ŞOK! ŞOK! ŞOK!
Bu oxucularımızın ən çox sevdiyi başlıqdır
22 İyun 2013 09:17 MədəniyyətMüğənnilər arasında baş verən qalmaqallar media qurumları tərəfindən də geniş işıqlandırılır. Səhnədə addımlarını yenicə adlayan ifaçılar gündəmə gəlmək, daha çox bazar əldə etmək, biznes qurmaq, tanınmaq üçün illərlə sənətdə olan həmkarlarının bostanına daş atır, onların qüsurlarından danışır. Gənc ifaçılarla yanaşı, uzun illər sənətdə olan müğənnilər arasında qalmaqallar da səngimək bilmir. Bir çox hallarda bu cür sənətçilər arasında qalmaqalların yaranmasında jurnalistləri günahlandırırlar. Ciddi və qeyri-ciddi media orqanında çalışmaqdan asılı olmayaraq mədəniyyət və maqazin sahəsi üzrə yazacaq jurnalistin qarşısına redaksiyaya gəldiyi ilk gündən "qalmaqal yarat. Gör kimin arasını vura bilirsən" deyə bir tələb qoyulur. Bu sahənin nə qədər qeyri-ciddi olmasından, mədəniyyətimizi təmsil edən ifaçıların bir qisminin nə qədər etik qaydalara əməl etməməsindən asılı olamayaraq maqazin xəbərlərinin yenə də oxucular tərəfindən böyük maraqla izlənildiyini görürük. Ölkənin aparıcı informasiya portallarına nəzər yetirdikdə ictimai-siyasi xəbərlərin maqazin, erotik və əyləncəli xəbərlərdən daha az oxunduğunu görə bilərik. Bu gün səsi, geniş auditroiyası olmayan bir ifaçının üzüyününü qiyməti haqda yazılan xəbər beş saat ərzində 2 mindən artıq oxunubsa ATƏT-in görüşləri, beynəlxalq təşkilatların tədbirləri və ya ölkə gündəmi üçün çox önəm kəsb edən hər hansı bir xəbər eyni müddətdə daha az oxunur. Amma bu o demək deyil ki, Azərbaycanda ciddi oxucu yoxdur. Media qrumlarının əhəmiyyətsiz maqazin xəbərlərinə xüsusi önəm verməsi bəzən də bir çoxlarında qıcıq yarada bilir. Səsi, istedadı olmayan, Azərbaycan səhnəsinə yaraşmayan ifaçıların tanınmasında, özlərini daha yüksək pillədə hiss etməsində jurnalistlərin əməyi də danılmazdır. Bu gün maqazin gündəmində baş verən hadisələr "partlayış" yaradır, hər kəsin diqqətini özünə çəkir. Sözsüz ki, bu məsələdə qurumun "oxucunun nəbzini tut"ması amilinin də mühüm rolu var. Hər bir media qurumu reklam gəlirlərini artırmaq, sayta, ya qəzetə reklam cəlb etmək üçün oxucunun hər zaman maraqla izlədiyi məlumatları mütəmadi olaraq yayımlayır. Əsas gəlirlərini reklamdan götürən media qurumu hər hansı bir şirkətdən maliyyə vəsaiti almazdan öncə ona saytın sayğacını təqdim edir. Məhsulun firması üçün əsas məsələ isə saytın nə qədər çox izlənilməsidir. Bu gün hər hansı siyasi xadimin səsləndirdiyi fikir səsi, sənəti olmayan bir ifaçının səsləndirdiyi fikirdən daha az izləyici qəbul edir. Əksər hallarda bunu müşahifə edə bilərik. Jurnalistikanın əsas konsepsiyasından biri də kütləni öz ardıyca aparmaqdır. Yəni, bu gün saytlara daxil olanların bir qismi boş, mənasız xəbərlər oxuyursa, o demək deyil ki, biz də bu haqda yazmalıyıq. Əksinə oxucunun əsas diqqətini aktual və önəmliliyi ilə seçilən məsələlərə yönəltməyə çalışmalıyıq. Maqazin jurnalistikasına marağın artmasının, səsi-sənəti olmayan, daha çox qalmaqalla məşğul olan sənətçilər haqda xəbərlərin yazılmasında başqa hansı məqsəd güdülə bilər? Bəlkə maqazin jurnalistikasında "toxunulmaz şəxs"lərin sayının az olması jurnalistlərə bu sahədə çalışmaq üçün sərbəstlik verir. Bəlkə də buna görə son dövrlər jurnalistlər arasında maqazin jurnalistikasına maraq artıb. Mövzu haqda ətraflı danışmaq üçün media eksperti Ələsgər Məmmədli ilə də söhbət etdik.
-Son dövrlər maqazin jurnalistikasına maraq artıb. İctimai-siyasi xəbərlərdən daha çox hər hansı müğənninin üzüyünün qiyməti, evinin dəyəri haqda olan xəbərlər daha çox oxunur...
-Ümumilikdə ölkə jurnalistikasına nəzər yetirdikdə hər zaman ciddi istiqamətlərlə yanaşı qeyri-ciddi xəttin də mövcudluğunu müşahidə etmişik. Hələ o dövrlərdə bu işlə məşğul olan xüsusi qəzetlər də fəaliyyət göstərirdi. Əslində insanların ictimai-siyası, ciddi xəbərlərdən daha çox bu cür informasiyalara meyilli olması normaldır. Əyləncəyə, şou xəbərlərinə hər zaman maraq olub. Buna görə deməzdim ki, cəmiyyətdə nəsə anormal bir durum yaranıb. Böyük əksəriyyət mediadan əyləncə tipli informasiyalar almağa üstünlük verir.
-Oxucularla yanaşı jurnalistlərin də bu sahəyə marağının artdığını görə bilərik. Maqazin jurnalistikasında çalışan jurnalistin əsas məqsədi yəqin ki, tanınmaq, bu sahədən daha çox gəlir götürmək ola bilər. Siz necə düşünürsünüz?
- Son illərə nəzər yetirsək ölkəmizdə medianın digər qolları ilə yanaşı maqazin jurnalitikasına da marağın artdığını görə bilərik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda jurnalistlərin özlərində də bu sahəyə maraq var. Maqazin sahəsi üzrə fəaliyyət göstərənlərin böyük qismi özünü reklam, populyarlıq qazanmaq məqsədini güdür. Maqazin xəbərlərinin yayımı ilə əlaqədar nə qədər iradların olmasına baxmayaraq oxucularda hələ də belə xəbərlərə maraq var. Bunun da səbəbi insanların xislətində olan özəl həyata maraqdır.
-Demək olarmı ki, bu sahədə "toxunulmaz şəxs" prinsipinin olmaması, sərbəstlik jurnalistlərdə maqazin aləminə meyli artırır?
-Maqazin aləmində "toxunulmaz şəxs"lərin sayı sıfır səviyyəsindədirsə, digər sahələrdə bu sayın dəfələrlə artıq olduğunu görə bilərik. Bu istiqamətdə qarşısına heç bir məhdudiyyət çıxmayan jurnalist özünü daha sərbəst hiss edir. Azərbaycan kimi ölkələrdə bu maqazin jurnalistlər üçün daha asan bir iş hesab olunur. Maqazin xəbərlərinin bu gün ictimai-siyasi xəbərlərdən daha öndə olmasını heç də qeyri-adi hal kimi qarşılamaq lazım deyil. Jurnalist gündəmdə nəyi görürsə ondan da yazır.
- Maqazin xəbərlərinin bu gün ictimai-siyasi xəbərlərdən daha çox oxunmasının qeyri-adi hal olmadığını dediniz...
-İnternetə daxil olanların böyük qisminin gənc olmasını, əhalinin böyük əksəriyyətinin qeyri-siyasi olmasını nəzərə almaqla maqazin jurnalistikasının bu qədər maraq kəsb etməsini normal qarşılaya bilərik.
-Bu maraq daha çox nədən qaynaqlanır?
-Maqazin, əyləncə xarakterli məlumatların yaş kateqoriyasından asılı olmayaraq böyük oxucu kütləsinə sahib olmasının digər səbəbi şok başlıqlara olan maraqdan qaynaqlanır. Müxtəlif saytlara daxil olaraq eyni xəbərin adi başlıqla az, şok başlıqla isə daha çox oxunduğunun şahidi ola bilərik. Hətta siyasi xəbəri də qalmaqallı girişlə təqdim edərək daha çox izləyici cəlb etmək olar. Təqdimetmə metodu da xəbərin izləyici toplamasında mühüm rol oynayır. Bundan başqa maqazin sahəsinə yönəlməyin bir az da reklamla əlaqəli olduğunu deyə bilərik. Bu sahədə izləyici qıtlığı olmadığından hər hansı məhsulun reklamını təşkil etmək üçün problem yaranmır.
-Bəs, reklam, gəlir, reytinq sahəsində vəziyyət necədir?
-Ümumiyyətlə reytinqlərdən danışsaq bunun heç də digər ölkələrdəki kimi olmadığını görə bilərik. Elə qəzet var ki, onun günlük satışı on beş mindir. Lakin bir qəpik də olsa reklamdan gəliri yoxdur. Elə qəzet var ki, günlük nüsxəsi 300-dür, amma onun üç yüz min reklamı var. Ölkəmizdə reklam bazarı qaydaları bazar tələblərinə uyğun deyil. Sərbəst bazar iqtisadiyyatı probleminin, sərbəst rəqabət mühitinin olmaması, monopoliyanın hökm sürməsi, hansısa qurumlara reklam verilməsi sahəsində problemlərin mövcud olması reklam bazarındakı vəziyyəti gərginləşdirir.
-Dünya mediası ilə müqayisədə ölkəmizdə media qurumlarının böyük əksəriyyətinin gəlir və reytinqlərini məhz maqazin xəbərləri ilə əldə etdiyini görə bilərik...
-Amerikada reytinq ana xəbər bülleteninin izlənməsi ilə müəyyən edilir. Ana xəbərinə görə hansı kanal yüksək reytinqə malik olursa reytinqlərin qalibi də o hesab edilir. Biz isə reyitnqləri qalmaqallı xəbərlər, bəsit məlumatlar, əyləncəli verilişlərlə qaldırmağa çalışırıq. Bu çox bəsit fikirdir. Media qurumlarının qalmaqallı xəbərlərə üstünlük verməklə reklam qazanmalarının bir səbəbi də auditoriyanın buna meyilli olmasıdır. İzləyicilər üçün hansısa mənanı özündə gizlədən, qalmaqallı başlıqlar xüsusi önəm kəsb edir.
-Reklam, gəlir və s bu kimi məsələləri kənara qoyub digər önəmli amilə də diqqət yetirək. Jurnalistikanın konsepsiyasına görə jurnalist cəmiyyətin arxasınca yox, cəmiyyəti öz arxasınca aparmalıdır. Siz necə düşünürsünüz... Bir çox hallarda etik normalar qorunmadan, istedadsız, qalmaqalla gündəmə gələn şəxslərin davranışları tamaşaçı üçün təhlükəli ola bilməzmi?
-Məncə bu konsepsiya özü təhlükəlidir. Jurnalist mühəndis deyil. O, sadəcə cəmiyyətdə olanları əks etdirməlidir. Jurnalist cəmiyyəti arxasınca apararkən nə qədər dürüst ola bilər ki? O, da cəmiyyətin bir üzvi hesab edilir. Nə jurnalist cəmiyyəti, nə də cəmiyyət jurnalistikanı arxasınca aparmalıdır. Sadəcə jurnalist baş verən olayları olduğu kimi hər kəsə təqdim etməyə çalışmalıdır. O, doğrunu göstərməklə yanaşı yanlışı, yaxşını təqdim etməklə bərabər pisi də göstərməlidir.
-Ümumiyyətlə ictimai-siyasi xəbərlərdən daha çox maqazin xəbərlərində etik normalar pozulur...
-Etik normalar universal normalar hesab edilir, hansı cəmiyyətdə olmaqdan asılı olmayaraq. Xəbərə verilən dəyər hər sahədə çalışan jurnalistə şamil edilir. Nə qədər savadlı olmasından asılı olmayaraq sərt münasibət göstərən, qarşısındakını təhqir edən jurnalistin imici zərbə altına düşür. Bu zaman auditoriyada özü haqda yaratdığı inamı da itirə bilər. Kobud, təhqiramiz ifadələr, bir-birinə qarşı hörmətsiz davranmaq maqazin jurnalistikasında çox tez-tez təsadüf edilir. Bu münasibətlər oxucuda ona olan hörməti də azaldır. Düşünürəm ki, jurnalistikanın hər hansı sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir jurnalist peşəkarlığın tələblərinə əməl etməli, bunu özü üçün qanun qəbul etməlidir. Şər-böhtan atmaqla gündəmə gələn şəxslərin əsas məqsədi jurnalistika ilə məşğul olmaq deyil. Onlar tanınmaq, özlərini reklam etmək üçün bu yola əl atırlar.
-Etiraf etmək olar ki, maqazin jurnalistikasında qanuna zidd fikirlər, davranışlar üstünlük təşkil edir?
-Ümumiyyətlə mediada istər hüquqi tənzimlənməsi baxımından, istərsə də etik normalarla əlaqədar kifayət qədər pozuntular müşahidə edilir. Kriminal hadisələrlə bağlı xəbərləri izlədikdə belə media qanunlarına zidd çoxsaylı nüansları görə bilərik. Məsələn, hər hansı cinayət hadisəsində adı hallanan, atasını, ya kimisə öldürən şəxsi məhkəmənin qərarı çıxmadan cinayətkar adlandırmaq qanuna ziddir. Siyasi xəbərlərdə isə daha çox balansın pozulmasını görə bilərik. Maqazin jurnalistikası ilə yanaşı medianın digər sahələrində peşəkarlıqla bağlı çoxsaylı problemlərin olduğunu söyləmək olar. Peşəkarlığın aşağı olması güvənlilik və etibarlılığı da azaldır. Buna görə də Azərbaycan mediasına etibar edənlər çox azdır. Bu yaxınlarda əhali arasında sorğu təşkil edərkən də böyük əksəriyyətin Türkiyə telekanallarına üstünlük verdiyini öyrəndik. Deməli Azərbaycan izləyicisi ölkə telekanallarından lazım olan məlumatı ala bilmir. Türkiyə telekanallarına üstünlük verilməsində sözsüz ki, etibarlılıq, dünyagörüşü, rəngarəngliyin də mühüm rolu var.
-Ümumiləşdirərək maqazin xəbərlərinin şok başlıq adı altında yayımının oxucu diqqətini çəkməkdə mühüm rol oynadığını deyə bilərikmi?
-Adi bir xəbər saytını açaraq müqayisələr aparmaqla bu nəticəni əldə etmək olar. Azərbaycan tamaşaçısı üçün daha çox şok başlıqlı xəbərlər diqqət çəkir. Unutmayaq ki, etibarlı və obyektiv xəbər daha çəkicidir.
Nigar Məhərrəm