“Muğamı sevməyən dünyadan bixəbərdir” - MÜSAHİBƏ

Arif Babayev: “Muğamlarımıza heç vaxt bugünkü qədər çox qayğı göstərilməyib”

Xalq artisti, professor, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülən Arif Babayev "Azadinform"a müsahibə verib.

- Arif müəllim, muğam sizin üçün nədir? Niyə yaşlı nəsil bəzən cavanların digər musiqi növlərinə qulaq asmalarını başqa cür qarşılayır və muğama qulaq asmağa hardasa bir təkid olur sanki?!
- Yox mən deməzdim ki, muğama qulaq asmaq üçün təkid üsulu seçilməlidir. Əksinə, müasir zamandır, hər bir şeyi izləməlisən, dinləməlisən ki, dünyadan geri qalmayasan. Amma gəlin görək bir millət kimi tarxi keçmişimizdən gələn milli-mənəvi irsimizi bilmədən, sevmədən, onu qorumadan gələcəyə getmək olarmı?! Həm də nəzərdə tutduğunuz o yaşlı nəsil - bütün müasir musiqilərdən çəkindirməyə - sizin dediyiniz kimi təkidlə deyil!
- Deməli, siz də bu məsələyə hardasa elə həmyaşıdlarınız kimi yanaşırsınız?
- Bütün evlərdə televizor var. Sən efirdən hər cür şey eşidirsən. Efirdə muğam yaxşıdır, yoxsa cürbəcür söhbətlər, başaparan, ağla gəlməyən, ucuz musiqilər? Bunlara qulaq asmaq yaxşıdır ki? Muğamı sevməyən dünyadan bixəbərdir.
- Mənə hərdən elə gəlir ki, muğamı orta əsrlər musiqisi, ruh düşkünlüyü yaradan bir səs, "milli yuxu dərmanı" adlandırırlar? Ümumiyyətlə, bu janrın artıq vaxtı keçibmi?
- Belə deyənlərin görünür, ruhu yoxdur, qəlbi yoxdur. O musiqini bilməyən, başa düşməyən, muğamı dinləməyən, muğamı, xalq musiqisini sevməyən insanın qəlbi, ruhu ola bilməz. Əlindən yaxşılıq gəlməz. Gördüyü işin keyfiyyəti olmaz. Muğam bizim həyatımızdır, canımızdır, qanımızdır, fəlsəfəmizdir, laylamızdır. Necə olur ki, bütün dünya, dilimizi-sirrimizi bilməyənlər muğamla maraqlanırlar, yazırlar? Azərbaycanda iki dəfə beynəlxalq muğam festivalı keçirildi. Görəydiniz necə maraqla baxırlar. Təsadüfü deyil ki, bunu bütün dünyada sevirlər. Burda hikmət var.
- Yeri gəlmişkən, Arif müəllim, muğamımızın bugünkü təbliğatı, bu musiqiyə göstərilən qayğı sizi qane edirmi?
- Mən təbii qaydada necə var, elə də deyim. Muğamlarımıza heç vaxt bugünkü qədər çox qayğı göstərilməyib. Heç vaxt bizim sənətkarlarımızın kompakt diskləri təmizlənib fondda saxlanılması olmayıb. O böyük sənətkarların gücü, tarixdə qalma imkanı həmin o kompakt disklərdədir. Daha sonra deyim ki, muğamlarımız haqda heç vaxt istər xarici dillərdə, istər öz dilimizdə bu qədər yazılar yazılmayıb. Demək olar ki, bütün dünya bizim muğamımızla maraqlanır. Belə olmasa tarımıza, səsimizə ayrıca yer ayrılmaz ki, YUNESKO-da. Böyük zirvədir bu.
- Elə dediniz ki, Arif müəllim, mən yaşıma görə uzaqlara gedə bilməsəm də, amma elə düşündüm ki, əvvəllər belə olmayıb.
- Bu heç vaxt belə olmayıb. Bu isə bizim dövlətimizin başçısı və xüsusilə də Mehriban xanım Əliyevanın layihələri nəticəsində baş verib. Saymaq belə mümkün deyil ki, muğam haqqında nə qədər kitablar, jurnallar, broşuralar yazılıb. Bizim muğamlarımızın sevilməsinə beynəlxalq müsabiqələrin də böyük təsiri var. Ona görə ki, bütün dünyadan insanlar gəlir, muğamlarımıza, milli musiqimizə qulaq asır və məqalələr yazaraq bizim mədəniyyətimizi yayırlar. Nəticədə isə bütün dünyanın maraqlanması sayəsində muğamımız bu gün özünün ən yüksək səviyyəsində dayanır. Ömrünü bu sənətə həsr edən insanlar da ruhlanıb bu qayğıdan. Builki Beynəlxalq Muğam Müsabiqəsinin hazırlıq mərhələsində mən baxdım və gördüm ki, bizim nə qədər gözəl tar çalanlarımız var, böyük yaşı-başı olan insanlar kimi muğamları ifa edən 19-20 yaşında gənclərimiz var. Hətta mədəniyyət və turizm naziri, təhsil naziri onlara gözəl mükafatlar təqdim elədi. Bu, hər birimizi çox sevindirir. Olub muğamımız, var, amma bu səviyyədə qayğı ilə əhatə olunmayıb.
- Muğam bu gün Azərbaycan musiqisində ağsaqqallıq edir, hətta bəzən bunu hegemonluq deyə adlandırırlar. Nə var, nə var, guya qayğı ilə əhatələnən muğam başqa musiqi növlərinə qol-qanad vermir.
- Yox, yox. Burda hegemonluqdan söhbət gedə bilməz. Niyə hegemon olur ki? Bizim bütün musiqimizin mayası muğamla yoğrulub. Biz demirik ki, başqa janrlar, məsələn, caz , simfonik orkestr, ya da başqaları olmasın. Hər şeyin yaxşısı dinlənilir. Necə hegemonluqdur? Muğama sadəcə böyük diqqət yetirilir, qayğı göstərilir. Niyə belə düşünənlər var, çox maraqlıdır!? Qəbələdə simfonik musiqi festivalı keçirildi. Bütün dünyadan gəldilər. Orda simfonik əsərlər səsləndi. Amma muğama bu qədər diqqət heç vaxt olmayıb. Mənə inanın ki, muğam bu dərəcədə yüksəklikdə deyildi. Şəxsən dövlətimiz, Mehriban xanım bu işə diqqət göstərib. Qalaq-qalaq kitablar yazılıb. Muğam böyük bir xəzinədir.
- Arif müəllim, siz danışırsınız, mən də sanki muğama qulaq asan adamın fikirləri kimi suallarım da dağdan, arandadır. Niyə bir ara muğama qarşı soyuq münasibət yaranmışdı?
- Niyə soyuq münasibət yaranmışdı... (Ah çəkir) Çünki... Bilirsiniz, elə bil ki, bir şeyi bir dəfə eşidirsən. Amma bir dəfə eşitməklə bilmirsən axı orda nələr var. Gərək dəfələrlə qulaq asasan. Qulaq asdıqca insan onu duyur, hiss eləyir. Musiqimizin təbliğindən çox asılıdır. Bu baxımdan bütün muğam sənət aləmi Mehriban xanım Əliyevaya çox sağ olsun deyir. Bu müsabiqələrin nəticəsidir ki, bu sahədə cavanların da sayı artdı. Və muğamın gələcəyinin sual altında qalması yox oldu. Muğam yenə də əmin əllərə keçir.
- Ən qocaman muğam ifaçısı kimi, Xalq artisti kimi, ömrünü-gününü bu sənətə bağlayan bir şəxs kimi milli-mənəvi irsimizin bir parçası, bəlkə də ən böyük bir hissəsi olan muğamı necə qorumalıyıq bir millət kimi, xalq kimi?

- Biz hamımız qorumalıyıq milli musiqimizi. Ucuz şeylərə getməli deyilik. Mən demirəm yalnız bu istiqamətdə getməliyik. Musiqilərin cazı da yaxşıdır, o biri də yaxşıdır. Bütün musiqilərin yaxşısı yaxşıdır, əlası əladır. Mən məmnuniyyətlə qulaq asıram simfonik əsərlərə də, caza da. Amma yaxşıları məni özünə daha çox çəkir. Muğamın aqibəti onu oxuyanın avazından və ustalığından asılıdır. Əgər pis oxuyacaqsansa, hamı üz döndərəcək bu sənətdən, yaxşı oxuyacaqsansa, deməli, ardınca böyük bir xalqı bu sənətə doğru səsləyəcəksən. Qorumaq lazımdır milli musiqimizi. Olduğu kimi qorumaq lazımdır. Yaşatmaq, qədrini bilmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31