İçəri Şəhərdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə tədbiri keçiriləcək
6 Mart 2014 12:06 MədəniyyətMart ayının 9-da "İncəsənət Bağı"nda (Kiçik Karvansara) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən Diplomatik Missiya Rəhbərlərinin xanımlarının təşkilatı ("HOMS") tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcəkdir.
Tədbirdə 20-dən artıq ölkə nümayəndəsi iştirak edəcək, hər bir ölkənin milli sənətkarlıq nümunələri, suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunacaqdır. Tədbirdə həmçinin milli musiqi və rəqslərin nümayiş olunması nəzərdə tutulur. Xeyriyyə aksiyasında eyni zamanda qiymətli mükafatların oynanılacağı lotereya tirajı da keçiriləcəkdir. Tədbirdən əldə olunan mənfəətdən "HOMS"un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin ("Xəzər Qayğıkeşlik Layihəsi", "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyi", "Autizim-Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi" və "Qaçqın Qadın və Gənclər Mərkəzi") fəaliyyətinə yardım məqsədilə istifadə olunacaqdır.
Tədbir saat 12:00-da başlayacaq.
"İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi bu il 8 Mart bayramını daha fərqli və unudulmaz keçirmək, eləcə də dəstək vermək istəyən hər kəsi bu xeyriyyə aksiyasına qoşulmağa dəvət edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Ünvan: Asəf Zeynallı küç., 20
Tel.: ( + 994 12 ) 492 11 75,
Fax: ( + 994 12 ) 492 60 51
www.icherisheher.gov.az