ABŞ-İran qarşıdurması və Bakının balansı: Regionu nə gözləyir? – ÖZƏL
15:42 SiyasətABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi fonunda Azərbaycanın İranı diplomatları üçün "müharibə və silahlı münaqişə şəraitində olan" ölkələr siyahısına daxil etməsi diqqət çəkir. Qərar martın 1-dən qüvvədədir və 31 dekabr 2026-cı ilədək nəzərdə tutulub. Siyahıya daxil edilən 8-ci ölkə olan İranla bağlı qərar diplomatlara əlavə təminat və kompensasiya imkanlarının yaradılmasını da nəzərdə tutur. Bu addım Bakının İrandakı təhlükəsizlik vəziyyətini yüksək riskli kimi qiymətləndirdiyini göstərir. Hörmüz boğazında ABŞ və İran arasında son hərbi qarşıdurma fonunda isə Azərbaycanın bu qərarı daha ciddi təhlükəsizlik kontekstində gündəmə gəlir.
Mövzunu siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a şərh edib: "Mən deməzdim ki, bugünkü addım hansısa gərginlik yaradacaq. Burada söhbət gərginlikdən getmir. Söhbət ondan gedir ki, Azərbaycan bu gün öz əməkdaşlarını, səfirlik işçilərini və ümumiyyətlə, öz vətəndaşlarını qorumağa çalışır. Çünki İran və qeyd etdiyiniz digər səkkiz ölkə müharibə zonasında yerləşir. Müharibə şəraiti olduğuna görə həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərin və Azərbaycana bağlı digər qurumların əməkdaşları faktiki olaraq münaqişə zonasında çalışan şəxslər hesab olunurlar. Ona görə də onlar üçün daha imtiyazlı şərtlərin və əlavə ödənişlərin nəzərdə tutulması mümkündür. Çünki bu ölkələrdə risklər çox böyükdür. Hər an həmin ölkələrdə fəaliyyət göstərən səfirliklər və digər qurumlar hücuma məruz qala, əməkdaşlar isə həyatlarını itirə bilərlər. Bu, sırf İranla bağlı olan məsələ deyil. Burada söhbət Azərbaycan dövlətinin öz işçilərinə, öz vətəndaşlarına verdiyi təhlükəsizlik təminatından və onların münaqişə zonasında gördükləri işə verilən dəyərdən gedir. O ki qaldı İran-Azərbaycan münasibətlərinin gərginləşməsi məsələsinə, biz onsuz da bilirik ki, İranla Azərbaycan arasında münasibətlər heç də hamar yolda deyil. İran müharibə olsa da, olmasa da, ümumiyyətlə, Azərbaycana qarşı hər zaman müəyyən təzyiqlər göstərir və öz çıxışlarında, bəyanatlarında bir çox məsələlərdə Azərbaycanı düşmən mövqeyində göstərməyə çalışır. Ancaq buna baxmayaraq, Azərbaycan balanslı siyasət yürütməyə davam edir. Biz bunu bir neçə gün əvvəl Pezeşkianla keçirilən görüşdə də gördük. Azərbaycan Prezidenti İran Prezidenti ilə normal və balanslı münasibət qurmağa çalışır və bu münasibətlər də müəyyən çərçivədə davam etdirilir. Çünki Azərbaycan ümumiyyətlə, hansısa dövlətlə müharibənin tərəfdarı deyil. Eyni zamanda, öz ərazisindən hər hansı bir ölkəyə qarşı müharibə aparılması və ya başqa dövlətin Azərbaycandan bu məqsədlə istifadə etməsi üçün imkan yaratmır. Bu fonda Azərbaycan öz vətəndaşlarını, istər səfirlik əməkdaşları, istərsə də digər qurumlarda çalışan şəxslər olsun, qorumaq məcburiyyətindədir. Çünki biz hətta normal şəraitdə də İranda baş verən insidenti yaxşı xatırlayırıq. Bir neçə il əvvəl silahlı İran vətəndaşı Azərbaycan səfirliyinə daxil olaraq atəş açmış və nəticədə səfirliyimizin əməkdaşlarından biri həlak olmuşdu. Bu hadisə onu göstərir ki, həmin ölkədə müharibə şəraiti olmasa belə, hər zaman müəyyən təhdidlər mövcud ola bilər. İndi isə İran faktiki olaraq müharibə və qarşıdurma riski yüksək olan bir zonadadır. Orada Azərbaycanın diplomatik nümayəndələri və digər əməkdaşları fəaliyyət göstərirlər. Təbii ki, bu, Azərbaycanın özü üçün də müəyyən təhlükələr yaradır. Çünki müharibənin Azərbaycanın yaxın qonşuluğunda baş verməsi geosiyasi baxımdan region dövlətlərinin maraqlarına uyğun deyil. Bu cür müharibələr həm iqtisadi, həm də siyasi baxımdan böyük itkilərə və problemlərə səbəb olur. Ona görə də Azərbaycan bugünkü gündə bu müharibənin tamamilə dayanmasında maraqlıdır. Eyni zamanda, Hörmüz boğazının açıq qalmasında da maraqlıdır. Çünki logistika baxımından yolların açıq olması böyük əhəmiyyət daşıyır".
Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatında gedən proseslər fonunda Azərbaycan nə qədər mühüm tranzit və logistika qovşağı olsa da, regiondakı gərginliklər logistik baxımdan həm gəmilərimiz, həm də iqtisadi fəaliyyətimiz üçün müəyyən sıxıntılar yaradır. Məhz buna görə də Azərbaycanın marağı regionda müharibənin genişlənməsinin qarşısının alınması, sülhün təmin olunması və beynəlxalq logistika yollarının açıq qalmasındadır.
Səidə Ramazanova