Regional mədəniyyət idarələrində peşəkarlığının artırılması üçün təlimlər keçirilir

Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova tədbirin Nazirlik və regional mədəniyyət idarələri arasında mətbuatla iş sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi, operativliyin və səmərəliliyin artırılması məqsədilə təşkil olunduğunu qeyd etdi. Bildirdi ki, təlim regional idarələrin ictimaiyyətlə əlaqələrinin, mətbuatla işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi daşıyır. Həmçinin tədbirlərin KİV-də operativ şəkildə işıqlandırılmasının vacibliyini diqqətə çatdırdı.

Təlimdə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması istiqamətində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirləri qeyd etdi. Bildirdi ki, nazirlik tərəfindən regionlarda çalışan əməkdaşların müxtəlif səhələrdə bilik və bacarıqlarının artırılması üçün daima öz səylərini gücləndirir, treninqlər, kurslar, seminarlar təşkil edilir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə press-relizlər və məlumat bülletenlərinin daha peşəkar səviyyədə hazırlanmasını təmin etmək məqsədilə bu kimi təlim-kursların təşkil olunmasının əhəmiyyətini vurğuladı. 

İlk olaraq Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə "Mədəniyyətin təbliğində müasir texnologiyalar" mövzusunda çıxış etdi. Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Ceyhun Əhmədov "Məlumatların yayılması effektivliyinin təmin olunması məqsədilə sosial şəbəkələrin monitorinqinin aparılması", Pərvanə Hüseynova "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələrin idarə edilməsi" və Nurəddin Babazadə "Sosial şəbəkələrdə məlumatların paylaşılma siyasəti" mövzularında çıxışlar edərək bu sahədə işin daha effektiv aparılması üçün diqqət edilməli olan məqamları qeyd etdilər.

Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, regional mədəniyyət idarələrin KİV-lə münasibətlərinin, ictimaiyyətlə əlaqələrinin, onların saytları və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını da əhatə edəcək kurs iki gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31