“Silahdaşlar” adlı tammetrajlı sənədli film təqdim edildi - Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzində “Silahdaşlar” adlı tammetrajlı sənədli filminin ilk nümayişi keçirildi. Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında ekranlaşdırılan film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Olaylar.az bildirir ki, ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbasdır.
20 Fevral 2019 10:09 MədəniyyətNizami Kino Mərkəzində "Silahdaşlar" adlı tammetrajlı sənədli filminin ilk nümayişi keçirildi. Mədəniyyət Nazirliyinin "Salnaməfilm" studiyasında ekranlaşdırılan film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Olaylar.az bildirir ki, ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbasdır.
Nümayişdən öncə Ramiz Fətəliyev çıxış edərək filmlə bağlı fikirlərini bölüşdü, onun çəkilmə səbəblərindən danışdı. Bildirdi ki, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar hadisələri baş verənləri kinokameranın yaddaşlarına köçürən insanların fədakarlığı sayəsində tarixi salnaməyə çevrilib. "Silahdaşlar" həmin tarixi lentə alanlar haqqında filmdir.
Ssenari müəllifi filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi. Filmdə 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qırğınları, faciənin dəhşətli görüntülərini lentə almaq üçün əsl peşəkarlıq, eyni zamanda vətənpərvərlik nümayiş etdirən kino işçilərindən söz açılır. Həmin günlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının və "Salnaməfilm" studiyasının operatorları başda olmaqla çəkiliş qrupları yaradılmışdı. Onlar şəhərin müxtəlif yerlərindən baş verən qanlı hadisələri lentə almaq üçün həyatlarını riskə atmışdırlar.
Ekran əsərində həmin müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələrə və kadrarxası hadisələr barədə fikirlərə də yer verilib.