Toğrul Nərimanbəyovun son mənzil haqqı...

Bir neçə gün əvvəl ömrünün 83-cü ilində dünyasını dəyişən Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunacağı əməlli-başlı müzakirə mövzusuna çevrilib. Hətta iş o yerə çatıb ki, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov məsələ ilə bağlı Fransaya gedib. Dünyaca məşhur bir azərbaycanlının torpağa tapşırılacağı yerin müzakirə olunması qəribə, qəribə olduğu qədər də düçündürücüdür. Axı bu məsələnin müzakirəsinə nə ehtiyac var? Bu insan Azərbaycan torpağının oğlu deyilmi? "Gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı"-deyib atalarımız. Elə isə Azərbaycan torpağından yaranan bir azərbaycanlı niyə yad ölkənin soyuq torpaqlarında uyumalıdır?

***
Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub.
O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.
XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində geniş şöhrət tapıb, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynayıb. Onun fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ sənətimizə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. Rəssamın yaradıcılıq yolu milli mədəniyyət salnaməsində müstəsna yer tutur və rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir. Görkəmli sənətkarın insanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilir.
Toğrul Nərimanbəyov ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

T.Nərimanbəyov haqqında bu qısa məlumatdan da göründüyü kimi bu insan əsərlərində belə Azərbaycanın varlığından, mədəniyyətimizdən, zəngin irsimizdən yararlanıb. Onun böyük rəssam kimi yetişməsində bəlkə də azərbaycanlı olması ən böyük rolu oynayıb. Toğrul Nərimanbəyov Azərbaycanın, bu millətin oğludur. Uyuyacağı məkan da Azərbaycan olmalıdır. Vaxtilə çox ağıllı insanlarımız-onların arasında alimlər də, şairlər-yazıçılar, ictimai xadimlər, həkimlər də var, Vətən həsrəti ilə qürbətdə yaşayıb və orada da dəfn olunublar. Bəzilərinin qəbrinin harada olduğu belə məlum deyil. Hüseyn Cavidin nəşi boş-boşuna Azərbaycana gətirilmədi ki. Bu gün yüzlərlə Azərbaycan balası dahi şairlə tanışlığa məhz onun məqbərəsini görməklə başlayır. Belə dahi şəxsiyyətlər yalnız ailələrinə məxsus deyillər. Onlar bu xalqın, Azərbaycanın sərvətləridir. Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya onu Moskvada da dəfn edə bilərdi, amma bütün sevgisi ilə "Azərbaycan" deyən bir vətən övladının yerinin bu torpaqlar olduğunu düşündü. Tamara xanım başqa bir millətdən ola bilər, amma görünür həyat yoldaşının ruhunun harada dinclik tapacağını yaxşı bilirmiş. Xalqa məxsus olan, bir milləti təmsil edən insanların ailəsi daha geniş düşünməyə məcburdur. Azərbaycan öz oğlunun dəfninin Vətəndə olmasını istəyir. Yəqin ki, böyük rəssamın da arzusu bu olub. Bu torpaqdan qidalanıb dünyaca məşhur əsərlər yaradan bir insanın ruhu ancaq qaynaqlandığı torpaqda rahatlıq tapa bilər. Bu Toğrul bəyin son mənzil haqqıdır.
 

Aygün Aydilək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31