“Bayatı-Qacar” muğamı ilk dəfə dəsgah şəklində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Bayatı-Qacar" muğamının təfsiri və nəzəri aspektləri" mövzusunda seminar keçirilib. Seminar universitetin Muğam sənəti və Xalq çalğı alətləri ifaçılığı kafedralarının birgə iştirakı ilə gerçəkləşib.

Xalq artisti, tarzən Zamiq Əliyev seminarı açaraq bildirib ki, uzun zamandır ifaçılıqda "Bayatı-Qacar" muğamına müraciət olunmur. Bu gün isə həm xanəndəlik ixtisası üzrə dərs deyən müəllimlər, həm də xalq çalğı alətləri üzrə ifaçılarımız bu muğamı dinləyib sonrakı fəaliyyətlərində bəhrələnmək imkanı qazanacaqlar.

Layihənin müəllifləri - Xalq artisti, professor Vamiq Məmmədəliyev, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist, professor Mirnazim Əsədullayev çıxış edərək "Bayatı-Qacar" muğamının müasir dövrdə ifası və yaşadılması baxımından seminarın əhəmiyyətini diqqətə çatdırıblar.

Daha sonra seminar hər iki kafedranın müəllim və tələbələrinin dəsgahla bağlı ifaçılara ünvanladığı suallar və müzakirələrlə davam edib.

Qeyd edək ki, təqdim edilən "Bayatı-Qacar" dəsgahına 12 guşə və yeni rənglər də əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31