Qürbətdə Vətənim...

Kiminsə yadında qalan bənddəyəm,

Hələ söz Vətəndə, mən qürbətdəyəm!

Məmməd İsmayıl

 

Hardan başlanır Vətən?!

Vətən bir körpənin beşiyi (Ömrün uşaqlığı Vətəndi bəlkə, sonra əlimizdən çıxan Vətəndi! M.İ), bir ananın laylası,  bir oğulun səngəri, bir gəlinin ismətindən, "Durna dimdiyinin ucundakı bir dən"dən (M.İ) başlayır bəlkə... Lakin harda bütövləşir, harda ucalır, harda qocalır - soruşsaq, bunun da yozumu elə bir bulaqdan başlayıb da qovuşa-qovuşa, konuşa-konuşa dənizlərə üz tutan su sısqası qədər yol gedəcək...

...Məmməd İsmayıl adı çəkiləndə mən həmişə ilk olaraq Vətənimi - qürbətdəki Vətənimi xatırlamışam. O xatırlama gözlərimin önündə  sovetlər dönəmində Vətən yanğısıyla inləyən M.Ə.Rəsulzadəni, Hüseyn Cavidi, Dr-A.Baycanı... canlandırsa da, maaləsəf, bu günün də qürbətdə vətənlərinin olmasından acı-acı xəbər verir - Müstəqil və Demokratik Azərbaycanın bu gününün....    

Məmməd İsmayıl da məhz elələrindəndir - qürbətdə Vətən olan, Vətənindən gen olan vətənlərdən!

Ədəbiyyatda ədəbi nəsil deyilən bir məfhum var: altmışıncılar, yetmişincilər, səksənincilər... Məncə bu nəsillər arasında ən çox uğur qazananlar elə altmışıncılardır. Məmməd İsmayıl da altmışıncı illərdə ədəbiyyata gəlsə də ("Sən yaş olaraq altmışıncı illərdə ədəbiyyata gələnsən. Ancaq sən onların içində təksən! Çünki ədəbiyyata axınla, tənqidçi, ata-ana, əmi-dayı dəstəyiylə kitabdan gəlməmisən... Koroğlu kimi köksündə saz, yalınqılınc ilham atında gəlmisən!" Akif Səməd) onun yaradıcılıq məhsulları bu gün də gündəmdədir. "Bir adam yol gedir bizdən qabaqda", "Hələ yaşamağa dəyər", "Mən şair deyiləm", "Şeytan",  "Bir də keçməyəcək ələ bu anlar", "Ağacdələn, döy qapımı", "Kimi aldadırsan, ay zalım oğlu", "Qoymayın dünyanı adiləşməyə",  kitabları o illərdən üzü bu yana öylə mətin addımlarla irəlilədi ki bu gün "Yoxun varlığı" şeirlər toplusunda zirvəni fəth elədi!

Mən Məmməd İsmayılı şeirlərindən tanısam da ilk görüşümüz şairin filologiya elmləri doktoru Nəsir Əhmədli haqqında "Ziyalı" verilişinə verdiyi müsahibə zamanı oldu. Onun səmimiyyətinə, mədəniyyətinə, yaşından çox gənc görünən qamətinə heyran qalmışdım. Sonra isə Məmməd İsmayılın 70 illik yubiley mərasiminə onu yenidən görmək ümidilə yollandım. Orada Azərbaycan ədəbiyyatının azman yazarları - R.Rövşən, M.Yaqub, S.Rüstəmxanlı... çox təəssüflə "O, bu zəmanədən söz götürmədi, başını götürüb getdi (M.İ)" misraları altında fikirlərini bildirsələr də, mənim içimdən başqa bir pıçıltı gəlirdi: "Tutmağa bir yeri yoxdu, ürəyini tutub getdi" (M.İsmayılın Y.Kuznetsovun xatirəsinə yazdığı şeirdən) və gizlincə öz-özümdən soruşurdum:  "O yerlər dirimə sahib durmadı, gəlib ölüməmi yiyə duracaq?... (M.İ)"...  

***

...Kösöv misralarım dilimdə qürbət,

İçərim də qürbət, çölüm də qürbət.

(M.İ.)

...Hər bir yaradıcı insanın yaradıcılığının onurğa sütunu olur. Məmməd İsmayıl yaradıcılığının da onurğa sütunu Vətən sevgisindən başlayaraq Vətən həsrətinə qədər uzansa da, son zamanlar Ölümlə söhbət də şairin şeirlərinə yol tapıb. Əslində Ölüm (!) bu ahıllaşan, aqilləşən, uşaqlığı noğullaşan, nağıllaşan bir insanın iztirablarından doğulmur, bu, yaşından asılı olmayaraq qürbətdə qərib  olanların sinəsindən qopan ahdan rişələnir, bu, "Sarı saman çöpü kimi canını dişinə tutub" (M.İ) da Ölümlə söhbətdən yaranır:

Ürəyin Vətəndə,

Bədənin qürbətdə...

Qürbətin qərib yeri,

Bir edamlıq ip yeri...

Qədərdi bu, qədərdi,

Bir göz yaşı qədərdi

Ölüm!

(M.İ.)

Və yaxud:

Səni böyüdür, səndə böyüyür,

Ölüm sonuncu duracaqdı...

(M.İ.)

- Və beləcə qibləgahı bildiyi son duracağına - Ölümə tapındığı bir zamanda yenə də Vətən çatır harayına, yenə də unudulduğu (Siz əsla unudulmadınız, Məmməd İsmayıl! İradə A.), ögey övlad olduğu yerdə -

Sən ey doğma Vətənin ögey övladı, Məmməd...

...Nə yaxşı ki Vətən var yaddan çıxdığın yerdə - deyir...

(M.İ.)

- Və  "Qara yaylığını borc ver  gözümə basım, ay bulud!" - pıçıltısıyla

Qazanlar qaynayır qapağın altda,

İgidlər çürüyür papağın altda,

Hayanda biz səni axtarıb gəzək

Məyər yer qəhətdi Allahın altda?!

Sən indi hardasan, Məmməd İsmayıl! -

(M.İ.)

- deyə haray qoparanlara  "bir ilham misra gəzər qoynunda dincəlməyə..." söyləyir. Bəli, Məmməd İsmayıl nə qədər uzaqlarda olsa da, biz onu misralarının qoynunda dincələn ilhamında, dünyaya sülh, insanlara birlik, hürlük arzularında tapacağız...

Bağça uşaqları-nın birliyi

Yaşıl işıq yandırır,

Maşınları dayandırır.

Bəlkə ordular da dayanar

Bu birliyin önündə...

(M.İ.)

Bir anlıq balaca mələkləri - körpələri müharibələr törədən, qırğınlar edən böyüklərin qabağında gördüm, birlikdə, əl-ələ. İnandım, inandım ki, belə bir birlik qan-qadaya son qoyar, dünyanı xilas edər. Gördüm ki, "Hardasa ümid yeri var" (M.İ.)...

***

...Ana müqəddəsliyi, qız-gəlin ismətinə verilən dəyər Məmməd İsmayıl yaradıcılığında çox yüksək yerdədir. Məmməd İsmayılın atası Böyük Vətən Müharıbəsinə yollananda "Gözəlliyin gəlini"-nin - anası Gülzar xanımın çox gənc çağları olub. O, oğlu Məmmədi qınından sıyırıb ("Analar qınından sıyırıb bizi, qoymuşdu nəfsiylə öz arasında" M.İ.) nəfsiylə öz arasına qoyaraq, "Şenlədə-şenlədə ər ocağını, namus ocağına" (M.İ.) dönmüşdü.

...Və... şair anasını çiyinlərində məzara aparanda

Ana, ağır olan cənazən deyil,

Analıq haqqındır çiyinlərimdə...

- deyə inildədi, -

Nə deyim həyatın qanunlarına,

Gör niyə fəryadlar qoparıram mən.

Sən məni dünyaya gətirdin, ana,

Sənisə dünyadan aparıram mən... -

(M.İ.)

- haray çəkdi... Bu acını, bu ayrılığı böyük şairimiz Bəxtiyar Vahabzadə də elə eynən yaşamışdı:

Sən məni dünyaya gətirdin, ana, 
Mənsə yola saldım dünyadan səni.

...Məmməd İsmayılın söz çələngini toplasaq o çələngdə (al rəngi ilə seçilən qızılgüllər kimi) hikmət çiçəklərinin - aforizmlərin necə məntiqi düzüldüyünü görəcək, o məntiqə heyrət edəcəyik: "Bu cığırın bir ucu uzanıb ya ölümə, ya da Allaha çıxar", İtən gəncliyimdir ağrıyan dişim, diş düşər, yerindən qocalıq çıxar", "Dünyanın əvvəli söz, sonu da söz olacaq", "Şairləri susmayan bir Vətən basılmayıb!", "Biz qürbətə düşəli Tanrı da qürbətdədir", "Sevmək yenidən doğulmaqdı", "Ölüm bir addım öndədir, insanlar arxada gedir", "Hər insan öz taleyinə kölədi...", "Bir zaman canını verdiyi torpaq gör necə çürüdür o yarpaqları", "Yağışın yağacağına inanan torpaq kimi arxayın(san)", "Ölüb məzarımı üstümə çəkim, Qürbətin qapısı açıq qalmasın!", "Halal yaşamaq üçün təkcə yuxusuna haram qatardı", "Şeirin yaşı yox, yaşın şeiri var" və s. Və Məmməd  İsmayılı bu aforizmlər bütün türk ellərinə biletsiz gəmidə aparacağına inanacağıq:

İçində biletsiz sərnişin təki,

Mənim düşüncəmi daşıyır gəmi...

(M.İ.)

Burada yenə də altmışıncılar ədəbi nəslindən olan Bahadur Fərmanın məşhur bir şeirinin misrasını xatırladım:

Heç kəs bilmirdi ki bu gün maşında

Bir ana ürəyi biletsiz gedir...

... Məmməd İsmayılın sevgi şeirləri də özü  kimi qəriblik libası geyinib. Amma bu qəriblik qürbət qəribliyi deyil, məhz sevginin qəribliyindəndir. Sevgi nə zaman qərib olur; qarşılıqsız olanda, arada Çin səddi kimi yaş həddi, ayrılıq çəpəri və.s olanda...

Yerini dəyişir çox şey dünyada,

Vaxt qəmin başını qatanda gəlim.

Ya sənin yaşına qayıdım, ya da

Sən mənim yaşıma çatanda gəlim.

(M.İ.)

Və yaxud:

Vədə ver yenidən gəlim görüşək,

Otuz il əvvələ qayıt, nə olur.

Qərib yuxulara dalıb bu ürək,

Qəfil gəlişinlə ayılt, nə olur...

Sonrakı bənddə isə:

Sən məndən betərsən, mən səndən betər,

Gəl daha bu başı batmışını sev.

İyirmi yaşımı sevmədin yetər,

Gəlim, üzə duran altmışımı sev  -

(M.İ.)

- söyləyir şair.  Burada "Otuz il əvvələ qayıt, nə olur" iniltisiylə "İyirmi yaşımı sevmədin yetər, gəlim, üzə duran altmışımı sev" - deyir. Düşündürücüdür: altmışda şair otuz il əvvəli istəyirsə deməli, otuz yaşa qayıtmaq istəyir, amma "İyirmi yaşımı sevmədin" də var. Bir az dolaşıq fikir olsa da, yozumu budur: şairin otuz yaşı iyirmi-qırx vusalındadır...

***

...Tovuzun Əsrik dərəsindən boy verdi Məmməd İsmayıl. Əsriklidir Məmməd İsmayıl. O, öylə boy verdi ki, boyu böyük Türkiyədə məskən salaraq ta Türk ellərinə qədər ucaldı. Və -

 - Dən gəzirsən saçlarımın dənində,

Atamoğlu, az qapını döy görüm!-

(M.İ.)

- misrasıyla illərdir insan hənirinə həsrət qalmış qapılarını döyəcləyən ağacdələnə üz tutdu,  qürbət sokaklarında taxta qapıdan başlayan ovxam vaxtına acıdı ("Yavaş-yavaş çürümədə, taxta bax, o taxtada ovxam olan vaxta bax"), saçlarına dən düşdü, yenə İncə dərəsini, doğma kəndini unutmadı,  könlünün söz qapısını döyərək, dara çəkildi, dar ağacına döndü:

Bu yerlər göylərin kəsik dilimi,

O yerə, bu göyə maraq acıyam!

Çarmıxa çəkmişəm neçə ilimi,

Mən başdan-ayağa dar ağacıyam!

(M.İ.)

Burda Rüstəm Behrudinin misraları da dilə gəlir:

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!...

Əsrikli olmaq bir az kövrək, bir az sərt, bir az dəli (Dəli Əsrik də deyirlər) olmaqla yanaşı, sözə qiymət vermək, sözü sevmək ("Dünyanın əvvəli söz, sonu da söz olacaq" M.İ.) deməkdir. Necə ki, Əsrik dərəsi Əsriklilərə sadiqdir, eləcə də Əsriklilər Əsriyə layiqdirlər - Məmməd İsmayıl...kimi söz adamlarının timsalında. O söz adamları ki yenidən dünyaya cığır açacaq:

:

Bir adam yol gedir bizdən qabaqda

Yaxşı ki dünyaya cığır açan var!

(M.İ.)

O söz adamları ki:

Bu xalq yeddi yerdən zavala gəldi,

Bu xalqın danışan dili olmadım.

Bu xalqın başına min bəla gəldi,

Mən ki dözüb durdum, dəli olmadım,

Mən şair deyiləm, atam balası!

(M.İ.)

- desələr belə, zavala gələn xalqı yaşadacaqlar, yaşayacaqlar!...

İradə AYTEL

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31