Şair gəlib keçər söz qapısından - YUBİLEY
Ağamir Cavadın arxada 50 illik şair ömrü qaldı, irəlidə də bir şair ömrü var
4 Fevral 2013 13:51 Mədəniyyət
Hafiz Mirza
www.hafizmirza.com
Sanki ömür dünən başlamışdı. Geridə qalanlar ağappaq və apaydın idi. Ağamir uşaqlığını, yeniyetməliyini, gəncliyini heç unuda bilmirdi. Hər şey şirin xatirəyə çevrilib arxasıyca gəlir, onunla irəliyə addımlayırdı. Artıq 50 yaşa çatmışdı. Geriyə baxmaqdan qorxmurdu. Utanc verici nə etmişdi ki? Bir şair ömrü yaşamışdı, vəssəlam! İrəlidə də bir şair ömrü ona məxsus idi. Heç də əvvəldən şair olmağı qətt eləməmşdi. Orta məktəb illərində "Mənim arzum" adlı sərbəst mövzu ilə inşa yazarkən riyaziyyat müəllimi olmağı arzulamışdı. Riyaziyyat çox mürəkkəb elm idi - ona görə. Məktəbi bitirənədək riyaziyyat əlaçısı oldu. Amma məktəbi bitirənədək arzusu tamam dəyişdi. Əvvəllər şairlik ona maraqlı bir məşğuliyyət kimi görünürdü. İlk şeirini yazarkən 4-cü sinifdə oxuyurdu. Qışın oğlan çağında- 31 yanvarda bahara aid şeir yazmışdı. Bu ona çox xoş göründü və iki gündən sonra daha üç şeir yazdı: "Lənkəran", "Bizim ailə" və "Arifin ilhamı" adlı.
Arifin on yaşı var,
Çoxlu-çoxlu "beş"i var,
Dərsinə hər gün baxır,
Üzündən sevinc axır.
İfadləri çox sadə və şirin idi. Əmisi oğlu Vaqif Cavadov onun bu şeirlərini oxudu və bədii ifadələrə üstünlük verməyi məsləhət bildi. Onsuz da şair olmayacaqdı ki. Amma dərslikdə dahi Məhəmməd Füzulinin "Söz" qitəsini oxuduqda, müəllim hər misranı şərh etdikdə poeziyanın necə dərin ümman və hər şeydən daha mürəkkəb, daha gözəl olduğunu anladı və ona vuruldu. Sözdə olan hikmətə və qüdrətə heyran qalmışdı. Hamıya adi görünən, sağa-sola səpilən sözdə nələr vardı! Sözə hakim olmadan gözəl şeirlər yazmaq mümkün deyildi və bu, riyaziyyatdan daha mükəmməl və daha mürəkkəb bir sahə idi. Rəqəmlər konkret idi, söz isə min bir mənalar yarada və hikmətli fikirlər formalaşdıra bilirdi. Bu mənaların arasından daha gözəlini və uyğun gələnini seçib kağız üzərində sözlərdən nəğmələr yaratmaq. Adına poeziya deyirdilər. Poeziyanın musiqisini duymaqdan və onun gözəlliyinə dalmaqdan daha yaxşı nə ola bilərdi ki!? Heç də hamı bu musiqini dinləyə bilmirdi. Onun verdiyi ləzzətin bütün digər həzzlərdən çox və üstün fərqləri vardı. Xalası oğlu Vidadi Qafarlı da belə deyirdi. Vidadi yaşca ondan böyük idi və İncəsənət institutunun teatrşünaslıq fakultəsinə qəbul olmağa hazırlaşırdı. Qəbul olundu da, əla qiymətlərlə bitirdi də. Vidadi bir müddət Lənkəran teatrının ədəbi hissə müdiri, müxtəlif qəzetlərin redaktoru oldu, indi isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Ağamir Vidadinin kitablarını oxuyaraq ədəbiyyat nəzəriyyəsi barədə bilgilərini zəngnləşdirdi. Poeziya bir ayrı aləm, bir yeni dünya imiş. Bu dünyada hər şey gözəl idi. Burada o özünü və hisslərini daha mükəmməl ifadə edə bilirdi. Çox-çox sonralar bir dəfə Vidadi ondan nə üçün daha riyaziyyatçı olmaq istəmədiyini soruşdu. "Doqquz rəqəmə sığmadığım üçün otuz iki hərfə üz tuturam!" dedi. Kitabxanada oxumadığı şeir kitabı qalmamışdı. Ədəbiyyatla bağlı hər şeyi oxuyurdu. Qalın nəzəriyyə kitablarını oxuyaraq poeziyanı daha dərindən dərk edir və əvvəlkilərdən daha fərqli şeirlər yazırdı. Hədəfi Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsi idi. Amma ilk cəhti uğursuz oldu. Sovxozda fəhləlik etmək məcburiyyətində qaldı. Puşkin adına sovxozun fəhləsi! Ağamir Cavadovu hamı gələcəyin bir şairi kimi görür və ona əlavə nəsə bir iş buyura bilmirdi. Bir dəfə yeni şeirlərini götürüb, o vaxt Lənkəranın "Leninçi" adlanan qəzetinin redaksiyasına gəldi. Burada məşhur şairlər Vaqif Hüseynovla Şəkər Aslan şeirlə deyişirdilər. Hər iki rəhmətlik onu dinlədikdən sonra başını razılıqla tərpətdi. Vaqif Hüseynov yerli radionun redaktoru idi. Ağamiri radioya dəvət elədi və şeirlərini səsləndirmək üçün ondan aldı. Amma Ağamir bunu kimsəyə bildirmədi və həmin gün heç özü də radioya qulaq asmadı. Zəif alınacağından və ona lağ edəcəklərindən çəkinir, utanırdı. Həm də bu şeirlərində məhəbbət, gözəllik, incə duyğular ifadə olunmuşdu. Birdən bu şeirləri kimə həsr etməsindən duyuq düşərdilər. Məhəbbəti, eşqi tam ifadə etmək ən qəliz riyazi dusturları düzgün həll etməkdən də çətin idi. Onun ilham aldığı gözəllik ilahəsini daha dolğun vəsf etmək üçün adi həyat reallıqları ilə yaşamaq uyğun deyildi. Şairlər bir başqa dünyanın sakinləri imiş. O dünyaya giriş-çıxış qapısı sözdən yoğrulmuşdu.
Kim haqqı öyərsə, Allahı öyər,
Kim haqqı əyərsə, özünü əyər.
Kim haqqa daş atsa, özünə dəyər,
Hamı gəlib keçər öz qapısından.
Ağamir əskərlik illərində də poeziyadan ayrılmadı. Əskərlik yoldaşlarının "dembil" albomlarını onun yazdığı şeirlər bəzəyirdi. Lənkərana geri döndükdə əvvəlcə mühasiblik kursunu bitirdi. Sovxoza bir neçə mühasib lazım idi. Mühasiblik dövrü onun bir şair kimi formalaşması üçün çox mühüm rol oynadı. Sovxozun imkanları hesabına əski Sovetlər birliyinin ən dəyərli ədəbi jurnallarına abunə olurdu. "Literaturnaya qazeta", "İnostrannaya literatura", "Drujba narodov", "Oqonyok", "Roman qazeta", "Azərbaycan" və "Ulduz" jurnallarının, "Ədəbiyyat" və "Azərbaycan gəncləri" qəzetlərinin daimi oxucusu idi. İstənilən ədəbi mövzu ətrafında ədəbiyyat müəllimləri ilə mükalimələrə girişirdi. Bu qədər zəngin bilik müqabilində onun ali təhsilli olmadığına hamı heyrətlənirdi. Sovxoz Partiya təşkilatının katibi Ağadadaş Əliyevlə birlikdə kənd Mədəniyyət evində tez-tez onun ssenariləri əsasında müxtəlif bayram şənlikləri, tematik gecələr, konsertlər, disputlar, sual-cavab gecələri və rayonda yaşayan şairlərlə görüşlər keçirilirdi. Daha maraqlısı da şairlərlə keçirtdiyi görüşlər idi. 1990-cı ildə Ağamir komsomol putyovkası ilə Zuğulbada "Yaradıcı gənclər" festivalının iştirakçısı oldu. Bakıda baş verən qanlı yanvar hadisələrini bütün dünyaya çatdırmaq lazım idi. Ağamirgil müxtəlif millətlərdən olan gənc yazarlar arasında Azərbaycan həqiqətlərini təbliğ etməyə başladılar. Qısa vaxt ərzində burada "Bakı azad şəhər elan edilməlidir!" tələbi ilə imzalar toplanıldı, müraciətlər qəbul olundu, bu mövzuda silsilə şeirlər yazıldı, hətta piket də keçirildi. Nəhayət 1992-ci ildə Lənkəranda Dövlət Universiteti açıldı. Ağamir onun ilk tələbələrindən biri oldu. O eyni zamanda Lənkəranda fəaliyyət göstərən bütün ədəbi məclislərin üzvü idi. AYB Lənkəran filialının rəhbəri Məhəmmədhüseyn Əliyev ona "Səndə çox parlaq işıq görürəm!" demişdi. Ağamir AYB-nin filialı ilə yanaşı "Söz", "Fövcül-füsəha", "Yeni Ocaq" ədəbi birlikləri ilə əməkdaşlıq edirdi. Tanınmış şairlər (İltifat Saleh, İlham İlhami, Qorxmaz Kadusi) ona yeni kitablarının redaktəsini etibar edirdilər. Anna Axmatovadan tərcümələr edirdi. Yazdığı bir çox şeirləri dillər əzbəri olmağa başlamışdı.
Həvvadan ötrü
Tanrıya kələk gəlmək istədi
babamız Adəm.
Qovuldu Cənnətdən kələk üstə.
O vaxtdan çox illər ötüb.
Başımıza nə gəlirsə,
gəlir elə mələk üstə.
Bu arada sovxoz və kolxozlar ləğv olundu. Amma onun işsiz qalmasını rəva bilmədilər və şəhər 9-saylı məktəbdə müəllimliyə qəbul etdilər. Hələ LDU-nun 3-cü kursunda oxuyurdu. Sonra şəhər 1 saylı məktəbin müəllimi oldu. Eyni zamanda "Söz" jurnalının redaktor müavini vəzifəsinə irəli çəkildi. Bu illərdə tələbə yoldaşı Aytac xanımla ailə qurdu. Universiteti bitirən kimi onu ali məktəbdə müəllim olaraq saxladılar və Ağamir dünya ədəbiyyatından mühazirə və seminarlar keçirtdi. Artıq onu dərc etməyən çox az sayda ədəbi qəzet və jurnal vardı. Ən çox dərc olunduğu isə "Azərbaycan", "Gənclik" və "Ulduz" jurnalları idi. Ölkə mətbuatında Ağamir Cavad adı məşhurlaşmaqda idi. 2002-ci ildə onun "Çəkdiyim şəkillərin ruhu" adlı ilk şeirlər kitabı işıq üzü gördü. 2007-ci ildə "Eşq işığı", 2009-cu ildə isə "İşıq adam" kitabları nəşr olundu. 1995-ci ildə onun "Füzuli" ("Aşiqi sadiq mənəm") pyesi Lənkəran teatrında uğurla tamaşaya qoyuldu. Bir yaradıcı insan üçün kifayət qədər uğurlu nəticələr idi. 1999-cu ildə isə o, Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin ədəbi-məsləhətçi vəzifəsinə təyin edildi. Ona öz poetik zövqünü yaradıcı gənclərə də aşılamaq, onların qolundan tutmaq, ədəbi yol göstərmək, qüsurlarını qeyd etmək, məsləhətlər vermək etibar olunmuşdu. Ötən dövr ərzində Cənub bölgəsinin Lənkəran, Astara, Lerik, Masallı rayonlarından çıxmış gənc şairlərin əksəriyyəti Ağamir Cavad poetik bulağından su içmiş sayılırlar.
Artıq 50 yaşın tamamına gəlib çatıb. Yenə də poeziyasına özünə məxsus incə duyğular hakimdir. Öndə isə onun hamıya və hər şeyə qarşı məhəbbəti durur.
Mənim şeirlərim sevgi şeirləridir;
Dağı da, daşı da sevib yazıram.
Çiçəkli baharı sevdiyim kimi,
Boranlı qışı da sevib yazıram.
Bir insanın hamıya məhəbbətlə yanaşması və hər dərdə, problemə gülümsəyə bilməsi heç də asan sayılmaz. İki övlad atası şair Ağamir Cavad 18 ildir ki, kirayənişindir. Bir neçə il əvvəl adi təsadüf nəticəsində sevimli balası Nurtacı itirdi. Amma bunlar onu sarsıtmadı, iç dünyasını dağıda bilmədi, qələmini korşalaşdırmadı.
Zəhərdi, baldı, apardı,
Ürəkdə xaldı, apardı.
Bu eşqi Allah vermişdi,
Allah da aldı apardı.
Hər bir şairin öz dəsti-xətti, daha çox tapındığı ədəbi cərəyan və ifadə tərzi olur. Şair Ağamir Cavad isə gah heca, gah modernist, gah postmodernist, gah da klassik əruz vəznində şeirlər, qoşmalar, təcnislər, qəzəllər yazır. Bir şair üçün bu da heç asan yol deyil. İç dünyasında kükrəyən, coşan, söz qapısından gerçək dünyaya keçən hər bir şeirin özü hansı tərzi qəbul edirsə, Ağamir də onu o cür yazır. "Sözün xətrinə dəymək olmaz!" deyir.
Bu dünyanın qoruğunda zaman tələ, ömür dəndir.
Gecikdirmə bu vüsalı, hər an, hər gün ömürdəndir.
Gecikdirsən görərsən ki,əlif qəddi kaman gəldi,
Haqq-ədalət meydanına o yari-mehriban gəldi.
Lənkəran ədəbi mühiti, dostları və qohumları yaxşı bilir ki, Ağamir Cavad harda varsa, haraya nüfuz edirsə, orada halallıq olmalıdır. Düzlük, halallıq olmayan yerdə o yoxdur. Bəlkə də buna görə maddi cəhətdən hər zaman sıxıntıları olub, amma halallıqdan yoğrulmuş xislətinə xilaf çıxmayıb.
Torpaq mənə halal eylə,
dadmışam nemətini.
Canımı sənə tapşırıb
verirəm qiymətini.
Ağamir Cavad 1963-cü ilin 05 fevral tarixində, Lənkəranın Veravul kəndində dünyaya göz açmışdı. İndi bu tarixin üstündən düz 50 il keçir. Artıq Lənkəran Mədəniyyət Mərkəzində, işlədiyi 1 saylı məktəbdə və doğma kəndində yaradıcılıq gecəsi keçirilib, 50 yaşın hesabatı verilib. O qədər 50, 60, 70, 80, 100 il yaşayıb dünyadan köçənlər var ki, üç cümləlik hesabat verə bilməz. Ağamir Cavaddan isə artıq indi də, 100 yaşında dünyasından köçərsə o zaman da böyük bir poetik irs qalacaq. Hazırda şairin yubiley münasibətilə yeni kitabı nəşrə hazırlanır. Onun şeirlərini oxuyacaq hər kəs Ağamirin söz qapısından bir şairin iç dünyasına keçəcək və poeziyanın qanadlarında ənginliklərə doğru uçacaq.
Hər şairə nəsib olan böyük istedad və yaradıcılıq taleyi deyil.