"Çeburaşkanın Yeni il sərgüzəştləri" uşaq tamaşaçılarını gözləyir
19 Dekabr 2018 14:42 MədəniyyətSumqayıt Dövlət Dram Teatrında "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşaya daxili baxış keçirilib.
Olaylar.az xəbər verir ki, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövzu aktuallığı, karnaval prinsiplərinin gözlənilməsi və tempo-ritm baxımından uğurlu cəhətləri qeyd edib. O, balaca tamaşaçılarla ünsiyyətin səmimi alınmasından ötrü pafosdan qaçmağı tövsiyə edib və tamaşanın ayrı ayrı məziyyətlərini vurğulayıb.
Yeni yaradılmış məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri təəssüratlarını yaradıcı heyətlə bölüşüb.
Yeni il tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı Alya Osmanova, rəssamı Nizami Dadaşovdur Rəqslərin quruluşu Ceyhun Dadaşova məxsusdur.
Rollarda əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Sevda Süleymanlı, Sevda Hüseynova, İlahə Səfərova, Elay Xasıyev oynayırlar.
Balaca tamaşaçılar "Çeburaşkanın Yeni il sərgüzəştləri" ilə dekabrın 27-dən, 2019-cu il yanvarın 3- nə qədər tanış ola biləcəklər.