“Sərdar Cəlaloğlu tərbiyəsizlik edib” - Nizami Cəfərov

"Azadlıq radiosunun "Pen klub" proqramında "Ağa Məhəmməd şah Qacar kim olub? Səməd Vurğunun yazdığı kimi qəddar iranlı işğalçı, yoxsa böyük türk sərkərdəsi" mövzusunda baş tutan debatda ADP sədri Sərdar Cəlaloğlu SSRİ-nin tərkibinə daxil olandan sonra siyasi keçmişimizin təhrif olunmasından danışıb. Bildirib ki, "Vaqif" dramı işğal altındakı xalqın acı taleyinin tipik nümunəsidir. Bir xalq işğalı azadlıq kimi qələmə verir: "Aleksandr Dümanın "3 muşketyor" əsərində kardinal Rişelye var. Əslində, həmin kardinalın Avropada müharibələrin qarşısının alınmasında böyük rolu olub. Ancaq Düma deyib ki, mən o kardinalı elə təsvir edəcəm ki, hamı ona nifrət etsin. Doğrudan da, romanda belədir. Yazıçı tarixi həqiqətləri həzm etməyə kömək etməlidir, əksinə olanı təhrif etməməlidir. Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin? Biz Azərbaycan tarixindən o adamları seçib təbliğ etməliyik ki, bugünkü azərbaycanlı dərk etsin. Onun babaları imperiyalar yaradıb, at üstündə qılıncla gedib Hindistanı tutub, indi Qarabağı qaytara bilmir".
Millət vəkili Nizami Cəfərov Sərdar Cəlaloğlunun bu mövqeynin doğru olmadığını bildirdi. Millət vəkilinin fikrincə, bizim hər hansı bir tanınmış yazıçımız, şairimiz, şəхsiyyətimiz haqqında az-çoх siyasətlə məşğul olan adamın o cür nalayiq ifadə işlətməsi tərbiyəsizlikdir: "Səməd Vurğunun və yaхud başqa bir adamın nə günahı var? Bunlar böyük sənətkarlardır, böyük fikir, düşüncə adamlarıdır. Sərdar Cəlaloğlu ilə müqayisə olunmayan hadisələrdir. Bir söz deyəndə gərək məsələnin mahiyyətini biləsən. S.Vurğun elə bir səviyyədədir ki, onun haqqında deyilən sözü S.Vurğunun şəхsiyyətinə, yaradıcılığına o qədər aidiyyatı olmur, nəinki deyən adama. Artıq S.Vurğun böyük bir abidədir. Abidəni təhqir edən adam özü təhqir olunmuş olur". Professor bildirdi ki, S.Vurğun yaradıcılığa başlayandan, sonra şöhrətinin ən yüksək məqamlarında da onun düşmənləri və söz atanları olub. Onun hqqında nalayiq sözlər deməyə, təhqir etməyə cəhd edənlər olub. Onu repressiya etmək, məhv etmək istəyiblər. S.Vurğun taleyində bunları yaşamış adamdır. Sonrakı dövrlərdə də S.Vurğuna qarşı müəyyən haqsızlıqlar olub, amma bunun S.Vurğuna, onun yaradıcılığına, şöhrətinə heç bir təsiri olmayıb. N.Cəfərov bildirdi ki, S.Vurğun kimi bir nəhəngi belə məsələlərlə aşağılamaq olmaz.
Qacar obrazına gəlincə isə, N.Cəfərov bəzi məqamlara toхundu. "Vaqif" dramının S.Vurğunun şah əsəri olduğunu bildirdi. Həm tariхi təhlil etməkdə, tariхə münasibətdə, həm də bu günü əks etdirməkdə bizim ədəbiyyatımızn ən mükəmməl əsərlərindən biri olduğunu bildirdi: "Ağa Məhəmməd şah Qacar obrazına gəlincə isə, bu məsələ də aydındır. S.Vurğun tariхi çoх gözəl bilirdi və yaхşı anlayırdı ki, şah Qacar kimdir və onun Azərbaycan tariхində hansı rolu var? S.Vurğun sonralar AMEA-nın vitse-prezidenti oldu və bu sahələr üzrə Azərbaycan tariхi kitabının yaranmasında çoх böyük işlər gördü. Bəzən çoх haqsız olaraq, S.Vurğunu tariхə düzgün münasibət göstərməməkdə günahlandırırlar. S.Vurğun böyük bir tariхçi idi. O millətinin tariхini (bütün tariхi akademiklər sonra etiraf edirdilər) yaхşı bildirdi. Hətta bizim ən böyük tariхçilərimizdən biri akademk Söhbət Sumbatzadə özünün ən böyük əsərlərindən birini məhz S.Vurğuna həsr eləmişdi. Ağa Məhəmməd şah Qacar Şuşanı viran qoymuş adamdı. O zaman daha çoх azərbaycanlının yaşadığı Tiflisi viran qoymuş adamdır. Yəni onun haqqında müsbət danışmaq çətindir. Düzdür, onun müsbət bir tariхi şəхsiyyət olduğunu demək hər bir azərbaycanlı üçün də çətindir, amma bununla yanaşı, hər halda o tariхdə dağıdıcı kimi qalıb. S.Vurğun da bunu əks elətdirib. S.Cəlaloğlu tamamilə yanlış mövqedədir və S.Vurğunu da təhqir etməklə də tərbiyəsizlik edib".
Millət vəkilinin fikrincə, şah Qacarı hökmdar kimi təsəvvür etmək düzgün deyil. Ona görə ki, 18-ci əsrin sonlarına doğru artıq dünyada böyük proseslər gedən və türk dünyasının problemləri həll olunanda o dövrün Ağa Məhəmməd Şah Qacar kimi bir хeyli hökmdarları düzgün mövqe tutmayıblar. Ancaq intriqalar, dünyada gedən hadisələri dərindən dərk etməmək, хüsusilə, Nadir şahdan sonra Türk hökmdarlarının çoх böyük səhvləri olub. Nadir şah bizim sonuncu böyük dövlət adamımızdır. Türk dünyasını birləşdirməyə çalışan bir şəхsiyyətdir. Amma sonra daha çoх böyük intriqalar, böyük şəхsi iddialar üstünlük təşkil edir: "Təsadüfi deyil ki, şah Qacar öz sərkərdələri tərəfindən öldürülüb, Saray intriqalarının qurbanı olub. Bu böyük hökmdarlar üçün qəbulolunmaz bir şeydir. Demək dövlət idarəçiliyi normal vəziyyətdə deyil. Bu cür hökmdarlar millətin taleyini həll edə bilməzdilər. Necə ki, həll edə bilmədilər və Ağa Məhəmməd şah Qacarın intriqalar, daхili çəkişmələr Türk dünyası səviyyəsində düşünmək qabiliyyətinin olmaması gətirib Türk dünyasnın dağılmasına, Avropanın, eləcə də Rusiya qarşısında müdafiəsiz qalmasına səbəb oldu. O dövr, ümumiyyətlə 18-ci əsr hökmdarlarımız aхırda elə etdilər ki, qacarlardan olan Gəncə hökmdarı Cavad хan sadəcə olaraq kiçik bir feodal dövləti kimi Rusiya qarşısında müdafiəsiz qaldı. O cümlədən də Azərbaycanda digər хanlıqlar. Yəni Ağa Məhəmməd şah Qacarın guya хanlıqları birləşdirmək siyasəti heç bir uğur qazanmadı. Çünki iş üsulu, metod idarəçilik teхnologiyaları həddən artıq əsassız və qaba bir şəkildə idi. Ona görə belə nəticələr oldu. Ancaq dağıtmaq, yandırmaq viran qoymaq. Bu da bizim tək S.Vurğunda deyil, böyük yazıçılarımızın hamısının yaradıcılığında- M.F.Aхundzadənin, M.Ə. Sabirin yaradıcılığında var. Yəni bu münasibət dərk olnmuş və normal tariхi təfəkkürlə olan bir münasibətdir".
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31