Bu barədə danışmasaq da olar, amma…

“Avroviziya” yarışması rahat avtomobil kimidir; sürətli sürməsən olmur, sürəndə də xatası çıxır

 

                                                                                                    Hafiz Mirzə

                                                                                             www.hafizmirza.com

Hər işə gücümüz çatır, təkcə başqalarına bədxahlıqdan savayı

Bu il Azərbaycanı "Avroviziya 2013" mahnı müsabiqəsində Fərid  Məmmədov   təmsil etdi. Etdi və kişi kimi 234 bal toplayıb, 2-ci yeri tutdu. Qalib çıxardılan Danimarka mənsubu  isə plagiat mahnı ilə 281 bal qazandı. Ortada cəmi 47 bal fərq oldu. Bakıda  keçirilən "Avroviziya -2012" mahnı yarışmasında 1-ci yeri qazanan İsveç nümayəndəsi Loren  372 bal, 2-ci yer qazandırılan Rusiyanın "Buranova nənələri" isə 259 bal toplamışdı. O zaman fərq 113 bal idi. Deməli, bu ilki yarışmanın təşkilatı səviyyəsi 3 qara qəpiklik olmasa da, ifaçılar arasında rəqabət daha böyük olub və mübarizə daha gərgin keçib. Amma bizdə çoxları bu qələbəyə kölgə salmaq yolunu tutdu. Sanki özümüzünki deyil, erməni müğənnisi 2-ci yeri tutmuşdu. Hətta iş o yerə çatdı ki, müxalifət qəzetləri bu 2-ci yerin rüşvətlə alındığını da iddia elədilər. Bəs deyirdilər Avropada rüşvət yoxdur! Yoxdursa, bu barədə iddialar sarsaq təxəyyülün məhsuludur! Vardırsa, bəs demokratların Avropa idealı necə olacaq?  2009-cu ildə Araş və Aysel 3-cü yeri qazananda onları az qala kosmosu fəth etmiş qəhrəmanlar kimi qarşıladıq, amma Fərid gözəl performans, nadir ifa sərgiləyib, hətta ermənilərdən də xal qoparda bildiyi halda biz onu hava limanında Lüksemburqla heç-heçə etmiş Azərbaycanın futbol millisi qədər də qarşılamadıq! Niyə? Ona görə ki, Rusiya yarışmada yer qazana bilməyib və "ayının" acığı tutub! ))) Balam, bu "Avroviziya" mahnı yarışması Rusiyanın adına açılmayıb ki! Ən qəribəsi odur ki, tərslikdən Azərbaycanın Rusiyaya verdiyi 10 xal  hesablanmayıb. Guya hesablansaydı, Rusiya 2-ci yeri tutacaqdı? Rusiya müsabiqədə cəmi 172 xal toplayıb. Lap belə tutaq ki Azərbaycanın Rusiya nümayəndəsi Dinə Qəribovaya verdiyi xal hesablanaydı. Onda Rusiya təmsilçisinin topladığı xal 182 bal olacaqdı, Azərbaycanın topladığı qədər 234 bal yox ki! 4 -cü yeri tutmuş Norveç isə 191 xal toplamışdı. Bu halda xal azaltmanın, yəni Azərbaycanın Rusiyaya verdiyi xalın gizlədilməsi yalnız və yalnız siyasi xarakter daşıya bilərdi. Buna görə də düşünmək olar ki, Azərbaycanın verdiyi xalların hesablanmamasında 100 % erməni barmağı var. Bir halda ki, Rusiya özünün ən yüksək 12 balını Ermənistan nümayəndəsinə deyil, Azərbaycan nümayəndəsinə verib, deməli bunun hayıfını çıxmaq lazım imiş. Çünki Ermənistanın nəzərində Rusiya yalnız Ermənistanı sevməlidir. Ən yüksək balın Azərbaycana verilməsi isə müasir seçki texnologiyalarının məntiqi açılımında mühüm məsələdir. Ona görə də ermənilər  Azərbaycandan Rusiyaya guya heç bircə xal da verilmədiyini təşkil ediblər. 100%! Belə münasibət təbii ki, qarşı tərəfdə müəyyən qıcıq doğuracaq. Bunun belə olmadığını sübut edənəcən çox vaxt geçəcək. Bu halda gəl indi bu həqiqəti onlara başa sal. Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov barmaq silkələyib ki, Azərbaycanın  Rusiyaya verdiyi xalın gizlədilməsi çoxlarına çox baha başa gələcək. Rusiyanın internet portallarında bu barədə müzakirələr ümumxalq forumuna çevrilib. Elə bil Rusiya dünyanın musiqi beşiyi imiş deyə, ölkə az qala yasa batıb. Dünyanın musiqi beşiyi sayılan İtaliya, Fransa, Avstriya müsabiqədə yer tuta bilmədiyinə görə yaxasını cırmır, amma Rusiya hiddət içindədir. Yeni Dünya Müharibəsi başlamasa yaxşıdır. Hər halda mərkəzi internet serverin Münxendə (Almaniya) yerləşdiyini  və Almaniyanın NATO təmsilçisi olmasını nəzərə alıb, Rusiyanın süni şəkildə  bizə qarşı köklənməsində  onlar üçün də fayda var. Qarşıda NATO-nun İrana basqını gözlənilir. Azərbaycan isə qətiyyətlə bildirib ki, öz ərazisindən istifadə olunmasına razılıq verməyəcək. İranın tərəfdaşı Rusiya ilə aranı vur, Rusiya Azərbaycana basqı yapsın, buna cavab olaraq isə Azərbaycan Rusiyanın ziddinə addımlar atmağa məcbur olsun! Digər niyyətlər də ola bilər. Daşımız gör nə qədər ağırdır ki, hətta qələbə qazandıqda da buna rahatca sevinə bilmirik. Ötən il Bakıda "gey parad" törətmək istəyi ilə ölkəmizin mənəvi durumunu sarsıtmaq istəyən avropalılar nədənsə İsveçdə "gey parad" keçirmək  fikrinə düşmədilər. Bu il yarışmaya qatılmayan Türkiyənin cəzalanması da mənəvi sferada baş tutdu: İstanbul metrosunda lezbiyanlar öpüşmə aksiyası keçirtdilər. Ölkənin abrını tökməkdən, dini inanclarına dirsək göstərməkdən daha betər nə ola bilər ki? Azərbaycan musiqi sənətinin Avropa qarşısında möhür vurduğuna hamı heyrətlənir. Yarışmada cəmi 8 ildir iştirak edən bir ölkə 1-ci, 2-ci, 3-cü, 5-ci, 8-ci nəticə göstərib!  Paxıllıqdan Avropanın bağrı yarılmasın, bəs necə olsun? Məncə artıq özümüzün "Azərbaycan" Beynəlxalq mahnı yarışmasını keçirmək zamanımız çatıb. İlk Avropa Olimpiyasını keçirə biləcəyiksə, mahnı yarışmasını lap gözüyumulu keçirəcəyik! Amma... Bilmirəm, bu barədə danışmaq yaxşıdır, ya pis,  məncə yarışma Azərbaycanın musiqi akademiyası sayılan Qarabağda - Şuşada keçirilərsə yaxşıdır.

Təhlükəsiz yollar və ya insan həyatının dəyəri

"İnfrastruktur" deyildikdə birinci növbədə obyektin yol ilə mütənasibliyi, uyarlığı və yolun statusu önə verilir. "Yol həyatdır, yol inkişafdır, yol gələcəkdir" deyimləri də var. Əvvəllər evlər arasındakı küçəyə də, adi bir cığıra da yol deyilirdi. Sonra at yolu, araba yolu yarandı və yolun əhəmiyyəti daha da artdı. İnsanlar yollar  vasitəsilə başqa ölkələrə səfər etdilər, ticarət qurdular,.. Ən qiymətli bir yola "İpək yolu" adını verdilər. Bu yol Asiya ilə Avropanı yaxınlaşdırdı, birləşdirdi, özü ilə təkcə Çin ipəyini deyil, Şərqdən Qərbə  həm də mədəniyyət, elm daşıdı. Yol uğrunda müharibələr oldu, ölkələr yol ilə öyündü, yola böyük vəsait xərclədilər. Hətta çayların üzəri, dənizin içi ilə yol çəkdilər, adını körpü qoydular. Yolların özünü də adsız buraxmadılar, ən mötəbər, ən məşhur və ən dəyərli şəxsiyyətlərin adını yollara verdilər, küçələrdə yaşatdılar. Müasir dünyada müxtəlif ölkələrdə elə məşhur yollar (küçələr) var ki, onları dünyanın çox ölkələrində, çox insanlar tanıyır. İndi ölkələrin yol ilə məşğul olan  idarələri, komitələri, nazirlikləri fəaliyyət göstərir. Hətta yolun öz polisi də var. Bu polis  digərlərindən çox fərqlənir. Çünki digər polislərə bir ömür boyu çox insanların işi düşməyə bilər. Bütün növ polisləri insanların tanımaması mümkündür. Amma yol polisini hamı tanıyır və avtomobili oldu-olmadı, hamının ondan işi keçir. Axı  gün ərzində yollardan (küçələrdən) və nəqliyyatdan hamımız istifadə edirik. Yolun bəzəyi, onun əhəmiyyətini artıran və ondan ən çox istifadə edən avtomobildir, avtomobildən isə hər birimiz. Amma dünyamızda avtomobillər yollardan daha çox inkişaf etdiyinə görə aralarında ahəng pozulmuş və ikisi də insanlığa xidmətdən bir qədər yayınmışdır. İndi ölkələrin həyatında yol həm də fəlakət və ölüm mənbəyinə çevrilmişdir. Hər gün böyük yollarda onlarca insan qəzalarının qurbanı olur. Onların heç də hamısı avtomobil sürücüsü deyil, yol kənarındakı dinc sakin və adi sərnişinlər də yolun qurbanına çevrilir. Qardaş Türkiyədə yollarda dolaşan ölüm kabusunu "trafik canavarı" da adlandırırlar. Bəs bu yol polisinin gözü hara baxır? Başqa ölkələrdə yol polisinin gözü min bir işə baxsa da, bizdə daha çox sürücünün əlini hara (cibinə) aparmasına  köklənib. Buna -  sürücüdən bir şey qoparda bilməyəcəyinə   əmin olanda isə şanlı yol polisimizin özü "trafik canavar"a çevrilir. Bunu heç də keçmiş "avtomobil müfəttişinin" - "qaişnikin"  əmək haqqının az olması və dolanışıq problemini "yolçuluqla" dəf etmək cəhti kimi başa düşməyə bilərik. Bəzi rayonlarda  dilənçiyə  "yolçu" da deyilir. Yəqin ki, daim yollarda dolaşıb pul qopartması ilə əlaqələndirirlər. Bizim yol polisi də yollarda durub keçib-gedən  avtomobilləri saxladır, oldu-olmadı bir bəhanə tapıb, sürücünü "cərimələyir". Daha çox isə sürücü ilə "əlli-əlliyə"  gedirlər. Bu isə nə yol hərəkəti qaydalarını hansısa  formada pozmuş sürücünü islah edir, düzəldir, nə də  yol polisinin azalmayan maddi problemlərini həll edir. Əslində nə qədər qəribə və gülünc olsa da, yol polisi özünün rayon polis rəisindən daha çox əmək haqqı alır. Ancaq bu onun iştah dişini heç də kiçiltmir. Əsas olan məsələ rüşvət alınmasına rəvac verən  səbəbləri aradan qaldırmaqdır. Hazırda yollarda polisin azaldılması, onun avtomobillərin (sürücülərin) yol hərəkəti qaydalarını pozmasına nəzarət edən funksiyalarının radarlara verilməsi, kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozmuş sürücünün cərimə olunması barədə bildirişin mənzilinə göndərilməsi, əsas və avtomobillərin gur olduğu yolların xüsusi video-kameralarla 24 saat izlənilməsi mütərəqqi hal hesab edilə bilər. Lakin bütün bunlar yol hərəkəti qaydalarının pozulmasını və insan tələfatlarını azaldırmı? Dünyanın avtomobil istehsalçısı olan böyük müəssisələri hər il bir-birindən gözəl onlarca yeni model avtomobil istehsal edirlər. BMW, Mercedes, Audi, Wolsfagen, Hundai,.. insanı riqqətə gətirən gözəl modelləri istifadəçilərin ixtiyarına buraxır. Hamı onları sevə-sevə, min bir arzu ilə, böyük məbləğdə pul sərf edərək, hətta kredit götürərək alır. Amma... Bu gözəl, rahat, sürətli avtomobillər daha çox insan ölümünə səbəb olmurmu? Son illər ölkəmizdə ölüm hadisələri ilə nəticələnən yol qəzalarının  60-70 %-ni məhz bu "inomarkalar" törədir. Qalan faizin böyük hissəsi Rusiya istehsalı olan "Jiquli-007" markalı avtomobillərin payına düşür. Yeri düşmüşkən, artıq elə bir ənənə, elə bir düşüncə yaranmışdır ki, cavanlar yalnız "07" sürməlidir, bu marka hər yerə girə və hər cür  çətinlikdən çıxa bilər, onun üçün  "qırmızı işığa" riayət etmək, gözləmək qəbahətdir və sairə. Avtomobil xuliqanlarının - "aftoşların" 90% istifadə etdiyi də məhz elə bu "07"-dir. Qabaq hissəsi həddən artıq qaldırılan, pəncərələrinə qara plyonka  yapışdırılmış  bu əcaib markanın ölkəmizə gətirilməsinə qadağa qoyulmasını alqışlamaq lazımdır. Lakin bu qadağa da yol qəzalarının tam azalmasına səbəb olan əsas amil deyil. Son vaxtlar yeni nəsil avtomobillərin sükanında qurulmuş təhlükəsizlik yastıqları, sürücünün sərxoş olduğunu müəyyən edib, matorun işə salınmasının qarşısını alan  cihazlar və ya arxa, yan tərəflərdə qurulmuş video-qurğular yaxşıdır. Lakin bunlar  ya ara məhəllələrdə, avtomobili dayanacağa verəndə, tıxaclarda və ya ağır qəza hallarında lazım  olur. Məsələ məhz insan tələfatına səbəb olan ağır yol hadısələrinin baş verməsinin qarşısını almaqdan ibarət olmalıdır.  Cinayəti düzgün cəza-landırmaqdan və ya xəstəni yaxşı müalicə etməkdən daha yaxşısı onun baş verməsini aradan qaldırmaqdır. Bu sahədə aparılan işlər isə təkcə ölkəmizdə deyil, bütün dünyada bərbad vəziyyətdədir. Gözəl, rahat, hamar yolların çəkliməsi də ilk baxışdan təqdirəlayiq haldır. Amma bir insan ölümünün qarşısında  bütün bunların bir qara qəpik qədər dəyəri yoxdur. Avtomobillərin gözəl dizaynda və rahat formada düzəldilməsinin yarısı qədər də  sürücünün mühafizəsi və yolların təhlükəsizliyi barədə düşünülməli idi. Hazırda bütün dünya silahlara xor baxır və onu insan həyatına qarşı ən böyük, ən qatı təhlükə hesab edirlər. Lakin gəlin görək  dinc şəraitdə olan hər ölkədə silahdan daha çox  insan həlak olur, yoxsa yol qəzalarından? Ən mahir sürücü də yol qəzalarından sığortalanmayıb. Sən qəza törətməsən də, qarşıdan, arxadan və ya yandan gələn avtomobil qəza törədə və sənə də xətər yetirə bilər. Qəzaların törənməsində əsas olan sürət amilidirsə, bu halda avtomobil şirkətlərinə saatda 100 km-dən artıq sürətə malik avtomobillərin istehsalına qadağa qoyulması yetərlidir. Asvalt üzərində süni maneələrin artırılması, yolların birtərəfli hərəkətə bölünməsi, qarşı yollarla aralığın tutulması, yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi və ağıllı avtomobillərin yaradılması bu sahədə mühüm əhəmiyyət kəsb edə bilər. Lakin bu da mütləq deyil. Əsas olan hər bir məhsulun, hər şeyin yalnız insanın təhlükəsizliyinə hesablanmasıdır. Kəşf edilən texniki qurğular adi insandan daha ağıllı, daha tələbkar, sərt  və barışmaz olmalıdır. Əks təqdirdə texnikanın dəyəri artdıqca insan həyatının dəyəri azalacaq.

Amma heç bilmirəm müasir sənaye bumu dövründə bu barədə ucadan danışmağa dəyər, ya yox.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31