2018-ci ili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün uğurlu il kimi hesab etmək olar

Samir Abbasov: “Ötən müddət ərzində Özbəkistanda yaşayıb yaradan tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində mühüm işlər görülüb”

Samir Abbasov: "Ötən müddət ərzində Özbəkistanda yaşayıb yaradan tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində mühüm işlər görülüb"

Azərbaycan mədəniyyətinin müxtəlif ölkələrdə təbliğ edilməsində, onun tanıdılmasında həmin ölkələrdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin rolu xüsusi qeyd edilməlidir. Hazırda dünyanın bir çox ölkələrində bu kimi mərkəzlər fəaliyyət göstərir ki, onlar damədəniyyətimizin təbliğ edilməsində fəal iştirak edir, müxtəlif  layihələr, tədbirlər həyata keçirməklə Azərbaycanı, onun adət-ənənənləri, mədəniyyətini tanıdırlar.  Belə mərkəzlərdən biri də Özbəkistandakı Azərbaycan səfirtliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.  Mərkəzin ötən müddət ərzində Azərbaycan mədəniyyətinin qardaş ölkədə təbliği istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı onun rəhbəri Samir Abbasovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Samir Abbasov qarşıdakı illər ərzində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycan-Özbəkistan əlaqələrindən də danışıb.

-Samir müəllim, başa çatmaqda olan 2018-ci il milli mədəniyyətimiz və onun təbliği ilə bağlı hansı hadisələrlə yadda qaldı?

-2018-ci ili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün uğurlu il kimi hesab etmək olar. Möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanımız hər il daha da inkişaf edir və regionun lider dövlətinə çevrilib. Ötən il mədəniyyət sahəsində qazandığımız uğurlar göz qarbağındadır. Belə ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atdı. Azərbaycan tərəfinin təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə, Qazaxıstan ilə birgə "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiyanın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu əlbəttə dövlətimizin, mədəniyyətimizin böyük uğurudur. Heydər Əliyev Fondunun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə aparılan sistemli işi nəticəsində son zamanlar bu istiqamətdə böyük nailiyyətlər qazanılır. Bildiyiniz kimi ölkəmiz mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ilə dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir. Azərbaycanda keçirilən Beynəlxalq Humanitar Forumlar, tədbirlər ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə xidmət edir və tanıdılması üçün mühüm imkanlar açır. Çox fəxrlə qeyd etmək olar ki, ölkəmizin şəhərlərinin siması tamamilə dəyişib, nəinki paytaxtda, hətta ucqar rayonlarımızda belə yüksək səviyyəli mədəniyyət müəssisələri açılır, onların işi müasir səviyyədə təşkil edilir, mövcud abidələr restavrasiya edilir. İndi Bakının mədəni həyatı çox zəngin və rəngarəngdir. Hər gün yeni tədbirlər, layihələr həyata keçirilir, dünyada isə milli mədəniyyətimizlə bağlı təqdimatlar, konsertlər təşkil edilir. Ötən il "Naxçıvan - İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə əlaqədar tədbirlər, İslam ölkələrinin mədəniyyət nazirlərinin Naxçıvan səfəri ölkəmizin mədəni həyatında mühüm hadisə olaraq yadda qaldı. Həmçinin il ərzində Özbəkistanla bağlı da mühüm tədbirlər gerçəkləşdirildi. Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə qardaş ölkədə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirildi. Əmir Teymurun vətəni - qədim Şəxri səbz şəhərində keçirilən beynəlxalq Festivalın açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev iştirak etdi. Çox sevindirici haldır ki, müsabiqənin qran - pri mükafatını Azərbaycan musiqiçiləri əldə etdilər. Bu il möhtərəm prezidentimizin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan ediləmsi ilə əlaqədar Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə dünyada və Özbəkistanda da çoxsaylı tədbirlər keçirildi.

-Ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün nə dərəcədə uğurlu oldu və il ərzində Mərkəz olaraq hansı layihələrə imza atdınız?

-2018-ci ildə Mərkəzimiz çoxsaylı layihələrə imza atdı, qardaş ölkədə möhtəşəm tədbirlər reallaşdırıldı. Mən Özbəkistanın Respublika sarayı - Türküstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm dostluq konsertinin keçirilməsini xüsusi vurğulamaq istəyirəm. Hesab edirəm ki, bu çox möhtəşəm və maraqlı bir tədbir idi. Konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestrı - gənclərdən ibarət simfonik orkestr və Azərbaycanın əməkdar artisti, 2017-ci il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış etdilər. Maraqlısı odur ki, proqram bizim tərəfimizdən tərtib olundu və konsert proqramında Azərbaycan və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa edildi. "Koroğlu" üverturası ilə başlanan konsertdə "Alban rapsodiyası", "Min bir gecə", "Sarı gəlin", "Çaxargah rapsodiyası", "Qərənfil", "Şuşa" və başqa əsərlər səsləndirildi və iştirakçılar Şərqin zəngin musiqisini eşitdikcə alqışlarla qarşılayırdılar. Fürsətdən istifadə edərək mən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz təşəkkürümü bildirirmək istəyirəm ki, bu möhtəşəm tədbirlərin reallaşdırılmasında bizə xüsusi dəstək göstərdilər. Bundan başqa, Türküstan sarayının giriş foyesində "Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərgi, habelə zəngin mədəniyyətimizə dair ekspozisiya iştirakçılara təqdim edildi. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 8-13 noyabr tarixlərində qardaş ölkədə "Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi" keçirildi, bununla əlaqədar həftə ərzində Daşkənddə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına həsr olunmuş silsilə tədbirlər təşkil edildi. Cari il 8 noyabr tarixində Nizami adına Daşkənd Dövlət Pedoqoji Universitetində Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsinin rəsmi açılış mərasimi keçirildi. Dövlət Pedoqoji Universitetinin qarşısında "Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi"nin rəsmi açılışı oldu, "Qürurumuz - yüz illik Cümhuriyyətimiz" adlı foto, rəsm, kitab, əl işləri sərgisi, habelə milli mədəniyyətimizə dair suvenirlər, tarixi geyimlər iştirakçılara nümayiş olundu. Universitetin geniş akt zalında iki xalq arasında əbədi və tarixi dostluğa həsr olunmuş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış "Əzəli dostluq riştələri" adlı sənədli film iştirakçılara təqdim olundu, Özbəkistanın tanınmış musiqilçilərinin iştirakı ilə Qala konsert keçirildi. Konsertdə tanınmış Özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa etdilər, Azərbaycan milli rəqsləri təqdim olundu. Cari ilin 9 noyabr tarixində isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində "Hüseyn Cavid yaradıcılığı-dünya dramaturgiyasının zirvəsidir" adlı Beynəlxalq Elmi Konfrans keçirildi. Universitetin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın "Kaspi" qəzeti və Təhsil şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkə arasında ədəbi əlaqələrə, Hüseyn Cavid yaradıcılığına dair onlarla məruzələr dinlənildi və alimlərimiz arasında fikir, təcrübə mübadiləsi həyata keçirildi. Qeyd edək ki, konfransın materialları artıq Mədəniyyət Mərkəzimiz tərəfindən Özbək dilində Daşkənddə çap olunub. Tədbir çərçivəsində Mərkəzin təşkilatçılığı ilə özbək dilində Daşkənddə nəşr olunmuş "Hüseyn Cavid: Seçilmiş əsərləri" kitabının təqdimatı da təşkil olundu.

- Mərkəz olaraq Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində hansı işlər görürüsünüz. Həmçinin bu ölkədəki diaspor təşkilatı ilə iş hansı səviyyədə qurulub?

-Ötən müddət ərzində Özbəkistanda yaşayıb yaradan tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində mühüm işlər görülüb. 2018-ci il Özbək ədəbiyyatında drammaturgiyanın tanınmış nümayəndəsi, tərcüməçi, pedaqoq, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən silsilə tədbirlər və layihələr həyata keçirilib. Bu məqsədlə Daşkənd və Bakıda Beynəlxalq elmi konfranslar, habelə Maqsud Şeyxzadəyə həsr olunmuş "İki xalqın iftixarı" adlı sənədli filmin və "Özbək şeir çələngi" adlı kitabın təqdimatı təşkil edilib. Cari il 14 dekabr tarixində Daşkənddə Mədəniyyət Mərkəzində keçirilən konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları - akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, tanınmış ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Bahadır Kərimov, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış ediblər. Konfransda məruzələrlə yanaşı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış, Maqsud Şeyxzadəyə həsr edilmiş "İki xalqın iftixarı" adlı sənədli film nümayiş etdirilib, "Özbək şeir çələngi" adlı kitab iştirakçılara paylanılıb. Daha sonra cari il 20 dekabr tarixində Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibəti ilə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin, təhsil şirkətinin təşkilati dəstəyi ilə Azərbaycan və Özbək alimlərinin iştirakı ilə möhtəşəm konfrans keçirilib. Azərbaycan elminin tanınmış simaları ilə yanaşı tədbirdə Özbəkistandan gələn alimlər iştirak və çıxış ediblər. Bundan başqa, növbəti layihəmizlə Azərbaycan Mədəniyyət Mərkəzindəki "Dostluq Muzeyi"nin yenidən qurulması işlərinə başlanılıb. Muzeydə Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlılara dair xüsusi bölmənin istifadəyə verilməsi nəzərdə tutulub. Mən vurğulamaq istəyirəm ki, Özbəkistanda dövlət səviyyəsində keçirilən bütün tədbirlərdə Azərbaycan Cəmiyyətinin ölkəmizin milli mədəniyyətini təmsil etməsinə dəstək göstərilir. Diaspora təşkilatına fəaliyyət üçün Özbəkistan dövləti də bütün şəraiti yaradıb.

Süleyman İsmayılbəyli

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31