“Azərbaycanın görkəmli rəssamları” sərgilənəcək
19 Dekabr 2018 14:08 MədəniyyətDekabrın 20 -də Azərbaycan Milli İncəsənət Muzeyi ilə "Bakı Metropoliteni" QSC-nin ilk birgə layihəsi olan " "Azərbaycanın görkəmli rəssamları" sərgisi təşkil olunacaq. Olaylar.az bildirir ki, sərgidə AMİM kolleksiyasından XVII əsrdən günümüzə qədər olan dövrü əhatə edən 85 boyakarlıq və qrafik əsər bir sərgi çərçivəsində təqdim edilərək, tamaşaçıları Azərbaycan təsviri sənət antalogiyası ilə tanış edir. Sərgi tamaşaçılara Azərbaycan təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və digər görkəmli rəssamların məşhur əsərləri ilə tanışlıq imkanı yaradır. Hər bir rəssamın əvəzedilməz və özünəməxsus dünyası, milli mədəniyyətimizə töhfəsi olan dərin və təkraredilməz yaradıcılıq aləmi sənətsevərlərdə heyranlıq doğuracaq.
Azərbaycan Milli İncəsənət Muzeyi "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinə və sərginin sponsoru "Bravo" supermarketlər şəbəkəsinə əvəzsiz dəstək və mədəni irsin təbliğinə göstərdikləri köməyə görə dərin minnətdarlığını bildirir.