Ədəbiyyatımızın Nigarı - Nigar Rəfibəyli
4 Fevral 2014 13:38 MədəniyyətXX yüzilin 30-cu illərində ədəbiyyata gələn Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz izi, öz dəst-xətti olan o şairlərdəndir ki, şerlərini oxuduqca dərhal kim tərəfindən yazıldığı anlaşılır.
Nigar Rəfibəyli poeziyasının əsas mənbəyi əməyə, zəhmətə bağlılıqdır. Anlamsız, məzmunsuz avaralara qarşı mübarizə, pambıq çöllərində, dəzgah başında faydalı işlər görən, çəkic və qələm tutan insanlara məhəbbətdır. Onun qəhrəmanları vətən qızları, mərd oğlanlar, güllər, çiçəklər, quşlar, bahar və bir də həsrətdir. Şair öz ilhamını bunlardan alır. Gözəl qəlb sahibi olan, kindən, həsəddən uzaq olan, insanların yalnız xoşbəxtliyini istəyən şair görün insanlara nə arzulayırdı:
Müharibə, qan olmasın, tufan olmasın,
Qısqanclığın atəşini söndürər ürək.
Kaş toy olsun, bayram olsun, hicran olmasın,
Kama yetsin ürəklərdə bəslənən dilək.
Bu dünyada kədər olmasın, yas olmasın, insanlar ağrı və iztirab çəkməsinlər. Qoy bütün bunlar göydəki bulud kimi bir andaca yox olub getsin. Budur Nigar xanımın insanlara aşılamaq istədiyi humanist hisslər.
Nigar Rəfibəyli həyata xoş baxışlıdır, nikbindir. Hər şeydə bir sadəlik, bir gözəllik, bir xeyirxahlıq axtarır. Bu da onun bir qadın, bir ana olması ilə bağlıdır. Təsadüfi deyildir ki, onun yaradıcılığında güllər və çiçəklər haqqında yazılmış şerlər xüsusi yer tutur. Gülləri vəsf etməklə onların hər birinin özünəməxsus ətrini, rahiyəsini, xasiyyətini və hətta bu güllərin bir-birinə olan münasibəti də göstəriri.
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur neyləyim.
Şairin nəzərində güllər də canlıdır, onlar da bir-birilə təmasda olur. Bir gülə soyuq münasibət bəsləndikdə başqaları insanlardan inciyirlər.
Coşqun bir bahardır ömrün hər dəmi,
Burax, qərənfilim, bu yersiz qəmi,
Sənin də öz ətrin, öz rahiyən var,
Doğma bir anadır sənə bu bahar.....
Nigar xanımın qərənfil haqqında yuxarıdakı misraları nə vaxt yazdığını bilmirəm. Amma qərənfilə olan bu münasibət bu gün də davam edir. Bu gün də qərənfilin gözü yoldadır. Vaxtı ilə sevgililər arasında dəbdə olan bu gülə indi "ölü gülüdür" deyib dodaq büzürlər, sevgililər qəbul etmirlər.
Nigar xanım sözün həqiqi mənasında xoşbəxt qadın idi. Xoşbəxtlik onun fikrincə özündən sonra gözəl övlad qoymaq, bu dünyanı təmiz bir adla tərk ermək, nəsilləri xoşbəxt qoyub getməkdir. Və əsil xoşbəxt inanlar o insanlardır, ki, onlar bu dünyanı nakam tərk etmirlər. Şair başa vurduğu ömürlə fəxr edərək yazırdı:
Ömrümüzü bulaq suyu kimi saf,
Ayna kimi ləkəsiz yaşadıq,
pak və təmiz yaşadıq.
Bu pak və təmiz ömrün bəhrəsi bu gün milyonların sevimlisi Anardır. Nigar xanım mənsub olduğu alicənab nəslin əxlaq və tərbiyəsini olduğu kimi övladlarına ötürə bildi. Azərbaycan xalqına, bu gün bu xalqın əsil mənəviyyat simvoluna çevrilmiş Anar kimi bir şəxsiyyət bəxş etdi. Həmişə Anar müəllimi xatırlayanda dahi Azərbaycan alimi Nəsirəddin Tusidən eşitdiyim bir hekayəti xatırlayıram. N.Tusi Azərbaycan elmi üçün onlarla alimlər yetişdirmişdi. Amma, onların cəmi bir neçəsinə müəllim işləmək hüququ vermişdi. Bunlardan biri də islamın böyük şiə nəzəriyyəçisi Əbülqasım Mühəqqəq Hilli idi. Bir gün Tusi öz yetişdirməsinin müəllimlik bacarığını yoxlamaq üçün Hillinin dərs dediyi məktəbə gedir. Hilli ustadını görüncə əvvəl dərsi saxlamaq istəyir. Ustad razı olmur. Belə olduqda Hilli üzünü ustadınana tərəf çevirir. Bunu görən Tusi ona: "Qibləyə, qibləyə"-deyir. (yəni üzünü mənə deyil, qibləyə çevir). Hilli isə cavabında deyir: "Qiblədən qibləyə" (yəni ustadım da mənimçün bir qiblədir). Bu anlamda Anar da biz gənclər üçün bir qiblədir, bir yaradıcılıq qibləsidir.
Qeyd etdik ki, Nigar Rəfibəyli poeziyası öz mayasını məhəbbətdən alır. O, insanları sevir. Elə onu yaşadan da insanlara olan sevgisidir. Bu sevginin müqabilində öz sevgisinə əvəz istəyir. İstəyir ki, inanlar da onu evin. Bu həyatda ən qorxduğu iş insanlar tərəfindən unudulmaq, sevilməmək qorxusudur.
Elə bir məhəbbətlə
Doğulmuşam anadan Bircə gün sevilməsəm
Bulud kimi dolaram Bircə gün sevilməsəm
Çiçək kimi solaram.
Bircə an sevilməsəm
Bir anda məhv olaram.
Nigar Rəfibəylinin sevgisini dənizə bənzədir. Bu sevgi dənizdən də dərindir, pakdır, müqəddəsdir. Elə düşünürəm ki, onun Füzuliyə bağlılığı da bundadır. Nigar xanım da Füzuli kimi pak və ülvi məhəbbətin tərənnümçüsüdür. "Füzuli məhəbbət haqqında yazan şairlərin başında hər zaman durub və duracaqdır"-deyir.
Nigar xanımın yaradıcılığını araşdırdıqca bir-birinin əksini təşkil edən ziddiyyətli məqamlara da rast gəlinir. Bir şey anlaşılmır ki, dünyanı, təbiəti, insanları, övladlarını, yaradanı sevən bir insan birdən birə bu gözəl təbiət hadisəsinə-qızların ərə gedib ailə qurmalarına qarşı çıxır. "Onun da məbədinə kafir ayaq basmışdı. Elə bil ki, uğursuz bir külək onun baxçasına soxulmuş, kiçik bənövşələrini sındırıb döymüşdü".
O, R.Rzanın, S.Vurğunun, S.Rüstəmin sosializm quruculuğunu tərənnüm edən şerlərinin geniş dəbdə olduğu bir dövrdə ədəbiyyata gəlmişdi. Ədəbiyyatmızda traktor və matorların səsindən qulaq tutulduğu bir dövrdə Nigar xanım şerə bir incəlik-gülün, bülbülün vəsfini gətirdi. M.Müşfiqə nəzirə yazdığı bir şerində:
Oyanmış sevgilim, günəş də çoxdan,
Bu sabah dağlar da geyinmiş əlvan.
Aç xumar gözünü yuxuudan oyan,
Oyan, gözlərinə qurban olduğum
-deyir.
Nigar Rəfibəylinin şerləri o qədər ürəyə yatımlıdır ki, musiqiyə çox gözəl uyuşur. Mövlana vaxtında demişdi ki, musiqi ilə şer südlə şəkər kimidir. Əlbəttə ki, burada söhbət əsil şerdən gedir. Musiqi isə çox vaxt zamanla bağlı olur. Bir musiqi bir nəslin xoşuna gəlməyə bilər, və ya əksinə. Nigar xanımın könülləri coşduran mahnıları bu gün bütün nəsil insanların zövqünü oxşayır, sevə-sevə dinlənilir.
Güllər açılmamış solur,
Sünbüllər saçların yolur.
Könül qəmli, dərdli olur.
Bir gün səni görməyəndə.
Məşhur italyan bəstəkarı Franko Monino "Məhəbbət kantatası" nı yazarkən Nigar xanımın şerlərindən istifadə etməsi heç də təsadüfi deyildir.
Gülüşü həyatın, gəncliyin ziynəti sayır Nigar xanım. Gülüş şahdır, qüvvətdir, qüdrətdir və insan xasiyyətlərinin ən gözəl cəhətidir-deyir. Şairə görə insan ömrü açılmamış bir kitabdır müəmmadır, sirdir. Həyatda heç nə boşuna baş vermir. Hər gecənin, hər gündüzün bir mənası var.
Boş keçməyir, düşündükcə ömrün hər anı.
Bəzən də məst olur qalır
Tez dəyişir dövran kimi.
Daha əvvəlki yazılarımda da qeyd etmişəm ki, dövran-zaman heç vaxt dəyişmir. Günəşin qərbdən çıxıb şərqdən çıxdığını görmüyüncə biz zamanın dəyişdiyini necə iddia edə bilərik. Öz ritmi ilə davam edən zamanda dəyişən yalnız insanlardır. İnsanları qədərsiz bir məhəbbətlə sevən şair bu dəyişkənliyi inlarla deyil, zamanla bağlamışdır.
Xoşbəxt ola bilərdimmi,
İnsanları sevməsəydim.
Yaxşı adamlarla görüşəndə,
Mənim üçün ən böyük bayram olur
İnsanları, dünyanı sevməkdən doymurdu Nigar xanım. Bu məhəbbəti hələ yetərli saymırdı. Ömürdən möhlət istəyirdi ki, bu dünyaya məhəbbət borcunu ödəyə bilsin.
Nigar Rəfibəyli poeziyasının insanlara aşılamaq istədiyi keyfiyyətlərdən biri də dostluqdur. Şairin fikrincə əsil dost o şəxsdir ki, dar gündə adamın başının
üstünü alsın, adamın halına acıyıb dərdinə şərik olsun, istər xoş gündə, istərsə yaman gündə insanın yanında olsun. Yaxşı dostun bir həzin baxışı kifayətdir ki, insanın qəlbini bütün qışı isitsin. Belə dostu heç vaxt qəlbindən silib atmazsan.
Şair gününün hadisələrinin poetik mənzərəsini yaratdıqca tariximizə də biganə deyildi. Bu mənada özü ilə bir yaradıcılıq oxşarlığı olan Azərbaycanın ilk şair qadını olan Məhsəti Gəncəvi haqqında yazdığı "Məhsəti" poeması önəmlidir. Bu iki şairi birləşdirən çox cəhətlər var. Məhsətinin şerləri yaşadığı dövrün real mənzərəsini olduğu kimi əks etdirdiyi kimi Nigar xanımın da şerləri həyatın, sevginin, dostloğun real mənzərəsini əks etdirir. Hər iki şairin şerlərində təmiz məhəbbət, insanı sevmək, sevilmək, şadlanmaq arzusu yüksək sənətkarlıqla əks olunub. Hər iki şairənin şerlərində səmimi duyğular hakimdir. Hər ikisi gözəllik aşiqidir. Hər ikisində səmimi duyğular, insan məhəbbəti yüksək yer tutur. Fərq isə orasındadör ki, Məhsəti əmək adamlarından daha çox saray əhlini vəsf edirdi. Nigar Rəfibəylinin isə təbiətinə bütün bular yad idi.
Nigar Rəfibəylinin yaradıcılığında xalq ədəbiyyatının bu və ya digər nümunələrinə tez-tez rast gəlinir. Bu, əlbəttə onun həm şifahi ədəbiyyatımızı, həm də yazılı ədəbiyyatımızı mükəmməl bilməsi ilə bağlıdır. Bu anlamda onun dağlar haqqında yazdığı şeri diqqətimi çəkdi. Azərbaycan şerində dağlar şikayət, giley-güzar, inam rəmzidir. İnsansanlar çətin günlərində dağlara sığınır, dərdlərini dağlara danışırlar, ona pənah aparırlar. Təsadüfi deyildir ki, "arxanda dağ kimi durmuşam"-deyirlər. Nigar xanım da kədərli anlarında dağlara sığınır, dağlarla dərdlərini bölür. Ədəbiyyatımızda bu səpkidə onlarla şerlər vardır. Dağlar haqqına yazılmış şerlər çox zaman ictimai motivlərə söykənir.
Bir qərib gəlinin tutub yasını
Dost üçün doyunca ağlayın, dağlar.
Nigar xanım ədəbiyyatımızda çox az təsadüf olunan o şairlərdəndir ki, əsərlərini oxuyunca dərhal kim tərəfindən yazıldığı hiss olunur. Hansı şer insanları paklığa, səmimiyyətə, insanları sevməyə, humanizmə, ləyaqətli yaşamağa səsləyirsə, hansı şer gül-çiçək qoxuyursa bilin, bu şerlər Nigar xanıma məxsusdur. Hörmətli xanım şairimizə böyük yaradandan cənnət məkanı diləyirik.
Yeqzar Cəfərli