Nurəngiz Gün anıldı
20 Dekabr 2018 14:55 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb.
Nurəngiz xanımın ən böyük xoşbəxtliyinin özündən sonra zəngin irs qoyması olduğunu vurğulayan Anar bildirib ki, o, yaradıcılığa gec başlasa da, qısa müddətdə maraqlı əsərlər qələmə aldı: "Təəssüf ki, biz onun haqqında keçmiş zamanda danışırıq. Ancaq deyə bilərəm ki, o, heç zaman unudulmayacaq, ədəbiyyatsevərlərin qəlbində daim yaşayacaq".
Çıxışlardan sonra şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları şairənin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda şairə Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.