Azərbaycanlı aktrisa: "Kimisə sevə bilmərəm..."

"Bu sözü deməyə heç vaxt cəsarət edə bilmərəm"

Aktrisa Gülnarə Abdullayevanın Milli.Az-a müsahibəsi.
- Gülnarə xanım, müsahibələrinizin birində bildirmişdiniz ki, aktrisa olmağınız təsadüfi olub... O maraqlı tarixçəni bizimlə bölüşə bilərsiniz?

- Mənim aktrisa olmaq heç vaxt arzum olmayıb. Babam və nəslimizdə bir çox insanlar hərb sənəti ilə məşğul olduqları üçün mənim də hüquqşünas olmağımı istəyirdilər. Mən də hüquqa hazırlaşırdım. Təəssüf ki, imtahandan keçə bilmədim və ağlaya-ağlaya birbaşa anamın iş yerinə gəldim. Anam bir az mənə ürək-dirək verdi... Amma mən imtahandan kəsilməyimlə barışa bilmirdim. İnanın, indi də qanunlar külliyyatını, Konstitusiya maddələrinin sənədlərini çamadanda evdə saxlayıram. Hələ də ümidimi üzməmişəm (gülür).

İncəsənətə uşaqlıqdan həvəsim olub, amma aktrisa olmaq istəməmişəm. Çox xoşbəxtəm ki, özümü bu sənətdə tapdım. Sevinirəm ki, bu sənətdəyəm. Bayramlarda aparıcı olurdum, tədbirlərdə çıxış edirdim. İncəsənət Universitetinə daxil olanda, siz təsəvvür edin, mən etüd nədir, bilmirdim. Məni səsimə və səhnə üçün yararlı olan görünüşümə görə universitetə qəbul etdilər. İmtahandan keçəndə heç sevinmədim, kimlər ki, arzu edib imtahandan keçmək istəyirdilər, onlar keçə bilməmişdilər.

Qabiliyyət imtahanlarını məndən xalq artisti Şəfiqə Məmmədova, vokaldan isə Yaşar Səfərov götürdü. İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini bitirdim, rəhmətlik Faiq Zöhrabovun tələbəsi oldum. O vaxt Faiq müəllim məni Musiqili Komediya Teatrına çağırmışdı, lakin mən ailə həyatı qurmuşdum və buna görə də teatra gedə bilmədim.

- Bildiyimə görə, bir müddət Estrada Teatrında fəaliyyət göstərmisiniz...

- Bəli, universitetdə oxuya-oxuya Qorxmaz Əlilinin Bakı Estrada Teatrında çalışdım, bu teatrda xalq artisti Nuriyyə Əhmədova və digər sənətkarlarla tərəf-müqabil olurdum. Sonradan 8 il bu teatrda çalışdım. Uşaqlarım balaca idilər deyə bütün diqqətimi onlara ayırmışdım. Ona görə də 5 il teatrdan ayrı düşdüm. Amma mənim teatrdan ayrı düşməyim sənətdən ayrı düşmək deyildi. 5 ildən sonra məni Tahir İmanov səhnəyə çıxartdı. Bu müddət əzrində mən "Planet Parni iz Baku" KVN komandasında çalışdım, bir neçə uğurlu seriala çəkildim. Bəlkə də, mən unudulmuşdum, amma Tahir İmanov məni unudulmağa qoymadı. Bu kollektivdən o qədər razı qaldım ki... Hazırda isə Musiqili Komediya Teatrında çalışıram, bu teatrda artıq "Qısqanc ürəklər" və "Qızıl toy" tamaşalarında baş rollara təsdiqlənmişəm. Yaxınlarda tamaşaları təhvil verəcəyik.

- Özünüzü sənətdə təsdiq etmək üçün çox vaxt lazım oldu sizə?

- Mən deyə bilmərəm ki, özümü təsdiq etmişəm. Bu sözü deməyə heç vaxt cəsarət edə bilmərəm. Mənə elə gəlir ki, hələ bu sənət üçün heç nə etməmişəm. Biz hələ öyrənirik. Rasim Balayev, Xalidə Quliyeva kimi sənətkarlardan biz hələ çox şeylər öyrənməliyik.

- "Bacanaqlar", "Bir kəndin sevinci" seriallarında komik rollarda çıxış edirsiniz... Rejissorlar sizi bu rollarda görürlər, yoxsa komik rolları özünüzə yaxın bilirsiniz?

- Mən təkcə komik rollarla məşhur olmaq istəmirəm. Mənə görə rolun ampluası yoxdur. İnsan düşdüyü vəziyyəti oynamalıdır, mən komediyanı heç vaxt "şit" oynaya bilmərəm. Mən sadəcə düşdüyüm vəziyyəti oynayıram, tamaşaçı istəyər, gülər, istəyər, ağlayar. O, tamaşaçının yanaşmasıdır. İnşallah, faciə rollarında da çıxış edəcəyəm.

- Tamaşaçılarımızın milli seriallarımıza olan marağı nə dərəcədə siz aktrisaları qane edir?

- Çox insanlar deyirlər ki, seriallarımız zəifdir. Hər şey birdən-birə olmayıb ki. Mən sevinirəm ki, bizim seriallarımız çəkilməyə başlayıb və biz sənətçilərin maddi durumu az da olsa, yaxşılaşıb. Əsas prosesdir, iş varsa, söz-söhbət də olmalıdır. Təbii ki, çəkilən bütün serialların hamısı yaxşı ola bilməz. İnşallah, inanıram ki, daha uğurlu seriallarımız çəkiləcək. Mən çox istərdim ki, əvvəllər çalışdığım Şuşa Musiqili Dram Teatrından da aktyor və aktrisaları seriallarımıza dəvət etsinlər. Çünki bu teatrda çox istedadlı sənətçilərimiz var.

- Hansı məhəbbət əsərində oynamaq istərdiniz?

- Mənə qəhrəman yox, xarakterik rollar yaxındır. Mənə elə gəlir ki, aşiq rolunda kimisə sevə bilmərəm. Universitet illərində mən "Pəri Cadu" əsərində həm Şamama Cadu, həm də Hafizə xanım rollarını oynamışam. Bu obrazların ikisi də xarakterikdir.

- Adətən teatrda çalışan aktrisalar seriallara çəkilən zaman kamera ilə necə davranmaq lazım gəldiyini bilmirlər... Sizdə bu problem oldumu?

- Məncə, bu insanın özündən asılıdır. Mən də teatr aktrisasıyam, amma bu problem ilə üzləşməmişəm. Sadəcə rejissor aktyoru başa düşməlidir, hər şey qarşılıqlı anlaşma ilə qurulur. Həmçinin də ünsiyyət. Bəlkə, aktyor birinci dəfədir kamera önündədir, rejissor həmin aktyoru çox sıxmalı deyil. Səhnədə sərbəstlik var, kamera önündə isə sərbəstlik etmək olmur. Səhnə sənindir, nə istəyirsən, edə bilirsən. Buna görə də düşünmürəm ki, təcrübəli sənətçi kamera qarşısında özünü "itirsin".

- Gülnarə xanım, yolda tanıyıb, gəlib şəkil çəkdirənlər olurmu sizlə?

- Bəli, olur. Bəzən özüm də utanıram buna (gülür). Sağ olsunlar bizim tamaşaçılarımız, biz onlar üçün çalışırıq.

- Ailə həyatınız haqqında nə danışa bilərsiniz?

- Bir oğlum, bir qızım var, ikisi də musiqiçidir. Qızım rejissor olmaq istəyir, artıq 3-4 filmə də çəkilib. Onu sənət seçimində sərbəst buraxmışam.

- Gülnarə xanım, arzularınızdan danışmağı sevirsiniz?

- Arzularım çoxdur, həm sənətimlə, həm də övladlarımla bağlıdır bu arzular. Şükür Allaha ki, hələ işlərim yaxşı gedir. İndiyə kimi nə istəmişəm, ona nail olmuşam. İnşallah, hər şeyi zaman həll edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31