Aqil Abbas: “Sonuncu post” SON

Komandir öz əsgərini niyə güllələdi?

Kulis.az 

Aqil Abbasın "Sonuncu post" povestini təqdim edir. Povest çovğunda azuqələri qurtaran azərbaycanlı hərbçilərin həyatla girdiyi amansız döyüşdən bəhs edir. Zabitimizin erməni əsirlə münasibəti ən çətin şəraitdə belə insani hisslərin ölmədiyini göstərən gözəl bədii sübutdur.

 

Birinci hissə

 

 

Çovğun güclənirdi. "Bir tikə çörək bir dağ aşırar" desələr də indi  bu

bir tikə çörəyin bu uşaqları bu dağı aşıracağına, bu dəhşətli  gecədən

sabaha  çıxaracağına  Komandir  inanmırdı.  Əgər  uşaqları   yatmaqdan

qoruya  bilsəydi,  deməli,  ölümdən  də  qoruyacaqdı.  Əzrayıl artıq

böyür-başlarında  fırlanırdı,  daha   doğrusu,   asılmışdı   uşaqların

kirpiklərindən. Elə  Komandirin  də  kirpiklərindən  sallanırdı,  amma

Komandir bunu hiss eləmirdi, özünü unutmuşdu. Onu yalnız  bu  uşaqları

sabaha salamat çıxartmaq düşündürürdü.

 

Qara  daha   dözə  bilmirdi,  sısqaya-sısqaya  dedi:

 

- Komandir,  ölürəm, qoyma...

 

Komandirə  güllə  dəyəndə  belə   ağrıtmamışdı   ki,   indi   ağrıtdı,

hönkürməkdən özünü zorla saxlayıb  qalxdı  ayağa,  yaxınlaşdı  domuşub

oturmuş erməniyə, ayağı ilə vurub dedi:

 

- Çıxart  buşlatı.

 

Erməni  gözlərini  döydü.

 

- Snimay   buşlat.

 

Sonra da erməninin  kürkü  çıxarmağını  gözləmədi.  Çəkib  kürkü  onun

əynindən çıxartdı və atdı Qaranın üstünə.

 

- Götür  bunu da geyin.

 

- Bəs  o? Yazıqdı   axı.

 

- Onun yazıq anasını!- deyə Komandir  əmr  elədi,- Götür!

 

Qara yenə geyinmək istəmədi, insanlıq hissi güc  gəlirdi.  Amma  iliyə

işləyən şaxta vurub Qaranın  iliyindəki  o  müqəddəs  hissi  çıxartdı.

Büründü kürkə.

 

- Komandir! Komandir! Ora  bax, kimsə  gəlir,- deyə Şair qara bata-bata

onlara   tərəf   gələn   qaraltını  göstərdi.

 

Bir  nəfər  əlindəki  ağ bayrağı  başının  üstündə   yelləyə-yelləyə

posta    tərəf   qalxırdı.

 

Komandir:

 

- Atmayın! Əlində   ağ  bayraq var. Hörək  nə  istəyir.

 

Postun  30-40  addımlığında  dayandı,  bayrağı  yenidən  başının

üstündə yelləməyə başladı, sonra hər iki əlini yuxarı  qaldırıb  işarə

elədi ki, silahsızdı və bağıra-bağıra dedi:

 

- Komandir! Ara, Komandir!

 

Ratsiyada bir-birlərinin danışıqlarını tutduqlarından demək  olar  ki,

hamısı bir-birlərinin adlarını da bilirdilər, bir-birlərini  yaxşı  da

tanıyırdılar, bu ermənilərin komandiri Lyonikin səsiydi.

 

Komandir getdi Lyonikə tərəf.

 

- Nədi ə, dığa?

 

- Salam,  Komandir.

 

- Salam. Nə  istəyirsən?

 

- Komandir,  bilirəm  ki,  iki-üç gündü  yeməyə bir tikə  çörəyiniz  də

qalmayıb,  Arseni   burax nə  qədər  istəyirsən yemək  də  verim, araq

da,  odun da.

 

- Lyonik, yeri get. Çörəyimiz də  var,  arağımız  da.  Sizin  yoxdursa,

biz verək.

 

- Komandir, gop eləmə, gəl  sən  Arseni  burax.  Sən  yaxşı  oğlansan,

burax  Arseni,  mən  də  dediklərimi  verim.  Onsuz  da   ya   acından

öləcəksiniz, ya da donub  öləcəksiniz.  Arsen  sənin  nəyinə  lazımdı?

Çörək verim, benzin verim, sizin də ananız ağlar qalmasın, onun da.

 

Mazandaran Pələngi  arxadan  bağırdı:

 

- Dəyiş, Komandir.

 

Komandir  geriyə baxmadan işarə  elədi ki, oturun  yerinizdə.

 

Lyonik:

 

- Komandir, gəl daşı ətəyindən tök. Heç olmasa  qonşu  kənddənik,  bir

məktəbdə oxumuşuq, bir yerdə futbol oynamışıq.

 

- Nə yaxşı yadına düşdü, Lyonik.  Bunu  evimizi-eşiyimizi  yandıranda,

bizi   qarda-qiyamətdə   bu   dağlarla   ayaqyalın    qovanda     niyə

fikirləşmirdin?

 

- Komandir, sən uşaq deyilsən, bilirsən ki,  bunu  eləyən-eləyib.  Mən

əsgərəm, sən də əsgərsən. Astvaz haqqı, bu müharibə də  qurtaracaq,  siz

də qayıdacaqsız  Sevana.  Yenə  xeyirimiz-şərimiz  bir  olacaq.  Burax

Arseni, qoy o da yaşasın, siz də.

 

- Erməni  dilini   işə  salma Lyonik,  buraxmıram. Çıx get.

 

- Komandir, sənin dədən bir yaxşı kişi olub, yüz dəfə  qabağına  yemək

qoymuşam, araq süzmüşəm. Gəl daşı ətəyindən tök.

 

- Sənin də dədən yaxşı kişiydi, özün oğraş çıxdın. Dedim ki, vermirəm!

 

- Axırıncı  sözündü?

 

- Axırıncı   sözümdü.

 

- Di  ölün acından - dedi  Lyonik.

 

Komandir:

 

- Lyonik, Arseni   çox  istəyirsənsə buşlatını  çıxart  ver,  verim  ona,

donmasın.

 

Lyonik əynindəki kürkü çıxarıb atdı Komandirin üstünə və çıxıb  getdi.

Komandir də kürkü gətirib verdi Arsenə:

 

- Geyin, ə.

 

Şair:

 

- Neyniyirsən bu  itoğlunu? Acından   ölürük,  bunu  kəsib   yeyəcəyik?

 

Komandir:

 

- Sizə qurban olum! Səhərəcən dözün! Səhər çovğun kəsəcək,  bizimkilər

də gəlib çıxacaq, nə qədər istəyirsiniz  yeyib-içəcəksiniz.  Bu  əsiri

verib əsirlikdə olan qardaşlarımızın birini alacağıq. İndi  bir  qarın

yemək əsirlikdəki bir qardaşımızdan irəli oldu?!

 

Daha   uşaqlar söhbətin   üstünə   gəlmədilər.

 

Hava  qaralmışdı.  Komandir  görürdü  ki,   artıq   uşaqların   nəinki

üzlərində, heç gözlərində  də  həyat  işartısı  qalmayıb. Əzrayıl  bir

yuxuya  çevrilib  qarışmışdı  uşaqların  qanına  və  götürüb  aparırdı

onları.

 

İndiyədək özünü birtəhər saxlayan Bakılı Balası da indi dözə bilmədi:

 

- Komandir, elə  bil  ayaqlarım  yoxdu.

 

Komandir Bakılı  Balasının  ayaqqabılarını  çıxartdı,  corablarını  da

soyundurdu.  Möhkəm-möhkəm  ovmağa  başladı,  dodaqlarını  onun   ayaq

barmaqlarına dayayıb xeyli hovladı, sonra yenidən ovdu.

 

- Komandir,  heç   nə  hiss   eləmirəm.

 

Nə  qədər   ovxaladı  bir şey  çıxmadı, Bakılı  Balasının barmaqları

ağappaq ağarmışdı, Komandir başa   düşdü  ki, barmaqları  don vurub.

 

Qara yenə zarıdı:

 

- Ölürəm,  Komandir...

 

Komandir Əzrayılla tək qalmışdı. Milyon il idi, bəlkə  də  yüz  milyon

il idi (və bəlkə də Allah üçün bir saat idi, ya bir gün  idi)  dünyaya

gələn  bütün  insanlar,  hətta  Allahın  ən  sevimli  bəndələri   olan

peyğəmbərlər belə Əzrayılla vuruşsalar  da,  məğlub  olmuşdular.  İndi

Komandirlə Əzrayılın arasında qeyri-adi,  tarixdə  görünməmiş  və  heç

vaxt tarixə düşməyəcək bir savaş gedirdi. Komandir  indiyədək  doğulan

bütün insanlardan və hətta peyğəmbərlərdən də fərqli  olaraq  Əzrayılla

öz həyatı üçün yox, Mazandaran Pələnginin,  Şairin,  Bakılı  Balasının

və hələ  qadın  dadının  nə  olduğunu  bilməyən  Qaranın  həyatı  üçün

vuruşurdu. Əzrayılın arxasında Əzrayılı da, bu dağı-daşı da, bu  donan

uşaqları  da  yeri-göyü  xəlq  eləyən  Allah  dayanmışdı.   Komandirin

arxasında  isə  Əzrayılı  onların  canını  almağa   göndərdiyi   həmin

yeri-göyü xəlq eləyən Allaha bir inam. Əzrayıl da Allahın  bir  əsgəri

idi və Allahın əmrini sözsüz yerinə yetirirdi. Komandir də  bir  əsgər

idi, amma bu Vətənin, bu torpağın əsgəri  idi.  Və  ona  heç  kəs  əmr

eləməmişdi ki, Əzrayılla vuruş. Allahın əsgəri  ilə  bu  Vətən  əsgəri

arasında neçə gündü gedən savaş sona yetməkdəydi.

 

Komandir avtomatın lüləsindən  yapışıb  necə  qəzəblə  qayaya  vurdusa

avtomatın qundağı parçalandı. Mazandaran  Pələnginin  də,  Şairin  də,

Bakılı Balasının da, bayaq əsir gətirdiyi erməninin də  avtomatlarının

qundağını qırdı. Bircə Qaranın avtomatına dəymədi, hər ehtimala  qarşı

silahın birini saxladı.

 

Mazandaran   Pələngi güclə  eşidiləcək   bir səslə soruşdu:

 

- Neyləyirsən,  Komandir?

 

- Qoymaram   öləsiniz.

 

Qundaqların parçalarını üst-üstə qaladı. Bayaq ermənilərin  maşınından

gətirdiyi benzindən  də  tökdü  üstünə,  alışqanı  çıxarıb  od  vurdu.

Qupquru qundaq qırıqları çırthaçırtla yanmağa başladı.

 

Bir-bir  hamısının  ayaqqabılarını  çıxarıb dedi:

 

- Ayaqlarınızı tutun   oda.

 

Uşaqların donmaqda olan və  bəlkə  də  artıq  donmuş  ayaqlarına  isti

dəydikcə elə bil bu ayaqlara yüzlərlə iynə  batırdılar.  Od  uşaqların

ayağını  yaladıqca  bərk  ağrı   verirdi.   Bu   ağrı   bir   tərəfdən

damarlarında donmaqda olan qanı isidirdi, bir tərəfdən də  yuxularına,

daha doğrusu, yuxu  halında  iliklərinə  işləyən  Əzrayılı  o  ilikdən

vurub çıxarırdı.

 

Kənarda   domuşub   oturmuş   erməni ocağa  elə  həsrətlə   baxırdı  ki,

bu  Komandirin  diqqətindən   qaçmadı,  başını  buladı və dedi:

 

- Yaxına  gəl, ə  qurumsaq!

 

Erməni dizin-dizin ocağa tərəf süründü və tir-tir  əsən  əllərini  oda

tutdu.

 

Komandir:

 

- İndi  ayaqqabılarınızı  geyinin.

 

Bircə   Mazandaran   Pələngi   ayaqqabısını   özü    geyinə     bildi,

qalanlarınkını Komandir geyindirdi.

 

Ocaq   getdikcə   öləziyirdi. Bu  onların  həyatda qızışdıqları   son

ocaq idi. Və bu  közərən   közlər  də son işıq   işartısı.

 

Komandir  hamısının  ayaqqabılarının   bağlarını   çıxartdı,  bıçağı

çıxarıb ayaqqabıların dillərini  də kəsdi və   atdı   ocağa, ocaq  bir

az  gurlaşdı, amma   çox   tez  də öləzidi.

 

Komandir əlcəklərini də çıxarıb atdı ocağa. Sonra  ciblərini  eşələdi.

Cibindən evdən gələn məktublar çıxdı, bir  də  bu  dəqiqə  mışıl-mışıl

nənələrini qucaqlayıb yatan övladlarının şəkilləri. Məktubları da  oda

atdı. Xeyli gül üzlü balalarının şəkillərinə baxdı, ağladı  və  onları

da atdı oda. Day yandırılası heç nə qalmamışdı.

 

Əynindəki   kürkü   də  çıxarıb  atdı   ocağa...

 

Və...

 

... ocaq  söndü.

 

İt kimi ulayan külək öz kefindəydi, çovğun öz kefindəydi, şaxta da  öz

kefindəydi. Bu cavanların canını almağa gəlmiş Əzrayıla  kömək  eləyən

hər nə vardı kef eləyirdi. Əzrayıl  da  lap  gül  vurmuşdu,  altı  can

götürüb gedəcəkdi.

 

- Pələng, ay Pələng,- deyə Komandir Mazandaran Pələngini dürtmələdi...

 

Mazandaran Pələngi  məktəbin  həyətində  ayaqyalın  futbol  oynayırdı,

necə vurdusa top  məktəbin  hasarını  aşıb  düşdü  Telli  müəllimgilin

həyətinə. Uşaqlar kömək elədi, Mazandaran Pələngi çıxdı hasara.

 

Telli   müəllim  deyinirdi:

 

- Ay bala, nə evdə pəncərə şüşəsi qaldı, nə də  həyətdə  ağac  budağı.

İndi sizin əlinizdən köçüb gedək bu məhlədən? Bəsdi də, vermirəm topu.

 

- Müəllim, qələt   eləmişik, bir  daha  olmayacaq.

 

- Yox, vermirəm topu. Sizin toplarınızın  əlindən  hələ  bu  ağacların

bir meyvəsini dadmamışıq. Doğrayacam bu topu.

 

- Müəllim, sən Allah doğrama, vallah  bu  boyda  Ağdamda  futbol  topu

tapılmır. Yalvarıram doğrama, bir də eləməyəcəyik.

 

Telli  müəllim başını   buladı:

 

- Axırıncı   dəfə  olsun,  bir də düşsə   doğrayacam.

 

Telli müəllim bu sözü bəlkə yüzüncü dəfə deyirdi, topu atdı hasarın  o

biri tərəfinə. Uşaqlar  "ura" deyib yenidən   başladılar top  qovalamağa.

 

Yenə "ura" səsləri qalxdı,  amma  bu  dəfə  "ura"  deyənlər  uşaqların

yarısıydı- Mazandaran Pələngi qol vurmuşdu. Və şəstlə məktəbin  ikinci

mərtəbəsinin  pəncərəsinə  baxdı.  Sərvinaz  yenə  pəncərədəydi,  yenə

Mazandaran Pələnginə azarkeşlik edirdi.

 

Baxışları   bir-birinə  ilişdi. Bu  baxışlardan bir-birinin  ürəyinə

nələr axırdı, Allah. Uçurdu  Mazandaran   Pələngi,  Sərvinaza   tərəf

uçurdu...

 

- Pələng! Ay  Pələng!

 

Komandir nə qədər silkələsə də  Mazandaran  Pələngindən  səs  gəlmədi.

Neyniyirdi  Mazandaran  Pələngi Komandirə  səs   versin.   Mazandaran

Pələngi uçurdu Sərvinaza tərəf.

 

O Sərvinaza tərəf ki,  ermənilər  Ağdama  girəndə   özünü  yaşadıqları

beşmərtəbəli binanın dördüncü mərtəbəsindən atmışdı. Amma Allahın  ona

yazığı gəlməmişdi, canını o saat almamışdı.  Ermənilər  yarımcan  olan

bu qızı əzabla öldürmüşdülər...

 

Və indi Mazandaran Pələngi uçurdu öz Sərvinazına tərəf.

 

Komandir Mazandaran   Pələngini   buraxdı,  yapışdı  Şairdən...

 

...  Həyətdə  bir  vurçatlasın  var  idi   ki!   Şairin   müharibədən

qayıtdığını, özü də Şuşaya  bayraq  sancıb  qayıtdığını  eşidən  bütün

kənd həyətdə idi. Kimi qoyun kəsirdi, kimi ocaq qalayırdı, kimi  süfrə

hazırlayırdı.

 

Şair  də  uşaqları  anası   ilə  tanış  edirdi:

 

- Ana, bu Mazandaran Pələngidi, bu Bakılı Balasıdı,  bu  Qaradı.  Ana,

bu da bizi ölümdən qurtarıb Şuşaya aparan Komandirdi.

 

Anası  Komandirin  boynuna sarıldı:

 

- Boyuna  qurban   olum,  ay   bala, Allah  köməyin   olsun.

 

Tut ağacının altında gözəl bir süfrə açmışdılar. Süfrənin  başında  da

Komandiri oturtmuşdular. Elə altında süfrə açdıqları  tutun  arağından

da bala-bala vururdular. Şair də şer oxuyurdu.

 

Komandir:

 

- Ə,  Şair,  sizin Qazaxda  hamı  şeir yazır?

 

- Niyə, hekayə yazanlar  da  var.

 

Gülüşdülər. Bir kənarda kabab  bişirən  Şairin  Atası söz atdı:

 

-  A  bala,  qazaxlıların  başı  şerə  qarışmasaydı,   indi   dünyanın

yiyəsiydilər.

 

Yeyib-içəndən  sonra   Şair  dedi:

 

-  Gedəyin  Kürə   balıq  tutmağa. Heç  qırmaqla  balıq   tutmusunuz?

O balıq ki sudan çıxır ey, əlini atıb  tilovdakı  balıqdan  yapışırsan

ey, elə bil əlin qız məməsinə dəyir.

 

Qırmaqları   götürüb    düşdülər   Kürün qırağına. Balıq tuturdular.

 

Balaca   uşaqlar həsədlə   Şuşaya bayraq   sancmış  bu  əsgərlərin zərli

paqonlarına baxırdı.  Uşaqların  ən   ürəklisi:

 

- Əmi,  ay  əmi, papağını  ver  də mənə.

 

Şair papağını çıxarıb qoydu həmin  uşağın  başına,  uşaq  da  ona  bir

əsgər salamı verib sevinclə tüpürdü dabanına. O biri uşaqlar  da  onun

ardınca.

 

... Komandir Şairi   silkələyirdi. Şair də qarmağın ağzındakı  çırpınan

qızın   məməsindən   yapışmışdı...

 

Komandir   Şairi  də  buraxdı. Başladı  Bakılı   Balasını şillələməyə:

 

- Qədeş, dur  qədeş! Sənə   demədim   yatma. Qədeş...

 

... Göydən od  tökülürdü  və  Bakılı  Balası  da  özünü  vurmuşdu  min

illərdi bakılıları bu göydən tökülən oddan qoruyan  Xəzərin  sularına,

ləzzətlə üzürdü özüyçün.  Sahildən  aralı  onu  çağıran  Komandiri  nə

görürdü,  nə  də  eşidirdi.  Bir  balığa  çevrilmişdi  və  pırıl-pırıl

balıqlara qoşulub Xəzərdə üzürdü ey...

 

Komandir  Bakılı  Balasını sinəsinə  sıxıb hönkür-hönkür  ağladı:

 

- Ölmə, sənə qurban olum. Ölmə!  Bizimkilər  gələcək.  Yoldadılar  ey,

çıxıblar. Gəlirlər ey.  Bax,  gözünü  aç  bax,  gəlirlər.  Ölmə,  sənə

qurban olum. Ölmə!

 

Və sonra Komandir  necə  bağırdısa  Qaranın  sinəsinə  çökmüş  Əzrayıl

səksəndi.

 

Komandir    Bakılı Balasını  də buraxıb   Qaranı   qucaqladı,  indi

Qaranı  şillələməyə  başladı.

 

- Ay  ana!- deyə Qara   zarıdı.

 

Komandir  Qaranın  başını   sıxdı  sinəsinə:

 

- Ağla, başına dönüm, ağla, ayağının altında ölüm. Ağla,  amma  yatma.

Dədəm-nənəm sənə qurban yatma. Sabahacan döz. Nə qalıb ki, ey sabaha.

 

Əslində bütün  sabahlar  qurtarmışdı.

 

Komandir flyaqanın ağzını açdı. Son araq damcılarını Qaranın  boğazına

tökdü. Qara çeçədi.

 

Erməni  də  donurdu.  Komandir  donan  erməniyə  baxıb  dodağını  necə

dişlədisə qan  çənəsindən  üzüaşağı  axmağa  başladı.  Və  ağzında  öz

qanının şirin tamını hiss elədi.

 

Bu  erməninin  də  anası  vardı,  bacısı  vardı,  yəqin  ki,  hər  gün

məktubunu gözlədiyi sevdiyi qız vardı. Onun da anası həsrətlə  oğlunun

yolunu gözləyirdi. Onun da  anası  bütün  əsgər  anaları  kimi  Allaha

yalvarırdı. Amma son  illər  Allah  analardan  üz  çevirmişdi,  ya  da

anaların dualarını eşitmirdi.

 

Amma bir-iki gündən sonra onun da anası,  bacısı,  sevdiyi  qız  şivən

qoparacaqdı, saçlarını yolacaqdı.

 

Komandirin  də,  Qaranın  da  həyatları  Allahın  əlindəydi.  Amma  bu

erməninin həyatı indi  Allahlıq  deyil,  Komandirlikiydi.  Və  indi

Komandir bir insanı ölümün  pəncəsindən  qopara  bilərdi,  bir  insana

həyat bağışlaya bilərdi, anasının,  bacısının,  sevdiyi  qızın  yanına

göndərə bilərdi. Hərçənd ki, Komandirin ölümün  pəncəsindən  qoparmağa

qadir olduğu bu insan sabah əlinə  silah  götürüb  elə  bu  Komandirin

övladlarına güllə atacaqdı.

 

Komandirin də, Qaranın da həyatları Allahın, amma bu erməninin  həyatı

isə Komandirin əlindəydi. Və Komandir bir  insanı  ölümün  pəncəsindən

qurtara bilərdi...

 

...Professor Kamal Abdulla Ağdam  rayonunun  Mahrızlı  kəndində  Rahib

Məmmədov adına məktəbdə ermənilərin Qarabağda kəndlərimizi  yandırdığı

vaxtda yuxarı sinif şagirdləri ilə görüşürdü.

 

Gürcüstanda hərbi xidmətdə  olan  Rahib  Məmmədov  selin-suyun  ağzına

alıb apardığı bir gürcü kəndində 28  nəfəri  təkbaşına  azğın  suların

pəncəsindən xilas eləmişdi.  29-cu  adamın  arxasınca  gedərkən  həlak

olmuşdu. Çox böyük bir hadisəyə çevrilmişdi bu. 19 yaşlı  azərbaycanlı

balasının  bu   qeyri-adi   qəhrəmanlığı   bütün   Sovet   İttifaqının

yaxasından tutub silkələmişdi və onun  bu  qəhrəmanlığı  bir  əfsanəyə

çevrilib bütün Sovet İttifaqını dolaşmaqdaydı.

 

Professor  Kamal  Abdulla həmin   Rahib  Məmmədovun oxuduğu  məktəbdə

görüşdə  şagirdlərdən   soruşur:

 

- Siz  də  Rahib  Məmmədov  kimi  ölümdən  qorxmayıb  özünüzü  suların

ağzına atıb o adamları xilas edərdinizmi?

 

Görüşün bütün iştirakçıları professora   müsbət  cavab  verir.

 

Və qəfildən professor sualı   tamamilə  başqa   şəkildə  qoyur:

 

- Əgər  o  suda boğulan  erməni olsa necə,   xilas   edərsinizmi?

 

Uşaqlar  bir-birinin   üzünə  baxır.  Heç  kim  cavab  vermək  istəmir.

Bu vaxt arxa  sıralarda   oturmuş  bir uşaq əlini  qaldırır.

 

Professor:

 

- Buyur,  oğlum.

 

Uşaq:

 

- Mən  xilas edərdim.

 

- Axı  o ermənidir. Ermənilər evlərimizi  yandırır, uşaqları   doğrayır...

 

Uşaq  belə cavab  verir:

 

- Müəllim, insan ölüm  anında  olanda  onun  milləti  itir.  O  yalnız

insandır. Mən bir ermənini yox, bir insanı xilas etmiş olardım.

 

Ermənini insan sayıb  xilas  etmək  istəyən  həmin  uşaq  böyüyəcəkdi,

könüllü döyüşə gedəcəkdi, Naxçıvanikdə  yaralanıb  əsir  düşəcəkdi  və

insan sayıb xilas  eləmək  istədiyi  erməni  onun  əl-qolunu  bağlayıb

üstünə benzin töküb yandıracaqdı.

 

...  Erməni  də  donub  ölürdü.  Komandir  Qaranın   başını   sinəsinə

sıxmışdı. Komandir bir Qaraya baxdı, bir elə Qara yaşda olan  erməniyə

baxdı, erməninin hələ özündən əvvəl ölmüş gözlərinə baxdı, bir  az  əvvəl

qorxaqlıq və yazıqlıq yağan   gözlərin  ifadəsi   də  donmuşdu...

 

- Vstavay.

 

Erməni  udqundu.

 

- Vstavay ya  skazal.

 

Erməni birtəhər   qalxdı   ayağa.

 

- İdi  k  svayim.

 

Erməni  çaşdı. Dili   topuq  vura-vura   soruşdu:

 

-  Vı  çto  skazali?

 

- İdi  k  svayim. İdi, itoğlu, idi! Jivi  sebe.

 

- Tı  menya   otpuskayeş?

 

- İdi də,  ya  skazal, idi.

 

Erməni  çevrilib  bir  postlarına  baxdı,  bir  Komandirə  baxdı   və

üzüaşağı postlarına tərəf necə götürüldüsə, heç elə bir bayaqdan donan

bu deyildi. Amma  qəfil  dayandı və nə  fikirləşdisə  geri  qayıtdı.

 

Komandir:

 

- Zaçem  vernulsya?

 

Erməni əynindəki kürkü çıxarıb verdi Komandirə, sonra  qucaqlayıb  onu

öpdü və yenidən üzüaşağı postlarına tərəf götürüldü.

 

Komandir ölümdən qurtulub qara bata-bata  özününkülərin  yanına  qaçan

və bu dəqiqə bəlkə  də  dünyanın  ən  xoşbəxt  insanı  olan  erməninin

ardınca sonuncu dəfə  həsədlə  baxdı,  sonra  kürkü  geydi  əyninə  və

yenidən  ölümdən  qurtarmağa  gücü  çatmadığı  Qaranın  başını   sıxdı

sinəsinə. Qara daha ağlamırdı. Hərdən burnunu çəkirdi.

 

Əsərlərdə,  kinolarda  həmişə  belə  məqamlarda  mütləq  kömək   gəlib

çıxırdı. Amma bu nə əsər idi, nə də kino. Bu həyatın özü idi.  Həyatın

özündə isə möcüzələr baş vermir.

 

Qara soruşdu:

 

- Uşaqlar  necədi?

 

Komandir onu   sinəsinə   bir az da  bərk   sıxdı.

 

- Onlar  yaxşıdı, sən  yatma. Sənə  qurban   olum, yatma. Səhərə lap az

qalıb.

 

Amma onlar yaxşı deyildi. Bu şaxtadan, bu çovğundan,  bu  dəhşətli  və

işgəncəli gecədən canlarını  birdəfəlik  qurtaran  Mazandaran  Pələngi

də, Şair də, Bakılı Balası da cənnətə  çathaçatdaydılar.  Və  mələklər

də cənnətin qapısını taybatay açıb onları gözləyirdilər.

 

Və artıq nə Mazandaran Pələngi vardı, nə Şair, nə də Bakılı Balası.

 

Komandir Qarayla özünün də həyatlarının son  saatlarını  yaşadıqlarını

çox gözəl başa düşürdü. Və  bu  son  saatların  əzabını  yaşamaq  daha

çətin idi.

 

İlahi, qəfil   ölmək və  öldüyünü   bilməmək   nə böyük    xoşbəxtlik

imiş.

 

Yox, hələ ölməmişdi, ölməmişdisə hələ ölümlə mübarizə  apara  bilərdi,

ölməməliydi, ölməyə  haqqı  çatmırdı.  O  ölsə  balası  kimi  sinəsinə

sıxdığı Qara da öləcəkdi. O Qara ki, hələ qız  öpməmişdi,  hələ  qadın

dadı görməmişdi. Yox, o qoymayacaqdı Qara qadın dadı görməmiş ölsün.

 

Yox, qoymayacaqdı bir bala kimi  sinəsinə  sıxdığı  Qara,  hələ  qadın

dadı görməyən Qara, qadın dadı görmədən də ölsün.

 

- Qara,  eşidirsən?

 

Qara   başı  ilə  bildirdi  ki,  eşidir.

 

- Qara, müharibədən sonra səni aparacam Moskvaya,  nataşaları  yığacam

nömrəyə. Səhərədək hamısını sıradan çıxar ey. Qara, bir dəfə  Moskvada

bir urus qızını apardım saunaya...

 

Qaranı  nə  Moskva  maraqlandırırdı,  nə  də  səhərədək  kef   edəcəyi

nataşalar. Qara anasını görmək istəyirdi, bacısını  görmək  istəyirdi,

Hünəşi görmək istəyirdi, əsgər toqqasını balaca  qardaşına  bağışlamaq

istəyirdi, doyunca kotlet yemək istəyirdi. Və bir də bu dəqiqə  yatmaq

istəyirdi. Bu yatış onun son yatışı olsa belə ölürdü yatmaqdan ötəri.

 

- Yatma,   Qara. Ay   itoğlu, sənə  demirəm  yatma...

 

Komandir  sözünün    arxasını  gətirə bilmədi, hönkürdü...

 

Qara isə artıq yatmışdı. Daha  doğrusu,  yatmamışdı,  ləzzətlə  kotlet

yeyirdi,  anası  da  yanında  oturmuşdu.  Balaca  qardaşı  da  toqqanı

vururdu belinə, amma toqqa sürüşüb düşürdü.

 

Komandir nə qədər əlləşdi, nə  qədər  sillələdi  Qara  oyanmadı.  Yox,

oyatmalıydı Qaranı, necə olur-olsun oyatmalıydı.

 

Komandir  artıq  cənnətin  qapısında  dayanmış  Mazandaran   Pələnginə

baxdı, Şairə baxdı, Bakılı Balasına baxdı, sonra qucağında  artıq  üzü

cənnətə gedən Qaraya baxdı və:

 

- Qoymayacam   yatasan,  itoğlu!- deyə  Komandir   bağırdı.

 

Bağıra-bağıra da tapançasını çəkib çıxartdı və Qaranın  baldırına  bir

güllə vurdu. Qara ağrıdan necə cikkə  çəkdisə,  səsi  it  kimi  ulayan

küləyin vıyıltısını bir an eşidilməz elədi.

 

Qara ağrıdan qovrulurdu, Komandir sevinirdi- Qaranı oyada bilmişdi.

 

Qara:

 

- Ay ana,  -deyib çığırırdı.

 

Komandir bıçağını çıxarıb Qaranın  şalvarının  balağını  cırdı,  güllə

onun baldırını deşib keçmişdi,  buğlana-buğlana  qan  axırdı,  deməli,

Qaranın qanı hələ donmamışdı. Yaranı möhkəm-möhkəm sarıdı.

 

Qara  yavaş-yavaş özünə  gəlirdi:

 

- Məni  kim   vurdu, Komandir?

 

-  İt  uşağının  atdığı güllə dəydi.

 

- Uşaqlara   dəymədi ki?

 

- Yox,  yox,  uşaqlara  dəyməyib.  Qorxma,  yaran  yüngüldü.

 

- Ağrıya  dözəmmirəm, Komandir.

 

- Döz,  qurban olum, döz.  Bax, səhər   açılır  ey.

 

Qaranın başını yenidən qoydu dizinin üstünə.  Qara  zarıyırdı,

Komandir isə Qaranın bu zarıltısından ləzzət alırdı.  Bu  ağrı  Qaranı

yatmağa qoymayacaqdı.

 

Komandir  için-için ağlayırdı. Ağlaya-ağlaya  da  danışırdı:

 

- Səni aparacam Moskvaya, Qara. Urus qızlarını da  yığacam,  səhərədək

bazlığın kefin çıxart. Səni aparacam Moskvaya...

 

... Komandir day şaxtanı hiss eləmirdi. Çovğun da kəsmişdi, küləyin  o

əclaf səsi də. Aylı- ulduzlu, ilıq  bir  gecəydi.  Həyətə  girən  kimi

Alabaş yüyürdü  qabağına,  üzünü  onun  ayaqlarına  sürtüb  yalmanmağa

başladı. Əyilib Alabaşın başını tumarladı, neçə il idi  bu  əlin  ətri

üçün darıxmışdı Alabaş. İt dal ayaqları üstə  qalxıb  pəncəsini  qoydu

Komandirin sinəsinə  və  onun  üz-gözünü  yalamaq  istədi,  amma  boyu

çatmadı, bunu  hiss edən Komandir   dizini  yerə  qoydu  və Alabaşın

boynunu   qucaqladı:

 

- Darıxmısan  məndən   ötrü?

 

Alabaş öz zingiltisi   ilə cavab  verdi  ki,  darıxmışam.

 

Qalxdı   eyvana, işıqlar  yanmırdı. İşıqlar yanmırdısa,  televizor

da  işləmirdi,  televizor da   işləmirdisə,  deməli,  hamı  yatmışdı.

 

Sakitcə  qapını  açıb  girdi  içəri.  Stolun  üstündəki   lampa   zəif

közərirdi. Anası taxta çarpayıda üzü qibləyə  yatmışdı.  Arvad  həmişə

üzü qibləyə yatırdı ki, bəlkə qəfil öldüm, qoy üzü qibləyə ölüm.

 

Barmaqlarının ucunda yeridi ki, heç  kimi  oyatmasın.  Körpələri  evin

küncündə yerdən salınmış yataqda uyuyurdular. Yavaşca  soyundu,  girdi

körpələrinin yanına. Körpələrin doğma,  yazıya  gəlməyəcək  istiliyini

hiss edəndə bədəninə çox qəribə bir cənnət  havası  keçdi.  Bu  havanı

daha möhkəm, daha  yaxından  duymaq  üçün  körpələri  bərk-bərk  sıxdı

sinəsinə. Hər iki  körpə  onun  möhkəm  qolları  arasında  sıxıldılar,

əzildilər  və  bu  əzilməyə  dözməyib   ayıldılar.   Ayılıb   özlərini

atalarının qucağında görəndə sevincdən hər ikisi birdən çığırdı:

 

- Ana, atam  gəldi,  atam gəldi.

 

Səsə Gəlin  də, Komandirin   Anası da hövlnak   yuxudan   ayıldılar-

uşaqlar  sevinclə qışqırışırdılar:

 

- Atam gəldi,  atam gəldi.

 

Həlin cəld   tərpənib  stolun   üstündəki   lampanın   işığını   artırdı.

Komandirin  Anası təəccüblə  nəvələrinə   baxdı:

 

- Bismillah! Bismillah! Sizə qurban olum. -  dedi  və  uşaqları  basdı

bağrına.

 

Gəlin  çaşmışdı.

 

- Qorxma, qızım, yəqin yuxu görüblər.

 

Və sonra uşaqlar  bayaqdan  onları  bağrına  basan  atalarını  yanında

görməyib başladılar ağlamağa.

 

Komandir  ikisini   də  sıxdı   sinəsinə.

 

- Can, atanız sizə qurban, kişilər. Burdayam,  niyə  ağlayırsınız?-

Sonra anasını qucaqladı:- Ana, yuxu görmürlər, burdayam.

 

Ana  uşaqları  bağrına  basmışdı.  Komandir  də  uşaqları  anası   ilə

birlikdə qucaqlamışdı, uşaqlar da: -Ata!- deyib ağlayırdılar.

 

Gəlin hönkürdü və çıxdı çölə.

 

Uşaqlar isə indicə onların başını sığallayan, bağrına basıb  əzizləyən

atalarının bircə anda qeyb olduğunu görüb bu yoxluğun  təsiri  altında

hələ də ağlayırdılar...

 

... Ataları isə Kürün qırağında qarmağı atmışdı  çaya  gözləyirdi  ki,

indicə tilova balıq düşəcək və o da sudan çıxartdığı  çırpınan  balığı

tutacaq və Şair kimi onun da əlləri  qız  məməsinə  dəyəcək.  Komandir

balıq tutmağın bu qədər ləzzətli olduğunu indiyəcən  duymamışdı.  Adam

sevəndə sevgilisini necə intizarla, ürəyi çırpına-çırpına  gözləyirsə,

balıq  tutanda  da  adam  elə  bir  intizarla,  ürəyi  çırpına-çırpına

balığın nə vaxt qarmağa düşəcəyini gözləyir.

 

Qarmaq bir balaca titrəyən kimi Komandir çəkirdi, amma tilovun  ucunda

heç nə çıxmırdı. Dilxor olurdu , yenidən tilovu atırdı suya.  Və  yenə

sevgilisini gözləyən bir  adam  kimi  intizarla  qarmağın  titrəməyini

gözləyirdi. Və yenə boşa çıxırdı.

 

Komandirin  də,  Bakılı  Balasının  da,   Mazandaran   Pələnginin   də

qarmağına  balıq  düşmürdü.  Bircə  dəfə  Bakılı  Balasının  qarmağına

balaca bir balıq düşdü. O da güldü, balığı təzədən qaytarıb çaya  atıb

dedi:

 

- Get, valideynlərini çağır.

 

Amma balıq gedib valideynlərini çağırmadı.

 

Qəribə idi, onların qarmağına balıq  düşmürdü,  amma  elə  bil  Şairin

qarmağına düşmək üçün balıqlar növbəyə düzülmüşdülər. Və hər  dəfə  də

Şair balığı  sudan  çıxaranda  sevinclə  elə  qışqırırdı  ki,  uşaqlar

səksənirdi.

 

Komandir:

 

- Ə, Şair, bu nədi bizim qarmaqlara balıq düşmür, səninkinə düşür?

 

Şair gülə-gülə:

 

- Komandir, bizim Qazax camaatı kimi  balıqlarımız  da  yerlibazdılar.

Mənim qarmağımı qoyub sizin qarmağa yaxın getməzlər.

 

Mazandaran Pələngi:

 

- Şair, mən ölüm, Füzuli necə şairdi?

 

-  Çox  böyük  şair  ola  bilərmiş,  amma  onun  da  bəxti  o  sarıdan

gətirməyib ki, Qazaxda doğulmayıb. Şair gərək Qazaxda doğula.  Day  ən

uzağı Tovuzda doğula bilər ey. Day lap sinəsini cırsa, Ağstafada.

 

Gülüşdülər. Elə ləzzətlə Kürün qırağında zarafatlaşırdılar.

 

Bakılı Balası:

 

- Komandir, amma o gecə sən olmasaydın hamımız qırılmışdıq  ey. İndi

burda  balıq  tutmurduq, Allah   bilir  hardaydıq.

 

Mazandaran Pələngi:

 

- Sən  ermənini  yeməyə  dəyişməyəndə  az  qalmışdı  səni  atım,  indi

görürəm düz elədin. Yəqin indi onu verib  bir  qardaşımızı  əsirlikdən

alıblar.

 

Şair:

 

- Komandir, Allah haqqı, sən o tikəni erməniylə böldün  ey,  mənim  də

ürəyimdən keçirdi  ki,  yazıqdı,  çörəyimi  onunla  bölüm.  Amma

köpəyuşağına yazıq sözü düşmür.

 

Bakılı Balası:

 

- Bu Qara harda qaldı ey, gəlib çıxmadı?..

 

... Qara hələ ölümlə əlləşirdi...

 

... Arsen posta girəndə hamı çaşdı, bir ağızdan soruşdular:

 

- Qaçdın?

 

- Yox. Özləri   buraxdılar.

 

- Nə axmaq-axmaq  danışırsan,  necə   yəni   buraxdılar?

 

- Buraxdılar də! Mən nə bilim niyə buraxdılar, Komandirləri  dedi  ki,

get yaşa.

 

Lyonik:

 

- Elə heylə dedi.

 

- Hə. Elə heylə dedi. Dedi get yaşa.

 

Əsgərlərdən biri əsəbi halda Lyonikə dedi:

 

- Komandir, nə istintaqa  çəkmisən?  Hörmürsən  ölür.  Qoy  bir  özünə

gəlsin, sonra nə qədər istəyirsən sorğu-suala tutarsan.

 

Stəkana bir az spirt töküb verdilər Arsenə,  o  da  bir  nəfəsə  çəkdi

başına.  Sonra  onu  soyundurdular.  Spirtlə  möhkəm-möhkəm   ovdular,

üstünü də möhkəm-möhkəm basdırdılar. Bir saata qədər  Arsen  ölü  kimi

qaldı. Nəhayət, özünə gəldi.

 

Özünə gələn kimi də Lyonik soruşdu:

 

- İndi danış görüm necə oldu?

 

-  Komandir,   bilmirəm   necə   oldu.   Bilmirəm   niyə   buraxdılar.

Komandirləri dedi , dur çıx get. Het yaşa özünçün.

 

- Axı mən onlara bir o qədər şey verirdim ki, səni buraxsınlar,  qəbul

eləmədilər. Bəs sonra niyə buraxsınlar?

 

- Dedim ki, bilmirəm. Get özün soruş ki, məni niyə buraxıblar,  soruşa

bilirsənsə,- deyə Arsen bozardı.

 

- Buna  yemək  verin.

 

Yemək qoydular, amma Arsen yemədi.

 

- Niyə yemirsən?

 

- Komandir...

 

- Nədi?

 

- Komandir, bir  söz demək   istəyirəm.

 

- De.

 

- Qorxuram...

 

- Dedim  ki,  qorxma, sözünü  de.

 

- Komandir, onların yeməyə bircə tikə də çörəkləri  yoxdu,  özləri  də

soyuqdan donurlar. İcazə ver onlara bir az yemək aparım, spirt aparım.

 

-   Qələt  eləmə,  çörəyini  ye.

 

Arsen əlini yenə çörəyə uzatmadı.

 

- Komandir, özün verirdin ki?!

 

- Onda sən onların əlindəydin. Səni xilas eləməkçün verirdim.

 

- Komandir, elə bil indi də onların əlindəyəm. Ver aparım, Komandir.

 

Lyonik əlinin arxasıyla Arsenin ağzından vurdu:

 

- Dedim ki, qələt eləmə, çörəyini ye.  Cəhənnəmə  ölsünlər.  Beş-altı

türk cəhənnəmə vasil olsa dünya dağılmaz.

 

- Yalvarıram, Komandir. Allah göydən baxır.

 

- Allah göydən baxsa, hamımız öz  xarabamızda-  balalarımızın  yanında

olarıq, bu dağlarda, bu dərələrdə qırılmarıq. Otur  yerində,  çörəyini

ye. Allah səni özünə vəkil eləməyib.

 

Amma Arsen yenə heç nə yemədi. Çəkildi bir kənara,  oturdu  və  başını

da qoydu dizlərinin üstünə, başladı ağlamağa.

 

Lyonik   hirsləndi:

 

- Bəlkə sənin anan türklə yatıb?

 

Arsen  cavab  vermədi.  Əvəzində  əsgərlər  öz  komandirlərinə  etiraz

elədilər:

 

- Lazım deyil,  Komandir! Vermirsən  vermə!  Təhqir  niyə  eləyirsən?

Türklər onun həyatını bağışlayıblar, o da borclu qalmaq istəmir.

 

- Komandirə   qarşı  çıxırsınız?

 

- Komandirə qarşı çıxmırıq, amma  Arseni  də  başa  düşürük.  Beş-altı

saat əvvəl özün türklərə ilan dili çıxarmışdın.

 

Lyonik xeyli susdu. Heç  nə  danışmadı.  Əsgərlər  də  dillənmirdilər.

Arsen də başını qoymuşdu dizlərinin üstünə, içini çəkirdi.

 

Lyonik Arsenə baxdı, baxdı və başını bulayıb dedi:

 

- Zarıma! Dur nə istəyirsən apar...

 

...  Arsen  qara  bata-bata  yuxarı  dırmaşırdı.  Posta   yaxınlaşanda

bir-iki dəfə bərkdən çağırdı:

 

- Ey, Komandir! Komandir! Eta ya! Ya, Arsen!

 

Amma qarşı tərəfdən səs gəlmirdi. Yenə çağırdı:

 

- Komandir! Eta, ya! Ya! Arsen!

 

Amma yenə səs gəlmədi. Yaxınlaşdı posta.  Hamısı  yatmışdı.  Komandiri

tutub silkələdi:

 

- Komandir!  Eta  ya,  Arsen.  Slışiş  menya?  Ya  vam  yedu  prinyos.

Komandir, slışiş?

 

Komandirdən yenə səs gəlmədi.

 

Və Arsen başa düşdü ki, Komandir donub. Komandiri  qucaqlayıb  başladı

ağlamağa.

 

- Komandir! Tı zaçem umer? Ya v jizni ne videl çeloveka kak tı.  Komandir,

tı zaçem umer? Boq ubil ne tebya, a çeloveçnost!

 

Arsen elə ağlayırdı ki, elə bil ölən nə onun dünən  güllə  atdığı,  nə

də ona güllə atan adam idi. Elə  ağlayırdı,  elə  ağlayırdı,  elə  bil

atası ölmüşdü...

 

Sonra Arsen  ağlaya-ağlaya  o  biri  uşaqları  da  bir-bir  silkələdi.

Hamısı donmuşdu, özü də nəinki özləri, əyinlərindəki paltarlar da  buz

bağlamışdı. Birdən hiss elədi ki, biri zarıdı.

 

Arsen tez flyaqasını çıxartdı, Qaraya spirt içirtmək istədi.  Amma  nə

qədər elədi, Qaranın ağzını aça bilmədi. Spirtlə Qaranın  sir-sifətini

möhkəm-möhkəm ovxaladı. Bundan sonra birtəhər onun  ağzını  aça  bildi

və spirti tökdü boğazına. Qara çeçədi. Gözlərini açmaq istədi  və  çox

çətinliklə də açdı,  amma  başının  üstündə  kimin  olduğunu  anışdıra

bilmədi.

 

Arsen bir az da spirt tökdü onun boğazına. Sonra Qaranı  güc-bəla  ilə

soyundurdu.  Spirtlə  möhkəm-möhkəm  əlini-ayağını  ovxaladı,  yenidən

geyindirdi. Qalxdı  ayağa.  O  biri  donan  əsgərlərin  də  kürklərini

çıxartdı. Birini yerə sərib Qaranı uzatdı üstünə, o  biriləri  ilə  də

Qaranı möhkəm-möhkəm bürüdü.

 

Bundan  sonra  gəlib  çöməldi  Komandirin  yanında,   xeyli   əllərini

qoltuğuna qoyub Komandirə baxdı və onu möhkəm-möhkəm qucaqlayıb öpdü:

 

- Komandir,  ya ne koqda   tebya ne  zabudu!

 

Qalxdı ayağa və  yendi  aşağı  öz  postlarına.  Posta  çatanda  Lyonik

soruşdu:

 

- Nə  oldu?  Hələ   ölməyiblər?

 

Arsen  Lyoniki  vurmaqdan   özünü    zorla   saxladı:

 

-  Yox! Yemək-içməyə   görə   də sənə  sağ  ol dedilər.

 

Keçib oturdu bir küncdə, dizlərini qucaqladı.  Arsenə  bir  şey  aydın

oldu  ki,  o  bir  də  heç  vaxt  türkə  güllə  ata  bilməyəcək.  Amma

qorxmasaydı Lyoniki deşik-deşik edərdi.

 

***

 

Çovğun dayanmışdı. İt kimi ulayan külək də kəsmişdi və qıpqırmızı  bir

gün çıxmışdı. Və bu  qıpqırmızı  günün  altında  əsgərlər  Komandirin,

Bakılı Balasının, Şairin, Mazandaran  Pələnginin  və  Qaranın  quruyub

taxtaya  dönmüş  cəsədlərini  göz  yaşı  içində  boğula-boğula  atlara

yükləyirdilər.

 

Birdən hiss elədilər ki, biri tərpəndi. Duruxdular.  Əsgərlərdən  biri

çığırdı:

 

-  Cənab   mayor!   Cənab   mayor! Deyəsən   kimsə   sağdı!

 

Mayor özünü atdı indicə  bir  balaca  tərpənən  əsgərinin  üstünə.  Nə

qədər əlləşdi kürkü  onun  əynindən  çıxara  bilmədi,  kürk  donmuşdu.

Əsgərlərin birinin fin bıçağını  aldı  və  birtəhər  bıçağın  ucu  ilə

kürkü cıra bildi, sonra kürkü əsgərin əynindən çıxartdı və çığırdı:

 

-  Naşatır  verin! Tez eləyin  naşatır  verin!

 

Naşatır  verdilər. Mayor   dəsmalını   çıxarıb  naşatırladı  və   tutdu

əsgərin   burnuna. Əsgər   dərhal    tərpəndi.

 

Mayor:

 

- Sağdı!-  deyib  bağırdı  və  əsgərini sinəsinə   sıxıb  bağıra-bağıra

da   ağlamağa   başladı.

 

Əsgərlər  hamısı hayqırıb  "ura"   çəkdilər:

 

- Qara sağdı!

 

Ermənilər öz postlarında  dayanıb  durbinlə  hadisələri  izləyirdilər.

Lyonik "ura" səsini eşidəndə dilxor-dilxor dedi:

 

-  Ölməyiblər, it   uşaqları.

 

Arsen isə gözlərini yumdu, dərindən nəfəs aldı, indiyədək  özünü  belə

xoşbəxt hiss eləməmişdi.

 

***

 

Qəbiristanlığa  bütün  kənd  yığılmışdı.  Bəlkə  də  bu  qəbiristanlıq

indiyədək  bir  belə  adam  görməmişdi.  Komandirin  hələ  ölümün   nə

olduğunu anlamayan iki balası da  nənələrinin  ətəyindən  yapışıb  gah

qəbirə, gah camaata, gah da şirin bir avazla "Quran"  oxuyan  mollaya

baxırdılar.

 

Bayaqdan saçlarını yolan  kənd  arvadları  mollanın  səsini  eşidəndən

sonra səslərini  çəkmişdilər  içlərinə,  için-için  hıçqırırdılar.  Və

gözləyirdilər ki, molla  "Qur'an"ı  oxuyub  qurtarsın,  yenə  əllərini

atsınlar üzlərinə, saçlarına.

 

Qəbiristanlığa  bütün  kənd  yığılmışdı,  bəlkə  də  bu  qəbiristanlıq

indiyədək  belə  bir  adam  görməmişdi.  Komandirin  hələ  ölümün   nə

olduğunu anlamayan iki balası da  nənələrinin  ətəyindən  yapışıb  gah

torpağı buğlanan qəbirə, gah camaata,  gah  da  şirin  avazla  "Quran"

oxuyan mollaya baxırdılar. Bayaqdan saçlarını yolan kənd arvadları  da

mollanın  səsini  eşidən  kimi   səslərini   içinə   çəkib   için-için

ağlayırdı. Və gözləyirdilər ki, molla "Quran"ı oxuyub qurtarsın.  Yenə

əllərini atsınlar üzlərinə, saçlarına.

 

Qara da onu ölümün  pəncəsindən  qopara  bilməyən  Komandirin  ağacdan

kəsilib yonulmuş və hələ heç  adı  da  yazılmamış  başdaşının  yanında

dayanmışdı. Amma nə mollanın dediyini eşidirdi, nə  də  qəbiristanlığa

yığılmış bu qədər adamı görürdü.

 

Bircə onu  fikirləşirdi  ki,  Allah  elə  bir  möcüzə  göstərəydi  ki,

Komandir üstünə tökülən bu  torpağı  qaldırıb  qalxaydı  ayağa.  Bütün

doğmaları ölənlər dünya yaranandan belə bir möcüzə arzulasalar  da  bu

möcüzə indiyədək baş verməmişdi və heç baş verməyəcəkdi  də.  Hər  bir

doğması  ölən  hər  dəfə  qəbiristanlığa  gedəndə,   əzizinin   qəbiri

qarşısında dayananda bir anlıq da olsa ürəyindən  əzizinin  bu  dəqiqə

ayağa qalxacağına özünü inandırmağa çalışır.

 

Qara  başdaşına  bir  az  da  yaxınlaşdı.  Və  üzünü  başdaşına  qoyub

hönkürdü.  Kimsə  qoluna  girib  onu   sakitləşdirmək   istədi,   amma

ağsaqqallardan biri dedi:

 

- Dəyməyin,  qoyun   ağlasın.

 

Qara için-için ağlayırdı,  ürəyində  də  gah  Allaha  yalvarırdı,  gah

Komandirə:

 

- Komandir, dur ayağa! Dur ayağa, Komandir! Nə olar  dur  ayağa.  Sənə

qurban olum, balalarına  qurban  olum,  dur  ayağa!  Bəs  bizi  Şuşaya

aparacaqdın?! Bəs Şuşaya bayraq sancacaqdıq?!

 

... Əlini qoynuna atıb üçrəngli müqəddəs bayrağı  çıxartdı  və  sarıdı

başdaşına...

 

...Gətirmişəm bayrağı, Komandir. And içmişdin axı?! And  içmişdin  ki,

bu bayrağı Cıdır düzünə qaldıracaqdıq.  Nə  oldu  komandir?  Dur  apar

bizi Şuşaya! Şairin xətrinə qalx! Mazandaran Pələnginin xətrinə  qalx!

Bakılı Balasının xətrinə qalx! Mənim  xətrimə  qalx!  Qalx,  Komandir!

Bizim xətrimizə qalxmırsan, bu bayrağın xətrinə qalx! Şuşanın  xətrinə

qalx!..

 

... Molla "Quran" oxuyurdu. Amma Qara eşitmirdi  bu  "Quran"  ayəsini.

Qara da öz bildiyi bir ayəni oxuyurdu...

 

...  Apar  bizi  Şuşaya,  Komandir!  Apar  bu  bayrağı  Cıdır  düzündə

qaldıraq! Ay Allah!  Ey  yeri-göyü  yoxdan  var  eləyən  kişi!  Qaldır

Komandirimi! Qaldır! Qoy qalxsın ayağa, ya  Rəsul-Allah,  ya  Əli,  ya

İmam Hüseyn, ya Mehdi Sahib Əz-Zaman! Sizi and verirəm Həzrət  Abbasın

qələm  olmuş  qollarına!  Yalvarın  yerin-göyün   sahibinə!   Yalvarın

Komandirimi qaldırsın ayağa!  Qalx,  Komandir!  Bu  bayrağın  xətrinə,

Şuşanın xətrinə, o iki gül balanın xətrinə, qalx Komandir!  Apar  bizi

Şuşaya! Qalx, ay namərd oğlu namərd!

 

Və  birdən...

 

Və  birdən...

 

Və  birdən...

 

Milyon illərdi insanların umduğu, arzuladığı və heç vaxt baş  verməyən

və heç vaxt baş verəcəyi inanılmayan o möcüzə baş verdi.

 

Qəbir başladı titrəməyə. Titrədi,  titrədi,  başdaşı  da  titrədi.  Və

birdən buğlanan torpaq qalağı ətrafa səpələndi...

 

Və...

 

Və Komandir qəbirdən qalxdı. Başdaşını qucaqlayıb  bütün  müqəddəslərə

və Allaha yalvaran Qaranı da başdaşı ilə birgə çiyninə qaldırdı.

 

Və üz tutdu Şuşaya  -  çiynində  Qara,  Qaranın  qucağında  Komandirin

başdaşı və başdaşında da dalğalanan bayraq!

 

Komandir gedirdi Şuşaya.

 

Çiynində Qara, Qaranın qucağında Komandirin başdaşı və  başdaşında  da

dalğalanan bayraq!

 

Komandir  gedirdi.

 

Ardınca   "Quran"ı göyə  qaldırmış  Molla  gedirdi.

 

Mollanın ardınca Komandirin iki gül üzlü balası gedirdi.

 

İki gül üzlü balanın ardınca  da  bütün  kənd!  Kiminin  əlində  yaba,

kiminin əlində dəhrə, kiminin də əlində balta.

 

Komandir  gedirdi!

 

Şuşaya   gedirdi   Komandir!

 

ŞUŞAYA GEDİRDİ  KOMANDİR!

 

ŞUŞAYA   GEDİRDİ   KOMANDİR!

 

... Ey   bu   yazını  oxuyan   oxucu!

 

Atam, qardaşım, əmim, dayım, dostum,  arkadaşım,  balam,  əmim  oğlum,

dayım oğlu,  xalam  oğlu,  ay  bu  Vətənin  övladları!  Ya  Komandirin

ardınca get!

 

Ya da get yaşa! ƏGƏR ŞUŞASIZ YAŞAMAĞI YAŞAMAQ SAYIRSANSA!

 

***

 

28-31 dekabr   2001-ci  il.

 

Artıq yeni ilin ilk sabahı açılır.  Saat  5-ə  22  dəqiqə  işləyir.  3

saatdan sonra dan söküləcək, sabah açılacaq. O sabah ki,  Hinal  dağda

qırılan  oğlanlara,  qız  görməmiş  sinəsindən  yaralanıb  səngərlərdə

qalanlara heç vaxt açılmayacaq!

 

Amma biz bu Vətənin xətrinə balalarımız Hinal dağda  qırılmasın  deyə,

balalarımız qız görməmiş sinəsindən yaralanıb  səngərlərdə  qırılmasın

deyə, o sabahı heç olmazsa  şəhidlərimizin  ruhu  xatirinə  açmalıyıq!

 

Özləri görməyən sabahı heç olmazsa ruhları görsün!

 

Eşidirsənmi,  Vətən  oğlu!

 

 

-SON-

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31