Aşıq Nazim Əsədoğlu-sazı dirildən, səsi qaytaran ruh hadisəsi - REPORTAJ
7 Yanvar 2013 14:15 MədəniyyətNə yaxşı ki, Ulu Tanrı mənim taleyimə ağır-abır, qədim-qayım Qarapapaq Türk yurdu - Borçalı adlı nağıl məkandan olmağın qürurunu duyub, şərəfini qorumaq qisməti verib. Şükür kərəminə!
Borçalıda doğulanlar sazın-sözün yaşıdıdırlar, - deyirdi sözü möhür mürşüdüm Akif Səməd. Belə olmasaydı elə mən də bir çoxları kimi hər əlinə saz alıb, sinəsində müstəkam eyləyənlərə aşıq deyə bilərdim. Oysa aşıqlıq başqa bir mərtəbədir. Aşıqlığın yeri çox-çox ucalardadır.
Bu gün sənətinin ucalığını qoruya bilmiş, aşıqlığı sənət kimi deyil də hal kimi canında-qanında yaşadanlardan biri də əslən gözəlim İncə dərəsinin Qaymaxlı kəndindən olan Aşıq Nazim Əsədoğludur. O, Nazim Əsədoğludur ki, onun sazı da, səsi də zamana meydan oxuya-oxuya əsrlərin dizini qatlayıb bu günümüzə gəlib çatıb. Aşıq Nazimin sazı kimi səsi də genetik kodlarımızdan xəbər verir. Səsi sazına, sazı səsinə yaraşan, ucalıq gətirən aşıqdır Nazim Əsədoğlu. Sözü şairin cibinə, vəzifəsinə baxıb seçmir. Qaracaoğlandan, Veysəl kişidən, Füzuli babamızdan, Nəsimi babamızdan, Aşıq Alıdan, Tufarqanlı Abbasdan, Dədə Ələsgərdən, Vidadidən, Vaqifdən, S. Vurğundan, Ağamalı bəydən, Məmməd İlqardan, Akif Səməddən, Musa Yaqubdan(inanın ki) ....oxuyur. Ürəyi su içən şerlərdən oxuyur. Ona görə də Nazim saz çalanda və oxuyanda həyatda olan aşıqların hamısından çox-çox yüksəkliklərə qalxmış bir nəhəng olur. Onu anlayanı saz əzabı və söz əzabı elə bir zirvəyə qaldırır ki, oradan dünyanın bütün işləri öz mənasını və əhəmiyyətini itirir, həyatda təmbələm tək olursan. Bu mənada öz missiyasını yerinə yetirir aşıq Nazim. Nazimin sənətini onun böyük daxili aləminin mahiyyətindən doğan və sazdan gələn sehr əlçatmaz edir.
Nazimin sazı quşların qan tökmədən apardığı vuruşdur, döyüşdür, ruhun uçuşudur....Səma sirridir, ruh hadisəsidir. Nazimin sazı aşikar ilə müəmmanın, varla yoxun, ötəri ilə əbədinin arasında haqqa doğru yoldur. Nazimin aşıqlığı zikirdir-anmaqdır, vəsf eləməkdir. Bu zikirlər ruhumuzun diriliyi və duruluğu üçündür. Ruhumuzun iman yeridir, güman yeridir, uman yeridir Nazimin səsi. Sazı dirildən, səsi qaytaran, sözü tapan aşıqdır Nazim Əsədoğlu. Qəmi mənə tanıtdı, məni mənə tanıtdı aşıq Nazim. Yazanı sözə, azanı izə, Akifi bizə qaytaran sazdır Nazimin sazı. Qabağındakı insanı bir ovuc torpağa döndərir Nazimin sazı.
İncəgünü-İncəgülü saz-söz şölənində çıxış üstə az qalırdı baş yarsınlar deyə söz deməyə haqqı olub lakin abırına qısılıb, çıxışından geri duranlardan biri də aşıq Nazim oldu. Aşıq Nazimin evinə gedirik:
- Akif Səmədin, Ağamalının(Ağamalı Sadiq Əfəndinin), Məmməd İlqarın şerlərini çox severəm. Məmməd İlqarın özünü bir o qədər sevmerəm, ancaq şerlərini çox severəm.Tədbirdə mənə söz versəydilər deyəjiydim ki, mən bu cavannarın hamsının şerlərini əzbər bilerəm. Ancaq mən kimnən oxuyuramsa dünyasını dəyişir. Ağamalıdan oxudum Ağamalı getdi, Akifdən çox oxuyurdum, Akif də getdi. İndi də cavanlara qıymeram deyə, bir qoja şairin şerini oxumaq istəyirəm, deyib Məmməd İlqardan oxumaq istəyirdim.Cavannara qıymeram...
- Bəs Məmməd İlqara necə qıyırsan, ay usdad?
- Məmməd İlqara qıyıram, o yaşını yaşıyıb. Həm də dədə-babadan elədi ki, şairlərin ölənnən sonra yaxşı hörməti olor, qədir-qiyməti biliner. El-oba itkinin böyüklüyünü öləndən sonra bildirer. Yəqin ki, burda da bir müdrüklük var. Hələ Məmməd də ölsün görək onun şairliyi hansı səviyyədədi...
Bu el biii-ziiim, obaa biii-zim
Ya-şaaa-maaa-ğaaa, gəl-mer üüü-züüüm. A bala neyyy-niiim, a sona neyyy-nim...
Ünlü alimimiz, Şaman ruhlu fikir adamı usdad Rüstəm Kamalla gəzişmələrimizin birində yeri gəldi deyə - Sənin aşığın kimdir ay Rüstəm müəllim? - deyə sual verdim. Rüstəm müəllim tanımayacaqsan dedi. Mən yenidən təkid elədim. Rüstəm müəllim Qaymaqlı aşıq Nazimin adını çəkdi. Çox sevindim. Demək ki, zövqümüz eynidir. Tez telefonumun yaddaşını qurdalayıb aşıq Nazim Əsədoğlu ilə Akif Səmədin 45-dəqiqəlik qabaqlaşmasını tapıb Rüstəm müəllimə eşitdirdim. O boyda professor əl boyda telefonun qabağında axıb gedirdi....
Azərbaycanımızın urvatlı aydınlarından sayılan çox sevdiyim Vurğun Əyyub isə Aşıq Nazimi dinlədikdən sonra öz hissilərini və düşüncəsini mübarək qələminnən çıxan samballı bir yazısı ilə oxuculara bölüşdü.
Bu boyda Qaymaxlı kəndinin kitabxanasında Musa Yaqubun bir kitabı yoxdur. Bəlkə də olub... oğurluyublar. Musa Yaqubun kitabı məndə olsa onun şerlərindən on-on beşini saza qaldırıb sazda oxuya bilərəm. Darvazdının sözü olmasın onun könlünün öz maynısı var. Çoxdan idi ki, aşıq Nazimdən yazmaq istəyirdim. Ondan yazmaq həvəsi içimdən doğan ehtiyacdan gəlir. Hər dəfə içim ağrıya-ağrıya və ağlıya-ağlıya qulax asıram aşıq Nazimə. Təpbələm-təkcə gördüm onu İncə dərəsində, doğma Qaymaqlı kəndində, bir eləm camaatın içində. "Mən aşıq ha döyəm, ağrın alem sənin, a Həmid, mən sazda elcə özümücəm oxuyuram", - dedi aşıq Nazim.
- Elə ən zulum iş də özünü oxumaq deyilmi, ay Nazim əmi. Yoxsa xalxa nə var? Xalx özünü çoxdan çalıb-oxuyub sanki. Lap qədimdən-qədim bir çağrısı var bu qoca şamanın. Şamanlar oxumur çağırır. Aşıq Nazim də çağırırdı. Yana-yana, kövrələ-kövrələ, bağrı qanlı-bağrı qanlı Ağamalının dili ilə çağırırdı:
Çağırıram uzaqlardan,
Haray dağlar, haray dağlar!
Çağırdıqca da alışıb yanırdı aşıq Nazim
İçini açıb-bükməyi yoxdur deyə zarafatını bol eyləyir. Ancaq arifə bunun da xeyri yoxdur o dəqiqə bilir ki, göz yaşlarını içinə axıdır aşıq Nazim...
Kitab rəfinə göz gəzdirirəm. Üzdə olan kibları- İsa Muğanna, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, S.Vurğun, M.V.Vidadi, Aşıq Ələsgər bir də bizim Ağamalı bəyin, Akif Səmədin, Məmməd İlqarın kitabı. Divarında 4 adamın şəkli var- Səməd Vurğunun, Ağamalı Sadiqin, Akif Səmədin və İsa bəyin(İsa Qəmbərin). Ancaq Akifin şəklindən az qala hər masanın üstünə birini qoyub. Akifin ölümünün yanğısını hər gün təzə yaşayır. Səsi kövrələ-kövrələ tutula-tutula - Akif ölməyib, yox əşii Akif hara ölür, Akif ölməyib, Akif sağdır deyir. Allah necə haqdır. Elə mən də Sən deyəni deyirəm, aşıq Nazim.
Aşıq Nazim Əsədoğlu bu gün barmaq sayda maraqlı aşıqlarımızdan biri hesab olunur. Çox zaman aşıqlar müasirləri olan şairlərin yaradıcılığına müraciət edərkən etiraf edək ki, səmimi ola bilmirlər. Lakin aşıq Nazimin repertuar seçimi çox uğurludur. Aşıq Nazim nə şadaradan keçən sözü bəyənir, nə də xəlbirdən keçən sözə yaxın durur. Aşıq Nazim Əsədoğlu sözü ələkdən keçirən aşıqlarımızdandır - ələkdən. Ağamalı Sadiqin, Akif Səmədin, Məmməd İlqarın, İbrahim İlyaslının ələkdən keçən sözlərini oxuyur aşıq Nazim. Yoxsa Nazim olmazdı ki? Yoxsa bu qədər el məhəbbətini qazanmaqmı olardı? Ay oldu haa.
Aşıq Nazimin qeyri-adi səslə ecazkar ifası məni məndən alır. Səs sənətkarlığı, çalğı imkanlarının zənginliyi bizi qədim ruhlara qovuşduran oxuma istedadı hələm-hələm hər aşığa qismət olan deyil.
Təkcə onu deyim ki, Akif Səməddən oxuya bilmək hər aşığın işi deyil. Nazimin ifasında Akifin şeirləri canlanır, mənasına bərabər açılır, zənginləşir. Bu yaxınlarda dəyərli dostum, uca millətimin şərəfli övladı Astanbəyli Nəriman bəy mənə bir kaset verdi. Akif öz şerlərini deyir, aşıq Nazim də gah sazla onu müşayət edir, gah da sehrkar ifası ilə özü oxuyaraq sazla-sözün yeni-yeni imkanlarını üzə çıxarırdı. Hər havaya dərin duyğu, ürək çırpıntıları ilə bər-bəzək vurub yeni nəfəs verirdi. Bir sözlə saz çalanda havalara, oxuyanda sözlərə can verməyi heyrət doğurur.
Sözləri mənaya bərabər oxuyur, havanı sazın mahiyyətini açacaq dərəcədə çalırdı.
...İncə dərəsinə salavat çevirirəm. Çünkü İncə dərəsində formalaşmış bədii-ruhani zövq ona bu ruhu verib, aşığı yeni-yeni axtarışlara ruhlandırıb.
Həmid ORMANLI