Qasım Bəy Zakirin yaradıcılığında komendant idarə üsulunun tənqidi

Q.B.Zakir Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan şairlərimizdəndir. Ensiklopedik biliyə malik olan və öz qələmini klassik şerin demək olar, bütün şəkillərində sınayan Zakir, poeziyada Füzulinin və Vaqifin gələnəklərini davam etdirməklə satiranı da inkişaf etdirmiş və digər şerlərinə nisbətən satiraları onu daha çox məşhurlaşdırmışdır. Tənqidi realizm ondan çox öncələr yaransa da Zakir zamanında müstəqil bir janr səviyyəsinə çatmışdır. Onun şerlərini yaşadığı dövrün güzgüsü saysaq yanılmarıq. Bu şerləri oxuduqca həmin dövrün ictimai-siyasi mənzərəsi gözlərimiz önündə canlanır. Ancaq onun şerləriylə tanış olarkən bu poeziyanın Vaqifin poeziyası qədər nikbin olmaması diqqətimizi çəkir:

"Toy bayramdır bu dünyanın əzabı,

Ağlı olan ona gətirər tabı.

-deyən Vaqifin əksinə olaraq Zakirin şerlərində daha çoz zəmanədən şikayət, ah-zar görürük. Bu da düşünürəm ki, şairin yaşadığı dövrlə (bu dövrdə yaşanan ictimai-siyasi proseslərlə) bağlı idi. Türkmənçay müqaviləsindən dərhal sonra çar hökuməti bəylərə sözün həqiqi mənasında toy tutdu. Onları kütləvi şəkildə Sibirə sürgün etdi. Lakin hökumət Azərbaycan kəndində özünə dayaq tapa bilmədiyindən (bu, hökumət üçün ölüm-dirim məsələsi idi) 1930-cu ildə onları idarəetmədə iştirak etməmək şərti ilə Sibir sürgünündən geri qaytardı. Sonrakı, 30-cu illər üsyanlarında bəylərin əksəriyyətinin keçmiş xanlarla əlaqəsindən narazı olan hökumət 1841-ci ildə onların tiyul torpaqlarını müsadirə etdi. Lakin daha öncələr qeyd etdiyimiz kimi çar hökumətinin kəndlərdə arxalanacağı özgə bir qüvvə olmadığından 1846-cı il 6 dekabr Reskripti ilə bəylərin imtiyazlarını özlərinə qaytardı. Bir neçə ildə bu qanunların qəbulu hökumətin "ali zümrə" deyilən əhalinin hakim təbəqəsinə olan siyasətinin iç üzünü göstərirdi. Zakir də çarizmin bu ikiüzlü siyasətini görür və "Hanı o qaidə, o qanun sayaq" deyərək komendant idarə qaydasından öncəki xanlıqlar-Azərbaycan kəndində bəylərin küllü-ixtiyar olduqları dövrün həsrətini çəkir,

Əcəb əyyam idi əyyami sələf,

Gərək o günlərdə olaydıq tələf-

və ya:

Ədalət var idi bundan əzələ

Yaman yerə yetib iş gələ-gələ

M.F.Axundzadəyə yazdığı "Xəbər alsan bu vilanın əhvalın" məktubu komendant idarə qaydasını ən kəskin qələmlə ifşa etdiyi şerdir. Lakin Zakirin baxışları onun ən çox yaradıcılıq əlaqəsi saxladığı M.F.Axunzadənin baxışlarından kəskin fərqlənir. Axundov cəmiyyətdəki bütün ictimai bəlaların kökünü çar hakimiyyəti orqanlarında axtardığı və "Qəflət yuxusundan qalx və zalimin atasının goruna od vur" dediyi halda (baxmayaraq ki, o, bir çar zabiti idi, qulluq göstərdiyi üsül-idarəni açıq-aydın tənqid edə bilməzdi). Zakir isə çar ordusunda xidmət etmirdi (gəncli killərində çar ordusunda bir neçə il xidmət etdiyini istisna etsək) və öz mübarizəsini açıq-aydın apara bilərdi. Əksinə, zamanında baş verən zülmü, haqsızlığı çar üsul-idarəsi, təhkimçilik quruluşundan doğan bir bəla deyil, "qəzavü-qədər" hesab edirdi. Ədalətli, bir canişinə ümüd bəsləyirdi. Zakir yanlış olaraq belə düşünürdü ki, "Əgər əhli divan komendantlara dincəl desə, onlar əhaliyə zülm etməyə cəsarət etməzlər. Hökumətə qarşı üsyan qaldırmaq əvəzinə Qurani-Kərimdən, övliyalardan mədət gözləyirdi". Düşünürdü ki, əyalət məmurları yuxarıdan sıxışdırmasa bu canavarlar ölkəni bir andaca dağıdıb parçalarlar.

Bir gecədə canavarlar dağıdar,

Olmasa kəlləyə çobandan mədəd.

Zakir gündə bir "zakonı-tazə"çıxaran bir məmləkətdə yaşamaqdansa köç edib qürbət məmləkətlərdə yaşamağı daha üstün hesab edirdi. Məhz bu dövrdə komendantların zülmü nəticəsində əhalinin bir çoxu həqiqətən də qonşu Türkiyə və İrana köçmüşdü. Bu, özünü hakim təbəqə arasıda daha çox göstərirdi. Məcburiyyət üzündən dini əqidəsini dəyişməklə rus təbəəliyini qəbul edənlər belə vardı.

Komendantlara verilmiş geniş səlahiyyətlərə görə onların bəylərə torpaq vermək və bu torpağı müsadirə etmək hüququ vardı. Və onlar da bu hüquqlarından istifadə edib Azərbaycan bəylərinin torpaqlarını əllərindən alır, onları bir tikə çörəyə həsrət qoyurdular. Bu dövrdə təkcə yoxsul kəndlilər deyil, hakim təbəqənin nümayəndələri də var-yoxdan çıxmışdı. Bunlardan biri də Q.B.Zakir idi və o, bunu ürək yanğısı, nifrətlə və eyni zamanda çəkinmədən açıq-aydın bildirirdi:

Ac qaldıqca rəxtü xabı satacaq,

Gələ-gələ quru yerdə yatacaq,

Uzaqdan sikkəyə güllə atacaq,

Min tümən altunu görən canımız.

Maraqlıdır ki, XIX əsrin əvvəllərində komendat idarə qaydasına qarşı mübarizə sinfi düşmənləri birləşdirmişdi. Bu mübarizə bəylərin və kəndlilərin birliyi şəraitində gedirdi. Və elə buna görə də bu mübarizə qalib gəldi. 40-cı illərin başlarında hökumət komendantları nisbətən yumşaq idarə qaydası ilə əvəz etdi. Lakin göründüyü kimi şəxsən Zakirin özünə gəldikdə o, bu mübarizədən kənarda qalırdı. Çar hökumətini əməllicə sarsıdan bu mübarizəni alqışlamaq əvəzinə o:

Qələt fikrə düşüb bir neçə sarsaq,

Onlara tənbihi bipayan gərək.

-deyərək üsyançıların cəzalandırılmasını tələb edirdi. Bu, bizə əsas verir deyək ki, Zakir çar hökumətinə qarşı hər hansı bir mübarizədən kənarda qalır, tək-tək məmurları hədəf götürür və yalnız öz mənafeyi üçün-malına-mülkünə toxunulduqda mübarizə aparırdı. Knyaz Bebutova yazdığı məktubunda mənsub olduğu şəcərə ilə fəxr etdiyini bildirir. O, çox güman ki, xalq deyəndə də zəhmətkeş kəndlilərdən daha çox bir ovuc mülkədarı və bəyləri nəzərdə tuturdu. Zülm altında inləyən kəndlilərin acınacaqlı vəziyyətindən daha çox öz şəxsi mənafeyi üçün mübarizə edirdi. Onun heç bir şerində 30-cu illər üsyanlarını alqışladığına rast gəlinmir. Əksinə, "Mübarəkdir bu dünyanın nizamı" deyərək hər yeni çıxan çar qanunlarını alqışlayırdı. Zakirin sinfi mövqeyinə haqq qazandırmağa çalışan professor Feyzulla Qasımzadə yazır: "Zakir öz dünyabaxışının tarixən məhdudluğu üzündən çarizmi mütləqiyyət hakimi kimi görmədiyi üçün ona qarşı qəti mübarizəyə də keçə bilmirdi. Şairin belə qətiyyətsizliyi bir də onun yaşadığı müstəmləkə şəraitində özünə ictimai istinadgah tapa bilməməsi üzündən irəli gəlirdi". Sual oluna bilər: Bəs niyə M.F.Axundzadə tamamilə fərqli mövqedə mübarizə aparırdı? Onlar ki, eyni dövrdə yaşayıb fəaliyyət göstərirdilər. Burada böyük alimi başa düşmək çətin deyildir. Bu, sosializm realizminə xas bir özəllikdir. Fərdin nöqsanlarını əks yönə yönəldib ona haqq qazandırmaqla özününküləşdirmək.

Bundan başqa o, silklər arasında fərq qoyurdu, "pinəçilərin boyunlarına bafta taxmasına" qarşı çıxırdı. I Şah Abbas da dönəmində zər baftalı corab geyindiyi üçün bir kəndlini ölüncə döydürmüşdü. Zakir "rəiyyətlə boyunduruq yoldaşı" edənlərə, nifrət edirdi.

Zakirin həyata baxışının dar olması onun əhatə dairəsinin geniş olmaması ilə də müəyyən qədər bağlı idi. Qarabağla bağlı olan və çar idarəsində çalışan bir neçə şəxsi istisna etsək, Zakirin heç kimlə şəxsi və yaradıcılıq bağları olmamışdır. Və o, Vaqif kimi zamanında digər bölgələrdə tanınmırdı, şerləri dillərdə gəzmirdi. Dövrünün eybəcərliklərini ifşa edən Seyid Əzim kimi, Sabir kimi bütün ölkədə tanınmırdı. Halbuki, bu 3 şairi o qədər də böyük zaman kəsiyi ayırmırdı. Elə bu dar düçüncənin sonucuydu ki, şair cəmiyyətdəki çatışmazlıqların səbəbini çar üsul idarəsindən doğduğunu görmürdü və düşünürəm ki, görə də bilməzdi. Mənsub olduğu sinfin mənafeyi bütün bunları görməyə ona imkan vermirdi. Burada o, bəlli, öz sinfinin mənafeyindən çıxış edirdi. Ona görə də rast gəldiyi bütün uğursuzluqların səbəbini "zalım fələkdə" axtarırdı. "Şərarətin həddini aşdığı, xeyirlə şərin bir-birinə qarışdığı, bir ərizənin cavabı üçün on illərlə süründürməçilik, on tümən pul və ya bir at peşkəş vermədən heç bir işi aşırmağın mümkün olmaması, yoldaşın yoldaşa, qadının kişiyə xəyanət etdiyi "Övrətlər ərinə deyər lətayil", dünyanın əməlsiz, bəylərin ədalətsiz, övladların öz valideynlərinə ağ olduğu, "Yüzdə biri yaxşı olur ittifaq" dövlət məmurlarının oğru-qaçaqlarla əlbir olub öz məmləkətlərini soyduqları, yüz çalışsalar da bir məqsədə nail olunmayan" bir cəmiyyətdə yaşasa da, addımbaşı haqsızlıqla qarşılaşsa da onun həyata baxışı iti deyildi. Ona görə də bütün bu bəlaların kökünü axtarıb tapa bilmir və nəticədə daha da bədbinləşir və,

Ya rəb, neyləmişdik bu dağılmışda,

Haram oldu bizə bir qarış torpaq.

-deyərək bunun səbəbini göylərdə axtarırdı.

Cəmiyyətdəki ictimai bəlaları zamanın boynuna yükləməyə çalışan Zakir "insanlar yaxşıdır, onları zaman dəyişdirir" fəlsəfəsinə inanırdı.

Adəm idim, əbəs yerə zay oldum,

Vilayət içində rüsivay oldum

Oğrulara, quldurlara tay oldum.

Sanırdı xəlayiq peyğəmbər məni.

Halbuki, günəş Zakirin dövründə də, bu günün özündə də gündoğanda doğub günbatarda batır. Deməli, zaman dəyişməyib. Dəyişən isə yalnız insanlardır. Böyük S.Vurğun da çox-çox sonralar

İnsan , o, müqəddəs bir kainatdır,

O saf qəlbi pozan yalnız həyatdır

-demişdi.

Zakir Çar üsul-idarəsindən çox zülmlər görmüşdü. Övladları və özü sürgün olunmuş, kəndi dağıdılıb əlindən alınmışdı. Butün bunlara görə zəmanədən sinədağ olan şairə müəyyən qədər haqq qazandırmaq olar. Amma o, həmişə bədbin qalmır, bəzi hallarda nikbinləşirdi:

Çox zarü təzərrö eyləmə, eyibdir, Zakir,

Təqdiri qəzaya gərək adam ola şakir.

Başına gətirilən müsibətlərə mərdanə sinə gərdiyini deyən şair "Sənsən qalan ancaq mərdanələrdən"-deyirdi. Şerlərinin böyük əksəriyyətinin ideyasını zəmanədən şikayət təşkil etsə də (çərxin sitəmindən , dövrün zülmündən göz yaşı töküb ağlamaq) o, hər şeyi Allahın ümüdünə buraxıb, belə olacaqmış kimi yox, ara-sıra bir üsyankar kimi Çar hökumətinə açıq-aydın meydan oxuyurdu. Əyalət komendantını "keçəl qurumsaq adlandırmaq" əlbəttə böyük cəsarət tələb edirdi.Bu yolda o,hətta ölümdən belə qorxmadığını bildirsə də:

Rahi müsibətdə keçmişəm candan,

Müxənnətdir qorxan bir qaşıq qandan,

Ehtiyyatın yoxdur paşadan, xandan,

Analar doğubdur şiri-nər məni.

Bu anlamda onun yaradıcılığında kəskin bir ziddiyyət hökm sürür. Belə ki, bir yandan heç nədən qorxmadığını desə də, bir yandan da M.F.Axundzadəyə yazdığı məktubunda "nə dil bilsin, nə dodaq" - deyərkən onun hökumət idarələrindən

açıq-aydın çəkindiyi hiss olunur. Bu, onun yaradıcılığında ziddiyyət təşkil edən çoxlu məqamlardan yalnız biridir.

Satiralarında olduğu kimi təmsillərində, hekayələrində, məişət şerlərində, hətta bayatılarında belə dövrünün eybəcərliklərinə etiraz səsini ucaldır. Komendantların xalqa etdiyi zülmü əhli-beytə edilən zülmlə müqayisə edir, özünün bu mübarizə meydanından çəkilmədiyini bildirir.

Fisqü ficür həddən aşıb Şuşada,

Erkəyi, dişisi yaman peşədə.

Mənəm qalan həmin bu əndişədə,

Zəmanə dolanıb qovğaya bir bax.

Onun köksünə dağ çəkən bu üsul-idarədə yaşamağı şair kafirə belə arzulamırdı.

Zakirin həyat və fəaliyyətini araşdırdıqca onun çox da varlı həyat sürməməsinin, cah-cəlal içində yaşayan bəylərdən fərqli olaraq sadə bir həyat yaşadığının şahidi oluruq. Yaradıcılığının ziddiyyət doğuran bir sıra məqamlarına baxmayaraq Zakir ədəbiyyatımızda öz izi, öz dəsti-xətti olan şairlərimizdəndir. M.F.Axundov Zakiri M.P.Vaqiflə müqayisə etmiş, F.Köçərli onun əsərlərini "məişətimizin güzgüsü" adlandırmış, S.Vurğun isə onu məşhur şair, amansız satirik adlandırmışdır. Klassik irsimizin böyük toplayıcısı olan Salman Mumtaz yazırdı: "Zakir doğma yurdu və eli Azərbaycanın dərdinə yanıbyaxılan qəhrəman şairlərimizdən biridir. N.Nərimanov isə onun adını xalq şairləri sırasında çəkmişdir.

Yeqzar Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31