ADMİU-da Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. Universitetin rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olmuşdur. Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələn nəsillərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirmişdir. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır. Əsasən Əli bəy Hüseynzadənin mədəniyyət konsepsiyasına danışan professor bildirmişdir ki, bu görkəmli mütəfəkkir milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərmişdir. Bu tarixi şəxsiyyət xalqımıza, türklərə və islam mənəviyyatına qarşı olan basqılara həmişə öz haqq səsini ucaltmış, daim bu hücumların qarşısını almağa çalışaraq dünyada bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olmuşdur. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürmüşdür.

Tədbirdə Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanımın Əli bəy haqqında kövrək, səmimi söhbəti toplantı iştirakçılarının marağına səbəb oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31