul edir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi ilə biz həmin tədbirlərin iştirakçısı olan siyasətçiləri ölkəmizə qarşı yönəlmiş haqsızlıq və ədalıətsizliklərlə yaxından tanış etməyə imkan əldə etmiş oluruq. Düşünürəm ki, belə tədbirlər üçün Azərbaycana gəlmiş hər bir insan Qarabağ problemimiz və haqlı mövqeyimizin dünyaya çatdırılmasında fəal iştirakçı olacaqdır.

-Ümumiyyətlə, forumun nəticələrindən gözləntilərimiz nədən ibarətdir?

-Birincisi, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunu Bakıda keçirməklə dünyada sivilizasiyalararası dialoqa öz töhfəmizi vermiş oluruq. Bu tədbirin proqramında dünya ölkələrinin qarşılaşdığı problemlərin müzakirə edilməsi nəzərdə tutulmuşdur və bu istiqamətdə mühüm qərarlar qəbul ediləcəkdir. İkincisi, bu Forumun Bakıda keçirilməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, beynəlxalq arenada Azərbaycanı dəstəkləyən və bizə dost ölkələrin sayının artması, Qarabağ torpaqlarının sülh yolu ilə işğaldan azad edilməsi və ev-eşiklərindən didərgin düşmüş məcburi köçkünlərin öz yurdlarına qayıtması, haqq-ədalətin bərpa olunması istiqamətində qəbul edilmiş beynəlxalq qətnamələrin icra olunmasına təsiri cəhətdən çox böyük əhəmiyyətə malik olacaqdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31