Əgər keçmişə güllə atsan...

ruhlarla söhbət

Ölkəmizin çeşidli səhifələrində və internet saytlarında Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətai, eləcə də digər Səfəvi şahları haqqında müxtəlif məlumatlar çap olunur. Bu yazılarda  görkəmli dövlət xadimlərimiz çox zaman vəsf olunsa da təəssüf ki, milli iftixarımız sayılan bu qəhrəmanlar haqqında qərəzli bilgilərə də rast gəlinir. Gənc bir yazar olaraq mən də bu bilgiləri imkan daxilində izləyir, müzakirələrdən kənarda qalmaq istəməyərək sapı özümüzdən olan baltalara layiqli bir cavab vermək üçün qaynaqları araşdırdım və araşdırdıqca da  məni narahat  edən, qəlbimi  ağrıdan suallara cavab axtarırdım.  Niyə bizi dünyada özumüzdən başqa heç bir millət sevmir? Düşünürəm ki, bəlkə  biz tarixin hansı dövrundəsə səhvə yol vermişik? Ona görə də mən  ulu şah babaların ruhunu  çağırıb bu sualların cavabını onlardan soruşmaq, özüm hakim rolunda onları xəyalən mühakimə etmək qərarına gəldim.  Bu gün başımıza gələn bəlalarda  onların bəzilərinin  də  suçu az deyildir.  Və onların hər biri bu gün hər birimizə hesabat verməyə borcludurlar.  Çünki, bu insanların zaman-zaman əkdiklərini  bu gün biz  biçirik.  Türkoloq alim, vətənpərvər ziyalı, gözəl tarixi romanlar yazarı Yunus Oğuzun "Təhmasib şah" tarixi romanı əsasında Səfəvi şahlarından Təhmasib şahı  debat təhlilə cəlb edərək mühakimə etdim.

Hakim:

-Bu gün sizi  zamanında yol verdiyiniz nöqsanlara görə ittiham edib mühakimə edəcəyəm.

Təhmasib şah:

-Mən ki, bir böyük qəbahətə yol verməmişəm, məni niyə mühakimə edirsiniz?

Hakim:

-Bilirəm, şah babam, bilirəm. Sizin günahlarınız cox deyil, amma yox da deyildir. Sizi ən çox xalqımızın görkəmli sərkərdələrini edam etdirdiyiniz üçün mühakimə edəcəyəm. İlk sualım budur:  Niyə Təkəlu tayfasının qətlinə fərman verdiniz?

Təhmasib şah:

-Çünki, bu tayfa mənim əmrimə itaət etməkdən boyun qaçırmışdı.

Hakim:

-Çəpin tayfasından olan Şahəli Sultanı  inək dərisinə bükdürüb  öldürtdünüz.  Bu necə cəza növu idi?  -Dünyanın hec bir yerində belə cəza növunə rast gəlinməz.  Heç Fransada  "Gilyotin" cəzası  bu cür qəddar ola bilməzdi.  Bunun səbəbini izah edə bilərsinizmi?

Təhmasib şah:

-Ona görə ki, o, Van qalasını  məndən icazəsiz Sultan Süleymana təslim etmişdi.

Hakim:

-Bəs nə etməli idi?  Köməksiz  qalan qala müdafiəcilərini Allahın ümidünə qoyub ölkənin içərilərinə çəkilirdiniz. Yol boyu da hər şeyi məhv edirdiniz.

Təhmasib şah:

-Mənim başqa çarəm yox idi.

Hakim:

-Məgər qoşun yığıb Sultan Süleymana müqavimət  göstərə bilməzdinizmi?  Bilərdiniz. Sadəcə siz  işin asan tərəfini secirdiniz. İstəyirdiniz  xəzinə həmişə dolu qalsın. Bəs sarayın böyük  xərclərini necə ödəyəcəkdiniz. "Sultan Süleymanın  yürüşü  zamanı Təbrizin 400 min nəfərdən ibarət olan 80 min ailəsini doğma yerlərindən köçürtdünüz" (Yunus Oğuz "Təhmasib şah").

Təhmasib Şah:

-"Osmanlılar  qayıdıb gedəndən sonra mən köçürtdüyüm insanları  geri qaytarır, iki il bütün vergilərdən azad edirdim. Əmlak itgisi  üçün  isə onlara təzminat ödəyirdim"-Yunus Oğuz (Təhmasib şah).

Hakim:

-Yaxşı,  bəs Xunuslu tayfasından olan  Div Sultanı niyə  öldürtdünüz?  Cuhə Sultanın təhriki ilə bu qəhrəman sərkərdəni məhv etdiniz. Bilirəm,  özünüzü Təkəlu tayfasına dost göstərmək istəyirdiniz. Bəs niyə az sonra Cuhə Sultanı qətl elətdirib, bütün Təkəlu tayfasının qətlinə fərman verdiniz?  Tayfanın qalıqları Kürdüstan və Baрdaddan keçib Osmanlı torpaqlarına yetişincə bilirsinizmi nə müsibətlər çəkdi? Bu olay bu gün də "afəte-təkəlu" adıyla xatırlanır. Bu ki, öz xalqına qarşı  əsil soyqırım idi.

Təhmasib şah:

Cuhə Sultanı  mən öldürmədim. Və bir də ki  mən o tayfaya nə pislik etmişdim ki, başçıları  Ülamə bəy mənə qarşı  üsyan etdi, sonra da  xəyanət edib Sultan Süleymanın yanına qaçdı. Bilirsənmi o  Sultanı  Azərbaycana yürüşlərə təhrik edir, çoxlu maddi və insan itkisinə bais olurdu. Bir də ki,  bilmirəm sizin  mənim hakimiyyət başına  gəldiyim dövr haqqında bilginiz varmı?

Hakim:

-Yetərli qədər.

Təhmasib şah:

-Əgər bilginiz varsa bilməlisiniz ki, qızılbaş əmirləri mənim az yaşlı  olmağımdan istifadə edib itaətdən boyun qaçırırdılar. 1526-cı ildə Səksənsəkdə-(Xalxal)  Rumlu və Təkəlu tayfası birləşib əmirəl-ümarə vəzifəsini ələ keçirmək üçün Ustaclı  tayfası ilə savaşa başladılar. Çoxlu qan töküldü.  O zaman mənim 12 yaşım vardı.  Bu azğın əmirlər  saraya soxulub gözlərimin qabağında bir-birinə ox atırdılar. Həmin oxların biri başıma sancıldı. Yaxşı  ki, başımda tac vardı, yoxsa həlak olardım. Onlar bu dövləti qurmaqda atam İsmayıla kömək etdiklərini əsas gətirib dövləti dağıtmağa çalışır, itaətə cəlb edildikdə isə xəyanət  edib Osmanlı  tərəfə keçirdilər. İndi deyin görək mənim günahım varmı?  Neyləyim ki, xalqımızda dini birlik hissi güclü olsa da, milli birlik hissi zəifdir.

Hakim:

-Başınıza oxun sancılması  öz suçunuz  idi. Niyə bir vəzifəyə eyni zamanda iki nəfəri təyin edirdiniz? Bir neçə itaətsiz əmirə görə sayı on minlərlə olan tayfanın qətlinə  fərman vermək olmaz.

Təhmasib şah:

Susur.

Hakim:

-Sultan Süleymanın ordusu bircə nəfər dinc əhaliyə toxunmadığı halda siz Osmanlı ilə sərhəd əyalətləri talan edib dinc əhalini qılıncdan keçirirdiniz.

Təhmasib şah:

-Mən yalnız İsgəndər paşanın Çuxursəddə törətdiyi talanlara cavab verirdim.

Hakim:

-Sizinlə eyni  dövrdə yaşayan naməlum tarixçinin "Tarixi-Qezelbaşan" (Qızılbaşlar tarixi) əsərində bu baradə bilgi verilib. Görünür ki, bu tarixçi  zülmünüzdən qorxub, adını gizli saxlayıb. Buğurd qalasını alarkən Şahrux şah başda olmaqla qaladakılara aman vəd etmişdiniz.  Niyə əhdinizə sadiq qalmayıb onları edam etdirdiniz?  "Osmanlılara meyl edirlər" bəhanəsi ilə 600-ə yaxın Şirvan əyanını məhv etdiniz. Ölkənin hər yerində uzunsaqqal dərvişlərdən geniş casusluq şəbəkələri yaratdınız. Buna görə də sizin nə müsəlman, nə türk adlanmağa haqqınız yoxdur. Barbarlıq dövründə yaşayan hökmdarlar belə sizdən daha ədalətli idilər.

Təhmasib şah:

... (susur)

Hakim:

-Susursunuz?  Qardaşın Əlqası niyə edam etdirdiniz?

Təhmasib şah:

-Mən onu dövlətin ən böyük ərazisi sayılan, bir padşaha yetəcək qədər  olan Şirvana hakim təyin etdim. O, isə mənə xəyanət edib padşahlıq eşqinə düşmüşdü. Mənim min əziyyətlə birləşdirdiyim Şirvanı dövlətdən ayırmaq istəyirdi. Onun üzərinə qoşunla getdiyimi bilən kimi anasını yanıma üzrxahlıq üçün göndərdi. Mən də qəbul etdim. Dövlətin bir necə ən hörmətli adamını yanına göndərib bir daha xəyanət etməməsi ücün Qurana and içdirdim. Lakin o, yenidən xəyanət edib adına xütbə oxutdurdu, sikkə kəsdirdi.  Bundan başqa o, osmanlıları Azərbaycana  yürüşə təhrik edirdi. Mən də onu həbs edib Qəhqəhə qalasına saldırdım, bir il sonra isə Təbrizdə bir neçə gün "padşahlığı" dövründə edam etdirdiyi günahsız insanların qohumları olan qala gözətçiləri tərəfindən sui-qəsd nəticəsində öldürüldü.

Hakim:

-Əlqas Mirzəni həbs etdirdiyinizə görə biz sizi alqışlayırıq. Vətənə xəyanət edənlərlə amansız olmalısınız. Amma öldürməyə imkan verməməliydiniz. Hec kimə qardaş qatili olmaqda haqq qazandırıla bilməz.

Təhmasib şah:

-Bəs o fürsət tapıb yenidən Şirvana qaçsaydı bilirsənmi nələr olacaqdı?  Hec kim məni doğmalarımın edamında təqsirkar hesab edə bilməz. Məndən sonrakı şahlar  da mənim kimi ölkənin qayğısına qalsaydılar indi xalqımız bu bəlalalara düçar olmazdı. Özümdən sonrakılara vahid Azərbaycan adlı bir ölkə qoydum. Niyə qoruyub saxlaya bilmədilər?  Mən xəzinəyə 900 min nəqd pul, saya-hesaba gəlməyən qızıl ziynət əşyaları yığmışdım. Pul islahatı keçirdim, iqtisadiyyatı dirçəltdim, ticarəti canlandırdım. Sənətkarlığı inkişaf etdirmək ücün monqollar dövrundən qalma tamğa vergisini ləğv etdim. Lakin fərsiz övladlarım -İsmayıl Mirzə ilə Məhəmməd Mirzə bu sərvəti lazımsız yerlərə israf etdilər.

Hakim:

-Tamğanı ləğv etdinizsə də dərhal əvəzində daha ağır olan "mali-möhtərife"-ni yaratdınız.  Qızılbaş əmirlərinin qətlinin dövlətciliyin möhkəmləndirilməsi üçün gərəkli olduğunu başa düşürəm.  Bəs niyə paytaxtı Təbrizdən Qəzvinə köçürdünüz? Bilmirdiniz ki, tarixin bütün dövrlərində Azərbaycan məhz Təbrizin ətrafında birləşib?  Feodal ara savaşlarında hər kəs çalışırdı ki, ilk olaraq Təbrizi ələ keçirsin. Çünki, Təbrizə sahib olmaq Azərbaycana sahib olmağın başlıca şərti idi.

Təhmasib şah:

-Paytaxtın dəyişdirilməsi bir zərurət idi. Birinci ona görə ki, Təbriz Çaldıran döyüşündən sonra öz paytaxt funksiyasını itirmişdi. İkinci səbəbi isə o idi ki, Təbriz birbaşa osmanlıların yolu üzərində yerləşir və hər dəfə də Sultan Süleymanın qarətinə məruz qalırdı.

Hakim:

-Olmazdımı paytaxtı Kürdən şimaldakı şəhərlərin birinə köçürəydiniz? Siz Səfəvi dövlətini Şamaxıdan, Bakıdan və ya Gəncədən idarə etsəydiniz tarix boyu heç zaman dövlətləri olmayan ermənilər bu gün bizə "Sizin cəmi yüz il dövlətçilik ənənəniz var" deməzdilər.

Təhmasib şah:

...(susur)

Hakim:

-Niyə atan Şah İsmayılın dövründə tutulmuş Hörmüz boğazını azad etməyə cəhd etmirdiniz? Hələ də osmanlılara qarşı portogezlərdən istifadə etmək istəyirdiniz?

Təhmasib şah:

...(susur)

Hakim:

-Haqqınızda zamanında və sonralar  yazılmış əsərləri oxuyub fəaliyyyətinizi və şəxsiyyətinizi təhlil etdim. Sizin haqqınızda qərarım belədir:

Qərar:

-Siz  atanız  Şah İsmayıldan və nəvəniz I Şah Abbasdan daha az tanınsanız da Azərbaycan xalqı üçün daha böyük işlər gördünüz.  "Vahid Azərbaycan dövlətinin yaradılması bilavasitə sizin adınızla bağlıdır. 1555-ci ildə Azərbaycan üçün çox sərfəli olan Amasiya müqaviləsini imzalamağa nail oldunuz. Xristian ölkələri sizi osmanlılara qarşı mübarizəyə dəfələrlə sövq etsələr də imtina etdiniz. Osmanlılar Avropada müharibə etdikləri  müddətdə onların üzərinə yürüş  edib arxadan vurmadınız. Oğlunuz İsmayıl Mirzəni (II Şah Ismayıl) Amasiya müqaviləsini pozar deyə 19 il Qəhqəhə qalasında dustaq etdiniz. Özbəklərlə uğurlu döyüşlər aparıb Xorasanın böyük bir hissəsini onların əlindən aldınız.  Siz  o Təhmasibsiniz  ki, dünyanı lərzəyə salan Sultan Süleymana səbrinizlə, tədbirinizlə qalib gəldiniz.  O da sonda məktub yazıb sizdən üzür dilədi, Azərbaycana hücum etməkdən birdəfəlik imtina etdi". (Yunus Oğuz "Təhmasib şah").

Ölkənin hər yerində yetimxanalar tikdirib, ora müəllimlər təyin etdiniz. Haqqınızda   dövrünün tarixçilərindən  Qazi Əhməd Qumi "Xülasət ət-təvarix"də yazır: "Hələ Məhəmməd peyğəmbərin zamanından Şah Təhmasib hakimiyyətə gələnədək belə ədalətli, belə səxavətli hökmdar zaman və xalq görməmişdir". Xalqdan artıq vergi yığanlardan 50 tümən cərimə alırdınız. Şəhər yoxsullarına sədəqə çörəyi paylayırdınız. Şirvanda Buğurd qalasını alarkən ilk növbədə qaladakı nadir əlyazmaların qeydinə qaldınız. Şəraba və tiryəkə qarşı kəskin mübarizə apardınız. Sarayda saxlanılan 500 tümənlik tiryəki axar suya atdırıb məhv etdiniz. Şəxsi həyatınız yüzlərlə belə faktlarla doludur. Bütün bunlara görə də bu gün Azərbaycan məktəbliləri, gəncləri sizi bir qəhrəman kimi tanıyırr. Vətənpərvər ziyalımız, tarixçi alim Yunus Oğuz həyat və fəaliyyətinizdən bəhs edən "Təhmasib şah" adlı gözəl bir tarixi roman qələmə almışdır. İndi hər bir məktəbli uşaq, hər bir Ali məktəb öyrəncisi bu romanı həvəslə oxuyur, sizi daha yaxşı tanıyır. İnanırıq ki, yaxın gələcəkdə atanız  Şah İsmayıl kimi sizin də xatirəniz əbədiləşəcək, öz layiqli qiymətinizi alacaqsınız.  Bu günkü, müstəqilliyimizdə sizin də payınız var. Bir sıra xırda nöqsanlara baxmayaraq saysız-hesabsız xeyirxah əməllərinizlə millətiniz üçün çalışdınız.  Sizin "mən Azərbaycanlıyam" deməyə haqqınız var.

Mən bu şah babamızı türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun "Təhmasib şah" romanı əsasında xəyalən mühakimə etdim, və ona haqq qazandırdım. Ona görə ki,  Azərbaycan xalqı qarşısında üzü ağ olan Təhmasib şaha biz çox borcluyuq. Biz onu daha çox sevməli, haqqında daha çox yazmalıyıq.  Dahilərdən biri deyir ki, "İnsanları qiymətləndirməyən insanları mühakimə etmək lazımdı". Bu kimi əsərlər geniş təbliğ olunmalıdr. Orta və ali məktəblərə, hətta hərbi hissələrə belə paylanmalıdır. Nəzərə alsaq ki, "Təhmasib şah" tariximizin çox qaranlıq bir dövrünü əhatə edir.  Dəyərli alimimiz, Nizami  Cəfərov çox haqlı olaraq qeyd edir ki "Həmişə Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istər ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə yönəlib. Şah Abbasın fəaliyyəti qabardılıb. Amma Şah İsmayıldan Şah Abbasa qədər həmişə nə isə kölgədə qalıb". Müəllifin özü də bunu əsərin bir yerində bir el aşığının  dilindən təəssüf hissi ilə belə ifadə edir: "Biz sənin haqqında nə bilirik ki".

Bu gözəl tarixi roman əsasında biz daha bir qəhrəmanımızı qazandıq. Bəli, məhz qazandıq. Hər an xatırlamağa bopclu olduğumuz bir qəhrəmanı. Bizə bütöv Azərbaycan qoyub gedən bir qəhrəmanı. Taxt-tac ona şahın böyük oğlu, vəliəhdi olduğu üçün verilməmişdi. Tarixdə o qədər belə hallar olub ki, böyük oğul deyil, ən bacarıqlısı vəliəhd təyin olunub. Müəllifin də qeyd etdiyi kimi "vəliəhd təyin edərkən Şah İsmayıl onun qarşısına Azərbaycanı bütöv hala gətirmək missiyasını qoymuşdu və o, lap uşaqlıqdan sarayda bu vəzifə üçün hazırlanmışdı". Bu bütövlük, bu birlik həm də Şah Təhmasibin timsalında ideal qəhrəman yaradan, ona hər işdə haqq qazandıran Yunus Oğuzun arzusudur.

"Təhmasib şah" romanının bir özəlliyi də ondadır ki, əsəri oxuyan hər bir kəs indiyə qədər tanış olmadığı, tarixin dərin qatlarında itib-batan çoxlu faktlarla tanış olur.  Müəllifin Səfəviyyə təriqətinin tarixinə aid fikirləri diqqəti çəkir. Biz hamımız bu təriqətin tarixini ilk monqol yürüşləri dövrünə aid etdiyimiz halda, müəllifin Səfəvilər tarixini Sasanilərdən də əvvəlki dövrlərə  aid etməsi olduqca qiymətli məlumatdır. Zaman-zaman sıxışdırılan, təqib olunan bu sülalə nümayəndələri bir-birini əvəz etdikcə bu tərəqət yeni-yeni mənalar kəsb edirdi. Qızılbaşların ulduzu yalnız  Uzun Həsənin öz bacısını Şeyx Cüneydə ərə verəndən sonra parladı. I Şah Abbasa qədər dövlətin əsas dayağı olan dərvişlər həqiqətən də böyük siyasi qüvvə idilər. II Şah Ismayıl onların hüqüqlarını məhdudlaşdırmaq təşəbbüsü göstərən kimi ona sui-qəsd edildi. Yunus Oğuz haqlı olaraq qeyd edir ki, "nə qədər ki, şah həm də qızılbaşların "piri-mürşüdü" idi ona qarşı hər hansı bir cəhd uğursuzluğa düçar idi". İndi bütün çılpaqlığı ilə belə bir sual meydana çıxır".  Niyə dünyanı lərzəyə salan Sultan Süleyman qızılbaşlar məmləkətini tutmaqda aciz idi? Bu, bir yandan müəllifin  Osmanlı vəzirinin dili ilə göstərdiyi kimi "qızılbaşlar da bizdəndir, oğuz türkləridir. Onlar bizim silahımızı bilir, bizi elə öz silahımzla vururlar" fikri ilə bağlı idisə , bir yandan da öz əqidələrinə kor-koranə bağlanan, mürşüdləri üçün özlərini hər an oda atmağa hazır olan qızılbaş müridlərin öz  mürşüdlərinə sonsuz sədaqəti ilə  bağlı idi.

Bizi Təhmasib  şahın döyüşkən ruhu ilə silahlandıran Yunus Oğuza oxucu şükranlarımızı yetirirəm.

Yeqzar  Cəfərli

Azərbaycan Jurnalistlər Birliyinin,

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31