Azərbaycandan Əylisə və ya “Daş kimi yatanların” “Daş Yuxular”ı

(Əylisdən Əylisə əsərinin müəllifi Dostum Əkrəm bəyə)


Hörmətli Əkrəm bəy!

Sizin Rusiyada (?!), rus dilində(?!) çap olunmuş "Daş yuxular"adlı əsəriniz "daş kimi yatmış" Azərbaycan cəmiyyətinin oyandırması bəlkə də "hər şərdə bir xeyir var" fəlsəfəsi ilə yanaşıldıqda müsbət hadisədir.

Sizin çagdaş Azərbaycan ədəbiyyatının aparıcı simalarından biri və təkcə Azərbaycanda deyil, eləcə də, dünyada tanınmış ədib olmağınıza kimsə şübhə edə bilməz. Həm də inanıram ki, Sizinlə dostluğumuzdan fəxr etdiyimi də Sizə sübut etməyə ehtiyac yoxdur. Ona görə də, Sizə ünvanlandığım bu yazının bir siyasətçinin yox, bir sıravi Azərbaycan vətəndaşının, sizin minlərlə oxucunuzdan birinin və sizi özünə dost bilən birinin yazısı kimi qəbul etmənizi arzu edirəm.
Mən tam inanıram ki, Siz heç də bədxahlarınız dediyi kimi, nə kökündə erməni olan birisiniz, nə də Pamuk kimi hansısa mükafat naminə bu əsəri yazmısınız.

Sizin öz əsəriniz haqqındakı yazdıqlarınızın da səmimi olduğuna inanıram.

Amma, eyni zamanda bu əsərin yazılma vaxtı (ermənilərin Azərbaycanı işğal etdiyi, Xocalı soyqırımı törətdiyi və buna rəgmən Türkiyəni genosiddə ittiham etdiyi, Rusların yenidən Azərbaycanı işğal niyyətində olduğu bir vaxtda) və çap olunduğu məkan (Rusiya)və oxucu auditoriyasının (rus-erməni) yanlış seçildiyindən, Azərbaycan xalqının və dövlətinin, eləcə də Türkiyənin maraqlarına ciddi zərbə vuracağından şəxsən mən də çox narahatam.

Azərbaycan xalq yazıçısı kimi bu əsərin nə üçün rus dilində yazmağınız, nə üçün ilkin olaraq Rusiyada nəşr etdirməyiniz və nəhayət, nə üçün əsərin öz doğma dilimizə tərcümə edilməsinin qəti əleyhinə çıxmağınız şəxsən məndə bir çox cavabı olmayan suallar doğurur.
Sizin mətbuatdakı özünü müdafiə xarakterli çıxışlarınızı oxudum və anladım ki, siz nə üçün yazdığınız əsərə görə tənqid olunmağınızı və ictimai narazılığın səbəblərini özünüz üçün aydın təsəvvür etmirsiniz. Ona görə də, bu kiçik yazını Sizə və bütünlükdə geniş kütlələrə müraciət edən əsərlərin müəlliflərinə kiçicik bir xatırlatma kimi yazdım.

Bu bir sirr deyil ki, hər bir əsər müəllif (ədib) - şəhriçi (filoloq və ya ədəbi tənqidçi) - oxucu (siravi vətəndaş) üçlüyünün münasibətlərini özündə ifadə edir.

Siz müəllif olaraq, sizin üçün düzgün, obyektiv, xeyirli hesab edilə biləcək əsər yaza bilərsiz. Lakin, oxucuları və tənqidçiləri həmin əsəri siz istəyən kimi başa düşməsinə məcbur edə bilməzsiniz. Hər bir ədəbi tənqidçi həmin əsəri öz mövqeyinə uyğun şərh edə və oxuculara əsər haqqında siz düşündüyünüzdən fərqli fikirlər çatdıra bilər. Nəhayət, hər bir oxucu özünün təhsil səviyyəsindən, dünyagörüşündən və nəhayət vətəndaş mövqeyindən asılı olaraq oxuduğu əsərdən fərqli qaydada təsirlənə və bəhrələnə bilər. Beləliklə, istənilən əsər geniş oxucu auditoriyası tərəfindən birmənali qarşılana bilməz və bu zamam əsas kimi böyük çoxluq əsəri necə dəyərləndirməsi əsas götürülməlidir. Mən öz fikirlərimi istənilən sayda dünyaca məşhur filosofların, sosioloqların, hermenevtiklərin (şəhrşünasların), ədəbiyyatşünasların fikirləri ilə əsaslandıra bilərəm. Lakin burada bilavasitə bizim mübahisə predmeti ilə bağlı olan bir neçə mütəfəkkirin ədəbiyyat haqqında fikirlərinə istinad etməklə kifayətlənirəm.

Nobel mükafatı laureatı məşhur filosof Anri Berqson "Psixoloji vəziyyətin intensivliyi haqqında" əsərində yazır: "Şair (o cümlədən nasir - S.C.) - o adamdır ki, onun hisləri obrazlara, obarazlar isə qulaq asanda (və ya oxucuda S.C) onların ritmini ifadə edən - sözlərə açılır. Nə zaman ki, bu obrazlar bizim gözümüzün qarşısından keçir, biz də öz növbəmizdə, belə deyək, onların emosional ekvivalentini, hiss edirik." Əvvəla, hansı hislər sizdə baş qaldırıb ki "erməni öldürən vəhşi Əylisli" obrazı yaratmısınız? İkincisi, Berqsonun fikirlərindən çıxış etsək, yəqin ki, sizin əsərinizdə təsvir edilən - Əylisdə XX əsrin əvvələrinə etnik münaqişə zəminində baş vermiş hadisə - oxusunun "gözlərinin qarşısından keçəndə" məhz onlarda obrazın ritminə uyğun "emosional ekvivalent hiss" yaranacaq, bu hiss Əylisli türkün vəhşiliyinə görə ona (bütünlükdə türklərə) qəzəbdən və nifrətdən, əylisli erməniyə (bütünlükdə ermənilərə) yazıqlıqdan və həmrəylikdən ibarət olacaq. Beləliklə, əsəriniz onu oxuyan hər bir oxucuda sizin təsvir etdiyiniz hadisəyə ekvivlent olaraq bizim xalqımıza nifrət hissi oyadacaq.

Əslində siz bir şeyi unudursuz ki, bədii əsərin dərki elmi əsərlərin dərkindən kəskin fərqlənir. Yəni, elmi əsərdən fərqli olaraq istənilən bədii əsər çoxmənalı dərk olunandır. Məşhur şəhrşünas alim M.Qadamer "Metod və həqiqqət" adlı kitabında yazır: "Filologiya ilə təbiət elmləri arasında erkən mərhələdə onların dərketməsi sıx ikili mənaya malikdir..." "Əsərlərin və ağıllı nitqlərin düzgün şərhinə giriş" məqaləsində isə yazir ki, "müəllifi anlamanın təkmilliyi - bu tamamilə mətnin və ya nitqin təkmil başa düşülməsi deyildir. Kitabı başa düşmək norması heç bir vəchlə müəllifin rəyi deyil. Belə ki heç də bütün insanlar nitqin və ya əsərin o sözlərinə baxmaq qabiliyyətinə malik deyil ki, onlar müəlliflərin deməyə və ya yazmağa hazırlaşmadıqları nəyisə ifadə edir. Başqa sözlə, onların əsərlərini başa düşmək onların müəlliflərinin ağlına gəlməyən şeylər haqqında düşünməkdir."

Hörmətli Əkrəm bəy!

Siz hansı niyyətlə bu əsəri yazmısınızsa və bu əsərlə bağlı ağlınıza nə gəlirsə gəlsin, bu heç də o demək deyil ki, oxucular da həmin əsəri eyni dəqiqliklə başa düşməlidirlər və ya başa düşə bilərlər. Əksinə bu əsəri oxuyanların ağlına sizin demək istəmədiyiniz və yazmadığınız fikirlər -xalqımızın vəhşiliyi, qeyri tolerantlığı, etnik dözümsüzlüyü, ermənilərə qarşı genetik düşmənçiliyi ilə bağlı fikirlər gələcək. Qadamerin fikirlərindən də görünür ki, sizin nə niyyətlə bu əsəri yazmağınızdan asılı olmayaraq, onu oxuyan oxucular öz iradələri ilə sizin nəzərdə tutmadıqlarınız haqqında - Azərbaycan türklərinin guya ermənilərə qarşı vəhşiliklər etməsi haqqında düşünəcək, hansı ki, bu gün Türkiyə və Azərbaycan torpaqlarına iddia edən, uydurma erməni genosidini tanıtmaq üçün bütün dünyada təbliğat aparan erməni millətçiləri üçün və onların müttəfiqi olan Azərbaycanı hər gün daha çox təhdid edən Rus şovinistləri üçün göydəndüşmə bir əsas olacaqdır.

Başqa bir alim, Şlayermaxer yazir: "Bədii düşüncə" özünün "az və ya çox zövqü ilə fəqləndirici cizgilərə malikdir və özündə subyektin ani aktını təqdim edir...yazıçını onun özünün-özünü başa düşdüyündən yaxşı başa düşmək lazımdır." Dögrudanmı siz "sizin bir ani aktınızı" təqdim edən əsərinizi "Sizdən yaxşı başa düşəcək"erməni bədxahlarının ortaya çıxacağına inanmırsınız və yoxsa ən azından siravi oxucuların çoxluğu təşkil edərək məhz bu əsəri sizin başa düşdüyünüz kimi başa düşəcəyinə ümid edirsiniz?

Siz, özünüzə haqq qazandırmaq üçün xeyli şərhlər yazırsınız, halbuki, unudursuz ki, müəllif özünün şərhçisi ola bilməz. Müəllifi şəhr etmək ədəbi tənqidin və oxucunun haqqıdır. Bununla bağlı M.Qadamer yazır: "Heç vaxt unutmaq olmaz ki, obrazı yaradan rəssam onun etiraf edilmiş interpretatoru deyil. İnterperator keyfiyyətində o ali avtoritet deyil, reçipetlər qarşısında heç bir prinsipial üstünlüyə malik deyil...şərhin bir ölçüsü vardır - onun "düşündüyü"onun yaradıcılığının məna mahiyyəti. Dahi yaradıcılıq haqqında təlim yaradıcı ilə interperator arasındakı fərqi silərək vacib yaradıcı fəaliyyət əldə edir." Əgər, siz bu əsərinizi dahi bir əsər hesab etmirsinizsə (hansı ki, belə olsaydı sizin fikilərinizlə oxucuların və şərhçilərin fikirləri üst-üstə düşərdi) onda bilməlisiniz ki, sizin öz əsəriniz haqqında rəyinizlə ola bilsin heç kimin rəyi üst-üstə düşməsin. Bu gün siz müəlif kimi əsərinizi tənqid edən və sizi ittiham edən oxucularınızdan heç bir prinsipial üstünlüyə malik deyilsiniz. Siz özünüzü sizi ittiham edən minlərlə siravi oxucudan yalnız biri kimi müdafiə edə bilərsiniz. Məşhur psixoloq M.Fuko "Həqiqət əzmi" adlı əsərində yazır: "Ümumiyyətlə -...istənilən mətnin şəraitini düşünməkdən ötəri səyin dərinliyinə ecazkar cəhd edilir, şərait eyni zamanda onun yayıldığı məkan və onun açıldığı zamandır."

Çox təəssüf ki, siz "Daş yuxular"ın mətnidə təsvir etyiniz "şəraitin açıldığı zamanı və məkanı" geniş və aydın şərh etməməklə əsərinizin düşmənlərimizin əlinə dəstəvüz verdiyinin fərqində deyilsiniz. Əgər, siz kiçik Əylis kəndində baş verən hadisələri 20-ci əsrin əvvəllərində azqala bütün dünyanı bürümüş birinci dünya müharibəsi və bu müharibədə Rusiya və Antantanın Qafqaz siyasəti və ya antitürk siyasəti, bu siyasətə Qafqazda və Anadoluda ermənilərin alət olması və erməni millətçilərinin bu cografiyada törətdiyi ağlagəlməz vəhşiliklər fövqündə təsvir etsəydiniz, bəlkə də Əylisdə türkün ermənini öldürməsi əleyhinizə və əleyhimizə işləyən sübut olmazdı. Ən azından, əgər əsəriniz Əylis hadisələri ilə səsləşən Qubadakı erməni soyqırımının nəticəsi olan və son günlər aşkarlanmış kütləvi məzarlıqlarla əlaqələndirilsəydi və ya bu hadisədən yüz il sonra şəxsən özünüzün şahid olduğunuz Xocalıda erməni-rus birliyinin törətdyi insanlıq adına ləkə olan vəhşiliklə bağlantı qursaydınız, bəlkə də kimsə sizi qınamazdı. Təəssüf ki, siz yalnız özünüzün fərdi qaydada şərh edə biləcəyiniz mənada hadisələri təsvir etmisiniz.
Siz deyə bilərsiz ki, mən etnik türkəm və ermənilər ya da ruslar mənim əsərimdən mənim xalqıma qarşı istifadə edə bilməz. Amma belə düşünürsünüzsə yenə səhv edirsiniz. M.Fuko müəlliflə bağlı yazır: "Müəllif funksiyası bu və ya başqa cəmiyyətin daxilində tam müəyyən dikursların mövcudluğunun, funksiyalaşmasını və dövr etməsinin üsulu üçün xarakterikdir... müəllif anlayışı ideyalar tarixində, biliklərdə, ədəbiyyatda,eyni dərəcədə elmin və fəlsəfənin tarixində fərdiləşmənin mühüm məqamını konstitutlaşdırır." Göründüyü kimi, bu gün müəllif olaraq Azərbaycan cəmiyyətində narazılıqlarla qarşılanan siz, başqa bir cəmiyyətdə - Ermənistanda və ya Rusiyada qəhrəman kimi qarşılanacaqsız çünki "müəllif kimi siz" fərdiləşmənin (öz xalqından, cəmiyyətindən ayrılıqda götürülmənin) mühüm məqamının konstitusiyalaşdırırsınız", yəni siz Azərbaycan xalqından, türk millətindən olan biri kimi yox, sadəcə müəllif kimi, fərd olaraq qəbul ediləcəksiniz.

Sizin yazdıqlarınız həm də ona görə mübahisə doğurur ki, siz Erməni Azərbaycan qarşıdurmasında başqa faktlardan - xalqımıza rəğbət oyandıra biləcək real faktlardan yazmamısınız. Məsələn, elə Əylisdə sizin təsvir etdiyiniz erməni öldürülməsinin əksinə olaraq, həmin vaxt Naxçıvana hücüm etmiş və çox böyük vəhşiliklər törətmiş erməniləri böyük düzdə darmadağın edən nehrəmlilərin iki min erməni əsirinin silahlarını alıb, canlarını bağışlamasından, onların isə sonradan Qarabağda amansız qətliam törətməsindən yazsaydınız daha obyektiv olardınız.

Nəhayət, fikirlərimi yenə də Qadamerin fikirləri ilə qurtarmaq istiyirəm. "Mətnlərin başa düşülməsi və şərh edilməsi, təkcə elmi vəzifə deyil, həm də aydın şəkildə bütünlükdə insan təcrübəsinə aiddir." Hansı ki, sizin əsərinizin mətnin başa düşülməsində əsrin əvvəllərindəki və çağdaş dövrümüzdəki erməni türk qarşıdurması təcrübəsi öz əksini tapmadığından, bu əsər bütün dünyada bizim dövlətimizin, xalqımızın o cümlədən, Qardaş Türk dövlətinin və xalqının əlehinə işləyəcək şəkildə başa düşüləcəkdi.

SƏRDAR CƏLALOGLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31