Nizami Cəfərov: “Onlar bir müddət həyasızlıq etdilər, amma indi yaşlaşırlar...” - MÜSAHİBƏ

Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Nizami Cəfərovun müsahibəsi

- Milli Məclisin son sessiyasında "Mədəniyyət haqqında" qanun qəbul olundu. Bu qanunun konsepsiyası nədən ibarətdir?

- Bu qanun xüsusi inqilabi konsepsiya ilə gəlməyib. Sadəcə olaraq, birinci qanundan 15 il vaxt keçmişdi. Həmin qanun o zaman qəbul olunub ki, hələ Azərbaycan, mədəniyyət sahəsinə sərf etmək üçün bu qədər maddi imkana malik deyildi. Ölkəmizin dünya ilə inteqrasiyası da zəif idi. Çünki qanun 90-cı illərin ortalarından hazırlanıb. Bir sıra məsələlər var idi ki, onlar o dövrün səviyyəsində hazırlanmışdı. Doğrudur, qanunun qəbul olunması ilə Azərbaycan mədəniyyət sahəsində böyük dəyişikliklər baş verdi. Həm Azərbaycan mədəniyyətinin inkişafı, həm klassik irsinin öyrənilməsi, mədəniyyət müəssisələrinə diqqət yetirilməsi, teatr və kinoteatrların təmiri, muzeylərin, kitabxanaların yenidən istifadəyə verilməsi və sair. Bunlar bir sıra yeni mədəniyyət münasibətləri formalaşdırdı. Amma bizim dünya ilə inteqrasiyamız və dünyanın qəbul etdiyi bir sıra hüquqi sənədlər var idi. O sənədlərə ratifikasiya etdik, qoşulduq. Həmin sənədlərdə xüsusi öhdəliklər var. Xüsusilə tarixi abidələrin daha ciddi qorunması, tarix və mədəniyyət abidələrinin dünyaya açıq olmasıdır. Həm milli dəyərlər qorunmalı, dünyaya təqdim olunmalı, həm ümumbəşəri dəyərlərlə dialoq aparılmalıdır.

- İndiki qanunla müqayisədə boşluqlar çox idi?

- Bəli, çox ciddi boşluqlar hiss olunurdu. Biz bu qanunu Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hazırladıq. Onların təcrübədən irəli gələn bir çox təklifləri var idi. Həmin təkliflər keçmiş qanunda yox idi və dəyişilməsinə, yenilərinin əlavə edilməsinə zərurət yaranmışdı. Məsələn, əvvəlki qanunda öz həllini tapmayan məsələlərdən biri də tarixi abidələrə münasibət  idi. Çünki Azərbaycanda hazırda böyük quruculuq işləri gedir. Ona görə də tarixi abidələrin dəyərli müəyyən edilməlidir. Bu işlər elə aparılmalıdır ki, tarix pozulmasın. Daha sonra köhnə qanunda fikir verilməyən çox önəmli məsələlərdən biri və müasir dövrün ən çox tələb edilən işi prodüserlik institutunun yaradılmasıdır. Düzdür, bizdə prodüserlərin adı çəkilir. Amma bu, prodüserlik anlayışından uzaqdır. Sadalanan bu məsələlərin hamısı indiki qanuna gəldi.

- Mübahisəli məsələlərdən biri də Yaradıcılıq İttifaqlarının yaradılması və maliyyələşdirilməsidir.

- Ciddi məsələlərdən biri və hələ də özündə mübahisəli məqamlar daşıyan  yaradıcı şəxs və yaradıcılıq ittifaqları anlayışıdır. Bəzən deyilir ki, onlar da Qeyri-Hökumət Təşkilatlarıdır və QHT-lərə olan münasibətlər göstərilməlidir. Amma elə deyil. Bunlar başqa QHT-lər kimi deyil. Yaradıcılıq təşkilatları bizim tariximizdir. Xalqın tarixi qarşısında böyük məsuliyyətləri var. Bu təşkilatların demək olar ki, hamısı dövlət hesabına maliyyələşdirilir. Bəziləri isə maliyyələşdirilmir. Biz qanuna maliyyə məsələsini daxil etmədik. Ümumi fikir səsləndirdik ki, yaradıcı qurumlara xüsusi sosial təminat verilə bilər. Qanunlara maliyyə məzmunlu fikir salırıqsa, dövlətin maliyyə siyasətini məhdudlaşdırırıq. Amma bu məsələ bir qədər ziddiyyətlidir. Çünki sabah bu təşkilatların oxşarı yaradıla bilər.

- Necə ki, Kinematoqrafçılar İttifaqı iki oldu.

- Eyni ilə. Bu hadisəni gördük. Əslində belə çıxdı ki, onların biri rəsmi olaraq fəaliyyətini dayandırdı. Amma ola bilər, yenə də fəaliyyət göstərsinlər. Burada  hüquqi şəxs kimi onların qeydiyyatı tələb olunur. Düşünürəm ki, onlardan yeni yaranan yaşayacaq. Deyim ki, bu qanunla xüsusi bir konsepsiya təqdim olundu, yox. Bu gün dövlətimizin yürütdüyü mədəniyyət siyasətinin, xüsusi ilə son illər baş verən hadisələr və qazanılan yeni təcrübələr əsasında bu qanun daha mükəmməl variantda təqdim olundu.

- Birinci və ikinci oxunuşda ciddi mübahisələr yarandı. Ziddiyyətli məqamlar hansılar idi ?

- Bəli. Biz bilərəkdən əvvəlcə çox böyük dəyişikliklər etmədik. Mədəniyyət sahəsində olan qanunlar elədir ki, burada nəyisə ümumiləşdirmək, dəqiq müəyyən etmək çətindir. Bir növ hüquqi təfsir vermək asan deyil. Çünki bu, mənəviyyat sahəsidir. Məsələn, Cinayət Məcəlləsində hər şey aydındır. Kim, nəyə görə, necə cəzalanacaq? Amma mədəniyyətlə bağlı qanunların hazırlanmasında mənəvi-ruhi tərəflər var ki, bunlar daha çox ümumi ictimai məzmun daşıyır. Məsələn, sən qanunda yaza bilməzsən ki, yazıçı yaxşı roman yazmalı, rəssam yaxşı əsər çəkməlidir, teatrda yaxşı tamaşalar nümayiş olunmalıdır. Amma faktiki olaraq bu sahədə olan qanunların müvafiq müddəaları bunu deyir. Bir yazıçı ömür boyu mükafatlar da alar, əsərlər yazar. Sonradan məlum olar ki, bu yazıçının yazdığı əsərlər cəmiyyətə bir cinayətkarın vurduğu ziyandan daha çox ziyan vurub. Məsələn, zövqsüzlük yaradıb. Odur ki, biz birinci oxunuşda ortaya daha ümumi məsələlər qoymuşduq. Haqlı olaraq da kəskin tənqid olunduq. Terminologiyadan başlamış, bəzi müddəaların olmamasına qədər xeyli etirazlar olundu. İkinci oxunuşda daha ciddi çalışdıq. Mədəniyyət və Turizm, Ədliyyə Nazirliklərinin mütəxəssisləri, eləcə də Maliyyə Nazirliyinin nümayəndələri geniş qeydlərlə yardımçı oldular. Elə bilirəm ki, ikinci oxunuşa təqdim edəndə xeyli az iradlar oldu. Bu qanuna biz 30-a qədər anlayışın izahını yazdıq. Mədəniyyət, yaradıcı şəxs, mədəniyyət abidəsi, tarixi abidə, maddi və qeyri-maddi mədəniyyət abidəsinin izahını verdik. Çünki bu, əvvəlki qanunda yox idi. Düzünü deyim, asan başa gəlmədi. Çünki elə ifadə var ki, ümumişlək leksikonda hərə bir cür qəbul edir. Onu hüquqi sənədə gətirəndə istər-istəməz çərçivəsini dəqiqləşdirmək tələb olunur. Elə bilirəm ki, buna maksimum dərəcədə  nail olduq.

- Qanunla Yaradıcı İttifaqların səlahiyyətləri müəyyənləşdirildi. Əvvəlki ilə müqayisədə fərqlilik nədə oldu?

- Qanun hazırlanarkən ümumi praktikanı nəzərə aldıq. Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, eləcə də inkişaf etmiş ölkələrdə bu vəziyyətin necə olmasına diqqət etdik. Burada ən ümumi prinsip budur ki, yaradıcı şəxslər sahələrinə uyğun olaraq müəyyən ictimai qurumlarda birləşə bilərlər. Bu, ümumi təfsirdir. Ənənəvi qurumlar ki var, onları tarixən yarandığı üçün nüfuzlu qurumlar hesab edilir. Amma ağlımıza sığışdıra bilmirik ki, yeniləri yaransa necə olacaq? Yenilərin yaranması qanunda deklarativ şəkildə təqdim olunur. Yəni, bu, ola bilər. Amma olmuş, tarix yaşayan, xalqın mədəniyyətində xüsusi mövqeyi olan qurumlar var ki, biz təcrübəli hadisə olaraq onlara istinad edirik. Onların funksiyalarından çıxış edərək maliyyə təminatı, fəaliyyətində xarici əlaqələr, gömrükdən müəyyən vəsaitlərin sərbəst keçirilməsi, incəsənət, mədəniyyət mübadilələrində milli dəyərlərin nəzərə alınması və sair kimi məsələlər və digər üstünlüklər bu təşkilatlara verilir. Qanunla onların səlahiyyətləri müəyyənləşdirildi. Məsələn, Yazıçılar İttifaqının fəaliyyəti nə həddə olmalıdır? Bir də görərsiniz ki, hansısa bir ictimai qurum özünü partiya kimi təqdim edə bilər. Partiyanın funksiyasını yaradıcılıq ittifaqı öz öhdəsinə götürə bilməz. Bunlar bu cür hüdudlandırılır. Amma ümumi ziyalılıq səviyyəsində onlar öz fikirlərini söyləyə bilərlər. Yaradıcılıq təşkilatın nə olduğunun izahı veriləndə avtomatik olaraq məhdudlaşdırılır.

- Həmin təşkilatların maliyyələşməsi hansı mexanizmlə həyata keçiriləcək?


- Əslində, Yazıçılar Birliyi ənənəvi olaraq maliyyələşir. Eləcə də Rəssamlar İttifaqı. Onlar bir vaxtlar həmin maliyyədən imtina etmişdi. Demişdilər ki, biz daha sərbəstik, maliyyəni özümüz qazanacağıq. Bu təcrübə özünü doğrultmadı. Yenidən maliyyə vəsaiti istədilər. Bəstəkarlıq İttifaqında da problem yoxdur. Tək problem Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqındadır ki, xeyli müəmmalı məqamlar qalıb. Burada məsələ necədir? Maliyyə vəsaitinin ayrılmasının fərqli cəhətləri var. Maliyyə əvvəllər birbaşa ayrılırdısa, indi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Məsələn, Yazıçılar İttifaqına maliyyə qurumun saxlanılması, İttifaqın orqanlarının təmin olunması üçün ayrılır. Teatra teatr tamaşalarına görə ayrılır. Amma məsələ burasındadır ki, teatrlar Teatr Xadimləri İttifaqından xeyli sərbəstdir. Öz tamaşasını özü qoyur, ittifaqla məsləhətləşmir. Kino da elədir. Məsələn, nazirlik maliyyəni ayırır, sifariş verir. Kinematoqrafçılar İttifaqı isə seyrçi qalır. Ona görə də bu iki İttifaqın maliyyələşdirilməsində problem yaşanır.

- Prodüserlik institutu dediniz. Bu, necə yaradılacaq?

- Prodüser müstəqil olaraq bir müğənninin, yazıçının da prodüseri ola bilər. Biz daha çox hamı ilə işləməyi bacaran insan axtarırıq. Sənət əsərini bazara çıxaranda bir adamın işi ilə kifayətlənmək olmaz. Xarici prodüserləri görürük. Onlar sırf bu işi bilənlər olur. İndi Azərbaycanda elə adam yoxdur. Amma mühit var.  Biz xarici ölkə təcrübəsindən yararlanacağıq. Məhsul bazara nə zaman, hansı şəraitdə çıxarılmalı, daxili bazarda necə təqdim olunmalı, beynəlxalq bazarda hansı yollarla istehlakçıya çıxmalı olduğunu prodüser bilməlidir.  Bu gün onsuz keçinmək mümkün deyil. Çünki bizim yaradıcı adamlar o baxımdan xeyli əziyyət çəkirlər. Elə iş var ki, vaxtında və harada təqdim olunmalı olduğunu prodüser müəyyən etməlidir. Bu şəxslər mübadilə işlərini aparan, sənət, incəsənət bazarını bilənlər olmalıdır. Avropada belə insanlar çoxdur. Bu, bir, iki ilin işi deyil. Həm bir nəfərlə işləmək də prodüser olmaq demək deyil. Gərək bu sənət sahəsinin tam mütəxəssisi olsun. Bizim muğam və aşıq sənətimizi təqdim edəcək prodüserlik institutu yetişə bilər. Çünki dünyada bu məhsula ehtiyac var. Çətin odur ki, anlaşılmayan, qəbul olunmayan sahələr üzrə yetişsin.

- Şou-biznes qanunları necə tənzimlənəcək ?


- Çox problemli məsələdir. Şou-biznesin öz qanunları var. Yəni, burada istənilən şou göstərilir. Bu, bir müğənni səviyyəsində də, qrup, teatr tamaşası səviyyəsində də ola bilər. Bu tənzimləmədə iki məqama fikir vermək lazımdır. Birincisi, sənətkarlıq, peşəkarlıq yüksək olmalıdır. Bunu da qanunla həll etmək çox çətindir. Bu, ictimai müzakirələrlə, televiziyaların yaratdığı bədii şuralarla müzakirə olunmalıdır. Şounun bir tərəfində də biznes var. Orada maliyyə münasibətləri var. Şou-biznes nümayəndələrinin vergidən yayınması ən böyük təhlükələrdən biridir. Məsələnin bu tərəfi Vergilər Nazirliyi səviyyəsində tənzimlənməlidir.

- Sadaladığınız məsələlərlə bağlı televiziya rəhbərləri ilə görüş keçirilibmi?

- Bu məsələ ilə bağlı mədəniyyət və turizm naziri ilə televiziya rəhbərlərinin görüşü keçirib. Nazirlik burada hər hansı bir qadağa müəyyən etmir. Amma ümumi mənafeyə, mədəniyyətimizin inkişafı üçün bir sıra tövsiyələr söylənildi. Televiziyalar buna zahirən müqavimət göstərmədilər. Onlar da maraqlıdır ki, keyfiyyətli olsun. Amma əksəriyyəti müstəqildir. Maliyyə vəsaiti qazanmaq üçün istər-istəməz maraqlı veriliş yaradanlarla müqavilələr imzalanır və maliyyə vəsaiti burada rolu elə oynayır ki, kimsə özünü sadəcə olaraq reklam edir. Müğənni özünü reklam edir ki, onu toya çağırsınlar. Bunlar ümumi mədəniyyətə mənfi təsir edir. Amma danılmaz faktdır ki, gənclərimizin şouya çox ciddi meyli var. Hansı yolla, nə cür olur-olsun, nə istəyirsən oyun çıxarırlar, təki televiziyaya çıxsınlar.

- Kitabxanaları söküb, yerində restoran tikəndə belə olacağı anlaşılan idi...

- Bu, bizim ən ağır problemlərimizdəndir. Bu yaxınlarda bir müşavirəmiz oldu. İndi yavaş-yavaş kitabxanalara qayıdış olur. Kitabxanalarda xüsusi texnikalar quraşdırılır. Hazırda məktəb və mərkəzi kitabxanalar gücləndirilir. Biz bu praktikaya kənd kitabxanaları ilə başlasaq, özünü doğrultmayacaq. Bir məqamı da qeyd edim ki, latın əlifbasında kütləvi nəşrlər olmasa idi, kitabxananda nə olacaqdı - yalnız kiril əlifbasında köhnə kitablar. Bununla bir tarix dəyişdi. İndi kompüterləşmə gedir. Axundov adına kitabxana dünyanın ən məşhur kitabxanaları ilə əlaqə saxlayır. Həm yeniləşir, həm oxucuları var.

- Yeni kitabxanalar tikilə bilər. Axı insanlar kitaba cəlb etmək lazımdır. Televiziyalarda niyə kitab reklamı getmir ?

- Tamamilə doğrudur. Mən razıyam ki, kitab reklamı daha ciddi olmalıdır. Yeni formalar tətbiq edilməlidir. Komitəmiz tərəfindən dəfələrlə müzakirə edilir ki, biz necə edə bilərik ki, insanlar kitaba cəlb olunsun. Bilirsiniz, indi kompüter əsridir. Hamı məlumatı ordan oxuyur. Amma şeiri, romanı yəqin ki, kitabdan oxumaq maraqlıdır.

- Kitabdan söz düşmüşkən, ədəbiyyatımızın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz ?

- Mənə belə gəlir ki, bir vaxtlar bizim dilimiz mədəniyyətimiz bədii ədəbiyyatla inkişaf edirsə, bu gün publisistika ilə inkişaf edir. Sənədli əsərlər insanı daha çox cəlb edir. O mənada bədii əsər az oxunur. Bu gün insanları daha çox nə maraqlandırır: Kremldə vaxtı ilə nələr baş verib? Hitler Mussoliniyə nə dedi? Daha çox siyasi, konkret şəxsiyyətlərlə bağlı əsərlər oxunur. Bir vaxtlar detektivlərə meyl var idi. İndi o da yoxdur. Çünki uydurma olan şey maraq doğurmur. Deyə bilərlər ki, indi onların kitabı çox satılır, mən deyərdim ki, bu artıq belə deyil. Çünki detektiv yazarların bir xüsusiyyəti də ciddi ədəbiyyat yaradanlardan fərqli olaraq, özlərini həddindən artıq reklam etmək, özləri haqqında doğru olmayan məlumatlar yaymaqdır.

- Bir vaxtlar detektiv yazarların orta məktəb dərsliklərinə salınması məsələsi gündəmdə idi. Yenə belə təkliflər varmı?

- Hə, bir vaxt belə istək var idi. Cəhd edirdilər ki, orta məktəb mövzularını yüngülləşdirsinlər. Amma bilməlidirlər ki, orta məktəb klassika ilə yetişməlidir. Orta məktəb Bəxtiyar Vahabzadə ilə, İsmayıl Şıxlı ilə bitirsə, bu, kifayətdir. Doğrudur, şagirdlər mümkün qədər çox yazıçının adını bilməlidir. Amma orta məktəbin özünəməxsus proqramı olur.

- Son illər Azərbaycanda gündəmi dəyişəcək əsər yazılmır...

- Bu gün daha çox Qarabağ, vətənpərvərlik mövzusunda yazılır. Eləcə də insanın psixoloji vəziyyəti, məişət münasibətlərin də yazılır. Son 10 ildə tarixə aid bir çox əsərlər yazıldı.

- Tarixi mövzulardan çox gənc yazarların açıq-saçıq mövzuları daha çox diqqət çəkdi.

- Gənc yazarlar bir müddət həyasızlıq etdilər. Amma onlar da yaşlaşırlar. Biz dünya ədəbiyyatına açıldıq. Oradan müəyyən mövzular gəldi. Bu, olmalı idi. Özü də gənc nəslin yaradıcılığına gəldi. Yaşlı nəsil bunu qəbul etmədi. Mən sizə bir məqam deyim. Vaxtı ilə Anarın Elçinin Əkrəmin əsərlərində müəyyən elementlər var idi. Amma gənc nəsil isə onu kontekst kimi gətirdi. Çox qəribədir ki, bizim ədəbiyyatımızın həm Azərbaycan, həm dünya miqyasında ədəbiyyata nəinki 2000-ci, 1990-cı illər, heç 80-ci illərdə gələnlər də təqdim edilmir. Daha çox əvvəlki nəsil nüfuzludur. Bu, bir az paradoksal bir şeydir. Bunun müsbət cəhətləri də var, amma çox ciddi mənfi cəhətləri də var. Yazıçı istədiyini yaza bilər. Amma gərək onu qəbul etsinlər. Ədəbiyyatın qaydaları, prinsipləri, yaşama enerjisi var. Gərək o enerji olsun, cəmiyyət o ruhu tuta bilsin, yaşada bilsin.

- Bayaq şoudan danışdıq. Biz şouya həddindən artıq meylliyik. Mədəniyyətin ciddi sahəsinə isə maraq yoxdur. Səbəblərdən biri də bu, ola bilərmi ki, bu sahədə çalışanların maddi vəziyyətləri çox aşağıdır?

- Şouya maraq insanın təbiətindədir. İnsan dincəlmək, əylənmək istəyir. Ciddi əsər, ciddi teatr tamaşasına baxmaqla yanaşı şouya, gülməli verilişlərlə hər gün baxa bilərsiniz. Çünki adamı yormur. Amma yüngül hadisədir, tərbiyəedici deyil. Axı tərbiyə olunmaq ağır prosesdir. Sən də tərbiyə olunmaq istəmirsən. Şou da rahatçılıq verir deyə onun müəyyən yeri var. O da doğrudur ki, bizim incəsənət xadimlərimizin, xüsusən teatr xadimlərimizin maddi vəziyyəti yaxşı deyil. Amma onu kompensasiya edən nəsə var. Bu, cəmiyyət tərəfindən tanınmaq, sevilməkdir. Maliyyə probleminə baxmayaraq, bunlar mövcuddurlar.

- Bu qanun mədəniyyətimizə nə verəcək ?

- Hər halda, bir sıra münasibətləri tənzimləyəcək. Əsas uğurumuz odur ki,  bu qanunu hərəkətə gətirəcək bir qurumla, yəni Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hazırladıq. Dünyanın müxtəlif qanunlarına baxıb, təmtəraqlı, dəbdəbəli  bir mətn hazırlaya bilərdik. Elə etdik ki, kağız üzərində qalan yox, işlək olsun. Nə qədər gözəl yazılsa da, böyük öhdəliklər üzərimizə götürsək, onu edə bilməyəcəyiksə, bu, daha nəyə lazımdır? Bizim qanunumuz olsa da, olmasa da mədəniyyət proseslərini dünyanın öz mühiti idarə edir. Məsələn, biz deyirik ki, Qobustan qayalarındakı şəkilləri bizim əcdadımız çəkib. Biz onun varisiyik, qorumalıyıq.  Biz qorumasaq da məcbur edəcəklər ki, qoruyaq. Çünki bu, dünyanın abidəsidir. Dünyanın qəbul etdiyi çoxlu konsepsiyalar var. YUNESKO kimi böyük təşkilat var. İndi də TÜRKSOY yarandı. Onlar mədəniyyət abidələrini qeydiyyata alır. Nə yaxşı ki, biz də mədəniyyətimizi qoruya bilirik. Gözləmirik ki, gəlib bizim mədəniyyətimizi dünyaya təqdim etsinlər, biz özümüz edirik. Burada həm bizim daxili, həm də dünyanın qanunları balanslaşdırılıb. Ona görə də bu qanun  mütləq işləyəcək. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31