Uşaq mahnıları niyə yazılmır? - ARAŞDIRMA

“Hərdən pul qazanmaqdan başımızı qaldırıb uşaqlar haqda da yazmalıyıq”

Bu gün nədənsə uşaqlar üçün mahnılar yazılmır. Kimisi bunun səbəbini bu cür mahnıların gəlir gətirməməsində, kimisi isə belə mahnılara tələbatın azlığında görür. Görəsən hər zaman gələcəyimiz adlandırdığımız uşaqların bu gün səslənən, hətta böyüklərin də mənasını bilmədiyi "Gangam Style" kimi hit mahnıların sədası altında böyümələrinə şərait yaradan hansı səbəbdir? Onlar bizim uşaqlıq illərimizdə böyüdüyümüz "Kuklam", "Cücələrim" kim mahnıların sədaları altında deyil,  Şakira,  PSY kimi məşhur ifaçıların mahnıları ilə böyüyür, onları yamsılayırlar. "Kuklam"ı, "Cücələrim"i  də yada salanlar azalıb. Bugünki uşaqların adını çəkdiyim müğənnilərin, eləcə də yerli şou əhlinin onlar üçün yazılmayan mahnılarının, meyxanalarının sədaları altında böyüməsində valideyn məsuliyyətsizliyinin də rolu danılmazdır. Ana nəyə qulaq asarsa, uşaq da onu eşidib, onu qəbul edər. Elə qonşumuzdakı yaş yarımlıq qızcığaz kimi. Günlərin bir günü komputerdə həmin mahnının sədaları altında işimi görürdüm. Balaca qız da bizdə idi. Birdən onun sol, daha sonra sağ tərəfimə keçərək iki dəfə yerə əyləşdiyini, daha sonradan isə "bum-bum" deyib onun kimi rəqs etməyə çalışdığını gördüm. Sən demə, uşaq evdə də bu mahnını ifa edən PSY-nin rəqslərini izləyib. "Oppa Gangam Style" deyən kimi uşaq başlayır rəqs etməyə. Təsadüfən həmin mahnını dinləyəndə də onun heç də cənubi koreyalı ifaçıdan pis oynamadığını gördüm. Mahnı bitdikdə isə mənə yaxınlaşıb yenidən "bum-bum"(o mahnının ritmi o cürdür deyə uşaq elə də yadında saxlayıb) deyərək mahnını bir daha səsləndirməyimi istədi. Valideyn uşaq üçün ona aid mahnılar səsləndirməli, onda bu cür ifalara maraq yaratmalıdır. Bu gün nədənsə öncəki kimi uşaqla məşğul olan valideynlər də azalıb. Azərbaycanda uşaq mahnılarının yazılmaması bu günümüzun acı gerçəkliyidir. Mövzunu daha ətraflı araşdırmaaq üçün bu sahədə çalışan mütəxəssislərə müraciət etdim.

Bəstəkar Aygün Səmədzadə isə bu gün uşaq mahnılarının yazılmamasının əsas səbəbini maddiyatda deyil, bu cür mahnılara tələbatın azlığında görüb: "Bu gün uşaq mahnıları yazılmır.  Mən bunun səbəbini maddiyatda deyil,uşaq mahnılarına tələbatın lazımi səviyyədə olmamasında görürəm. İndiki uşaqların dünyagörüşü, istəkləri, maraq dairəsi bir qədər fərqlidir. Bu gün üçün keyfiyyətli uşaq mahnısı yazarkən bütün bunlar nəzərə alınmalıdır.  20-30 il bundan öncə 3 yaşdan 12 yaşadək olan uşaqlar "Kukla" , "Sərçə", "Peykimiz" və s mahnıları sevərək oxuyur, "Cücələrim"i, Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunu,Oqtay Zülfüqarovun "Tumurcuq"unu səbirsizliklə gözləyirdilər. İndi sanki o mahnıların dinləyici auditoriyası yaşca kiçilib. Uşaqlara bir mahnı oxu desən,estrada ulduzlarımızdan kiminsə repertuarından oxuyar, uşaq mahnısı oxumaz. İstər mahnı seçimində, istər geyimdə yaş hədləri silinib məncə.

-"Uşaqlar bizim gələcəyimizdir" deyirik, o zaman hər bəstəkar azından bu istiqamətdə onlar üçün bir mahnı bəstələyib, təqdim edə bilməzmi?

-Sizin iradınızı da qəbul edirəm. Uşaq mahnıları yazılmalıdı. Amma elə-belə yox, tez yadda qalan,eyni zamanda da "agıllı" uşaq mahnıları yazılmalıdır...Bir də ki, hər bəstəkar böyüklər üçün mahnı bəstələyə bilmədiyi kimi, uşaq mahnılarını da hər adam yaza bilməz.

-Nədənsə sizin də fəaliyyətinizdə bu istiqamətdə bəstələnən mahnı yoxdur. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

-Mahnını yazandan sonra onun oxunması məsələsi ortaya çıxır. Balaca ifaçılar da mahnı hazır olana qədər böyüyür. Amma zarafat bir yana, mütləq yazacağam, gətirin balaca mügənniləri.

-Bu gün uşaq musiqisinin inkişafı üçün ilk olaraq nədən başlamaq lazımdır. Bir bəstəkar kimi siz bu istiqamətdə ilk olaraq hansı addımları atmağı düşünürsünüz?

-Məncə əvvəlcə retro uşaq mahnı repertuarını bərpa etmək lazımdır. Sonra da müəyyən bəstəkarlara uşaq mahnı ədəbiyyatı ilə bağlı sifarişlər vermək lazımdır. Mənə elə gəlir ki, bu işlə əlaqədar təşkilatlar məşgul olmalıdır. Çünki arzu-istək başqa, işə səfərbərlik başqa. Mənim də bu istiqamətdə ilk addımım mahnı olar yəqin ki. 

Uzun illərdir bu işlə məşğul olan, özünü uşaqlarsız təsəvvür etməyən bəstəkar Oqtay Zülfüqarov uşaqların yada düşməməyindən gileyləndi: "Uşaq mahnıları yazmaq üçün gərək uşaqları sevəsən. Bəstəkarlar belə mahnıları yazmamasının əsas səbəbi kimi bu ifaların heç bir gəlir gətirməməsini göstərirlər. Uşaq mahnılarının yaranmasında şairlərin də böyük rolu olmalıdır. Onlar balacalara aid sözlər yazıb bəstəkarlara təhvil verməlidirlər. Bu saat heç kəs uşaqlara aid şeir yazmır. O zamanlar Xanbala Əlibəyli, Abdulla Şaiq, Teymur Elçin kimi gözəl şeirlər yazan vardı. Mən də yaxın şair dostlarımı bu işə məcburi cəlb edirdim. Lakin artıq on beş ildir ki, şeiri də özüm yazıram, musiqini də. Mahnı çoxdur, amma ona müraciət edən azdır".

-Uşaq mahnıları üzrə müsabiqə keçirilərsə problemi müəyyən qədər də olsa həll etmək olarmı?

- Müsabiqələr keçirib, bu işə cavanları da cəlb etmək lazımdır. Hamısı toyxana ilə məşğuldur, yazanlar da elə toylar üçün yazır. Çünki bu mahnılardan gəlir əldə edirlər. Amma uşaqlara baxan yoxdur. Sovet dövründə məcburi müsabiqələr keçirilirdi. Amma indi heç kəs bu işlə məşğul deyil. Uşaqlar da özbaşına qalıb. Onlar "uşaq nəyə lazımdır" deyə fikirləşirlər. Bu yaxınlarda eşitdiyimə görə ən yaxşı uşaq mahnısı üzrə müsabiqə keçiriləcək. Mən də orda münsiflər heyətinin üzvü kimi çıxış edəcəyəm. Bəlkə bu müsabiqə nəticəsində müxtəlif mahnılar yaranar.

-Yaxşı mahnıların yazılması üçün hansı amillərə diqqət etmək lazımdır?

-Yaxşı mahnıların  yazılması üçün gərək sözlər də yaxşı ola. Uşaqlar  haqda yazılan mahnıların sözləri sadə olmalı, şeirin mövzusu onların həyatından bəhs etməlidir. Mahnı pis olanda uşaqlar oxumaq istəmirlər. Lakin hər adam bu işi görə bilməz. Ümumiyyətlə əksər bəstəkarlar bu mahnılardan gəlir əldə etmədikləri üçün belə mövzulara toxunmurlar. Mənim Bakı, nənə haqda beş, ana haqda isə üç-dörd mahnım var. Demək istəyirəm ki, fəaliyyətim boyunca bütün mövzulara toxunmuşam. Axır nəfəsə qədər də uşaqlar üçün işləyəcəyəm. İşimi yaddan çıxartmıram, mən işləyirəm. Bir var yaxşı, bir də var pis mahnı. Mənim 50-ci illərdə yazdığım mahnılar hələ də oxunur. Ümumilikdə beş yüzə yaxın mahnım var. Bura böyüklərə aid mahnılar da daxildir. Uşaqlar üçün təxminən üç yüzdən artıq mahnı yazmışam. Hazırda uşaqlara həsr olunan iki hissədən ibarət böyük əsər, "Sehrli Almaz" baleti üzərində işləyirəm. Balet "Məlikməmməd" nağılının əsasında yazılıb. Əsər tamamlanıb, sadəcə texniki işləri qalıb.

-Öncələr uşaqlar üçün bir-birindən maraqlı mahnılar bəstələnirdi. Hazırda belə mahnıların yazılmamasında bu sahə üzrə çalışan bəstəkarların azlığını səbəb kimi göstərmək olarmı?

-Bizim istedadlı bəstəkarlarımız çoxdur. Sadəcə onlara müraciət etmək lazımdır. Mən Qarayevin təşəbbüsü ilə uşaqlar haqda mahnılar yazmağa başladım. Ciddi musiqilər, simfoniyalar yazsam da onları da unutmuram. Uşaqlardan heç vaxt əl çəkmərəm, onlar mənim üçün həmişə birinci yerdədirlər. Hər mahnı ilə uşaqları cəlb etmək, onları aldatmaq olmaz. Gərək yaxşı mahnı yazasan ki, uşaqlar da onu bəyənə.

-Göründüyü kimi  bu sahədə boşluq var. Bu boşluğu aradan qaldırmaq üçün hər bəstəkar öhdəsinə düşən işi görüb, azından bir-iki mahnı yazsa necə nəticə əldə etmək olar?

-Tamamilə düz qeyd etdiniz. Öncələr də bu ənənə vardı. O zaman müraciətlər var idi. Mən də silsilə formasında yazmağa başladım. Bir silsilədə on beş, digəri iyirmi beş, əlli mahnı var idi. Mən qarşıma məqsəd qoydum. "Kukla", mənim "Cücələrim" bütün dünyanı gəzirdi. İki-üç belə tanınan mahnı var idi. Hər bəstəkarın uşaqlar haqda bir-iki mahnısı olub. Səid Rüstəmov, Şəfiqə Axundova, Cahangir Cahangirov  gözəl mahnılar yazırdı. Uşaqlar üçün üç opera, "Şəngülüm, şüngülüm, məngülüm" operettasını yazmışam. Yaradıcılığımın yarısından çoxunu uşaqlara həsr etmişəm. Mən işimi sevən adamam. Dörd nəticəm var. Uşaqlara mahnı yazanda da onlarla məsləhətləşirəm. Qızım Leyla da mənim  mahnılarımı oxuyub. Hər zaman onunla məsləhətləşirdim. Qızımın xoşuna gəlmirdisə, həmin əsəri cırıb atırdım. Kukla teatrı üçün də çoxlu bəstələrim olub. Uşaqlarla işləmək çox çətindir. Üç-dörd yaşlı uşaq üçün mahnı oxumaq, onun sözlərini yadda saxlamaq elə də asan deyil. 80-ci ildə Polşada  royalın arxasında çalarkən mənim haqqımda ingiliscə çıxış edən şəxs işin çətinliyi haqda danışaraq bu gedişlə mənim uşaqlardan ibarət teatrımın olacağını da dedi. Mən elə uşaqlıqdan uşaqlarla durub-otururdum. Cavan oğlan olanda da uşaqları başıma yığıb onları əyləndirirdim. Uşaqlara sevgim elə o vaxtdan yaranıb. İndi isə nəvələrim, nəticələrim var. Bu gün mənim yolumu davam etdirənlər yoxdur. Oğlum da hazırda bəstəkardır. Neçə ildir ki, Kukla teatrı ilə işləyir, musiqilər yazır. Amma mənim kimi ayrıca mahnılar yazmır. O, mənim yolumu davam etdirir.

"Can bala", "Noğullar" kimi digər məşhur uşaq qruplarının rəhbəri, onlar üçün yüzdən artıq mahnı bəstələdiyini deyən Məryəm Əlibəyli də Oqtay Zülfüqarovun fikri ilə razılaşaraq bu sahənin gəlir gətirmədiyini mahnıların yazılmamasında əsas səbəb kimi göstərib: "İndi belə mahnılar yazanlar azdı. Maddi problemlərə görə uşaq mahnıları az yazılır. Bəstəkarlar daha çox gəlir əldə etmək üçün böyüklərlə işləyirlər. Azərin o dövrlər təzə fəaliyyətə başlayanda ilk olaraq mənim mahnılarımı ifa edib. Bundan başqa İlqar Xəyal, Manana kimi bir çox məşhur müğənnilərlə də işləmişəm. Bu gün uşaq mahnılarının yazılmamasının əsas səbəbini bu ifaların gəlir gətirməməsində görürəm. Lazım olan məbləği ödəmək üçün onların nə sponsorları var, nə də ki, toyları. Oqtay Zülfüqarovun  o dövrlər olduğu kimi, indiki fəaliyyəti də diqqət çəkəndir. Onun "Metro", "Cücələrim", "Can nənə", "Təndir çörəyi" və vətənə  aid bir çox gözəl mahnıları var. Biz indi də uşaqlığımızı yada salanda həmin  mahnıları xatırlayırıq. Mən artıq iyirmi iki ildir ki, bu işlə məşğul oluram. Bacım qızı Xəyalə Manaflını o dövrlər dizimin üstündə oturdub bəstələdiyim mahnıları öyrədirdim. Hazırda "Can bala", "Noğullar", "Kəpənəklər" adlı qruplarımız var. Bu qrupların oxuduqları mahnıların şeirlərini əksərini də özümüz yazırıq. Hərdən köhnə şairlərə də üz tuturuq. Şairə Sevinc Nuri ilə də işləyirik. Həyat yoldaşım Natiqlə birgə onlar üçün çalışırıq.

-Bu sahənin gəlir gətirmədiyini dediniz. Maddi sıxıntılar içində, gəlir gətirməyən sahə ilə necə məşğul olursunuz?

-Hazırda bu işlə məşğul olan bəstəkarlar üçün pul o qədər də önəmli amil deyil. Mən küçədə balaca uşaq görəndə ən azı bir neçə dəqiqə onunla oynamalıyam. Burnundan, qulağından, ya yanağından dartışdırıram.  Uşaqlarla işləmək gəlir gətirməsə də, mən işimdən həzz alıram. Onlarla işləmək çox maraqlıdır. Uşaqlar ən çox təşəkkür edə biləcəyim məxluqlardır. Onlar yazılan mahnıları çox məharətlə, diqqətlə ifa edib onu qiymətləndirirlər. Hərdən onlardan hansı mahnını bəyəndiklərini soruşduqda hərəsi birinin adını çəkir. Bilirəm ki, yazılan mahnılar sırasında bəyənmədikləri mahnı yoxdur. O, "çox sağ ol" əvəzi onların gözündəki təşəkkür dolu ifa mənim üçün hər şeydir.

-Maddi sıxıntı ilə əlaqədar əsas ortaya çıxan problemləriniz nədir?

-O qədər maddi problemlərimiz yaranır ki. Onların geyimi, səsyazmaları ilə məşğul olmaq lazımdır. Elə valideyn var ki, uşağının geyim xərcini ödəmək iqtidarında deyil. Lakin onun  daha da inkişaf etməsini istəyirlər. Müsabiqələrdə iştirak etmək üçün də müəyyən vəsait lazımdır. Müsabiqələrdə iştirak etsəydilər, onlar  da müsabiqə təcrübəsinə, həyəcana, mübarizəyə alışardılar. Amma nə yaxşı ki, mahnının söz və musiqisini yaza bilirəm. Aranjemanı da yoldaşım edir.

-Uşaqlar üçün yazılan mahnıların durumunu necə qiymətləndirirsiniz?

-Uşaqlar üçün hazırda özümdən başqa mahnı yazan görmürəm. Özüm özümə necə qiymət verim? Kənardan insanların həmin mahnıları bəyəndiklərini eşidirəm. İşimi yüzdə yüz yerinə yetirirəm. Hər mövzuda onlar üçün mahnılar yazıram.

-Bu gün uşaq mahnıları olmadığı  üçün onlar yaşlarına uyğun olmayan sevgi mahnıları ifa edirlər...

-Uşaqlar sevgidən, öldüm, qaldımdan oxumamalıdır. Əvvələr balacalar yaşlarına uyğun olmayan "Sarı köynək", "Yaxanı düymələ" kimi mahnılar oxuyurdular. Bu cür mahnıları beş yaşlı uşağa oxutdurmaq gülüncdür. Uşaq göy qurşağından, vətəndən və s. ona aid mövzulardan oxumalıdır. Kukla teatrına aid heç vaxt mahnı yazılmamışdı, artıq yazılıb. Yazdığım digər mahnıda onlar bir cənub şəhərində yaşadıqlarından, həmin yerdə cırtdan və divin olmasından oxuyurlar.
Digər bəstəkarlar da öhdələrinə düşən işi görməlidirlər. Hərdən pul qazanmaqdan başımızı qaldırıb uşaqlar haqda da yazmalıyıq. 8 Martda bir telekanal, bir radio uşaqların analarını necə sevindirəcəkləri haqda düşünmədi. Qruplarımın repertuarında ana haqda mahnılar var. Lakin heç bir telekanal onlara efir vaxtı ayırmadı. Uşaqları yada salan var? Yoxdur!  Onları efirdə böyük kimi danışdırmaq lazım deyil. Uşaqlar haqda mövzular yazılmalı, verilişlər hazırlanmalıdır. Bir uşaq verilişi açılır, iki aydan sonra da bağlanır. Bir uşaq verilişinə nə qədər çıxmaq olar? Ona alternativ heç bir veriliş yoxdur.

-Problemin həlli yolu üçün nə etmək lazımdır?

Mən problemi  necə qaldırım, necə həll edim? Mənim nə vəsaitim, nə televiziyam var. Mən kiməm ki, nə bacarıram ki? Yalnız yaradıcı işlə məşğul olan şəxsəm.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31