İlqar Cahangirov: “Mən yalan danışmamışam, danışmayacağam da” - MÜSAHİBƏ
28 Fevral 2013 16:30 MədəniyyətMüsahibimiz əməkdar artist, bu yaxınlarda Gənc Tamaşaçılar Teatrını tərk edən İlqar Cahangirovdur.
-Artıq bir ildir ki, seriallar üçün maddi vəsait ayrılıb. Çəkilən seriallara bir aktyor kimi sizin də -münasibətiniz maraqlıdır.
-Ötən ilin mayından etibarən yeni çəkilən seriallar efirdə yayımlanır. Bir ilə elə də böyük uğur gözləmək olmaz. Çəkilən on serialdan iki-üçü baxılırsa, bu özü də böyük nəticədir. Mən şəxsən, işimlə əlaqədar çəkildiyim "Pərvanələrin rəqsi" serialının otuz, qırx hissəsinə baxmışam. Başqa serialları çox az izləyirəm. Azərbaycanda serial çəkmək üçün yaxşı rejissor da var, aktyor da. Sadəcə olaraq çörəyi çörəkçiyə vermirlər. Teatrda, seriallarda və kinolarda mərkəzləşdirilmə var. Bu cür nüanslardan imtina etmək lazımdır.
-"Pərvanələrin rəqsi" serialında canlandırdığınız Orxan obrazı haqda danışmazdan öncə rejissorun aktyor seçimi və onun fəaliyyəti haqda fikirlərinizi öyrənək.
-Rövşən İsaq özünü təsdiqləyən rejissordur. Rejissoru olduğu "Aktrisa" filmini də bəyənirəm. Sadəcə olaraq iyirmi il ərzində bu cür serial çəkilişi üçün imkan olmayıb. Bu gün serialların çəkilişinə vəsait ayrıldığından Rövşən İsaq Azərbaycanda özünü bir rejissor kimi təqdiqlədi. "Pərvanələrin rəqsi" serialının aktyor seçimini bəyənirəm. Rejissor özü də bu işə ciddi yanaşıb.
-Niyə Orxan obrazını məhz İlqar Cahangirov canlandırdı?
-Rejissor mənim aktyorluq qabiliyyətimə bələddir. Bilir ki, İlqar şahı da oynaya bilər, oğrunu da, nökəri də. Aktyor hər rolu oynamağı bacarmalıdır.
-Həyatda necə, Orxan kimiləri bəyənirsinizmi?
-Hamı deyir ki, "Orxan" pis adamdır. Mən elə düşünməzdim. Onda mənfi cəhət yoxdur. Hər gün izlədiyimiz xəbərlərdə görürük ki, nəyinsə üstündə qardaş qardaşını, ya bacısını, anasını öldürür. Həyatda hər şey olur. Kimin düz, kimin səhv olduğunu həyat göstərir.
-"Pərvanələrin rəqsi" serialında əsas çətinlikləriniz nədən ibarət idi?
-Bir il o gərginlikdə, Orxanın xarakterində olmaq çox çətin idi. Çünki aktyor canlandırdığı obrazı mütləq yaşamalıdır. Teatrda iki saat oynadığın rolu yaşayırsan, o obrazı dəfələrlə oynaya bilirsən. Serial fərqlidir. Sabah ssenari necə olacaq, çəkiliş vaxtı nə vaxt bitəcək, heç onu da bilmirsən.
-Bildiyimiz kimi Gənc Tamaşaçılar Teatrını tərk etmisiz, hazırda nə işlə məşğulsunuz?
-Mütaliə ilə məşğulam. Yeni serial da gözlənilir. Hələ ki, elə bir yenilik yoxdur. Boş vaxtlarımı kitab oxumaq, müşahidə etmək və dostlarla müəyyən müzakirələr etməklə keçirirəm.
-Televiziya proqramlarına demək olar ki, qatılmırsınız. Bunun səbəbi nədir?
-Mən hansısa əsərə baxıb, bu haqda qərəzsiz olaraq məqalə yazan jurnalistin fəaliyyətini daha yüksək qiymətləndirirəm, nəinki televiziyada müzakirələr təşkil edən aparıcının. Mənim televiziya jurnalistləri ilə heç bir əlaqəm yoxdur. Seriala görə rejissorun sözündən keçə bilmədiyim üçün iki dəfə efirə çıxdım. Qatıldığım proqramlardan birinin yayımını yarımçıq tərk etmişdim. Bilirəm ki, sözün düzünü desəm montaj edəcəklər. Yalan danışmaq fikrim də yoxdur. Mən yalan danışmamışam, danışmayacam da. Ona görə mənim üçün televiziya proqramlarına qatılmaq maraqlı deyil. Kimsə məni məcbur edə bilməz ki, filan yerə mütləq qalstukla çıxmalısan. İstəmirəmsə qalstuk bağlamayacağam.
-Məcburi oynadığınız rol olubmu?
-Mən canlandırdığım obrazla nəsə deməyə çalışıram. O obrazla heç nə deyə bilməyəcəyəmsə, həmin rolu oynamaram da. Heç vaxt məcburi hansısa rolu oynamamışam. Sadəcə aktyor olmayanda, problem yarananda teatrı vəziyyətdən çıxartmaq üçün istəmədiyim rolu da oynamışam. Bu mənim məsuliyyətimdir. Tamaşadakı aktyor mənim düşmənim də olsa, evimdə xəstəm də olsa, mən rolumu oynamalıyam. Bu teatr kodeksinin qanunudur. Çünki tamaşaçı tamaşaya baxmaq üçün pul xərcləyir. Mən kiminsə yanında işləməyi də xoşlamıram. Bu gün mənim yanımda kim var, onlarla da işləyirəm. O, kimsənin yanında o zaman işləyərəm ki, mənə bilmədiyim nəyisə öyrətsin.
-Bugünki aktyorlar haqda nə deyə bilərsiniz?
-Teatr fərqli sahədir. Bu gün serialda mənim obrazımı bəyənə, teatrda canlandırdığım hər hansı obrazı izlədikdən sonra "bu nədir?" deyib gedə bilərsiniz. Həsən Turabov, Rasim Balayev çox sevilən kino aktyorlarıdır. Teatr tamaşalarında müxtəlif obrazlar canlandırsalar da Səməndər Rzayev kimi ortaya bir obraz qoya bilmədilər. Teatra baxanda sənin hisslərin oyanmırsa, həyəcanlanmırsansa, onun sevincini, kədərini yaşamırsansa o sənət deyil. Teatr böyük sənətdir. Sadəcə pul xatirinə tamaşada oynayanı aktyor hesab etmək olmaz. Arif Quliyev istedadlı aktyordur. Amma sənətini satmış birisidir. Musiqi sahəsində Ağadadaş, Baloğlan olduğu kimi, bu sahədə də Arif Quliyev var. İndi Elməddindir, 80-cı illərdə də Arif Quliyev idi. Bu gün Səməd Səmədov da, Rəşid Behbudov da Xalq artistidirsə, artıq heç nə danışa bilmərik.
-Özünü reklam edən, şöhrətin zirvəsində olan aktyorlara münasibətiniz necədir?
-Aktyor var ki, populyarlığı, reklamı sevir. Mənim bunlara ehtiyacım yoxdur. Hər birimiz insanıq. Sabah yolda tıxac olsa, mən Bred Pitt olsam belə metro ilə gedərəm. Sadə, səmimi insan olmaq lazımdır. Başı şöhrətdən gicəllənən müğənninin və ya aktyorun yaradıcılığı da olmayacaq. Yaradıcılığın, sənətin zirvəsi yoxdur. Heç kəs deyə bilməz ki, mən zirvəyə çatmışam.
-Aktyor olmasaydınız nə işlə məşğul olardınız? Aktyorluqdan başqa hansı sahə sizə daha yaxındır?
-Yəqin ki, müəllim olardım. Ədəbiyyat, tarix, ya da ki, coğrafiya müəllimi. Riyaziyyat, fizika mənlik deyil. Aktyorluq sahəsi üzrə də müəllimlik etməyi bacararam.
Nigar Məhərrəm