Dəniz hələ görünmür...

Və ya Qıpcaq çöllərində lirik bir axşam

Elxan Zal Qaraxanlı

(Əvvəli  5 aprel tarixli sayımızda)

Sovetlər dönəmində Qazaxıstanın ucsuz-bucaqsız çölləri yüz minlərlə insana sürgün yeri, sonra isə vətən oldu. İndi bu ölkənin etnik xəritəsi çox rəngarəngdir. Qazaxlar ölkə əhalisinin yalnız yarısını təşkil edirlər. Darican xanım bizə xalqının məruz qaldığı acı taledən danışır. XX əsrin 20-30-cu illərində qazax xalqının üçdə ikisi məhv olub. Səbəb kimi ən çox aclıq göstərilir. Malı-qoyunu əllərindən alınmış köçərilər böyük aclıqla üz-üzə qaldılar. Ət yeməyə öyrəşmiş qazaxlar otyeyənlərə çevrilə bilmədilər. Taqətdən düşən insanlar böyük kütlələr şəklində qırılırdılar. Bəzən ölənləri basdırmağa bircə adam belə tapılmırdı. Sovetlər döyüşkən köçərilərin ram olunmasının ən optimal üsulunu tapmışdılar. Onları gülləsiz-filansız, sadəcə acından öldürdülər. Ölənlərin sayı milyonlarcaydı. XX əsrdə, Qazax çöllərində tarixin ən dəhşətli soyqırımlarından biri baş verdi. Bir xalqın yetmiş faizi məhv oldu.  Maraqlıdır ki, eyni siyasət Ukraynada qazaxların slavyanlaşmış  qohumlarına-kazaklara qarşı da yürüdüldü. Onlar da milyonlarla öldülər. Ölümün gözünə həmişə dik baxan insanlar aclığın qarşısında aciz qaldılar. Darican xanım bunları danışdıqca bizim tüklərimiz biz-biz olur. Yunus Oğuz çox emosional adamdır, onun gözlərində yaş damlaları parlayır. Elə mənim də. Min illər ərzində bu ucsuz-bucaqsız Dəşdi-Qıpcaq çöllərini məskunlaşdıran, tarix səhnəsundə möhtəşəm imperiyalar qurmuş şanlı türklərin xələflərinə bundan artıq hansı zülmü vermək olardı?! Həmin faciəli günlər Berik Şaxanovun əsərlərində çox realist boyalarla təsvir olunub. Onun ailəsi, qohum-əqrabası o ağır günlərin şahidi olub. Berik ağanın yazıçı qələmi isə bu tarixi əbədiləşdirib. Onun həyat yoldaşı Darican xanım aclığı törədən ünsürlərdən biri kimi, bəylərin repressiya olunmasını söyləyir. Çöl şəraitində, köçərilər dünyasında bəylik tituldan daha çox bir mükəlləfiyyət idi. Köçəri bəyləri istismarçı oturaq bəylərdən, mülkədarlardan fərqlənirdi. Onlar bir növ el atası idilər. Yaylaq, qışlaq yerlərini də onlar seçirdilər. Daha doğrusu hər tayfanın çöldə öz əraziləri vardı. Min illər ərzində, hər el, hər tayfa dəqiq qurulmuş bir ahənglə yaşayırdı. Birdən bu ahəng pozuldu və başsız qalmış, malı-mülkü əlindən alınmış insanlar sərt çöl şəraiti ilə üz-üzə qaldılar. İllər uzunu onların bütün qlobal qayğılarını başçılar-bəylər həll edərdi, onların yoxluğunda xalq başını itirdi. Bəzi başçılar öz elini Çinə apararaq aclıqdan xilas edə bildilər, amma onlar da Çində mədəni inqilab illərində ağır repressiyalara məruz qaldılar. İndi bu bayram günü, biz, həyatını türk mədəniyyətinin qalxınmasına həsr etmiş iki Azərbaycan yazıçısı, Ulutau dağlarının ətəklərində qazax xalqının məşəqqətləri barədə kədərli hekayələri dinləyirik. Gözümüzü yumub ruhən o acı günlərə yollanırıq, böyük siyasətin qurbanı olmuş milyonlarla günahsız insanın əzablarını duymağa çalışırıq. Bunu duymadan qazax xalqını duya bilməzsən. Qazaxların içinə yığılmış qəzəb 1986-cı ilin dekabrında, qazaxca desək jeltoksan ayında püskürdü. Onda rus əsilli Kolbinin Qazaxıstana rəhbər təyin olunmasına  etiraz  edən insanlar üsyan edib dövlət binalarını ələ keçirdilər, Sovet qoşunları ilə üz-üzə gəldilər, yüzlərlə öldülər, amma ölmək yenilmək deyil. Böyük imperiyanın əsaslarını sarsıdan bu hadisə, sonda iki milyon kvadrat kilometr əraziyə malik müstəqil Qazaxıstanın yaranması ilə sonuclandı. Bu gün türk birliyindən, türk qardaşlığından çox danışılır, lakin Avrasiyanın geniş ərazilərinə səpələnmiş türk xalqları bir-biri barədə o qədər də məlumatlı deyil. Zaman və məsafələr öz işini görüb, hər xalq özünə məxsus bir şəkildə inkişaf yolu keçib, hərə özünə məxsus bir mədəniyyət formalaşdırıb. Dillər də bir-birindən xeyli aralanıb. Düzü, Yunus da, mən də qazaxcanı anlayırıq, amma öz aramızda zarafatla "ortaq türk dili"adlandırdığımız bir dildə, yəni rus dilində ünsiyyət qurmağa üstünlük veririk. Neynəyək, hələlik bütün türk xalqlarının anlaşa biləcəyi yeganə dil rus dilidir. Türküyə türkcəsini bilənlərin sayı isə hələlik çox azdır. Nə dilində anlaşmağımızdan asılı olmayaraq, əsas məsələ odur ki, ünsiyyətdəyik, bir-birimizi tanımağa çalışırıq. Yaxınlaşmaq, birləşmək üçün bir -birimizi tanımağımız çox vacibdir.

***

Murad süfrəyə qımız gətirir. O mənim qımız xoşladığımı bilir. Qımız at südündən hazırlanan içki növüdür. Bir az pivə tamı verir, elə spirtliyi də pivə qədər olur. Amma çox xeyirlidir, həkimlər mədə xəstəliklərinin müalicəsində qımızdan çox istifadə edirlər. Oturaq həyata çox erkən keçmiş Azərbaycan türkləri qımızı çoxdan unudublar. Bizdə indi at əti də yeyilmir, amma qazaxlarda ət onların qidasının əsasını təşkil edir. Mən şəxsən at ətini çox xoşlayıram, amma anlaya bilmirəm ki, Azərbaycan türkləri nə üçün dəvə əti yeyirlər, at ətini yox. Deyim ki, İslam dini at ətini haram hesab etmir, həmçinin dəvə ətini də. Yəqin ki, bu Azərbaycanda atların azlığı ilə izah olunur. Ətlik atlar minik atları deyil, onlar heç vaxt minilmir, bir növ əhliləşdirilmiş vəhşi atlardır. Amma yəqin ki, bir vaxt yeyilib, Nizami "Yeddi gözəl"də Bəhramın gur, vəhşi at ovlamasını təsvir edir. Nə isə...mən qımız içə-içə türk tarixinin dərinliklərinə enən söhbətləri dinləyirəm. Yunuz Oğuzun söhbətləri də kitabları kimi qurtarmaq bilmir. O viskidən tamsına-tamsına tarixdən danışır,  hamı da onu maraqla dinləyir. Mete, Attila, Çingizxan, Teymur, Nadir şah....Yunusun söhbətlərinin ucu-bucağı yoxdur. Deyim ki, bu söhbətlər yeddi gün çəkdi və heç kim bu söhbətlərdən ayrılmaq istəmədi. Hətta bizi ziyarətə gələn insanlar da ayrılmaz dinləyicilər sırasına qoşulurdular. Muradın uşaqlıq dostu, Fərabi adına Qazax milli universitetinin kriminalistika kafedrasının müdiri prof. Hacımurad İsayev sorağımızı alan kimi özünü məclisə çatdırdı. Hacımurad müəllim Ahısqa türküdür, sürgün olunmuşların nəslindəndir. Amma Azərbaycanı çox sevir. O məclisdə bizimlə Azərbaycanca danışmağa üstünlük verirdi. Hiss olunurdu ki, o bu dildə danışmaq üçün lap acıb. Hacıbala İsayev görkəmli alim olmaqla yanaşı həm də Qazaxıstan kriminalistlər Assosasiyasının vitse prezidentidir. Sifətində elitar bir ziyalı obrazı var. Ümumən Yunus da, mən də Qazaxıstanda görüşdüyümüz adamların elitarlığına heyran qaldıq. Böyük  para və sərvət sahiblərinin milli mədəniyyətə bu qədər bağlılığı adamda qibtə hissi yaradırdı. Sonradan oteldə Yunus mənə dedi ki, "Elxan, ağlamaq istəyirəm. Axı niyə bizdə belə burjuaziya yoxdu". Dedim elə mən də ağlamaq istəyirəm. Bizdə zəngin adamların xeyriyyəçiliyi əsasən atalarından və özlərindən kitab yazdıranda ortaya çıxır. Millət isə heç veclərinə də deyil. Məclislərdə isə daha çox arvadlarının paltarlarını müzakirə edirlər....

***

Sözün düzü belə bir aurada, bu gözəl söhbətlərin həzzində mənəviyyatsız zənginlərimiz barədə düşünmək ağılsız bir hərəkət olardı. Bu gözəl Novruz günündə, dadlı qazax süfrəsinin arxasında qımızdan, viskidən içə-içə türk mənəvi intibahının inkişafı yollarını aramaq daha ləzzətli bir işdir. İstər Qazaxıstanda, istərsə də Azərbaycanda böyük iqtisadi yüksəliş var, mədəniyyətin və mənəviyyatın gəlişməsi isə ondan xeyli geri qalır. Dünyanın vesternləşdiyi bir zamanda, qloballaşma deyilən amerkanizmin tam hucumda olduğu bir zamanda mənəvi və mədəni bazası zəif olan millətlər sıradan çıxacaq şübhəsiz. İnternet inqilabından məharətlə istifadə edən beynəlxaq imperializm virtual aləmdə yaşayan və tərbiyəsini bu aləmdə alan böyük zombilər kütləsi hazırlayır. Milli mədəniyyətlər, ənənələr bu projenin gerçəkləşməsində böyük əngəldir. Buna görə milli mədəniyyətlərin məhvinə çox böyük resurslar yönəldilib. Əlbəttə, bu yeni bir şey deyil, tarix boyu imperiyalar öz dünyagörüşünü başqalarına sırımağa çalışıblar. Sadəcə bu gün Amerika imperiyası tarixdə heç kimin malik olmadığı imkanlara malikdir. Amerikanizmin əsas ideyası isə Tanrının dollarda təcalla etdiyini bəşərriyətə təlqin etməkdir. Seksin təşviqi, ailə institutlarının dağıdılması bu ideyanın gerçəkləşdirilməsində istifadə olunan əsas ünsürlərdir. ....

Tarixi ekskursiyadan sonra söhbətlərimiz çağdaş problemlərə yönəlib. Ən gözəli odur ki, burada həmfikir insanlar toplaşıb, bizim hamımızı birləşdirən bir amal var-tarixin dərin köklərindən gələn türk mədəniyyəti yaşamalıdır. Onun bütün şaxələri birləşib böyük bir ana çay əmələ gətirir. Azərbaycan mədəniyyəti, Qazax mədəniyyəti, Türkiyə mədəniyyəti, digər türklərin mədəniyyəti sonda birləşib vahid türk mədəniyyətinə çeyrilir. Kiçik çaylar olmasa böyük çaylar da olmaz. Biz burda, Tanrı dağlarının ətəklərində bayram süfrəsinin arxasına yığışıb gələcək üçün planlar qururuq. Məclisin gözəlliyi ondadır ki, burada romantizm və praqmatizm bir yerə toplaşıb. Hamı anlayır ki, ən gözəl ideyalar belə maddi dayağı olmasa həmişə ideya olaraq qalacaq. Mahmud Kaşqari adına Beynəlxalq Fond da bizim romantik ideyalarımızın gerçəkləşməsi üçün yaradılıb. Bu bir yoldur, bu bir məsləkdir. Yunus Oğuzla mən bu yolu çoxdan gəlirik. Hələ ötən əsrdə, Meydan hadisələri zamanı biz bu ideyaları yayan qəzetlər nəşr edirdik. Yunuz "Açıq söz", "Axın", mən "Türkün səsi" qəzeti nəşr edirdim. Yunusla ilk dəfə yolum "Axın" qəzeti buraxılanda kəsişib. O zaman onlar, Elmlər Akademiyasının işçiləri bu qəzeti Qanlı Yanvar gecəsindən sonra, fövqəladə vəziyyət rejimi zamanı hazırlamışdılar.  Mərhum yazıçımız Samir Tağızadə bu qəzetin nəşrinə kömək etməyimi xahiş etdi və mən də bunu məmmunyyətlə etdim. Çünki, bizim hamımız eyni məkandanıq, Yunus da, Samir də, mən də. Öləndə də yəqin ora gedəcəyik-Tanrıdağa, "Ulular uçmağı"na. Samir yəqin ki, indi ordadır. Mən Tanrı dağlarının ətəklərində onun ruhuna dualar oxuyuram. Yunussa hələ danışır, məclis diqqətlə onu dinləyir. Söhbət "Əmir Teymur" kitabından düşür. Öncə dediyim kimi, dostlarımız bu kitabı oxuyub və indi onun Qazaxıstanda nəşr olunmasını təklif edirlər. Yaxşı və lazımlı işə kim etiraz edər ki? Bu tarix, yəni Böyük Teymurun tarixi qazaxlar üçün çox maraqlıdır. Bu əsər çox ölkələrdə çıxıb, inşallah burada da çıxar tezliklə. Amma onu deyim ki, Qazaxıstan nəşr məsələlərində Azərbaycandan çox geri qalır. Biz daha təşəbbüskar millətik. Qazax dostlarımız Azərbaycanın türk dünyasında həmişə mənəvi bir mərkəz rolunu oynadığını qeyd edirlər.

Müxtəlif mövzular da söhbətlər etsək də, hamımız lirik əhval-ruhiyyədəyik. Gözəl bir yaz gecəsidir. Karlıqaş xanım mənim şeirlərimi dinləmək istəyir. Amma öz ifamda. Kazibek mənim rusca şeirlərimin xeyli hissəsini əzbərdən bilir, məclis isə mənim oxumağımı istəyir. Mən "Polonez"dən  müəyyən parçalar oxuyuram. Mənim şeir oxumağım Yunusun xoşuna gəlmir, kitabı alıb özü oxumağa başlayır. Şeirlər məclisin lirik əhvalını daha da gücləndirir. Mən yeni projemdən danışıram, Qazaxıstanı dolaşıb bu barədə kitab yazmaq istədiyimi deyirəm. Mən "Türk əsrinin türküləri"ndə qıpçaq çöllərinin poetik təsvirini vermişəm. İndi isə Əhməd Yasəvinin, Əl-Fərabinin vətənini gəzmək, babam Kaşqarlı Mahmudun keçdiyi yollardan keçmək istəyirəm. Karlıqaş və Murad bu səyahətə mənimlə birlikdə yollanacaqlarını deyirlər və müxtəlif əhvalatlar danışırlar. Onların bilgiləri məni heyran qoyur. Belə biznesmenlər sadəcə milli sərvətdir. Elə onların söhbətləri kitabın yarısı deməkdir. .....Yenidən Bakını xatırlayırıq, Anar müəllimi, Elçin Hüseynbəylini, Rəşad Məcidi anırıq. Gənc yazıçı Pərvinə salamlarımızı çatdırın deyirlər. Anar, Rəşad Məcid, Elçin Hüseynbəyli və Pərvin qışda bu ailənin qonağı olublar. Elçin öncələrdən bu tərəflərdə məşhur adamdır. Hər ikimizin Qazaxıstan televiziyalarında çıxışlarımız olub, yəqin hələ çox olacaq. Qazaxıstanla bizim ciddi projelərimiz var, bu türk ölkəsi get-gedə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilir. Nəhəng ərazisi və zəngin maddi ehtiyatları onu hamının maraq dairəsinə çevirib. Azərbaycan bu ölkə və Türkiyə arasında bir körpüdür. Türk birliyinin gələcəyi bu üç ölkədən asılıdır. Bu gün bu ölkələri ciddi iqtisadi projelər bağlayır. İndi növbə mənəvi və mədəni projelərindir. Biz bura mədəni projelərlə gəlmişik. Neynəyək, biz də arzularımızın sonuncu dənizini bu nəhayətsiz çöllərdə arayırıq. Amma dəniz hələ görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31