“Dondurma, dönər satdığım günlər də olub” - SÖHBƏT

Klarnetçalan Hüseyn Məhəmmədoğlu: “Bu sənətə gəlməsəm, ticarətçi olardım”

Müsahibimiz məşhur klarnet ustası Hüseyn Məhəmmədoğludur. Onunla bu günə qədər keçdiyi yollardan, unudulmaz günlərindən danışdıq.

-Həyatınızdakı ən acı günlər artıq geridə qalıb. Uşaq ikən atanızı itirməyiniz sizin üçün çətin olub. Bu günləri necə xatırlayırsınız?

-Atam rəhmətə getdikdən sonra çox çətinlik yaşamışıq. Duz-çörəklə keçindiyimiz vaxtlar da olub. Yenə də Allaha şükür etmişik. Bundan da çətin günlərimiz olub. Borclu olduğumuz insanlar var idi ki, qapımızı döyüb pullarını tələb edirdilər. Belə şeylərdən çox təsirlənirdim, psixi sarsıntılar keçirirdim. İmkanım da yox idi ki, pul qazanıb, borclarını  qaytarım. Hamı çəkilib qıraqda dayanırdı. Bir-iki insan  var idi ki, bizə kömək edirdi. Çəkilib kənarda dayanan insanlar isə bu gün yanımda durub, məni çox istədiklərini deyirlər. Artıq onların məni çox istəmələrinə ehtiyacım yoxdur. O vaxt yanımda olsaydılar daha yaxşı olardı.

-Pul qazanmaq üçün başqa işlərlə də məşğul olmusunuz. Bir az da bu haqda danışaq.

-Bu sənətdə ilk qazancımı 14-15 yaşlarımda əldə etmişəm. Bundan öncə də çətin vaxtlarımız olduğu üçün işləyib pul qazanmışam. Hətta dondurma, dönər satdığım günlər də olub. Qazandığım pulu isə ailəmə xərcləmişəm.

-Hazırda necə, maddi sıxıntınız varmı?

-Artıq heç bir maddi sıxıntı yaşamıram. Qazancım, şükürlər olsun ki, çox yaxşıdır.

-İlk məhəbbətiniz nə vaxt olub?

-Uşaq idim, sevməyin nə olduğunu da bilmirdim. İlk məhəbbətim məktəb illərində olub. Beşinci sinifdə oxuyurdum. Bir qıza vurulmuşdum. Eybəcər qız idi.

-Bəs, nə əcəb ona vurulmuşdunuz?

-Nə bilim, uşaq vaxtlartından mən belə idim. Bu mənim fərqli hobbim idi. O, qızın şəkillərini sinif yoldaşları vasitəsi ilə ələ keçirib, saxlayırdım. Amma bu sevgi də uzun sürmədi. Ona vurulduğumdan xəbəri var idi. Məktəb vaxtı atasız uşağa pis baxırdılar deyə, o ona yaxınlaşmamağımı, zəng etməməyimi xahiş edərək sevdiyi şəxsin olduğunu söylədi.

-Müəllimləriniz necə, sizinlə digər uşaqlar arasında ayrı-seçkilik qoyublarmı?

-Müəllimlərə hər bayram hədiyyə apardığım üçün onlar məni çox istəyirdilər.

-Bəlkə geyiminizə ya yeməyinizə görə sizə qarşı uşaqlar arasında nəsə ayrı-seçkilik olub?

-Geyinməyə də yaxşı geyinirdim. Lakin çox pis vaxtlarımız da olub. O zaman bir ayaqqabım var idi. Altı deşik idi. Onu geyinib məktəbə gedəndə içinə kardon qoyurdum ki, su ayağıma keçməsin. Bununla belə də ayağım yaş olurdu. Səhəri gün onu yenisi ilə əvəzləyirdim.

-Yəqin sizin üçün də tələbəlik illəri, yaşadığınız unudulmaz anlar əvəzolunmazdır. Bir az da bu illər haqda danışaq.

-Dörd il Asəf Zeynallı adına musiqi kollecində təhsil almışam. Əvvəl klarnet, daha sonra isə balaban sinfində oxumuşam. Balaban dərsinə dörd il  ərzində yeddi dəfə getdim. Dərsdən çox qalırdım. Pul qazanıb şəraitimizi düzəltmək üçün iş dalıycan qaçırdım, toylara gedirdim.

-Sizin üçün tələbəlik illərində ən çox sevdiyiniz, səbrsizliklə gözlədiyiniz gün hansı idi?

-Tələbə təqaüdü verilən günü böyük səbirsizliklə gözləyirdim. Tələbəlik illərim maraqlı olub. Demək olar ki, oxumurdum. Amma sənətim, bu sahədəki biliyim sayəsində imtahanlardan keçirdim. Müəllimimdən bir az  az bilirdim. Ümumiyyətlə, istedadlı tələbə olmuşam.

-Sənətə gəlişinizdən danışaq. Bildiyimə görə əvvəllər klarnetdə ifa etməyə elə də böyük marağınız olmayıb. Bəs, bu yolu davam etdirməyinizə nə səbəb olub?

-Uşaqlıqdan bu sənətlə məşğul olmuşam. Bu pilləyə də yavaş-yavaş qalxmışam. Özümün öncələr bu sənətə elə də marağım olmayıb. Atam rəhmətə getdikdən sonra onun yolunu davam etdirmək, istəyini həyata keçirməyi özümə borc bildim. Artıq bu sənətdə layiqli yerimi də tutmuşam. Bu vaxtacan da bu sənəti davam etdirdiyim üçün peşman olmamışam. Əksinə, bunun üçün Allaha şükür edirəm.

-Klarnetdə ifa etməyin əsas çətinliyi nədir?

-Klarnet özü çətin alətdir. Böyük əziyyət, çoxlu nəfəs tələb edir. Daha yaxşı ifaçı olmaq üçün bu alətlə çox məşğul olmaq lazımdır. Buna görə, daima klarnetdə ifa edərək sənətin incəliklərinə yiyələnmişəm. Həta uşağlığımın necə keçdiyini də bilməmişəm. Yaşıdlarım həyətdə oynayarkən, mən sənətlə məşğul olurdum. Klarnet mənə doğma alət olduğundan hazırda bu sənətdə heç bir çətinliyim yoxdur. Artıq on altı ildir ki, sənətlə məşğulam. Tərəf müqabillərim arasında da tanınmayıb, lakin yaxşı klarnet ifa edənlər var.

-Olubmu ki, klarnetdə ifa edərkən sizi ələ salsınlar, yuxarıdan-aşağı baxsınlar?

-Olub. Bu sənətə gəlməmişdən öncə məni ələ salanlar da var idi. "Buna bax e gedib klarnet çalır" və ya "zurna çalan" deyənlər var idi. Amma indi hər şey dəyişib.

-Klarnetdən başqa hansı alətdə ifa edə bilirsiniz?

-Nəfəsli alətlərdə ifa edə bilirəm. Saksafon, saprana və milli alətimiz qara zurnada ifa edə bilirəm.

-Musiqiçi olmasaydınız, hansı sahə ilə məşğul olardınız?

-Bu haqda heç düşünməmişəm. Çünki əlimdən heç bir iş gəlmirdi. Amma musiqiçi olmasaydım, yəqin ticarətçi olardım. Alıb-satmağı bacarıram. Bir az bu sahədə məndə alınırdı.

-Sənət yoldaşlarınızla münasibətləriniz necədir?

-Yaxşıdır. Sadəcə sözü üzə deyən insan olduğum üçün çoxunun  məndən xoşu gəlmir. Səmimi, mehriban insan olduğumdan, dostlarımın pis və xoş günlərində yanında olduğumdan ümidvaram ki, hamısı məni çox istəyir.

-Şou-biznes əhlinin əsas qazancı toydan çıxır.Eləcə də musiqiçilərin. Toylara getmədən musiqiçilərimiz pul qazana bilərmi?

-Azərbaycanda musiqçilər üçün başqa yolla qazanmaq mümkün deyil. Bu gün bizim üçün ən böyük biznes toy biznesidir. Mən hansısa sənətçinin toyu el şənliyi adlandırmağına pis baxıram. El şənliyi Novruz kimi qeyd olunan bayramlardır. Toyun adını çəkərkən utanmaq lazım deyil. Onlar unutmasınlar ki, evdəki çörəyi də toydan əldə edilən pulla alırlar. Sənətçilər arasında bəziləri  var ki, bu "toy" sözünü işlədərkən xəcalət çəkirlər.

- Konkret olaraq sözü kimə şamil edirsiniz?

-Ad açıqlamaq istəmirəm, hörmətsizlik olar. Dediyimdən hərə öz payını götürər.

-Çox bahalı saatınız var. Bu haqda bir az öyrənmək istəyərdim.

-Saatdı da taxıram. Bunlar hamısı boş şeydir, dünya malıdır.

-Qiyməti nə qədərdir?

-20-30 manat (gülür).

-Bildiyimə görə çox bahalıdır axı. Bahalı olmasaydı belə səs-sorağı da çıxmazdı.

-Bahalıdır, əlli min avro dəyərindədir.

-Saat üçün bu qədər xərcləməyə heyifislənmədinizmi?

-Bunu mənə hədiyyə ediblər. Hələ də işləyir. Bu qiymətdə olan saat işləməlidir də. Həmin saatı nəvələrimə də ötürəcəyəm (gülür). Ümumiyyətlə, saat kolleksiyası yığmağı da çox sevirəm. Elə də çox saatım yoxdur. Beş saatım var. Amma hamısı qiymətlidir. Saat alarkən qiyməti önəmli deyil. Əsas odur ki, xoşagələn olsun. İstanbuldan aldığım saat var idi, bizim pulla dörd manatdır. Müğənni dostum Zamiqin xoşuna gəldiyindən daha sonra ona hədiyyə etdim.

-Ən çox nəyə pul xərcləyirsiniz?

-Daha çox saata, sonra da avtomobilə və telefona pul xərcləyirəm.

-Həyat yoldaşınızla necə tanış olmusunuz?

-Bir məktəbdə oxumağımıza baxmayaraq, onunla toyda tanış olmuşam. Onun bibisi oğlunun toyunda klarnetdə ifa edirdim. Orda görüb, nömrəsini tapıb tanış oldum. Sonra isə şükür Allaha ailə həyatı qurduq. Hazırda da Nigar adında bir qızımız var. Övladıma da vaxt ayırmağa çalışıram. Yaxşı atayam. Qızım da yəqin məni çox istəyir.

-Boş vaxtlarınızı necə keçirirsiniz?

-Axşam vaxtları ailəmlə şəhərə çıxmağı sevirəm. Boş vaxtlarımı ailəmlə keçirirəm.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31