Nəsimidən çox şey öyrəndim - SÖHBƏT
3 Fevral 2014 15:09 MədəniyyətMüsahibimiz sevimli kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevdir.
XX yüzilin 60-70-ci illərində istər ədəbiyyatımızda, istərsə də incəsənətdə böyük canlanma vardı. Ədəbiyyatda olduğu kimi incəsənətin də ən gözəl nümunələri məhz bu dövrdə yaradılmışdır. 1974-cü ildə Böyük Azərbaycan şairi, mütəfəkkiri, fəlsəfi fikir tarixinin ən böyük nümayəndələrindən biri olan Nəsiminin 600 illiyini qeyd etmək üçün böyük hazırlıq gedirdi. Görkəmli rejissor Həsən Seyidbəyli şairin yubileyinə öz töhfəsini vermək üçün yazıçı İsa Hüseynovun (Muğanna) senarisi əsasında "Nəsimi" filminin çəkilişlərinə başladı. Əxiliyin, Səfəviliyin, Hürufiliyin geniş yayıldığı bu dövr həm də əhalinin müxtəlif təbəqələrinin bir siyasi cərəyanı tez-tez digər bir cərəyanla əvəz etməsi kimi də yadda qalır. Çünki, ağır vergilər altında əzab çəkən, tez-tez qətl və qarətlərə məruz qalan xalqın əslində hansı dini cərəyana mənsub olması bir o qədər də önəmli deyildi. Bu dini cərəyanların hansı biri xalqın vəziyyətini qismən də olsa yaxşılaşdırmağı vəd edirdisə, xalqın böyük əksəriyyəti bu dini təlimə qoşulurdu. Nəsimi bu təriqətlərin ən mürəkkəbi olan hürufiliyin nəzəriyyəçilərindən idi. Bir də ki, Nəsimi təkcə şair deyildi. O, Quranı, İslamın hüquq və şəriət elmlərini mükəmməl mənimsəmiş və bunlardan öz əsərlərində məharətlə istifadə etmişdi. Bundan başqa Nəsiminin fəlsəfəyə, özəlliklə də yunan fələfəsinə dərindən bələd olması qənaətindəyəm. Onun edam zamanı "Mən əbədiyyət üfüqlərində batan eşq günəşiyəm" fikri və yaxud ölümü həyatın gecəsi, gündüzü isə ömrün günəşi kimi qələmə verməsi fikrinə yunan alimi Empedoklda da rast gəlinir. Belə mürəkkəb şəxsiyyətin kinoda obrazını yaratmaq istər rejissor Həsən Seyidbəylidən, istərsə də gənc, amma istedadlı R.Balayevdən böyük məsuliyyət tələb edirdi. Əlbəttə, burada aktyordan və rejissordan asılı olmayan amillər də vardı. Nəsiminin əruz vəznində çətin oxunaqlı qəzəllərinin düzgün tələffüzünü gənc aktyora öyrətmək lazım idi. Filmin gələcəkdə uğur qazanması bundan çox asılı idi. Bu məqsədlə İslam dininin, klassik şərq poeziyasının və əruzun çox gözəl bilicisi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimi Əli Fəhmi filmin çəkilişinə dəvət olundu. Əli Fəhmi ilk gündən filmin ərsəyə gəlməsinə qədər bütün bacarığını sərf etdi.
Bu yazını hazırlayarkən "Ədəbiyyat və incəsənət" qəzetinin 7 iyul 1973-cü il nömrəsində filmin rejissoru Həsən Seyidbəylinin "Nəsimi ilə görüş" yazısı ilə tanış oldum. Məqalə müəlifi yazırdı ki, "Əli Fəhmi tez-tez çəkiliş meydançalarına gəlir, öz köməyini əsirgəmirdi. Biz hər hansı bir epizodu çəkməzdən əvvəl Əli Fəhmi ilə məsləhətləşərdik. O, demək olar ki, filmin bütün çəkiliş meydanlarına-Şirvanşahlar sarayına, Qız qalasının yanındakı köhnə karvansaraya və Suraxanıdakı Atəşgaha gəlirdi".
Azərbaycan kinosunun sönməz günəşi, Nəsimi rolunun ifaçısı, Xalq artisti Rasim Balayevlə görüşüb, Əli Fəhmi və "Nəsimi" filmi ilə bağlı xatirələtini ağ varağa köçürtdüm.
-Rasim müəllim, Əli Fəhmi ilə ilk görüşünüzü necə xatırlayırsınız?
-"İncəsənət İnstututunda oxuyarkən Əli Fəhmi haqqında çox eşitmişdim. Şəxsən onu görməyə böyük marağım vardı. Tale bizi "Nəsimi" filminin çəkilişi zamanı görüşdürdü. Bildiyimiz kimi filmdə şairin qəzəlləri ifa olunmalı idi. Bu qəzəllərin düzgün tələffüzü olduqca vacib idi. Qədim türk, ərəb və fars mənşəli sözlərin anlamlarının açılmasında, hürufiliyi dərk etməkdə Əli müəllim mənə yaxından kömək oldu. O, əruz vəzninin növlərini, ahəngini, ritmini mənə öyrətdi".
-Siz Nəsimi rolunda sənətkarlığın çox yüksək nümunəsini yaratdınız. İndinin özündə də Nəsimi deyərkən ilk olaraq gözümüzün qarşısında siz canlanırsınız. Təsadüfi deyildir, dünya şöhrətli rəssamımız Mikayıl Abdullayev Nəsiminin portretini yaradarkan məhz sizin simanızı nəzərdə tutaraq da yaratmışdı. Şairin roluna hazırlaşarkən Nəsimini dərindən öyrənə bildinizmi?
-Heç şübhəsiz ki, Nəsimi yaradıcılığından çox şeylər əxz etdim. Amma Nəsimi kimi mürəkkəb bir şairi bir ilə, iki ilə öyrənmək mümkün deyildir. Əli Fəhminin köməyi ilə mən az da olsa bu çətinliyin öhdəsindən gələ bildim. Əli müəllim Nəsiminin hansı şeirini oxuyurdusa, bunun hansı Quran ayəsi ilə bağlı olduğunu göstərirdi. Filmdə səslənən şeirlərin, qəzəllərin ifasının tamaşaçılar tərəfindən sevilməsi məhz Əli müəllimin xidməti idi.
"Nəsimi" filminin çəkilişi zamanı çəkiliş meydançalarında bir maraqlı hadisə baş verdimi? Adətən bu kimi hadisələr kadrlardan kənarda qalır və tamaşaçılar bu kadrlardan xəbər tutmur. Çəkiliş prosesində fasilə elan olunan kimi tez Əli Fəhminin ətrafına toplaşardıq. Əli Fəhmi bir alim kimi olduqca savadlı idi. Klassiklərimizdən, Azərbaycan ədəbiyyatından, İslam dinindən həvəslə danışar və biz onu diqqətlə dinlər, bəzən çəkiliş vaxtınını belə unudardıq. Rejissor isə bundan əsəbləşərdi.
-Əli Fəhmi sizin xatirinizdə ən çox hansı keyfiyyətlərinə görə qalmışdır?
-Ən çox insani keyfiyyətlərinə görə. Onda insanların çoxuna müyəssər olmayan, sadəlik vardı. Mən əsil bilikli adamları belə gördüm. Gənc yaşlarımda mədəmdən şikayət edirdim. Mənə tibbi məsləhət verdi. "Əti qızdırılmış şəkildə deyil, buğda bişir ye"-dedi. Təəccüb etdim. Sonralar eşitdim ki, Əli müəllim həm də həkimdir. O özü də şəkər xəstəsi olduğundan yeməyi evdən gətirirdi və məni də yeməyə təkid edirdi. Sözün həqiqi mənasında ideal insan idi. Filmin məsuliyyətini dərindən dərk edirdi. İşə vicdanlı münasibət, ədalət prinsipi onun həyatının əsas meyarı idi. Mənim sənətkar kimi formalaşmağımda Əli Fəhminin rolu danılmazdır.
Haşiyə: "Mədəni maarif işi" jurnalının 1-4, 1974-cü il nömrəsində dərc etdirdiyi məqaləsində Rasim Balayev yazırdı: "Filmin çəkilişi zamanı film üzrə məsləhətçi Əli Fəhmi müəllim şairin qəzəllərinin doğru və ahəngdar səslənməsində biz aktyorlara yaxından kömək edirdi".
-Rasim müəllim, "Nəsimi" filminə diqqətlə baxıldıqda heç bir dekorasiya nəzərə çapmır. Bu, nə ilə bağlıdır?
-"Nəsimi" Azərbaycan kinosu tarixində bəlkə də yeganə filmdir ki, heç bir dekorasiyadan istifadə olunmayıb, ancaq tarixi abidələrdə çəkilmişdir. Bu, Azərbaycanda tarixi abidələrin çoxluğu ilə bağlıdır. Film Suraxanı Atəşgahında, Qız qalasının yanındakı karavansarada və Naxçıvanda, Əlincə qalasında çəkilmişdir.
-Filmin əvvəlində qeybdən gələn ilahi səs kimi Quran ayəsi oxunur. Bu, hansı aktyorun səsidir?
-Bu səs aktyorların deyil, Əli Fəhminin səsidir. Bu səs filmin daha da gözəl alınmasına səbəb oldu. "Nəsimi" filminin premyera tamaşasından sonra respublika mətbuatında qızğın müzakirələr başlandı. Bu müzakirələrin yekunu olaraq film Respublika kinosevərləri tərəfindən hərarətlə bəyənildi. 1974-cü ildə keçirilən VII Ümumittifaq kino festifalında "Nəsimi" filmi ən yaxşı film, mən isə ən yaxşı kişi rolunun ifaçısı adına layiq görüldüm. Filmin müvəffəqiyyət qazanılmasında heç şübhəsiz Əli Fəhminin də rolu böyük idi.
Şükufə Tağızadə "Bakı "qəzetinin 13 iyun 1973-cü il nömrəsində dərc etdirdiyi məqaləsində yazırdı: "Filmin elmi məsləhətçisi Əli Fəhmi filmin yaxşı çıxması üçün böyük səy göstərdi. Bu isə 600 illiyini qeyd etməyə hazırlaşdığımız məşhur filosov humanist və şair olan Nəsimiyə, xalqımızın tarixinə onun böyük məhəbbəti ilə bağlı idi".
Yeqzar Cəfərli