“Efirə elə muğam ifaçıları ayaq açır ki, bu, camaat arasında çaşqınlıq yaradır” - MÜSAHİBƏ
Alim Qasımov: “Muğam indi qəşəng kostyum geyinib, bantik vurub, böyük-böyük səhnələrdə şah əsər olaraq çıxış edir”
1 Aprel 2013 20:42 MədəniyyətBeynəlxalq IMC UNESCO Musiqi Mükafatı sahibi, muğam sənətinin, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında böyük rol oynayan Xalq artisti Alim Qasımov "Azadinform"a müsahibə verib.
- Alim müəllim necə, başlayım söhbətə?!
- Necə başlamalısan ki?! Suallarını ver, cavabını al.
- Verəcəyim sualların hamısına cavab ala biləcəmmi?
- Yəqin ki, alarsan. (Gülür)
- Yaxşı başlayaq...
- Hələ başlamamışıq ki?!
- Alim müəllim, bəlkə birinci sualı siz verəsiniz!?
- Kimə, özümə?
- Əlbəttə ki, özünüzə yox, mənə.
- Nə yaxşı jurnalistsən sən!
- Niyə belə düşündünüz?
- Həmişə görmüşəm ki, gələn jurnalistlərin əksəriyyəti elə nətər gəldi sualları yağdırırlar. Mən bilirəm ki, sənin sualdan kasadçılığın yoxdur. Amma qəribədir, jurnalistə necə sual vermək heç mənim ağlıma gəlməyib. Bilirsiniz, elə vaxt olur ki, ya televiziya efirində, ya çap mətbuatında elə söz-söhbətlərə, elə yazılara rast gəlirsən ki, adamın içi yanır, dəli olursan az qala. Amma elə vaxt da olur ki, adam o söhbətlərdən, o yazılardan həqiqətən zövq alır.
- Alim müəllim, məni də kateqoriyaya salıb, qəlbimə dəyəcəksinizsə, bəlkə mən gedim!?
- Yox. Əksinə, mənə səninlə həmsöhbət olmaq maraqlı gəldi.
- Buyurun sualınızı verin mənə.
- De görüm səni bura - mənimlə müsahibəyə nə gətirib? Muğama olan maraq, mənim yaradıcılığıma olan maraq, yoxsa elə işinin xatirinə, hansısa digər marağa gəlmisən?
- Alim müəllim, nə bildiniz ki, bunun hamısı var bugünkü görüşümüzdə!? Mən bir məqalə hazırlayıram. Məqalənin ərsəyə gəlməsində muğam bilicilərinin, sənətkar sözünün xüsusi önəmi var. Mən də sizin fikirlərinizin qiymətini dəyərləndirib bugünkü görüşə gəldim. İnanıram ki, məqalənin yarımbaşlığına çıxaracağım xüsusi fikirlərinizi əldə edə biləcəyəm.
- Nə bilim (gülür...) Onda gəl başlayaq.
- Başladıq. Alim Qasımovu, muğamlarımızın bugünkü təbliğatı qane edirmi?
- Allah şükür çox yaxşıdır. Hər yerdə bizim milli musiqimiz üçün yaşıl işıqdır. Vaxtilə hər şeyin bir cəmiyyəti var idi, amma muğam yetim qalmışdı. Muğam kasıb, paltarı cındır səviyyəsində oturmuşdu bir yerdə. Heydər Əliyev Fondunun prezidentinin birbaşa qayğısı nəticəsində indi muğam sanki yenidən doğuldu, qəşəng kostyum geyinib, bantik vurub, böyük-böyük səhnələrdə şah əsər olaraq çıxış edir.
- Özünüz də dediniz ki, muğam pis vəziyyətdə idi. Niyə belə olmuşdu? Muğama niyə soyuq münasibət yaranmışdı?
- Soyuq münasibət yaranmamışdı. Onsuz da həmişə muğam az dinlənilən bir sahə olub. Muğam pop musiqi deyil ki, ona hər adam qulaq assın. Muğam mənəvi bir qidadır. Bu mənəvi qidanın da həmişə özünün azarkeşi, qulaq asanı olur. Dövlətin göstərdiyi qayğı nəticəsində isə nazirlər, digər dövlət məmurları məcbur oldular ki, gəlib muğama qulaq assınlar.
- Bu soyuqluğun zamanla bağlılığı olmamışdı ki?
- O vaxtı rus hakimiyyəti dövrü olduğuna görə hamı istəyirdi ki, böyük qardaşın xoşuna gəlsin. Ona görə hamı ayaq üstə oxuyurdu, mahnıların sistemi dəyişmişdi. Muğam yalnız toyxanalarda oxunurdu. Amma indi şükürlər olsun ki, muğam rəsmi yerlərdə də ifa olunur.
- Gənclərin marağı necədir muğama - dinləyici olaraq?
- Qayğı nə qədər artsa da, bu göstərici müəyyən faiz çərçivəsində olacaq. Çünki bu elə bir mənəvi dəyərdir ki, buna hər adamın qulaq asmağa hövsələsi yoxdur. Televiziyada, radioda muğamları verirlər. Bu, çox yaxşı bir haldır. Amma bəzən efirə elə muğam ifaçıları ayaq açır ki, bu, camaat arasında çaşqınlıq yaradır. Əvvəllər ustadlar oxuyurdu və bəyənilirdi. Amma indi yerindən duran muğam oxuyur və demək olar ki, bu, muğamın ləzzətinin qaçmasına gətirib çıxardıb. Əgər muğam olduğu kimi ifa olunmasa, gənc dinləyicilər də muğamı başa düşməyəcək və bunun da aqibəti yaxşı nəticələnməyə bilər. Axır vaxtlar efirlərdə ustadlara az yer verilir. Səhər verilişlərindən tutmuş axşam proqramlarınadək yalnız gənc ifaçılara yer verilir. Amma bunların nə oxuması, muğamı hansı səmtə aparması bir az qəliz məsələdir.
- Deməli, gənc xanəndələrə tələbatla ustad xanəndələrə tələbat arasında fərq əmələ gəlib?
- Çox böyük fərq var. Bir Allah şahiddir ki, mən hər ifam zamanı nə qədər ölüb-dirilirəm. Və bilirəm ki, nə qədər tamaşaçı rəğbəti qazanıram. Muğamın da bir dua kimi, zikr kimi əlaməti var. O düzgün edilməyəndə, əksinə, insana bir əsəb verir. Necə ki, iynə düzgün vurulmayanda xəstənin dərisi şişir və əks reaksiya verir, muğam ifaçılığı da elədir. Səhv oxunanda tamaşaçını əsəbiləşdirir. Hər bir sənətdə usta olmaq lazımdır.
- Alim müəllim, 2012-ci ilin mayında Azərbaycan muğamı sizin ifanızda bir daha bütün dünyaya tanıdıldı. Muğamımızın "Eurovision" səhnəsinə çıxarılması ideyası kimdən gəldi? Bu, muğamın təbliğində necə rol oynadı?
- Əlbəttə ki, bu, Heydər Əliyev Fondunun fikri idi. Bu təklif mənə ediləndə mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Bu isə daha çox gənclərə təsir elədi ki, müasir musiqinin içində bizim muğamımız yer tapdı. "Eurovision"da oxunan mahnımız qızıl idisə, muğamın ora salınması həmin qızılın üzərinə brilyant bir qaşın əlavə olunmasına bənzədi. Bu ideya ümumilikdə Azərbaycanın milli musiqisinin, muğamının təbliğinə böyük xidmət elədi.
- Azərbaycan muğamı dünyada necə qarşılanır? Hansı xarici ölkədə muğamımızı daha coşğulu qarşılayıb, bu musiqiyə heyran olublar?
- Birincisi, muğam konsertinə gələn əcnəbi bir insan folklor həvəskarı, azarkeşidirsə, o, çox böyük həvəslə konsertə gəlib musiqimizi dinləyəcək və alqışlayacaq. Demək olar ki, dünyanın hər bir yerində konsertimizə gələnlərin göz yaşlarının şahidi olmuşam. Amma tamaşaçı məclis xatirinə gəlirsə, əlbəttə ki, o istilik yaranmır. Həm də ki, bütün dünya xalqlarının özünəməxsus folkloru var, xalq musiqisi var. Bu musiqini də yeyənlər var, muğamın da xiridarları var. Ola bilməz ki, hamı bir şeyə qulaq assın. Bu faizlə ölçülən bir şeydir. Bu, dünyəvi deyil və ola da bilməz.
- Alim müəllim, söhbətin məcrasını dəyişim, yoxsa belə davam edək?
- Bir şey qaldı ki, burda deyiləsi? (Gülür) Dəyişsək rəngarəng olar yəqin.
- Məcnun rolunu yenidən ifa etsəydiniz, bugünkü xanım xanəndələrimizdən kimi Leyli obrazında görmək istərdiniz?
- Mən Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva kimi Leylilərlə bir səhnəni bölüşmüşəm. Onlar sözün əsl mənasında sözlərini demiş sənətkarlardır. Amma yeni bir formada, quruluşda, səsimiz və yaşımız uyğun gələn xanım xanəndələrimizlə yenidən bu tamaşanı oynamağa hazıram, yaxşı Leyli ilə, əlbəttə ki...
- Bu gün səhnəmizdə yaxşı Leylilər varmı?
- Özlərinə məxsus Leylilərimiz var. Sözsüz ki, qismət olsa, onlardan biri ilə "Leyli və Məcnun" operasını oynayarıq. Amma ad çəkməklə aram yoxdur.
- Hansı muğam sizə daha çox doğmadır və hansı muğam sizin taleyinizdə böyük rol oynayıb?
- Mən səhnədə ilk addımlarımı "Simayi-Şəms" və "Çahargah" muğamları ilə atdım. İlk dəfə böyük tarzənimiz Hacı Məmmədovla efirə çıxıb "Çahargah" muğamını ifa etmişdim. "Çahargah"da Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi böyük ustadların nəfəsi var.
- Hansı ölkəni muğamın vətəni hesab etmək olar?
- Muğamın vətəni yoxdur. Muğam xalqların qəlbində, ruhunda yaranıb. Bizim ölkədə muğamın sürətli və özünəməxsus inkişafı gedir. Muğam mənəvi qidadır.
- Sizcə, yaxşı xanəndə olmaqda müəllimin rolu nə dərəcədədir?
- Birincisi istedad olmalıdır, ikincisi səsi olan kəs öz üzərində çalışmalıdır, üçüncüsü isə müəllim şagirdi düzgün istiqamətləndirməlidir. Əlbəttə ki, yaxşı xanəndə olmaqda müəllimin böyük rolu var. Mənim ustadım Ağaxan Abdullayev olub. Ondan götürə biləcəyimi götürmüşəm, sonra başqa ustadlardan öyrənmişəm.
- Alim müəllim, yəqin xəbəriniz olmamış deyil, axır vaxtlar şou-biznesdə qalmaqallar daha çox yaşanır. Amma kimsə deyə bilməz ki, xanəndələr arasında haçansa qalmaqal düşüb. Bu sənətinizin ciddiliyindən irəli gəlir, yoxsa...
- Əlbəttə ki, bizim aramızda da yüngülvari söz-söhbətlər olur, amma nəzər yetirsəniz, şou aləminə gələnlərin əksəriyyəti gənclər, bizim sənətimizdə isə əsasən ağsaqqallardır. Bu isə hər zaman pərdənin saxlanmasına kömək edir.