Şəmkirdə bir şair var - Məzahir Hüseynzadə
20 Fevral 2013 15:30 MədəniyyətÇiynimdə şax duran paqon deyil ki,
Vətən əllərini çiynimə qoyub!
"Əhməd Cavadın, Hüseyn Cavidin, Salman Mümtazın, Müşviqin, Vəli Xuluflunun və 37-nin məngənəsində varlığı çarmıxa çəkilən bir çox başqa sənətkarların təkcə yaradıcılığı deyil, mənəviyyatı və yaşantısı da bizim üçün məktəbdir. Ancaq təəssüf ki, bizdə itkilərimizə biganəlik olur. Və nəticədə Məhəmməd Hadi kimi neçə-neçə dahimizi yaşadığı kimi görməyə nail ola bilməmişik. Çoxlarının irsini it-bata salmışıq. Bu gün torpaqlarımızı itirib unutqanlığa qapıldığımız xatırlayanda, yadıma Əhməd Cavadın "Ölmə qardaş, ölmə düşmən çoxalır" misrası düşür. Az qala çığıra-çığıra bütün millətə unutqan olmayaq, düşmən baş qaldırır" demək istəyirəm...."
("Zaman" qəzeti, mart-1998)
Unutqanlıqdan yana-yana şikayət edən Məzahir Hüseynzadəni soruşan olanda (nadir hallarda soruşurlar) "o, unutqanlığın əlindən baş götürüb gedib" demək istəsəm də, susuram. Ona görə susuram ki, o, - Məzahir Hüseynzadə onu axtaranların belə gözünə görünməkdən "qaçır". O, səndən, məndən, ondan... bizdən "qaçır". Bilmirəm, unutqanlığımızın heyfini çıxır, yoxsa, özünüqınağın bir növüdürmü bu qaçış?! Sənətin dəyərdən düşdüyü zamana ögeyləşib bəlkə də. Bəlkə də sözün başına ip keçirib sağa-sola səyirdənlərdən qaçır...
İlk dəfə Məzahir Hüseynzadə yaradıcılığını şəhid Faiq Ələkbərova ithaf etdiyi şeirdə tanıdım:
Sənə elçi gedəsiydik...
Dildə gəzdi nişan adı.
Zalım fələk bizdən qabaq
Qardaş, səni nişanladı...
Sonralar televiziyada işlədiyim müddətdə müəllifi olduğum verilişə Şəmkirin (şəmkirdə yaşayan) yeganə yazarı, şairi (əsl şairdən gedir söhbət) Məzahir Hüseynzadəni dəvət etmək istəsəm də, hər telefon zəngimdə bir bəhanə taparaq verilişdən imtina etdi. Bir neçə ildən sonra ondan müsahibə almaq fikrinə düşdüm, dostlar sağolsun, görüşdürdü bizi. Amma Məzahir müəllim müsahibədən də imtina etdi. Ədəbi tədbirdə görmək istədik, ora da gəlmədi...
"Payız ən çox sevdiyim fəsildir", - deyir, ömrünün sevdiyi fəslini yaşayır Məzahir Hüseynzadə. Payıza qədərki mövsümləri "Bu sevda ilə" (1978), "Uğuruma anam çıxıb" (1986), "Şeytan qız" (1991), "Ehtiyac" (2000) adlı kitabları (şeirlər), "Əməkdar Mədəniyyət işçisi" , AYB-nin və AJB-nin üzvü, Azərbaycan-Amerika Mədəni Əlaqələr Cəmiyyətinin "İlin ziyalısı" fəxri diplomu... və 5 ali tehsilli övlad, nəvələr, ictimai xadim, el adamı, söz adamı kimi yaşayıb... Və:
Sağ əlim dünyadır
Tutduğum qələm
əyilməz oxudur yer kürəsinin...
- məntiqinin dəyərinə söykənərək, dünya balalarına olan məhəbbətinin, istəyinin, bəşəriliyinin xatirinə o qələmi əymədən, ləkələmədən yer kürəsinin təəsübünü çəkə-çəkə yaşayıb, yaşayır...
Bəlkə zamanında dəyər verənləri çox oldu (Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qərib Mehdi, Sergey Davidov (şair), Valeri Xramov (tənqidçi), Səyavuş Sərxanlı və s.) deyə son zamanlar kimsədən dəyər ummadı içinə çəkildi, kədərinə tapındı ("Kədəri Məzahir Hüseynzadə kimi duyan yoxdur" Valeri Xramov), bizdən uzaqlaşmaq istədi. Bəlkə, elə yenidən doğulmaq, yenidən var olmaq üçün ağsaqqal silləsi tapmadı, özünə qısıldı o:
Ağsaqqal şilləsi gərəkdi mənə,
Dəyə qulağımdan,
Deyəm ki varam!
Ölməz şairimiz bəxtiyar Vahabzadə Məzahir Hüseynzadənin məhz bu misrasına ürəklənib "İndi cavanlarımız yetişir. Bizə bənzəməyən, yaxın gəlməyən, təzə bir yolla gedən cavan şairlərimiz. "Ehtiyac" (Ata şapalağı) adlanan bir şeiri oxudum, o, nə ğözəl yazır".
O, nə gözəl yazır(dı)!...
Ata şapalağına ehtiyacı olan Məzahir Hüseynzadə elə ən gözəl misralarını da ata sevgisinin nurunda yazıb:
Göz yaşım deyildi axan, süzülən,
Gözüm tökülürdü atamdan ötrü...
Və yaxud:
Sən demə adamlar bir yana hələ,
Ölüm də ölürmüş atamdan ötrü...
İstiqlal şairimiz Əhməd Cavadın anadan olmasının 120 illik münasibətilə yazılmış "Bəraət" adlı poema Məzahir Hüseyzadə qələminin çox iti, kəskin, bədii çalarlarla süslənmiş, məntiqi və tarixi faktlara sadiq olmasından başqa, həm də şairin əsl Türk oğlu, mübariz, əqidəli, dönməz Əhməd Cavada olan sonsuz məhəbbətinin bəhrəsidir. O, Əhməd Cavadın öz şeirlərinin özünə qənim kəsildiyini necə gözəl, obrazlı, poetik bir şəkildə deyir:
Dar ağacı eylədilər,
Beş-on bəndlik şeirləri..
Və yaxud:
Utandılar boyundan, qısıldılar misrandan,
Ağladı hönkür-hönkür üzüqoylu misran da.
Şeirin yüngülmü oldu bir qətrədən, misqaldan,
Çilləkəni yolundan aç, gözünə döndüyüm!
Və:
Cavada atılan güllə
Cavadın son qələmiydi -
- deyib, məhz qələminin qurbanı olan Əhməd Cavadı nisgilində oxşayan şair,
Neçə şeirin bəxti susdu,
Neçə şeirin sındı dizi -
- misralarıyla Əhməd Cavadın yazılmayan, yazılmayacaq şeirlərinə göz yaşı tökdü, nakam şairin nakam balası Almasçün tökdüyü göz yaşı qədər.
Almasını əllərindən aldı torpaq,
Balasını öz şeirinə dəfn eylədi...
"Bəraət"də Əhməd Cavad timsalında Hüseyn Cavid, Mikayıl Müşviq də yada düşür:
"İblis"i oxuyan iblislər,
Qan toru toxuyan iblislər,
Ev yıxan, çoxu "yan" iblislər,
Cavidi apardı...
***
...Müşviqin dalınca
ağladı dünənim,
nəğmələrə dönənim...
***
Üç dostu udmuşdu bir gecə...
Poemada belə bir hissə var:
Aman cəllad, aman cəllad!
Əllərin düşsün yanına.
Səni ana doğubsa da,
İnsaf dolsun bir qanına.
Burada Səməd Vurğunun misralarını xatırladım:
Dedi: Doktor, aman doktor!
Sağlığıma güman yoxdur.
Bıçağını saxla bir dəm,
Bilirəm ki öləcəyəm...
Səməd Vurğunun yaralı qəhrəmanı həkimdən imdad diləyirkən Cavadı düşünürdü(?).. O Cavadı ki "dostları" (amma həqiqətən dostları sanmışdı Cavad onları) qələmini süngü edib ona tuşladı.
Və:
Üzə çıxacaqsan görən nə üzlə,
Ölüm (ölümə fitva verənlər - İradə A.), indən sonra?
Elə poemanın sonluğundakı bu sualı mən də Ölümə vermək istədim...
Və onu da Məzahir Hüseynzadədən öyrəndim ki, Azərbaycanın HİMNinin Əhməd Cavad yox, CAMO adlı birisi tərəfindən yazıldığı uydurmasının mənbəyi haradandı. Öyrəndim və sevindim ki, CAMO elə Əhməd Cavad özü imiş. Şeir müsabiqəsinə gizlin qatılan Əhməd Cavad CAMO (Cavad Axundzadə Məmmədəli oğlu baş hərflər) təxəllüsü götürübmüş. Tarixi yozan (yazan) tarixçilərimizə sözüm qalmadı (sübut üçün mənbə var).
***
Yazar ilk olaraq zamanını, zamanındakı özünü yazır:
Torpağında ölməliydin,
Bəs niyə qaçqın dedilər...
Qaçqınlarımız...
Qoca Xocalıda laxtalanan qan,
Saralıb mis rəngli mərmiyə dönür...
Xocalı faciəsi....
Kişi təyyarəni təkcə sürüyür,
Yəqin hazırlayır Şuşa səmtinə...
...Şuşada əzildi qarışqa kimi,
Bakıdan aləmə güc göstərirdi.
O tayda, bu tayda yanan ocağın,
Göydə tüstüləri qucaqlaşarlar...
Cənub dərdi...
Bizi çox aldatdı noğul bazarı,
Yetmiş il yol gəlib ünvana yetdi...
Burada acı-acı, Şair, 37 davam etdiyi kimi, elə yetmiş il də hələ davam edir demək istədim...
Məzahir Hüseynzadə şeirlərində ən çox sevdiyim tərəf arxaikləşmiş sözlərin yenidən gündəmə gəlməsi oldu. Necə gözəl, fikri lakonik, bədii, cilvəli ifadə edən sözlərimiz var:
Üzgün tale tərs olanda,
Ürcah oldum tərs-avanda.
Və yaxud:
Daş düşmüşdü bir bulağın nur gözünə,
Daşürəkli belə yerdə omaxşımaz...
"Xatirə" adlı şeirində müəllim-şagird arasındakı məhəbbət, sevgi, hörmət, münasibətlərə, mentalitetə dəyər çox təqdirəlayiqdir. Şair dünyasını vaxtsız dəyişmiş şagirdinə xitabən deyir:
Bir daşdan qəbrinin yerini sordum -
Baş daşın deyildi,
Bəlkə sən idin
Müəllimin gəlib, ayaga durdun!
Və:
Əsgərəm, vüqarla sənə deyirəm,
Bu torpaq məni də bir oğul sayıb!
Çiynimdə şax duran paqon deyil ki,
Vətən əllərini çiynimə qoyub!-
- məhz bu bənd sevdirdi Məzahir Hüseynzadə şeirlərini mənə. Burada mən görən, sevən, balalarına güvənən, paramparça olan, canını dişinə tutub övladlarını gözləyən (belə övladları olsunmu?), sabahına inanan Vətənimi gördüm! Kövrəldim, vicdan əzabı çəkdim. Vətənimə layiq olmadığımı bir daha duydum...
...Yaradıcı adamların şəxsi həyatı oxucunu ilgiləndirməz. Sənətkardan öncə oxucuya sənət əsəri lazımdır - bu fikirdə olsam da, şəxsi həyatın yaradıcılığa necə böyük təsiri olduğunu bilirəm. Məzahir Hüseynzadə ömrü boyunca əyalətdə, kənd, rayon yerində hamı kimi (əksəriyyət azərbaycanlılar kimi) çox çətinliklərlə üz-üzə gəlmiş birisidir. Lakin bütün bu çətinliklərə baxmayaraq ömür gün yoldaşına verdiyi dəyərin yüksəkliyinə, aliliyinə, səmimiliyinə heyran qalmaya bilmirsən:
Evə qayıdanda qapıdan əvvəl,
Sənin gozlərindən keçib gəlirəm...
***
Çox da öyünməsin əkizlərin də,
Sevgimiz əkizdir onlardan qabaq.
Və yaxud balalarına xitabən:
Üstünüz gecələr açılsa əgər,
Gözümdən açılar göz qapaqlarım...
Şairin ad günüdür! 18 fevralda 65 yaşı tamam oldu. Doğrusu, təbrik etmək istəyirəmmi?.. Bilmirəm!
İradə Aytel
P.S. Əvvəldə dedim ki, Şəmkirdə bir şair var. Amma biri də var - Elməddin Nicat! Elməddin şəmkirli deyil. Burada sadəcə məskunlaşıb. Gedəcək yurduna - Kəlbəcərə....