“Adəmdən Akif Səmədə......”
22 İyul 2013 17:22 MədəniyyətGörsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar,
Akif yatmağa getdi.
Bu misraları yazının əvvəlində verməyim heç də təsadüfi deyil. Çünki, Akif Səmədlər ölmür, dünyalarını dəyişirlər. Onlar əməllərində, sözlərində yaşayırlar. Akif Səməd mənim tanıdığım sonuncu sufi-dərviş idi. O mənim tanıdığım sonuncu urfan şairiydi. Böyük türk irfan şairi Yunis Əmrə demiş:
Dərviş qəlbi pak gərək,
Gözlərində yaş gərək,
Paltarı nimdaş gərək,
Sən dərviş olamazsan
Akifi tanıyanlar bu sözlərin ona aid olduğunu o saat anlayar. Çünki, sufilər bu dünyada gözəllik axtaran, könüllərini yaradana təslim edən dərvişlərdi. Onların fəlsəfəsinə görə Tanrının yaratdığı nə varsa gözəldir. Tanrı lazımsız heç nə yaratmayıb.
Fani adlandırdığımız dünyada insan öz əməlləri, vərdişlərilə öz portretini çəkir. Əslində bu cizgillər fani insanın ruhunun portretidir. Akif də öz portretini belə çəkmişdi. "Qəlbi pak, gözlərində yaş, paltarı nimdaş..." Sadəcə bu sözlərə mən onun həm də siqaret tüstüsündə görünməz olan siluetini əlavə edərdim. Akif bu dünyaya dərdi sevməyə, dərdə sığal çəkməyə gəlmişdi. O xarici görünüşüilə daxili aləmi bir-birini tamamlayan nadir şəxslərdən idi. O anadan elə belə doğulmuşdu. Otuzunda əllisini yaşayırdı.
Yan oduna, yanan deyil,
Bir dərdini qanan deyil,
Atan deyil, anan deyil,
Dünya sənin nəyindi ki?
Beləcə dünyadan giley edənlərə üz tutaraq müdrikcəsinə dünyadan gileylənmənin əbəs olduğunu anlatmağa çalışırdı. Akif sözlə yoğrulmuş şair ömrünün fanisindən baqisinə tələsirdi. Sevdiyini ürəkdən sevir, ona təmənnasız bağlanırdı. Riya, hiylə nə olduğunu bilməzdi. Üzdə nəydisə daxildə də oydu... O düşündüyünü sözə büküb şax üzə deyərdi. Amma elə deyərdi ki, heç kəs inciməzdi, əksinə Akifə daha çox bağlanardı. Bəlkə elə bu fikirlər ona "Bircə qarış yol varıymış, Adəmnən Akif Səmədə" yazdırmışdı?!
Akif vergili və havalı şairiydi. Onun təbi sözün saz kökünə köklənmişdi. O sözün söz cığırına düşüb qırxların pirini gəzirdi.
Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə,
Nəsimi, Yunis Əmrə,
Sözümə yol gedirəm,
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam,
Özümdən yol almışam,
Özümə yol gedirəm,
Akif Səməd ilk şeirlərindən son şeirlərinə qədər ömrün ölümü ilə əlləşdi. O yazdığı şeirlərdə gah "ölümün niyə gecikdiyini" araşdırır, gah da "son misranı", "son beyti" yazmadığına görə ölümün onu gözlədiyinə özünü inandırdı ki, urfan şairlərini Əzrayıl öldürmür, əksinə onlar öz ölümlərini özləri sifariş verirlər. Çünki, ölüm sufi anlamında ruhun haqqa qovuşmasıdı. Onlar ölümləriyilə ölümsüzlük qazanır, nura çevrilərək işıq saçırlar.
Gedərəm bir xoş avaznan,
Gələrəm hər gələn yaznan,
Dərdimi ağlaram saznan,
Neynən, Allaha təvəkkül
Və ya:
Varıb, varıb yara yetdim,
Hardan gəlib, hara getdim,
Mənsur kimi dara yetdim,
Dost məni görmədi, könlüm,
Akif Səməd zamansız bir ömür yaşadı. Onun ömrü yaşadığı zamana sığmadı. O Yunis Əmrə kimi "Biz dünyadan gedər olduq" fəlsəfəsinə söykənərək zamandan çıxmaq istəyirdi, çıxdı da...
Könül, dünya gərdişləri,
Bizlik deyil, çıxaq gedək.
Söz qanan qəhətə çıxıb,
Sözlük deyil, çıxaq gedək.
Ağac kökündən yeyilir,
Qaya dibindən yuyulur,
İşlər astardan əyilir,
Üzluk deyil, çıxaq gedək.
Bir də ki, şair üçün nə zaman? Axı zamanı şair seçmir?!... Yaşadığı zaman onun taleyidir. Mənsur Həllac, Şəhabəddin Sührəvərdi, Füzuli, Nəsimi və Məhəmməd Hadi kimi.... Bu vəlilər zamana müxalif olub əməlləriylə öz portretlərini cızırlar. Akif şeirləriylə seçilməmiş zamanda seçilmiş oldu. Onun sevgi şeirlərində belə urfan nəsimi əsir:
Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç nədi ayrılıq
Yamandı, ay gedən əylən,
Ölüm və güzgü fəlsəfəsi Akif şeirlərində xüsusi obrazlardı. Şairin "güzgüdən zəhləsi gedir." Çünki güzgü hamının gördüyünü görsədir.Şairin daxili "məni "ni görsətmək güzgülük deyil. Akif dünyanı bəsirət gözü ilə görür. O içindən çölünə yol gedir... söz yolu. Bu yol övliyaların getdiyi yoldur, ölümnən keçir. Ölümsüzlüyə qovuşan bu ədəbiyyat yolunu Dərviş Akif özü seçmişdi.
Əzrayıla üstün gəldim,
Özüm xoşluqla ölürəm,
Görməyə işim qalmadı,
Neynim, boşluqdan ölürəm.
...Təzə ha deyil bu xəbər
Lap uşaqlıqdan ölürəm.
Sənəm Səbayel
Şairə. "Akif Səməd" mükafatı laureatı
P.S. Adəmnən Akif Səmədə qədər uzanan bu bir qarış yol nə uzunuymuş?!... Bu yolun söz dünyasını dolaşan sərgərdan səyyah oldum, qərinələr, əsrlər dolaşdım, fəqət bir yana varammadım...
Ayağına dəmir çarıq, əlinə dəmir əsa almış Baba Dərviş də bu yolun ağına düşüb "özündən özünə yol gedir..."