Azərbaycan Ermənistana siyasi zərbə də vurmuş oldu
Elşad Mirbəşiroğlu: “Azərbaycanın döyüşləri birtərəfli qaydada dayandırması bir daha dəqiqliklə sübut edir ki, biz sadəcə ermənilərin hücumlarının qarşısını almışıq və problemin dinc tənzimlənməsini yenə də dəstəkləyirik”
4 Aprel 2016 13:26 MüsahibəSon günlər təmas xəttində baş verən proseslər, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, eləcə də bundan sonra gözlənilən mümkün hadisələrlə bağlı politoloq Elşad Mirbəşiroğlu "OLAYLAR"-a müsahibə verib. O, Azərbaycanın birtərəfli qaydada atəşkəsə əməl etməsindən düşmən tərəfinin maksimum dərəcədə yararlana bilmək imkanlarının olub-olmaması, eləcə də Ermənistanın rəsmi şəkildə səfərbərlik elan etməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib.
-Elşad müəllim, son günlər təmas xəttində baş verənləri necə qiymətləndirirsiniz?
-Cəbhədə vəziyyətin gərginləşməsinə və məlum hadisələrin baş verməsinə erməni tərəfinin atəşkəsi ciddi pozaraq, Azərbaycan tərəfinin mövqelərinə hücum etməsi səbəb olmuşdur. Ermənistan tərəfi hər zaman özünün təxribatçı hərəkətlərinə görə layiqli cavabını almışdır. Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri daha genişmiqyaslı hücumlar təşkil etdilər və müvafiq olaraq da sərt cavablarını aldılar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri bir neçə strateji nöqtəni düşməndən azad etdi. Atəşkəs rejiminin mövcud olduğu vaxtdan ilk dəfə olaraq ermənilər bu dərəcədə ciddi məğlubiyyətə məruz qaldılar. Ermənistan prezidentinin işlətdiyi ifadələr də bunu sübut edir. Cəhbədə son baş verənlər bir daha qətiləşdirdi ki, ermənilərin nə ciddi hərbi potensialları, nə də döyüş əzmi mövcuddur. Hesab edirəm ki, erməni silahlı qüvvələrinin belə məğlubiyyətə uğradılması həm hərbi, həm də siyasi cəhətdən Azərbaycan tərəfinin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Belə ki, azad edilmiş strateji nöqtələr ermənilərin gələcək mümkün təxribatlarının qarşısını daha etibarlı almağa və onları daha ciddi məğlubiyyətlərə uğratmağa imkan verəcəkdir. Həm də bundan sonrakı danışıqlarda da Azərbaycan tərəfinin mövqeləri ciddi şəkildə güclənmiş olacaqdır.
-Azərbaycan tərəfinin birtərəfli qaydada atəşkəs qərarı nədən xəbər verir?
-Azərbaycanın döyüşləri birtərəfli qaydada dayandırması bir daha dəqiqliklə sübut edir ki, biz sadəcə ermənilərin hücumlarının qarşısını almışıq və problemin dinc tənzimlənməsini yenə də dəstəkləyirik. Bununla Azərbaycan Ermənistana bir siyasi zərbə də vurmuş oldu. Ermənistan tərəfi israr edir ki, Azərbayacan döyüşləri dayandırmayıb. Bunun özü də sübut edir ki, məhz Azərbaycan tərəfinin döyüşləri dayandırması ölkəmizin pozitiv beynəlxalq imicini daha da möhkəmləndirir. Azərbaycan tərəfi cəbhə xəttində təxribat törədən erməni silahlarını ciddi şəkildə məğlubiyyətə uğratmaqla dünyaya bir mesaj da vermiş oldu. Dövlətimiz dəfələrlə bəyan etmişdir ki, erməni işğalını aradan qaldırmaq üçün bütün potensiala malikdir və nəticəsiz danışıqları sonadək davam etdirmək fikrində deyil.
-Təmas xəttində baş verənlərə dünya dövlətlərinin ciddi reaksiya verməsi belə deməyə əsas verirmi ki, bundan sonra problemin həllinə daha çox səy göstəriləcək?
-Regionda davamlı müharibənin alovlanmasını istəməyən beynəlxalq güclər hesab edirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində ciddi addımlar atmağa çalışacaqlar. Çünki, dünya inandı ki, nəticəsiz danışıqlara etirazını bildirən Azərbaycanın hərbi ritorikasının arxasında ciddi addımlar dayanır. Azərbaycan tərəfi bəyan edir ki, atəşkəsi birtərəfli qaydada dayandırır, lakin hərbi potensialını artırmaqda davam edəcək. Həmçinin, bildirilir ki, erməni tərəfi yenidən hərbi təxribata əl atarsa, hərbi əməliyyatlar bərpa olunacaq.
-Atəşkəsə birtərəfli qaydada əməl etmə qarşı tərəfi əlavə güc toplamağa imkan verməyəcək?
-Hesab edirəm ki, düşmənin Azərbaycan qarşısında azca da olsa, güclənməsi şansları sıfıra bərabərdir. Iyirmi ildən artıq bir zamanda silahlanmaqla məşğul olan ermənilərin qısa zaman kəsiyində ciddi məğlubiyyətə uğraması sübut edir ki, Ermənistan ordusunun döyüş qabiliyyəti olduqca zəifdir və hər hansı qüvvə toplaması onun döyüş qabiliyyətinin yüksəlməsini şərtləndirməyəcəkdir.
-Bəs erməni tərəfinin səfərbərlik etməsi düşmənin ciddi şəkildə müharibəyə hazırlaşmasından xəbər vermirmi?
-Ermənistanın səfərbərlik elan etməsi ondan xəbər verir ki, onun nizami ordusu mövcud deyil. Ümumiyyətlə müstəqil olmayan bir dövlətin ciddi hərbi potensialı ola bilməzdi. Cəbhədə baş verənlər bunu bir daha sübut etdi. Bu səbəbdən, hesab edirəm ki, Ermənistanda səfərbərliyin elan edilməsi heç bir nəticəyə gətirib çıxara bilməz. Ermənistan hakimiyyəti həm daxildə, həm də beynəlxalq müstəvidə onsuz da ciddi şəkildə korlanmış imicini daha da korladı. Hesab edirəm ki, bundan sonra Serj Sərkisyan tam elektoratsız qalacaqdır.
Süleyman