Azərbaycanlı aktyor uzun müddətdən sonra səhnəyə qayıtdı
12 May 2014 12:43 MədəniyyətMingəçevir Dövlət Dram Teatrının tanınmış aktyoru İbrahim Türksoy (Salamov) nəhayət ki, ilyarımdan sonra teatr səhnəsində görünüb. İ.Salamov "Aylı Gecə" psixoloji - romantik dramında tamaşaçılar qarşısına çıxıb. Ən maraqlısı isə bir müddət səhnə həyatından uzaq qalan aktyorun tamaşada baş rolu ifa etməsi olub. Salamovun tərəf müqabili 1 ildən artıq keçmiş rəhbərlik tərəfindən əsassız olaraq işindən uzaqlaşdırılmış istedadlı aktrisa Günel Əhmədova idi. Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Zülfiqar Abbasov dəfələrlə İ.Türksoyun əvəzsiz aktyor olduğunu deyib. Tamaşaçıların "Facebook" sosial şəbəkəsində aktyor İ.Türksoyun şəxsi məktublar bölüməsinə yazdıqlarından da bəllidir ki, belə bir sənətçi teatra çox gərəklidir. "Aylı gecə"də İbrahim Salamovla birlikdə respublikanın əməkdar artisti Akif Mirabov, aktrisalar Ruhangiz Abdullayeva, Leyla Cavadova, aktyorlar İlqar Rəhimov, Nəsibxan Əliyev, Firuz Əliyev və Rizvan Əzimzadə rol alıblar. Qeyd edək ki, İbrahim Salamov "Xoca" (Xocalının icra başçısı - Elman Məmmədov), digər film və seriallarda əhəmiyyətli rolların ifaçısı olub. ("OLAYLAR" İA)