Şıxlı ömrünün beşinci fəsli

Şairə Afaq Şıxlının şeirlərilə ilk tanışlığım bir neçə il əvvəl Moskvada olub. Tədbirlərimizin birində təmkinlə irəli çıxdı və yeni şeirlərini oxudu. Sonra da mənə bir ülvü məhəbbətlə yoğrulan, ətirli  dağ çiçəklərindən hörülmüş nəğmə çələnginə bənzəyən "Səni düşünürəm" adlı şeirlər kitabını verdi.

İlk eşitdiyim şeiri məhəbbət mövzusunda yazdığı "Həsrətim" adlanırdı.

Sən məndən aralı, mən səndən uzaq,
Mən səni sevmişəm belə, həsrətim!
Zalım ayrılıqdan nə qədər yazaq?!
Dönmüşəm bir susuz gülə, həsrətim!

Şeiri dinləyərkən nədənsə mənə elə gəldi ki, Afaq təkcə öz hisslərini, duyğularını yox, həm də bizim, eləcə də bütün ətrafımızda olan  neçə sevən qəlbin hisslərini duyğularını poetik ifadə edib.
Düşünürəm ki, şeirin gücü onun çoxlarının duyğularını əks etdirməsindədir. Bir şairin, ümumiyyətlə qələm sahibinin bir misrası, bir sətri bir insan qəbində bir duyğu yarada bilirsə, bir könüldə, bir qəlbdə məskən sala bilirsə, bu şairin qələbəsi, şairin sözünün qüdrətidir. Öz ürək çırpıntılarını poetik dillə sözə çevirmək və sözləri ilə neçə-neçə insanların qəlbində yuva salmaq, ürəklərdə döyünmək şairin böyük xoşbəxtliydir. Bu hər adama nəsib olmaz.
Afaq Şıxlının şeirlərını oxuduqca, eşq mülkünə ayaq basan aşiqin halına yanırsan, gah yüksələn, gah enən, gah açıq, gah duman içində olan fikirlərinin əlində az qala əsir-yesir olursan. Kimsənin səni anlamayacağını bildiyindən tənha qalmaq istəyirsən, dərdlərinlə baş-başa qalmaq keçir xəyalından, üzünü göylərə cevirib ulu tanrıdan bütün  sevənlərə uğur diləyirsən. Keçdiyin ömür yoluna boylanırsan, asta yağan yağışlara, qəriblikdə yollarına düşən, səni iliyinəcən donduran  qara, göylərdə gəzən, sonra da bir anın içində qeyb olub itən  topa-topa  buludlara vurulursan. Onlara qoşulub sonsuzluğa  çəkilmək keçir könlündən. Vurulduğun gün göydəki buludlara bənzər buludlar  axtarırsan başının üsə. Sevginin varlıgına bir daha dönə-dönə inanmaq istəyirsən.

Bu gündən sabaha olmasa güman,
Başının üstünü alsa sis, duman,
Bütün ümidlərin bitdiyi zaman
Səni sevdiyimə inan, sevgilim!

Məhəbbət mövzusu Afaqın poeziyada mühüm yer tutur. Şairənin şeirləri kövrək, incə duyğulardan yoğrulub və sevgi odu ilə ürək dediyimiz bir təndirdə bişib sanki. Onlar neçə il öncənin aşiqlərinin, qaynar gəncliyinin, sevib-sevilmək, xoşbəxt yaşamaq ehtirası ilə alışıb-yanan adamların qarşıdakı ümid dolu günlərinin həzin nəğməsidir. Bu şeirləri dinləyəndə adama elə gəlir ki, dünya çalxalanıb çirkinlikləri kənara atacaq, özün də, duyğuların da saflanacaq və  bu duyğular səni  həmişə saf və təmiz saxlayacaqdır.

Sən - yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən!
Sən - mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən...

Bu misralarda həyat, sonsuzluq, sevgi, axarlılıq və ümdəsi - yenilik və təravət var.

Afaq Şıxlı  şeirlərini həm sərbəst, həm də ənənəvi formada yazır. Belə yazılan hər iki şeir forması mənim üçün əzizdir. Nə yaxşı ki, o hoqqabazlıq etməkdən uzaqdı. Ənənəvi formada yazdığı şeirləri oxuyanada bir daha qənaətə gəlirsən ki, A. Şıxlı ədəbiyyat nəzəriyyəsini gözəl bilir və bu biliyə söykənəklik ona, heca vəznində uğurlu əsərlər yaratmağa imkan verir. Sərbəst şeirlərini oxuyanda isə, bu üslubun gözəlliyinə vurulmaya bilmirsən. Ən başlıcası isə odur ki, onun şeirləri səmimidir. Həsrət və qırqınlıq inam və ümidə qarışır onun misralarında...
Məs:

İstəməzdim sevdan adlı bu yuxudan oyanmaq,
Aramızda yavaş-yavaş dan sökülür, deyəsən...
Bu dəfəki ayrılığa asan oldu dayanmaq,
Bu ayrılıq sahilləri niyə mənəm, niyə sən?

Yaxud:

Deyir kama yetir bu gün diləklər,
Bizim də arzumuz göyə ərz ola!
Sonunda qovuşa sevən ürəklər...
Tanrıdan bu gecə məni arzula!

Yaxud da:

Bacarmırsan mənim kimi darıxmağı -
İçin-için,
Titrək-titrək,
Və hərdən də
hayqırıqlar qoparan bir fırtınatək...
Gecə-gündüz yola-izə boylanaraq,
öz-özünə "döz!" deyərək,
Nisgilini ürəyində gizləyərək...
Zaman-zaman ayrılığa üsyan edib
ağlayaraq,
kövrələrək...
Gözləməkçün min bir səbəb gətirərək,
Ümidini damla-damla toplayaraq,
ovuc-ovuc itirərək...

...Daha nə  söyləyim axı;
Yox, incimə,
Bacarmırsan mənim kimi darıxmağı...

Şıxlı yaradıcılığında  doğma yurd, doğma ocaq həsrəti, taleyüklü problemlərimizə əsl övladlılıq, ülvi sevginin tərənnümü mühüm yer tutur. Şeirləri, dünyaya gözəl və nikbin baxışların bəhrəsi kimi təravətli və cazibədardır.
Onsuz da qürdətdə yaşadığımdan yamanca kövrəkdi qəlbim. Bir kövrək, bir  incə  misra tutur məni, uzun-uzadı calxalayır qəlbimi, həzin, qəmli bir nəğmə kimi ruhumu oxşayır. Bəzən bir söz yuxumu ərşə cəkir, saatlarla özümə gələ bilmirəm. Əslində hər bir  şair belə olmalıdır.

Yenə axşam düşüb, qərib bir axşam...
Qərib ürəklərin dolduğu vaxtdı.
Uzaqdan baxana bu - adi yaşam,
İçindən çəkənə - bir qara baxtdı.

Ulduzsuz səmanı bürüyübdü sis,
Dolmuş gözlərimə görünmür ay da.
İllərdi gümana aldanırıq biz:
"Bəlkə bu baharda..., bəlkə bu yayda..."

İncə qəlbə malik, təbiət gözəlliklərindən məst olan,  çeşmələrin nurunda durulan, ulduzların ətəyindən yapışan, haqqın ardınca baş götürüb qəribliyə üz tutan Afaq xanım, bizim hər birimizi gəncliyimizə, ötən çağlarımıza qaytarır, haraylayıb doğulub boya-başa çatdığımız yurda, kəndə-kəsəyə, müqəddəs torpağımızın ziyarətinə aparir, ümumi dərdlərimizi dilləndirir...

Ay Afaq, dilindən düşməyir Vətən!
Eşqinlə qismətin gələcəkmi tən?
Nə ömür əbədi, nə həsrət bitən...
Qürbətdə puç olan zamana heyif!

***
İncimirəm, məni yanlış qananlardan,
İncimirəm, həsəd çəkib yananlardan,
İncimirəm, dediyini dananlardan,
Öz dilini,
Millətini,
Vətənini dananlardan inciyirəm!

Tanıdığımdan bəri Afaqın şeirlərindəki duyğuları özümünkü hesab etdim. Bir daha inandım ki, nə qədər ki, insanlıq var, insanlar var-sevgi də var olacaq. Onun şeirləri də sevən qəlblərə hakim olacaq, əbədiyaşarlığıyla seviləcək, yaddaşlarda qalacaqdır. Düzdü, hər bir insan kimi şairlərin də ömür yolu var. Özümün ömür yoluma boylananda onun da bircə an olması qənaətinə gəldim... yamanca qısaymış. Lakin Afaqın şeir dünyasıyla tanış olduqda, şairin gümanının gerçəkləşəcəyinə inandım - biz sözlərimizlə yaşayırıq və yaşayacağıq!

Afaq Şıxlı artıq püxtələşmiş şairdir, bədii yaradıcılığı ilə azərbaycan, rus, türk və beynəlxalq ədəbi mühitdə formalaşmaqdadır. Onun şeirlərindəki yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və vətənpərvərlik onun yaradıcılıq yolunu müəyyənləşdirərək, ucalığa səsləməkdədir.  Bu il şairə üçün çox məhsuldar və uğurlu il olub: Azərbaycanda, redaktoru və ön söz müəllifi gözəl şairimiz Məmməd İsmayıl olan "Ömrümün beşinci fəsli" adlı yeni şeirlər kitabı və Türkiyədə, istedadlı türk yazarı İmdat Avşar tərəfindən tərcümə edilmiş "Dostlarım, mənə də bahar göndərin!" adlı seçilmiş şeirlərdən ibarət toplusu işıq üzü görüb. Bundan əlavə şairə dəfələrlə müxtəlif şəhərlərdə şeir simpoziumlarında və konfranslarda iştirak edərək uğurlar qazanır və harada olur-olsun Azərbaycanın adını ucaltmaqda davam edir.

Afaq Şıxlının insanı dağ çiçəkləri kimi məst eləyən misralarını hər oxuduqca bu qənaətə gəlirəm ki, o zaman ilk eşitdiyim və sevdiyim "Həsrətim" şeiri mahir qələmlə nəzmə çəkilmış ulvi duyğularımızdır. İnanıram ki, bundan sonra da, hələ neçə-neçə könül mülkü onun sevgi şeirləri ilə isinəcək. Həsrətdən, hicrandan yorulanları, həsrət içində yaşayanları öz  şeirləri ilə  ümidlə yaşamağa səsləyəcək.
Bu günlərdə ömrünün 44-cü baharını qeyd edən şairəmizə arzum odur ki, Azərbaycan poeziyasında öz səsi, öz sözü olan Afaq Şıxlı parlaq sənət yolu keçsin, ədəbiyyatda, doğulduğu yurda - Azərbaycan poeziyasına nəhəng korifeylər bəxş etmiş Qazax  elinə və Şıxlı soyadına, layiq yer tutsun. Mən bunun məhz belə də olacağına inanıram! Və şairənin mənə göndərdiyi ən son şeirlərindən birini onun çoxsaylı oxucularına ərmagan etmək istəyirəm:

BIR GÜN AZDIRIN MƏNI!

Bir gün azdırın məni!
Itirin ilim-ilim!
Azadlıq dillərində çalınan nəgmələri
mən də dinləyə bilim!
Məni elə azdırın
bilinməsin ünvanım.
Bəzi xoşbəxtlər kimi gecə rahat uyuyub,
sabah sakit oyanım!

Yer tapmıram özümə!
Yolumda min bir çığır...
Haraya üz tuturam
Ümidlərim sarsılır, duyğularım ağrıyır.
Etibarım çat verib, -
yaxşı bildiklərimin gör neçə üzü varmış!
Mənə məni tanıdan şəffaf aynaların da
əyrisi, düzü varmış...

Nolar azdırın məni,
ay bəxtəvər xəyallar!
Ağ atlı səadətim
bəlkə itdiyim yerdə gəlib mənə rast ola!
Ruhum üsyanlarına bəlkə son qoya bilə!
Bəlkə qəlbimin gözü sevincdən doya bilə?!

Neçə ki, itməmişəm
tapmayacam özümü,
Yaşaya bilməyəcəm
ürəyim istəyəntək ürəyimdən keçəni.
Qaygısız xəyallarım,
Qorxusuz xəyallarım,
Getdiyiniz yerlərdə bir gün azdırın məni!

Nəsib Nəbioğlu
                                                         Rəsul Rza və Yuri Dolqoruki adına
                                                         beynəlxalq ədəbi  mükafatları  laureatı
                                                         Moskva
22. 06. 13
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31