“Qazancımız bir o qədər çox deyil ki, konsert verək”
5 Mart 2014 13:23 MədəniyyətXanəndə Təyyar Bayramlı yeni albomlar üzərində işləyir. Bu haqda "OLAYLAR"a açıqlamasında danışan ifaçı artıq dörd və beşinci albom üzərində işlədiyini söyləyib: "Üçüncü diskim artıq hazırdı, dördüncü və beşinci albom üzərində işləyirəm. Hazır olan son albomda mahnı, təsniflər, üzərində işlədiyim növbəti diskdə isə klassik muğamlar yer alıb". Konsertlə bağlı təşkilatçı olmadığı üçün hələ ki planını təxirə saldığını deyən T.Bayramlı sponsorlardan təklif gələrsə razılıq verəcəyini söyləyir: "Konsertlə bağlı planlarımız olsa da hələ ki, bu işi həyata keçirməyi düşünmürük. Konsert verirlər, amma görürsən ki xərclərin çox çıxır. Müəyyən adamlar üçün dəvətnamələr paylamaq, sponsor tapmaq lazımdı. Konsert verənlərdən də maraqlananda, maddi cəhətdən ziyana düşdüklərini görürəm. Qazancımız bir o qədər çox deyil ki, konsert verək...Onsuz da hər günümüz konsertlərdə keçir, tədbirlər, Opera və Balet Teatrında oluruq. Hər hansı məkanda konsert vermək üçün təşkilatçı olarsa canla, başla razılıq verərəm. Mənə görə konsert vermək, canlı ifa çətin bir iş deyil. Məndən asılı olan hər bir şeyi edə bilərəm".
Xanəndə yaxın günlərdə klip çəkdirməyi düşündüyünü də söyləyib: "Klip çəkdirməyi də düşünürəm. İki-üç versiyamız var, hansı daha maraqlı olarsa gözəl sujet xətti ilə klip çəkdirərik".